Məhkəmə qərarları › İş №1(012)-245/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-245/2022

11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-245/2022 11.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayov küçəsi, ev 76, mənzil 85-də qеydiyyаtdа оlan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22.02.2022-ci il tarixdə, saat 14 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Grant” marketin yaxınlığında borc məsələsi ilə bağlı yaranmış mübahisə zamanı əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs sifət nahiyəsindən əli ilə qəsdən vuraraq, ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası və sol almacıq nahiyələrini əhatə edən sahənin dərialtı hematomasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2 il əvvəl Bakı şəhəri Gənclik ərazisində, işlədiyi mağazada tanımış və sonradan onlar qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışlar. Münasibət dövründə onun bəzi problemləri olduğundan Səadət onun üçün müəyyən qədər pul xərcləmişdir. 2021 -ci il dekabr ayının sonlarından isə o, Səadətlə birgə işlədikləri mağazadan çıxmış və qısqanclığı səbəbindən Səadətdən ayrılmışdır. Bundan sonra isə o, başqa bir qadınla münasibət qurduğundan Səadət onun evinə gəlib münaqişələr yaratmağa başlamış və onunla barışmağa çalışmışdır. 22.02.2022-ci il tarixdə, saat 14 radələrində o, Xırdalan şəhərində, işlədiyi mağazada olan zaman Səadət oraya gələrək nə üçün qaçıb gizləndiyini və zənglərinə cavab vermədiyini ondan soruşmuş və münasibətləri dövrü ərzində onun üçün xərclədiyi pulları geri qaytarmasını tələb etmişdir. Bu səbəbdən Səadətlə onun arasında mübahisə yaranmış və o, sonuncudan mağazanı tərk edib getməsini tələb etmişdir. Lakin Səadət onun bu tələbinə məhəl qoymadığından o, Səadəti mağazadan çıxarıb kənarda insanların az olduğu yerə aparmış və söhbətlə onu sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq Səadət sakitləşməmiş əksinə daha da aqressivləşərək onu söyüb təhqir etməyə və üzərinə hücum çəkməyə başlamışdır. O isə öz növbəsində həm Səadəti sakitləşdirmək, həm də özünün müdafiə etmək məqsədilə Səadəti kənara itələmişdir. Səadət isə sakitləşməyərək ikinci dəfə onun üzərinə hücum çəkdiyindən o, bir daha şikayətçini əli ilə kənara itələmək istəyən zaman sağ əlinin iç hissəsi Səadətin sifət nahiyəsinə dəymişdir. Bundan sonra o, Səadəti sakitləşdirib bir qədər onunla söhbət etməyə müvəffəq olmuş, daha sonra isə taksi çağıraraq onu evinə yola salıb mağazaya qayıtmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamış və münasibətləri başladıqdan bir müddət sonra İlkin ondan iş qurmaq adı ilə 3500 (üç min beş yüz) manat borc pul istəmişdir. Sonradan İlkin onun pulunu qaytarsa da münasibətləri dövründə ondan hissə-hissə olmaqla ümumilikdə 7000 (yeddi min) manata qədər borc almışdır. 2021 -ci il dekabr ayının sonlarında isə o, İlkinin başqa bir qadınla münasibətinin olduğunu bildiyindən ondan ayrılmışdır. Bundan sonra İlkin onun işlədiyi mağazadan çıxıb Xırdalan şəhərində özü üçün telefon mağazası açıb işlətməyə başlamışdır. Ayrıldıqdan sonra o, İlkinə verdiyi 7000 (yeddi min) manat borcun qaytarılmasını tələb etsə də İlkin hər dəfə müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan boyun qaçırmışdır. 22.02.2022-ci il tarixdə saat 14 radələrində o, İlkinin işlətdiyi mağazaya gedərək ondan borcunu qaytarmasını tələb etmiş, İlkin isə həmin pulu ona qaytarmayacağını bildirmişdir, bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı İlkin onu söhbət etmək üçün mağazadan çıxarıb ara məhəlləyə, insanların olmadığı yerə aparmışdır. Orada da İlkin bir daha həmin pulu ona qaytarmayacağını bildirmiş, davamında isə üzərinə hücum çəkərək əlinin iç hissəsi ilə onun sol göz nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra isə İlkin sakitləşib şikayət etməməsi üçün onu dilə tutmağa başlamış və taksi saxlatdıraraq onu evinə göndərmişdir. O isə öz növbəsində həmin gün şikayət etməsə də ertəsi gün gözünün alt nahiyəsində qaralma olduğunu görüb DİN-in «102» xidməti-zəng mərkəzinə zəng etmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. O, əlavə olaraq sözügedən hadisənin Xırdalan şəhərində ara məhəllələrin birində baş verib 5-6 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda başqa şəxslərin olmadığını bildirmiş, eləcə də həmin vaxt Təqsirləndirilən şəxs hər hansı bir formada müqavimət göstərə bilmədiyini qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin 26.02.2022-ci il tarixli 393 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası və sol almacıq nahiyələrini əhatə edən sahənin dərialtı hematoması küt əşyanın təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni 22.02.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissələrinin (əl, yumruq və sair) təsirindən yarana bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 09.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 11.04.2022-ci il tarixdə verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar