Məhkəmə qərarları › İş №1(012)-243/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-243/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-243/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Laçın rayonu, Tərxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “X22” MMC-də sürücü vəzifəsində işləyən, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Tərxanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 07:30 radələrində etibarnamə əsasında idarə etdiyi X15 qızına məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi L 200” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsi istiqamətindən Abşeron rayonu, Masazır qəsəbəsi, Duz gölü istiqamətində saatda 70 km/saat surətlə hərəkət edərək yolun Abşeron rayonu, Saray qəsəbəsi, “Badamlıq” adlanan ərazisindən keçən hissəsində«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək sürətlə idarə etməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, avtomobil yolunu soldan sağa qaçaraq keçmək istəyən X3 ehtiyatsızlıqdan avtomobilin ön sağ tərəfi ilə vurmuş, nəticədə Xəzəngül Tağıyeva baş beynin əzilməsi, baş beynin yumşaq qişaların altına qansızmalar, daxili qanaxma ilə müşayiət olunan ağciyərlərin cırılması, sağ tərəfli 2-3-4-5-ci, sol tərəfli 2-3-4-cü qabırğaların, sol baldır sümüklərinin aşağı 1\3-nin qapalı, yerdəyişən sınıqları, alın, burun, hər iki diz, hər iki baldır, sağ yanaq pəncəsinin sıyrıqları, baş beynin əzilməsi, baş beynin yumşaq qişaları altına qansızma fonunda daxili qanaxma ilə müşayiət olunan ağciyərlərin cırılması, hər iki tərəfli qabırğaların çoxsaylı və sol baldır sümüklərin sınıqları nəticəsində əmələ gəlmiş travmatik-hemorragik şokla nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, etibarnamə əsasında X15 qızına məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi L 200” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili e-notariat mobil tətbiqi vasitəsilə verilmiş nəqliyyat vasitələrinin idarə edilməsi növündə olan etibarnamə əsasında idarə edir. Həmin avtomobil ilə xx xxxxxxx 2020-ci il tarixdə səhər saat 07:00 radələrində öz şəxsi işləri üçün evdən çıxmış, Sumqayıt şəhərindən Xırdalan şəhəri istiqamətində hərəkətdə olmuşdur. Həmin yolun Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan hissəsində «Badamlıq» adlanan ərazidən üzü Masazır qəsəbəsi Duz gölü istiqamətinə hərəkətdə olan zaman yolun hərəkət hissəsinin sol hissəsində dayanmış ahıl yaşlı bir qadının olduğunu görmüş, həmin qadın ilə arasında təxminən 200 metr məsafə olmuş, o, yolunu davam edən zaman həmin qadın yolun sol hissəsindən sağ hissəsinə doğru qaçaraq yolu keçməyə başlamış, həmin vaxtı təxminən 60-70 km saat surətlə hərəkət etmiş, həmin vaxt qadının qaça-qaça yolu keçdiyini görüb ayağını tormoza basmış, həmin vaxt avtomobilin ön hissəsinin sağ tərəfi ilə həmin qadını vurmuş, qadın yolun hərəkət istiqamətinin sağ tərəfində yerə yıxılmış, yolun hərəkət hissəsinin sağ tərəfində olan qadının adını bilmədiyi oğlu və qızı onun qadını avtomobillə vurduğunu görməmiş, lakin hadisə baş verən kimi səs gələn tərəfə çevrilib baxdıqda yerdə olan qadının onların anası olduğunu görmüş və dərhal yaxınlaşmışlar. O, ilkin olaraq Təcili Tibbi yardım xidmətinə zəng vurmuş, bundan sonra təcili yardımın gec gəldiyini görüb həmin qadını öz avtomobilinə əyləşdirib Saray qəsəbəsi içərisində yerləşən tibb məntəqəsinə aparmış, lakin orada ona xəstəni Sumqayıt şəhər xəstəxanasına aparmağı bildirmişlər. Həmin zaman vurduğu qadının oğlu və qızı olduğunu zənn etdiyi bir qadın və bir kişi də avtomobilə əyləşmiş və vurduğu piyadanı Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına travmatologiya şöbəsinə aparmışlar. Xəstəxanada həkimlər vurduğu qadının nəbzini yoxlayıb onun öldüyünü demişlər və sonra həmin qadının meyidini aparıb Sumqayıt şəhər Xəstəxanasında meyitxanaya yerləşdirmişlər. Özü isə xəstəxanada polis əməkdaşlarının gəlməsini gözləmiş, polis əməkdaşları gəldikdən sonra Abşeron RPİ-yə getmişdir. Sonda o, təqsirinin olmamasını əsas gətirərək ona bəraət verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, mərhum X4 onun keçmiş həyat yoldaşı olmuş, onunla xx xxxxx 1977-ci il tarixdə ailə həyatı qurmuşlar. Həmin nigahdan beş övladı dünyaya gəlmiş, mərhum həyat yoldaşı Xəzəngül həmişə səhərlər nəvəsi Elgünü Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1 saylı məktəbə aparıb gətirmişdir. Sonradan mərhum həyat yoldaşı şəkər xəstəsi olduğu üçün nəvəsi Elgünü aparıb gətirməkdə çətinlik çəkdiyi üçün uşağı taksi ilə yola salmağı qərara almışlar. xx.xx.2020-ci il tarixdə saat təxminən 07:30 radələrində mərhum həyat yoldaşı Tağıyeva Xəzəngül ilk dəfə nəvəsi Elgünü taksi ilə məktəbə yola salmağa getmişdir. Onların yaşadığı fərdi yaşayış evi Saray qəsəbəsindən Masazır qəsəbəsində yerləşən Duz gölünə gedən yolda sağ tərəfdə yerləşir. xx.xx.2020-ci il tarixdə saat 07:30 radələrində keçmiş həyat yoldaşı Tağıyeva Xəzəngül nəvəsi Elgünü məktəbə yola salmaq üçün onunla evdən çıxmışlar. Mərhum həyat yoldaşı uşağı taksiyə əyləşdirdikdən sonra qaça-qaça evə doğru getmək istəyərkən onu avtomobil vurmuş, bundan sonra nəvəsi Elgün nənəsini avtomobil vurduğunu görüb avtomobili saxlatdırmış və qaçaqaça evə gələrək atası Murada nənəsini maşın vurduğunu bildirmişdir. Bu zaman oğlu Murad çölə çıxmış və tanımadığı bir nəfər qadınla və avtomobilin sürücü Təqsirləndirilən şəxs ilə birlikdə mərhum həyat yoldaşını Sumqayıt şəhərində yerləşən Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına aparmışlar. Xəstəxanada həyat yoldaşının artıq dünyasını dəyişdiyi müəyyən olmuşdur. Mərhum həyat yoldaşının ölümü ilə bağlı heç kimə qarşı şikayəti, tələbi və iddiası yoxdur. Təqsirləndirilən şəxs onun mərhum həyat yoldaşının yas mərasiminə çəkdiyi xərclərə də kömək etmişldir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 istintaq zamanı verdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı qanuni nümayəndə X8 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşma çatmayan X13 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, mərhum X4 onun nənəsi idi. Mərhum nənəsi Xəzəngül həmişə səhərlər onu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1 saylı məktəbə aparıb-gətirirmişdir. Sonradan nənəsi şəkər xəstəsi olduğu üçün onu məktəbə aparıb gətirməkdə çətinlik çəkmiş, ailə üzvlər onu taksi ilə məktəbə yola salmağı qərara almışlar, xx.xx.2020-ci il tarixdə saat təxminən 07:30 radələrində nənəsi Tağıyeva Xəzəngül ilk dəfə idi onu taksi ilə məktəbə yola salmalı idi. Onların yaşadığı fərdi ev Saray qəsəbəsindən Masazır qəsəbəsində yerləşən duz gölünə gedən yolda sağ tərəfdə yerləşir. xx.xx.2020-ci il tarixdə saat 07:30 radələrində nənəsi ilə evdən çıxmış, nənəsi onu taksiyə əyləşdirmiş və taksi yola düşdükdə nənəsinin qaçaraq avtomaşın yolunu keçmək istədiyini görmüşdür. Bu anda irəlidən hərəkətdə olan avtomobilin nənəsini vurduğunu görüb cəld taksini saxlatdırmış və düşərək qaça-qaça evə gəlmiş, nənəsini maşın vurduğunu atası Murada demişdir. Bu zaman atası Murad çölə çıxmış və nənəsini vuran maşının sürücüsü ilə köməkləşib nənəsini maşına qoyub xəstəxanaya aparmış, lakin sonradan nənəsinin xəstəxanaya aparılarkən yolda öldüyünü bilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X9 meyitin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 95 saylı rəyindən görünür ki, 1958-ci il təvəllüdlü X2 meyitinin məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – baş beyin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, daxili qanaxma ilə müşayiət olunan ağ ciyərlərin cırılması, sağ tərəfli 2-3-4-5-ci, soltərəfli 2-3- 4-cü qabırğaların, sol baldır sümüklərinin aşağı 1\3-nin qapalı yerdəyişən sınıqları, alın, burun, hər iki diz, hər iki baldır, sağ yanaq pəncəsinin sıyrıqları. Bu xəsarətlər ümumilikdə həyatidirlər, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşyanın təsiri nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə birbaşas əbəbli əlaqəlidir. X2 ölümünə səbəb – baş beynin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, daxili qanaxma ilə müşayiət olunan ağciyərlərin cırılması, qabırğaların, sol baldır sümüklərinin aşağı 1\3-nin qapalı yerdəyişən sınıqları nəticəsində baş vermiş travmatik-hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olarki, X2 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2020-ciil, saat 10:00-dan) təxminən 2-4 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/45 saylı rəyindən görünür ki, «MitsubishiL200» markalı ** TJ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km\saatdan yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “sərxoşluq vəziyyətinin təyininə dair” xx.xx.2020-ci il tarixli, 2/9340 saylı protokoldan görünür ki, məlum yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan AC seriyalı, 067970 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.2027-ci il tarixədək etibarlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AD” seriyalı, 271135 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi L 200” minik markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobil X5 mülkiyyətindədir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nın xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AF seriyalı 033941 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxxxxx 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Binəqədi RİH Biləcəri qəsəəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan məcburi köçkündür və Binəqədi rayonu, Q.Süleymanov küçəsində yerləşən özbaşına tikilmiş evdə həyat yoldaşı –Vüsalə İsbəndiyarova, xx.xx.2016-cı il təvəllüdlü Uğur İsbəndiyarov və xx.xx.2020-ci il təvəllüdlü Amilə İsbəndiyarova ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialalarında olan “X24” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs “X22” MMC-də sürücü vəzifəsində işləyir və iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsi, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin onunla barışması və ona qarşı şikayət, tələbinin olmaması, himayəsində iki azyaşlı uşağının olması, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlu həbsdə olmamış və barəsində xx.xx.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Sumqayıt şəhər İcra İdarəsinə və Azərbaycan Respublikası Baş X25 İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Sumqayıt şəhər İcra İdarəsinə və Azərbaycan Respublikası Baş X25 İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar