Məhkəmə qərarları › İş №1(012)-243/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-243/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-243/2025 18.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X3, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,350 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu, Novxanı kəndinə daşımış və üzərində saxlamış, 26 mart 2024-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən yaşadığı evin yaxınlığında olan zaman Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 13:10-dan 13:25-ə kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən həmin 01 ədəd sellofana bükülmüş 0,350 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, psixotrop maddədən istifadə edir. 26 mart 2024-cü il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gəlmişdir. Yaşadığı evdən onu aparmışlar və bu zaman evdə psixotrop maddə metamfetamin olmuşdur. O həmin psixotrop maddəni şəxsi istifadəsi üçün aldığını və ittihamda göstərilən 0,350 qram olmadığını, 0,1 qram olduğunu bildirmişdir. Ümumiyyətlə verilmiş ittihamla razılaşmayaraq evinin yaxınlığında məhəllədən deyil, evinin içindən aparıldığını, psixotrop maddənin miqdarının ittiham aktında göstərilən miqdarda olmadığını bildirdi. Növbəti məhkəmə iclasında şəxsi-axtarış və götürmə aparılması haqqında video disk tədqiq edilən zaman videoda göstərdiyi xüsusatları polis əməkdaşlarının təzyiqi altında olduğu üçün qorxaraq həmin sözləri dediyini bildirmişdir. Sonda ümumiyyətlə psixotrop maddə istifadə ediyi üçün əməlindən peşman olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndi ərazisində iş yoldaşı Abşeron RPİnin Saray PB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin onlardan uzaqlaşmağı və qeyri-adekvat hərəkətləri onlarda şübhə yaratmışdır. Bundan sonra onlar adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri şəxsdən şübhələnib üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs də üzərində psixotrop maddə olduğunu etiraf etdikdən sonra Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Aqil bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamindir. Aqil həmin psixotrop maddə metamfetamini Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlar Novxanı kəndi ərazisində xidmətdə olarkən Təqsirləndirilən şəxsnin uzaqlaşmağa çalışması və qeyri adekvat hərəkətləri şübhələndirdiyi üçün Aqilə yaxınlaşmış və sonuncu üzərində psixotrop maddə olduğunu etiraf etdiyi üçün polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndi ərazisində iş yoldaşı Abşeron RPİnin Saray PB-nin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin onlardan uzaqlaşmağı və qeyri-adekvat hərəkətləri onlarda şübhə yaratmışdır. Bundan sonra onlar adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri şəxsdən şübhələnib üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs də üzərində psixotrop maddə olduğunu etiraf etdikdən sonra Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Aqil bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamindir. Aqil həmin psixotrop maddə metamfetamini Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlar Novxanı kəndi ərazisində xidmətdə olarkən Təqsirləndirilən şəxs uzaqlaşmağa çalışması və qeyri adekvat hərəkətləri şübhələndirdiyi üçün Aqilə yaxınlaşmış və sonuncu üzərində psixotrop maddə olduğunu etiraf etdiyi üçün polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, 26 mart 2024-cü il tarixdə, saat 12:55 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1653 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...(imza) Əli Sadıqov” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,350 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,350 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,300 qramdır. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məcid Məcidlinin vəsatəti təmin edilməmişdir. - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin X5 dərhal azad olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 may 2024-cü il tarixli arayışdan aydın olur ki, Salayev X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 haqqında 14 may 2024-cü il tarixli, 3286 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin, kannabinioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Maddi sübut kimi tanınma haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,300 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - 10 oktyabr 2024-cü il tarixli Abşeron Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. - Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2025-ci il tarixdə tutularaq Abşeron Pİ-in MSY-nə təhvil verilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış 0,300 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 27 mart 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə olunmuş, həmçinin iş üzrə təqsirləndirilən şəxsin etirafedici və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, diskə baxış protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 26 mart 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən çıxartdığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş şəffav rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək, həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını və xx.xx.2024-cü il tarixdə Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman təzyiqlərə məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə habelə iş üzrə axtarış nəticəsində tutulmamışdan əvvəl azadlıqda qaldığı müddətdə, həmçinin onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla belə, təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması faktının araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqan olan prokurorluğa məlumat verilmiş, və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Abşeron RPİ-nin əməkdaşlarının əməlində qanunsuz hərəkətlərə yol verməsi faktı öz əksini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, saxlanılan zaman üzərində psixotrop maddə olsa da qeyd olunan miqdarda olmaması və ittiham olunduğu əməlin polis əməkdaşları tərəfindən ona təzyiq gücü ilə boynuna qoyulması ilə bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb, təqdim etmişdir. Psxiotrop maddənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Habelə təqsirləndirilən şəxsin şəxsiyyətinin mənfi xarakterizə olunması, məhkəmə istintaqından gizlənərək istintaqın keçirilməsinə mane olması, axtarış nəticəsində tutulması bir daha onun cinayət məsuliyyətindən yayınmasına dəlalət edən hal kimi qiymətləndirilir. Odur ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan hallarla bağlı heç bir səlahiyyətli orqana müraciət etməməsi, onun ilkin iclasında təqsirini etiraf etməsi, daha sonra isə özünü təqsirli bilməməsi məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün qeyri-səmimi ifadə verməsi kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq şahidlər Şahid1 və Şahid2 cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə şahidlərə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Salayev X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə şərti azad olunmasına baxmayaraq cəzadan şərti azad edilmiş müddətdə yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun şərti cəza müddəti bitmədən yenidən qəsdən cinayət törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olmadığından, onun barəsində cinayətlərin məcmusu nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzadan 02 ay 24 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-254/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş şərti 02 (iki) ay 24 (iyirmi dörd) gün müddəti hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə 27 yanvar 2025-ci il tarixdən hesablanmalı, həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 haqqında xx.xx.2024-cü il tarixli, 3286 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,300 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı təqsirləndirilən şəxsə məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzadan 02 (iki) ay 24 (iyirmi dörd) gün vaxtından əvvəl şərti azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-254/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay 24 (iyirmi dörd) gün müddəti hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün, müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,300 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar