Məhkəmə qərarları › İş №1(012)-246/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-246/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-246/2022 07.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il, Bakı şəhərində anadan olmuş, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Masazır kəndi, yeni məhəllə, nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan, ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 20.02.2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır kəndi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evinin içərisində Təqsirləndirilən şəxs ilə faktiki ər-arvad münasibətlərində birlikdə yaşadığı Zərərçəkmiş şəxs arasında ailə-məişət münasibətləri zəminində yəni, sonuncunun Təqsirləndirilən şəxs evə gec gəlməsinə və uşaqları ilə maraqlanmamasına görə irad bildirməsi, eləcə də Təqsirləndirilən şəxs evə hansı səbəbdən gec gəlməsi ilə bağlı verdiyi cavaba inanmaması səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona sağ göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sağ gözaltı nahiyənin qançır-şişkinliyi, başın sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ bazu, sağ said nahiyələrinin qançırları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar rəsmi olaraq nikaha daxil olmasalar da, 2012-ci ildən birlikdə ərarvad münasibətində yaşayırlar. Həmçinin bu münasibətdən üç övladları vardır. Ailədaxili münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Təhminə son zamanlar heç bir səbəb olmadan əsassız olaraq onu qısqanır. O, 20.02.2022-ci il tarixdə saat 21 radələrində yaşadıqları evə gəlmiş, evdə olan zaman Təhminə ondan hansı səbəbə evə gec gəldiyini soruşmuş, o, Təhminəyə işlədiyini, iş dalınca getdiyini, buna görə bu vaxtda gəldiyini demiş, lakin Təhminə ona inanmamış, bu səbəbdən aralarında mübahisə yaranmış, o, mübahisə zamanı əsəbiləşərək əlinin arxa hissəsi ilə bir dəfə Təhminənin sifət nahiyəsindən zərbə vurmuş, daha sonra isə digər otağa keçmiş, sonradan Təhminənin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, Təhminə ilə aralarında olan mübahisənin yaşadıqları evin içərisində olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını, Təhminənin mübahisə zamanı ona müqavimət göstərmədiyini və Təhminəni öldürməklə hədələmədiyini, hazırda onunla barışdığını bildirmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar rəsmi olaraq nikaha daxil olmasalar da, 2012-ci ildən birlikdə faktiki ər-arvad münasibətində yaşayırlar. Həmçinin bu münasibətdən üç övladları vardır. Ailə daxili münasibətləri əvvəldən yaxşı olmamışdır. Buna səbəb Əli ilə xasiyyətlərinin bir-birinə uyğun gəlməməsi və Əlinin ailəyə laqeyd münasibət göstərməsi olmuşdur. 20.02.2022-ci il tarixdə saat 21 radələrində Əli yaşadıqları evə gəlmiş, o, Əlidən hansı səbəbə evə gec gəlməsini və gün ərzində uşaqları ilə niyə maraqlanmadığını soruşduqda Əli isə buna görə onu nalayiq ifadələrlə söyüb təhqir etmiş və onunla mübahisə etməyə başlamış, mübahisə zamanı əvvəlcə əlləri ilə saçlarından tutub dartmış və yumruqla sifət nahiyəsinə zərbə vurmuş, daha sonra isə yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduğuna görə 21.02.2022-ci il tarixdə DİN-in "102" xidmətinə zəng vurub məlumat vermişdir. O, ifadəsində əlavə olaraq Əlinin isə onu nalayiq ifadələrlə söyüb təhqir etməsini, mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını, mübahisə zamanı Əlini vurmadığını, mübahisə zamanı ona heç bir maddi ziyan dəymədiyini, hazırda onunla barışdığını göstərmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barışdığını, işin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyi" X6 Abşeron rayon şöbəsinin 26.02.2022ci il tarixli, 383 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sağ gözaltı nahiyənin qançır-şişkinliyi, başın sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması, sağ bazu, sağ said nahiyələrinin qançırları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20.02.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallında olan Abşeron RİH Masazır kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, o, Masazır kəndində qeydiyyatsız yaşayır, həmin orqana X3 barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallında olanşəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 12.09.2013cü ildə, X4 03.09.2015-ci ildə, X5 11.12.2018-ci ildə anadan olmuşlar. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat işində olan digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqazidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 120 manat hesablanmaqla, müvafiq olaraq manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqazidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 120 manat hesablanmaqla, müvafiq olaraq manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar