Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-244/2025 18.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 27 iyul 2007-ci ildə Kürdəmir rayonu, Sorsor kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sor-sor kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında yaşayan, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128;177.2.2 və177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Jasmin Park” yaşayış kompleksinin yaxınlığında, küçədə sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı əvəllər tanıdığı X5 üzərində olan bıçaqla vuraraq sonuncuya sol əlin ovuc səthinin geniş sahəli bir ədəd, sol əlin 2-ci barmağının əsas flanqasının ovuc səthinin bir ədəd sol əlin 4-cü barmağının əsas flanqasının ovuc səthinin bir ədəd kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə saglamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 fevral 2024-cü gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində yerləşən “44 gün” adlı çay evinin plastikdən olan giriş qapısını açar seçmə yolu ilə açıb qanunsuz içəri daxil olaraq, həmin çay evindən 01 ədəd 1700 manat dəyərində TV proyektor, hər birinin qiyməti 400 manat olmaqla 02 ədəd 800 manat dəyərində LG markalı televizor və hər birinin qiyməti 50 manat olmaqla 02 ədəd 100 manat dəyərində qəlyan aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 2600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 fevral 2024-cü gecə saat 03 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Çardaq” adlı oyun salonunun plastikdən olan pəncərəsini zərblə itələyib açma yolu ilə qanunsuz içəri daxil olaraq, həmin oyun salonundan hər birinin qiyməti 350 manat olan 04 ədəd “Playstation 3” oyun konsolunu, hər birinin qiyməti 600 manat olan 04 ədəd “Playstation 4” oyun konsolunu və hər birinin qiyməti 50 manat olan 04 ədəd oyun pultlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 4000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini, yəni zərərçəkən Zərərçəkmiş şəxs1 aid epizodda təqsirli bilmədiyini, digər epizodlarda özünü təqsirli bildiyi, əməlindən peşiman olduğunu bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128,177.2.2,177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 3 il olar ki, tanıyır. Belə ki, Məhərrəmlə o, ortaq dostları vasitəsi ilə tanış olmuşdur. Qeyd etmişdir ki, Məhərrəm tatu vurmağı bacarır və tatu aparatı vardır. 2023-cü ilin noyabr ayının əvvələrində o, Məhərrəmdən tatu aparatı alıbmış ki, özünə tatu vursun. Tatuvuran aparatı Məhərrəmdən istifadə etmək üçün alanda konkret olaraq neçə günə qaytarmaq barədə aralarında danışıq olmamışdır. Məhərrəm özü ona demişdir ki, nə vaxt işini bitirsə, onda da qaytarar. O, Məhərrəmdən tatu aparatını alan gün elə həmin aparatla da sol əlinin iki barmağına tatu vurmuşdur. Ondan sonra aparat onda qalmışdır. Səhəri gün Məhərrəm ona zəng edib ailə üzvlərinə qarşı sataşan şəxslərlə problemi olduğunu və onu da problemi olan şəxslərə görüşə getməyə çağırmışdır. Həmin vaxt onun işi olduğu üçün ləngiyəcəyini bildirib görüşü ertələməyi xahiş etmişdir. Lakin, Məhərrəm onu gözləmədən özü tək görüşə gedib tək problemi həll etmişdir. O da Məhərrəmlə gəlmədiyi üçün Məhərrəm ondan incimişdir. Həmin günün axşamı Məhərrəm ona zəng edib onunla soyuq danışaraq onda olan tatu aparatını istəmişdir. O, Məhərrəmdən nə üçün onunla soyuq danışdığını və görüşüb aralarında olan anlaşılmazılığı həll etməyi xahiş etmişdir. Lakin Məhərrəm onunla daha sərt danışıb görüşmək istəmədiyini və sabaha kimi tatu aparatını çatdırmağını tələb etmişdir. O isə Məhərrəmin könlünü almaq üçün görüşmək istəyirmiş. Ona görə də Məhərrəmə demişdir ki, aparatı ancaq özünə verəcək. Məhərrəm isə ona xəbər edəcəyini demişdir. Səhəri gün yəni ki, 06 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Məhərrəm ona zəng edib tatu aparatını Möhsümün dönərxanasına aparıb qoymasını demişdir. O isə Məhərrəmə demişdir ki, özü gəlməsə aparatı özündən başqa heç kimə verən deyil. Bu sözündən sonra Məhərrəm tatu aparatını yarım saata Möhüsümün dönərxanasına çatdırmayanın barəsində ailə üzvlərinə qarşı söyüş söyüb təcili çatdırmağı tələb etmişdir. O da Məhərrəmə demişdir ki, gəlsin onunla görüşsün. Məhərrəm də şəhər tərəfdə olduğunu və ən geci yarım saata filan onun yaşadığı məhəlləyə gəlib görüşəcəyini demişdir. Təxminən saat 17 radələrində Məhərrəm mopedi ilə onların məhəlləsinə gəlmişdir. O Məhərrəmə demişdir ki, mopedi ilə sakitlik olan bir yerə gedib söhbət etsinlər. Məhərrəm isə ona demişdir ki, söhbəti iki dost kimi yox yad adam kimi edəcəklər, dostluğu yaddan çıxarsın. O da Məhərrəmə onsuzda ona qarşı söydüyü söyüşdən sonra dostluğu yaddan çıxardığını demişdir. Ondan sonra onlar Məhərrəmin mopedi ilə Xırdalan şəhərində 120-nin dayanacağı deyilən yerdə turbalıq adlana əraziyə gedib oradan mopeddən düşmüşlər. Düşən kimi o, sağ əli ilə Məhərrəmin sifət nahiyəsinə yumruq atmışdır. Yumruğu Məhərrəmin sifət nahiyəsinin burun və yanaq hissəsindən dəymişdir. Onun yumruq zərbəsindən sonra Məhərrəm də onun sifət nahiyəsindən bir neçə yumruq zərbələri vurmuşdur. O da cibində olan bıçağı çıxarıb Məhərrəmə tərəf tutmuşdur ki, onu vurmasın. Həmin bıçaq Məhərrəmin özünə məxsus olmuş və təxminən 2 aydan çox imiş ki, ona hədiyyə vermişdir. Məhərrəm əlində həmin açılıb qatlana bıçağı görüb əl atıb sol əli ilə bıçağın kəsən yerindən tutmuşdur. O, bıçağı arxaya çəkən zaman Məhərrəmin ovucu və barmaqlarını bıçaq kəsmişdir. Məhərrəmin əlində qan görən kimi ikisi də sakitləşmişlər. Daha sonra o, əynindən köynəyi çıxarıb Məhərrəmin əlini sarımışdır. O, Məhərrəmin mopedini idarə edib məhəlləyə gətirmiş, daha sonra aptekdən bint və perekis alıb Məhərrəmə ilkin yadım göstərmişdir. Ondan sonra bir-biriləri ilə görüşüb barışmışlar. Deyə biləcəkləri bu qədərdir. O, Məhərrəmi bıçaqla vurmamışdır. Bundan başqa o, 10 fevral 2024-cü il tarixdə gecə saat 02 radələrində darıxdığı üçün Abşeron rayonu, Xırdalan şəhərində olan zaman pulu olmadığı üçün qərara gəlmişdir ki, obyektlərdən birinə daxil olub dəyərli əşya varsa oğurluyub sataraq pul əldə etsin. Bu məqsədlə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində gəzişən zaman “44 gün” adlı çay evi diqqətini çəkmişdir. Həmin çay evinin üzərində “ playstation” sözü yazıldığı üçün o əmin olmuşdur ki, içəridə elektronik avadanlıqlar olar. Bu məqsədlə həmin obyektin qapısına doğru yaxınlaşmış və bir qədər ətrafa baxıb hər hansı bir şəxsin onu görmədiyindən əmin olmuşdur. Bundan sonra üzərində gəzdirdiyi kiçik və nazik dəmir parçasını qapı kilidinin içərisinə salaraq sağa-sola doğru hərəkət etdirməyə başlamışdır. Bir qədər sonra qapı kilidi açılmış və o, içəri daxil olmuşdur. O, içəri daxil olduqda 02 ədəd televizorlar diqqətini çəkmişdir. Həmin 02 ədəd televizorları çıxarıb obyektin girişinə qoymuşdur. Daha sonra bir ədəd proyektor və 02 ədəd qəlyan da diqqətini çəkdiyindən qərara gəlmişdir ki, onları da götürsün. Bundan sonra həmin qəlyanları və proyektoru oradan tapdığı sellofan torbaya qoymuş və 02 ədəd televizorları da üst-üstə qoyub götürərək torba ilə birlikdə oradan çıxmışdır. Həmin oğurladığı əşyaları yaşadığı evə gətirmiş və gizlətmişdir. Təxminən səhər saat 09 radələrində oyanıb oğurladığı əşyaları Xırdalan şəhəri ərazisində tanımadığı şəxslərə ümumilikdə 400 manata satmış, əldə etdiyi pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 2024-cü ilin fevral ayında pula ehtiyacı olmuşdur. İş olmadığı üçün o, fikirləşmişdir ki, oğurluq etsin. Xırdalan şəhərində 28-ci məhəllədə mütəmadi oyun oynamaq üçün «Çardaq» playstasion salonuna gedib gəlirmiş. O qərara almışdır ki, həmin salona girib oradan kompüter oğurlayıb aparıb satsın. Buna görə o, 22 fevral 2024-cü il tarixdə saat təxminən 03 radələrində 28-ci məhəllədə yerləşən «Çardaq» playstasion klubun yanına gəlmişdir. Həmin salona bitişik avtoyuma məntəqəsinin jalüz qapısının üstünə çıxıb oradan oyun salonunun 2-ci mərtəbəsinin plastik pəncərəsini zərbə ilə vuraraq açmışdır. Oradan salona daxil olub salondakı 8 ədəd «Playstasion» kompüterləri, 4 ədəd isə kompüterlərin pultlarını götürüb salondakı parçaya büküb pəncərədən yerə qoyub, sonra isə özü pəncərədən çıxıb kompüterləri və pultaları bükdüyü pasteli götürüb oradan yaşadığı evin həyətinə gətirib gizlətmişdir. Oğurladığı «Playstasion» kompüterlərin 4 ədədi «Playstasion 3», 4 ədədi isə «Playstasion 4» markalı imiş. Həmin kompüterləri o, «Lalafo.az» saytında Playstasion alışı barədə elan qoyan dəqiq xatırlamadığı mobil nömrə ilə əlaqə saxlayıb 4 ədəd «Playstasion 3» markalı kompüterləri bir ədədini 150 manata, 4 ədəd «Playstasion 4» markalı kompüterlərin bir ədədini isə 200 manatdan razılaşıb satmışdır. Həmin şəxslə Xırdalan şəhərində 28-ci məhəllədə görüşüb kompüterləri və 4 ədəd pultları verib 1400 manat almışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Kompüterləri alan şəxsi tanımamışdır. Lalafo.az saytında kompüter alması barədə elan qoyduğu üçün zəng vurmuşdur. Həmin şəxsə kompüterlərin özünə məxsus olduğunu oyun salonu işlətdiyini, solonu bağladığı üçün və pul lazım olduğuna görə ucuz qiymətə satdığını demişdir. O, kompüterləri özü tək oğurlamış və ona heç kim kömək etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində yerləşən “44 gün” adlı çay evini işlədirmiş. Sonuncu dəfə həmin kafe 08 fevral 2024-cü il tarixdə işləmişdir. Həmin vaxt bəzi çətinliklər olduğundan bir neçə günlük kafeni işlətməmişdir. O, sonuncu dəfə, yəni 08 fevral 2024-cü il tarixdə kafedən çıxan zaman orada hər şey qaydasında imiş. 12 fevral 2024-cü il tarixdə yenidən kafeyə gələn zaman kafenin qapısının açıq vəziyyətdə olduğunu müəyyən etmişdir. Bundan sonra kafeyə daxil olub ətrafa diqqətlə baxdıqda içəridə olan 01 ədəd 1700 manat dəyərində proyektorun, hər birinin qiyməti 400 manat olan 02 ədəd “LG” markalı televizorun və hər birinin qiyməti 50 manat olan 02 ədəd qəlyan aparatının yerində olmadığını müəyyən etdim. Həmin vaxt o, həmin əşyaların oğurlandığını başa düşmüş və baş vermiş hadisə ilə bağlı Abşeron RPİ-nə gedərək ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona məxsus 2600 manat dəyərində əmlak gizli yolla talanaraq ələ keçirilmişdir.Dəyən ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayından Xırdalan şəhəri, 28-ci məhəllədə icarə götürdüyü «Çardaq» adlı obyektdə «playstasion» oyun salonu işlədir. Həmin salonda özünə məxsus 4 ədəd «Sony Playsitasion» 3, 4 ədəd «Sony Playstasion 4» oyun kompüterləri olmuşdur. Salonda 1 nəfər Cəmilə Hüseynova adlı işçiləri oyun saatlarına və kassaya nəzarət edir. Salonda iş vaxtı saat 14-dən axşam saat 24-dəkdir. 22 fevral 2024-cü il tarixdə saat 14 radələrində Cəmilə ona zəng vurub salona gələndə 8 ədəd oyun kompüterlərinin yerində olmadığını və salonun plastik pəncərəsinin açıq olduğunu bildirmişdir. O da salonda oğurluq olması ilə bağlı DİN-nin 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Salona gələndə həqiqətən komputerlərin oğurlanmasını və pəncərənin açıq qalmasını görmüşdür. Polis əməkdaşları hadisə yerinə gəlib müvafiq sənədləşmə işləri aparıb ərizə və izahatını almışlar. Salondan oğurlanmış Sony Playstasion 3 markalı kompüterləri 1 ədədini 350 manata, Sony Playstasion 4 markalı kompüterin 1 ədədini isə 600 manata almışdır. Həmçinin kompüterlə bərabər 4 ədəd hər biri 50 manata olan pultları da oğurlanmış, ümumilikdə ona 4000 manat maddi ziyan dəymişdir. Həmin oğurluğun kimin tərəfindən törədilməsini bilməmişdir. Dəyən ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oxuduğu Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbdən tanıyır. Belə ki, Turan onların məktəbinə tez-tez gəlib gedirmiş və o, Turanı oradan tanımışdır. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 06 noyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində Turan ona sms yazaraq demişdir ki, onun şəxsiyyət vəsiqəsi lazımdır ki, telefon satacaq ya da pul çıxaracaq. O da Turana şəxsiyyət vəsiqəsinin səfərbərlik və hərbi xidmətə çağırış idarəsində olduğunu demişdir. Bundan sonra Turan ona demişdir ki, bədəninə tatu vurmaq lazımdır. O da tatu ustası olduğu üçün razılaşmış və Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbin qarşısına gəlmişdir. Orada təxminən saat 18 radələrində Turan ilə görüşmüşdür. Həmin vaxt Turan ona demişdir ki, birlikdə gedib dostundan tatu aparatını götürsünlər. O da Turanla birlikdə onun idarə etdiyi mopedlə Turanın dediyi Xırdalan şəhəri, Jasmin Park yaşayış kompleksinin yaxınlığında olan turbalıq adlanan əraziyə gedib orada mopeddən düşmüşlər. Mopeddən düşən kimi, Turan qəflətən onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Həmin zərbədən o, özünü itirib qabağa əyilmişdir. Bu vaxt Turan cibindən bıçaq çıxarıb bıçağın tutacağı, yəni ki, arxası ilə başından bir dəfə vurmuşdur. Daha sonra bıçağı ona tərəf tutub “səni deşik-deşik edəcəm” demişdir. Bu sözləri deyib bıçağı üstünə çəkmişdir. Bıçaq birinci dəfə kəmərimə dəymişdir. Daha sonra bıçağı ona bir dəfə vurmuş, həmin vaxt bıçaq sol əlinin ovuc hissəsinə dəyib ovucunu kəsmişdir və ovucundan qan gəlməyə başlamışdır. Turan bir də ona tərəf bıçağı vuranda bu dəfə Turanın biləyindən tutmuşdur. Turan əlini qəflətən arxaya çəkdiyi üçün Turanın biləyi əlindən sürüşdüyündən bıçağın kəsici hissəsi ovucunun içindən keçdiyi üçün bıçaq barmaqlarını və ovucunu bir də kəsmişdir. Turan əlindən qan gəldiyini görən kimi sakitləşmış və başına-başına vurub “mən neynədim?” demişdir. O, Turandan nəyə görə onu vurduğunu soruşmuşdur. Turan isə ona şəxsiyyət vəsiqəsini istəyəndə etibar edib vermədiyi üçün vurduğunu bildirmişdir. Ondan sonra o, Turana demişdir ki, təcili xəstəxanaya getməli və yarasına tikiş atılmalıdır. Turan ona təklif etmişdir ki, özü ilkin tibbi yardım göstərəcək. Turan onun mopedini idarə edib öz məhəllələrinə aparmışdır. Orada aptekdən bint perekis alıb yarasına ilkin tibbi yardım göstərmişdir. Lakin qan kəsməmişdir. Ona görə də o, oradan birbaşa Xırdalan şəhərində yerləşən xəstəxanaya getmiş, orada həkimlər ona ilk tibbi yardım göstərmişlər. Hadisə vaxtı onların yanında heç kim olmamşdır. Aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Turanın onu vurmasının səbəbi ondan şəxsiyyət vəsiqəsini istəməsi və onun da şəxsiyyət vəsiqəsini verməməsi olmuşdur. Hadisə vaxtı o, Turana zərbə endirməmiş və Turanı vurmamışdır. Məhkəmə tibbi ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 2426 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü X6 bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol əlin ovuc səthinin geniş sahəli bir ədəd, sol əlin İİ barmağının əsas falanqasının ovuc səthinin bir ədəd, sol əlin İV barmağının əsas falanqasının ovuc səthinin bir ədəd kəsilmiş yaraları – iti kəsici alətin(lərin) təsirindən törənmişdir: qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaq zərbəsi təsirindən əmələ gələ bilərdi: dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində yerləşən “ 44 gün” çay evidir. Baxış zamanı qeyd olunan obyektdəki 01 ədəd TV proyektorun, 02 ədəd LG markalı televizorun və 02 ədəd qəlyan aparatının yerində olmaması müəyyən olunmuşdur. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən “Çardaq” çay evidir. Baxış zamanı qeyd olunan obyektdəki oradan 4 ədəd “Playstation 4” markalı və 4 ədəd “Playstation 3” markalı oyun aparatlarının və 04 ədəd oyun pultlarının yerində olmaması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə əməli özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur.Onun özünü qismən təqsirli bilməsi özünü müdafiə xarateri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirlənməsi hissəsində qeyd edir ki,iş materiallarından göründüyü kimi hadisə 06 noyabr 2023-cü il tarixdə baş vermişdir. Azərbaycan Respublikası CM-nin 91-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Həmin Məcəllənin 75.1.1.maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin icraatı ibtidai istintaqının aparıldığı dövrdə xx.xx.2024-cü il tarixdə dayandırılmış, 28 fevral 2024-cü il tarixdə təzələnmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəmədən gizlənəməsinə görə cinayət işinin icraatı dayandırılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; İşin məhkəmə baxışında müdafiə tərəfi olaraq təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özlərini təqsirli bildiyini və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi üzrə törətdiyi cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi məsələsinə hüquqi qiymət verərkən hesab edir ki, onun həmin maddələr üzrə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 09 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 221.3 maddələri ilə təqsirli bilinib, CM-nin 177.2.3-cü maddəsi ilə 02 il, CM-nin 221.3 maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2 maddəsinə əsasən ona qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69.3 maddəsinə əsasən tutulduğu 02 gün cəzasından çıxılmış və üzərində 02 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 05 aprel 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun cinayəti yetkinlik yaşına çatmayan vaxt törətməsidir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə tutularaq Abşeron RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmiş və 29 fevral 2024-cü il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasından hazırkı cinayət işi üzrə tutulduğu 02 gün və barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə nəzərə alınan 02 gün tutma, cəmi 04 gün müddət çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli, əvvəlki hökmlə müəyyən edilən 05 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin Abşeron rayon Məhkəməsinin 11 avqust 2025-cü il tarixli, 1(012)-866/2025 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi üzrə törətdiyi əməlinə görə cinayət təqibinə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası onun barəsində Abşeron rayon Məhkəməsinin 11 avqust 2025-cü il tarixli, 1(012)-866/2025 saylı hökmü ilə ona təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplansın, ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işində tutulduğu 02 gün və Abşeron rayon Məhkəməsinin 11 avqust 2025-cü il tarixli, 1(012)-866/2025 saylı hökmü ilə nəzərə alınan 02 gün, cəmi 04 gün müddət təyin olunan cəzasından çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin Abşeron rayon Məhkəməsinin 11 avqust 2025-cü il tarixli, 1(012)-866/2025 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-244/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-244/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver