Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-248/2025 02.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili: Müdafiəçi3 Müdafiəçilər: “Verdiktum” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirak ilə xx.xx.1977-ci ildə NMR Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, rəsmi olaraq işləməyən (təqaüdçü), NMR, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki olaraq yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1993-cü ildə NMR Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, FHN X11 Xidmətinin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin böyük mühəndis-inspektoru vəzifəsində işləyən, NMR, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs1 "xxxx" X2 payçısı kimi tanıdığı X1 qeyrirəsmi olaraq səhmlərin müəyyən hissəsini satın aldıqdan sonra həmin müəssisənin digər payçısı olan Zərərçəkmiş şəxs1 ilə aralarında bir müddət əvvəl yaranmış və sözlü münaqişələrlə davam edən kommersiya mübahisəsi prosesində qarşı tərəfə zor tətbiq etmək qərarına gələrək, aralarında yaranmış növbəti söz mübahisəsindən sonra, öz şəxsiyyətini qarşı tərəfin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək imkanında olmasını nümayiş etdirib, bununla da hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına açıq-aşkar zidd olaraq, Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin ünvanına mobil telefon danışığı ilə nalayiq ifadələr söylədikdən sonra xx.xx.2023-cü il tarixdə, gecə saat 02 radələrində qohumu Şahid1 və tanışı Şahid2 ilə birgə Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsi 3 saylı binanın həyətinə gələrək, əvvəlcə Zərərçəkmiş şəxs1, sonra isə övladları Zərərçəkmiş şəxs2 ilə Şahid4 mübahisə yerinə gəldiyi müddətdə, o, Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin ünvanına yüksək səslə nalayiq ifadələr söyləyib, gecə vaxtı ətrafda olan hündürmərtəbəli bina sakinlərinin mübahisə zamanı yaranmış səslərə qarşılıq verməklə sakitlik yaradılması barədə tələblərinə məhəl qoymadan vətəndaşların gecə istirahətini öz hərəkətləri ilə nümayişkəranə şəkildə pozaraq, Zərərçəkmiş şəxs1 üzərinə hücum edib, bədəninin döş qəfəsi və burun nahiyələrinə bərk küt əşya (əl, ayaq və s.) ilə yetirilməyə xarakterik zərbələr vurmaqla sonuncuya döş qəfəsinin qançırı və burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməsinin ardından hadisə yerinə sonradan gəlmiş qohumu Təqsirləndirilən şəxs2 ilə öz cinayətkar hərəkətlərini qarşılıqlı surətdə uzlaşdırıb bir qrup şəxs halında, mübahisəyə aktiv formada qoşulan Təqsirləndirilən şəxs2 onunla eyni niyyət və mövqedən çıxış edib, Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək, sonuncunun baldır nahiyəsinə bərk küt əşya (əl, ayaq və s.) ilə yetirilməyə xarakterik zərbə vurub zərərçəkmişdə sağ baldır nahiyəsinin qançırı və hadisə yerində olan Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 bazu nahiyəsinə zərbə vurub sonuncuda sağ bazu oynağı nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə gecə saatlarında evindən çıxıb özünün də yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri istiqamətinə gələrək Təqsirləndirilən şəxs1 aralarındakı kommersiya mübahisəsinə görə ədavətdə olduğu Zərərçəkmiş şəxs1 ilə görüşə getməsi barədə məlumat əldə edib və xx.xx.2023-cü il tarixdə, gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 onun qardaşı Şahid1 və tanışı Şahid2 ilə birgə Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsi 3 saylı binanın həyətinə gəlməsini görüb, orada Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin ünvanına yüksək səslə nalayiq ifadələr söyləyərək sonuncunun üzərinə hücum edib, bədəninin döş qəfəsi və burun nahiyəsinə bərk küt əşya (əl, ayaq və s.) ilə yetirilməyə xarakterik zərbələr vurmaqla zərərçəkmişdə döş qəfəsinin qançırı və burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməsinin ardından o, mübahisəyə aktiv formada qoşularaq Təqsirləndirilən şəxs1la öz cinayətkar hərəkətlərini qarşılıqlı surətdə uzlaşdırıb bir qrup şəxs halında sonuncu ilə eyni niyyət və mövqedən çıxış edərək, öz şəxsiyyətini qarşı tərəfin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək imkanında olmasını nümayiş etdirib, bununla da hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına açıq-aşkar zidd olaraq, gecə vaxtı ətrafda olan hündürmərtəbəli bina sakinlərinin mübahisə zamanı yaranmış səslərə qarşılıq verərək sakitlik yaradılması barədə tələblərinə məhəl qoymadan vətəndaşların gecə istirahətini öz hərəkətləri ilə nümayişkəranə şəkildə pozaraq, Zərərçəkmiş şəxs1 üzərinə hücum edib, sonuncunun baldır nahiyəsinə bərk küt əşya (əl, ayaq və s.) ilə yetirilməyə xarakterik zərbə vuraraq zərərçəkmişdə sağ baldır nahiyəsinin qançırı, habelə hadisə yerində olan Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 bazu nahiyəsinə zərbə vurub sonuncuda sağ bazu oynağı nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 1998-ci ildən 2009-cu ilə qədər gömrük orqanlarında, 2009-cu ildən 2020-ci ilə qədər fövqəladə hallar orqanlarında müxtəlif vəzifələrdə çalışmış, son iş yeri FHN Mülki Müdafiə Qoşunlarının 1ci müavini olmuşdur. 2020-ci ilin dekabr ayında könüllü surətdə bu vəzifədən ehtiyata buraxılmışdır. Belə ki, 2016-cı ildən “MS” yəni, multiskleros xəstəliyindən əziyyət çəkmişdir. 2015-ci ilin dekabrında Prezident sərəncamı ilə “general-mayor” hərbi rütbəsi almış və rütbədən məhrum edilməmişdir. 2019-cu ilin axırlarında Bakı şəhər sakini X6 adlı şəxslə ortaq dostları vasitəsilə tanış olmuşdur. 2020-ci ilin noyabr ayında Lalə Ağagülovanın payçısı olduğu kolbasa sexi olan "xxxx" X3 (İKM) satması barədə məlumat almışdır. O da həmin sexin səhmlərini almaq məqsədi ilə Lalə ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Şəki” dairəsi adlanan yerdəki “Neşvə” restoranında görüşüb şirkətin 40 faiz səhmini 2.400.000 AZN müqabilində almaq barədə razılığa gəlmişdir. Lalə də həmin vaxt İKM-nin 20 faiz səhminin Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsus olması barədə ona məlumat vermişdir. O, Zərərçəkmiş şəxs1 adlı şəxsi əvvəllər tanımamış və sonuncu ilə heç bir ünsiyyəti olmamışdır. 40 faiz səhmin alqı-satqısını faktiki olaraq o etsə də, müqavilə onun bacanağı Əziz Kərimovun adına tərtib edilmiş, bundan sonra Əziz zavodda nümayəndə kimi işləməyə başlamışdır. Alqı-satqıdan təxminən 3 ay sonra Zərərçəkmiş şəxs1la şəxsən tanış olmuş, Elnur həmin vaxt zavodda direktor işləmişdir. Təxminən 2 il müddətində zavod fəaliyyət göstərsə də, heç bir gəlir əldə etmək mümkün olmamışdır. Onun təklifi əsasında Lalə tərəfindən 2022-ci ildə zavodda yoxlama aparılması üçün audit dəvət edilmişdir. Auditor zavodda olduğu müddət ərzində dəfələrlə Elnurdan zəruri sənədləri tələb etsə də, sonuncu müəssisənin bazasında olan bütün məlumatları silərək auditdən yayınmışdır. Məlum dava-dalaşdan təxminən 7-8 ay öncə Lalə tərəfindən Elnur zavodda direktor vəzifəsindən azad edilmişdir. Elnur həmçinin "xxxx" MMC adlı şirkəti təsis etmiş və İKM-nin nəzdində həmin şirkəti yaratmışdır. Elnurun direktor vəzifəsindən azad edilməsindən sonra aralarındakı münasibətlər daha da pisləşmişdir. Belə ki, hələ Elnur İKM-də işləyəndə o, sonuncudan nə üçün şirkətin gəlirlərinin olmamasını soruşmuş, Elnur isə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Direktorluqdan azad edildikdən sonra isə Elnur onun guya Laləni öyrətdiyini, Lalənin guya onun göstərişi ilə Elnuru direktorluqdan azad etdiyini, yəni bu hadisələrin onun ucbatından baş verdiyini bildirmiş, buna görə dəfələrlə telefon vasitəsilə onunla mübahisələr yaratmış və nalayiq hərəkətlər etmişdir. Yəni 2022-ci ilin axırlarından hadisə baş verən 2023-cü ilin martına qədər fasilələrlə aralarında qarşılıqlı olaraq mütəmadi şəkildə sözlü mübahisələr və təhqirlər olmuşdur. O, hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 24 mart 2023-cü il tarixdə saat 01:30 radələrində yaşadığı evdə olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “whatsapp” hesabına Elnurun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən zəng edilmişdir. Elnurla telefon danışığı zamanı aralarında mübahisə yaranmış, Elnurun təhqirlərə keçməsi səbəbindən bir birinə qarşı təhqir məzmunlu qeyri etik ifadələr işlətmişlər. Elnur onu danışmaq üçün Xırdalana çağırmış, o, sürücüsü Kamalla əlaqə saxlayıb Xırdalana getməli olduqlarını bildirmişdir. Yol boyu “whatsapp” üzərindən yazışmalar və danışıqlar zamanı Elnur onu, o, da Elnuru söymüş aralarında mübahisə davam etmişdir. Lakin bir müddət sonra Elnur həmin mesajları silmiş, buna baxmayaraq o, həmin mesajların bəzilərini saxlayıb istintaqa təqdim etmişdir. Elnur dəfələrlə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək ondan olduğu yeri soruşmuşdur. O isə cavab olaraq zəngdə “Bakı Beynəlxalq Avtovağzalını” keçdiyini dedikdə, Elnur “Xırdalanda at heykəlinin yanına çatan vaxt mənə yığ” demişdir. Qısa müddət sonra Elnur yenidən zəng edərək Xırdalan şəhərində yerləşən “Səmayə” şadlıq evindən sağa doğru dönməyini, özünün isə yolun qırağında gözlədiyini ona demişdir. O da şadlıq evinin qarşısından sağa dönüb sürücüsü Kamal ilə binanın yanı ilə aşağı doğru hərəkət etməyə başlamışdır. Axırıncı binanın giriş hissəsinin yanında keçən zaman Elnur ona zəng edərək “Sola bax məni görəcəksən” demişdir. Bu vaxt o, Elnurun binanın girişində gözlədiyini görmüşdür. Sürücü Kamal avtomobili dayandırdıqdan sonra o, maşından düşmüş və binanın girişindən həyətə daxil olmuş, Kamal isə həmin zaman avtomobilin yanında qalmışdır. Bundan sonra o, binanın həyətinə gəlmiş və artıq Elnur orada gözləmişdir. Həyətdə olan zaman Elnura mobil telefonları kənara qoyub söhbət etməyi təklif etmiş, Elnur da razılaşmışdır. Söhbət zamanı ilkin olaraq Elnur ona ortaq tanışları olan Laləyə qoşulmağı və sonuncunu işdən azad etdirməyi ilə bağlı yalan ittihamlar səsləndirib onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. İlkin olaraq Elnur onun sol ayağına təpiklə vurmuş, sonra sinəsindən əli ilə geriyə doğru itələmiş, nəticədə o yıxılmışdır. Bundan sonra o, da Elnurun üzərinə yerimiş, artıq aralarında mübahisə dava həddinə çatmışdır. Elnur onu ikinci dəfə yerə yıxmışdır. O, yerə yıxılanda isə Elnur onun əynində olan idman şalvarını dartıb aşağıya doğru çəkməyə cəhd etmişdir. Elnurun oğlu atasına “Ata, narahat olma, çəkirəm” demişdir. Şahid1, X9 və sürücüsü Kamal onu yerdən qaldırıb Elnura tərəf getməməyi üçün ondan tutmuşlar. Mahir, Məhsud və Kamal onunla Elnuru aralamış və Mahirə məxsus “Chevrolet” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək aparmışlar. Bununla da mübahisə yekunlaşmışdır. Onun “Makarov” tipli silahı olmamış, hadisə zamanı hər hansı silah və predmetdən istifadə etməmişdir. O, hadisə zamanı kiməsə Elnur və ailəsinə zor tətbiq etməsi ilə bağlı göstəriş verməmişdir. Mübahisə zamanı qarşılıqlı şəkildə fiziki güc tətbiq edilməsi halı olmuş, hadisəyə səbəb aralarında olan uzun müddətli kəskinləşmiş kommersiya mübahisəsi və bununla bağlı yaranmış gərgin vəziyyət olmuşdur. Hadisə vaxtı ətrafda heç kim olmamış, onlar ictimai qaydanı pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməmişlər. Belə ki, mübahisə Elnurla onun arasında olmuş, həmçinin kənar hər hansı bir şəxs mübahisə yerində olmamış, onlara bu və ya digər formada irad bildirməmişlər. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1la 2022-ci ildən etibarən zavod işində şərikliyə görə mübahisələrinin olduğunu, gəlir əldə edə bilmədiyi üçün audit yoxlaması təşkil etdiyini, hadisə günü mübahisənin həlli üçün gəldiyini, Mahirdən onun ardı ilə gəlməsini ailəsinin xahiş etdiyini, təhqir və dava-dalaşı ilk olaraq Zərərçəkmiş şəxs1 başlatdığını, ilkin olaraq Elnur və onun arasında başladığını digər şəxslərin isə onları ayırmaq üçün qoşulduğunu, içki qəbul etmədiyini ayıq olduğunu, Elnur tərəfindən hadisə günü göndərilən səslərin sonradan silindiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 2014-cü ildən FHN X11 Xidmətinin Xidmətin təşkili və peşə hazırlığı şöbəsində böyük mühəndis inspektor vəzifəsində çalışır, daxili xidmət mayorudur, hərbi qulluqçu statusunda olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxsləri isə, ümumiyyətlə, hadisə baş verən günə qədər tanımamış, sonuncularla hər hansı münasibəti və ünsiyyəti olmamışdır. O, hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 23 mart 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olan vaxt dostu Dadaş ona zəng edərək domino oynamaq məqsədi ilə Xırdalan şəhəri ərazisində yerləşən “Heydər Park”ına çağırmışdır. Yaşadığı ev parka yaxın olduğundan piyada parka gəlib orada yerləşən “Palma” adlı çayxanada dostları ilə təxminən 4 saat müddətində domino oynamışdır. 24 mart 2023-cü il tarixdə gecə saat 02 radələrində dostları ilə sağollaşmış və sonuncuları ötürmək üçün “Heydər Park”ından çıxıb yolun kənarı ilə yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Bu zaman təsadüfən yolun kənarında qardaşı Mahirə məxsus “Chevrolet Captiva” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı və əmisioğlu Ramilə məxsus “Chevrolet Silverado” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dayandığını görmüşdür. O, hər 2 avtomobilə yaxınlaşaraq içərisində heç kimin olmadığını gördükdən sonra ilk öncə özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə Ramilin ***-***-**-** nömrəsinə “WhatsApp” hesabından zəng etmiş, lakin Ramil zəngi götürməmişdir. Ramil və Mahirin yaxınlıqdakı kafedə olacaqlarını güman edib Mahirə zəng etməyi zəruri hesab etmədən binanın yanında olan kafeyə daxil olmuş, lakin onlar kafedə olmamışdır. O, kafedən çölə çıxanda yaxınlıqdakı binanın həyətindən səs-küy gəldiyini eşitmiş və nə baş verdiyini öyrənmək üçün həyətə daxil olmuşdur. O, həyətə daxil olan vaxt dava-dalaş olduğunu, həyətdə təxminən 6-7 nəfər şəxsin toplaşdığını görmüşdür. Daha da yaxına gəldikdə dalaşan şəxslərin Ramil və sonradan adını bildiyi Elnur adlı şəxs olduğunu müşahidə etmişdir. O, mübahisə olan yerə gələn zaman Ramil yerdə olmuş, sonuncu ayağa qalxıb Elnurun üzərinə hücum etmək istəmişdir. O və hadisə yerində olan qardaşı Mahir birlikdə Ramilə yaxınlaşıb sonuncunu tutmuş və sakitləşdirməyə çalışmışlar. Elnur adlı şəxsin yanında da 1-2 şəxs olmuş, sonradan bilmişdir ki, həmin şəxslər sonuncunun övladlarıdır. O, Elnurla Ramili aralamış və dava-dalaşın böyüməməsi üçün Mahirlə birgə Ramili tez avtomobilə əyləşdirmişlər. Bundan sonra hadisə yerində olan Ramilin sürücüsü Kamala Ramillə birgə oradan çıxıb getməsini bildirmişdir. O isə digər avtomobilə əyləşərək Ramilin ardı ilə hərəkət etməyə başlamışdır. Bundan sonra yaşadığı evə getmiş və heç bir hadisə baş verməmişdir. O, hadisə yerində əvvəldən olmamış, sonradan hadisə yerinə gəlmiş və sadəcə Ramillə Elnurun bir-birindən aralanmasında iştirak etmişdir. O, dava-dalaşda iştirak etməmiş, Elnuru və oğlu Rafiqi vurmamış, həmçinin əlində hadisə zamanı hər hansı növ dəmir parçası, o cümlədən zərərçəkmişlərin qeyd etdiyi kimi “mantirovka” və “üzük” formalı predmetlər olmamışdır. Verilən suallara cavab olaraq hadisə yerinə piyada və təsadüfən gəldiyini hadisənin iştirakçısı olmadığını, heç kəsə xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx" X2 (İKM) 20 faiz pay hüququnu alıb direktor vəzifəsini icra etməyə başlamışdır. Həmin müəssisənin 80 faiz pay hüququ isə X4 məxsus olmuşdur. Lalə ilə onun arasında olan ilkin razılaşmaya görə əldə edilən gəlirin 50 faizi ona çatmalı imiş. Lakin Lalənin külli miqdarda borcları olduğundan səhmlərinin üzərinə həbs qoyulmuş və müəssisəni işlətmək mümkün olmamışdır. Buna görə də o, 2019-cu ildə "xxxx" MMC-ni təsis edib Lalənin kiçik oğlu X7 50 faiz təsisçi etmiş və həmin şirkəti idarə etməyə başlamışdır. "xxxx" İKM isə icarə müqaviləsi əsasında "xxxx" MMC-nə verilmişdir. Təxminən 2020-ci ilin noyabr ayının 18-də Lalə onun yanına gələrək "xxxx" İKM-in 40 faiz səhmlərini qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs1 satdığını, rəsmiləşdirmənin isə sonuncunun bacanağı Əziz Kərimovun adına aparılacağını demişdir. Bundan sonra Əziz Kərimov nümayəndə kimi zavodda işləməyə başlasa da, Ramili ilk dəfə 2021-ci ilin mart ayında görmüş, o vaxta qədər sonuncunu tanımamışdır. Həmin zaman Ramil 2.400.000 AZN müqabilində Lalədən 40 faiz səhm aldığını, lakin söz verdiyi gəlirin olmadığını deyərək şikayət etməyə başlamışdır. Sonradan ölkə ərazisində pandemiya elan edildiyindən gəlirlər daha da aşağı düşməyə başlamışdır. Ramil isə israrla onunla şərik olmaq istəmədiyini bildirib hətta müəssisənin direktorluğundan uzaqlaşdırılması üçün Laləyə 1.000.000 AZN pul da təklif etmişdir. Lalə də sonradan qanunsuz olaraq 01 dekabr 2022-ci il tarixdə "xxxx" İKM-nin direktorluğundan onu azad etmişdir. Lakin onun həmin vəzifədən azad edilməsi saxta sənədlər əsasında olduğu üçün o, hüquq-mühafizə orqanlarına bu barədə şikayət etmişdir. Aparılan araşdırmalar nəticəsində Nərimanov RPİ-də həmin faktla bağlı cinayət işi başlanılmışdır. Həmin ərəfədə Ramil üzbəüz görüşləri zamanı hədə-qorxu gələrək Lalənin barəsində vermiş olduğu şikayət ərizəsini geri götürməyi və İKM-də olan 20 faiz səhmlərini özünün və ya Lalənin adına keçirməyini ondan tələb etməyə başlamışdır. Ümumiyyətlə, hələ o, direktor vəzifəsindən azad edildiyi dövrdən qabaq Ramil ona dəfələrlə həm üzbəüz, həm də mobil telefonla danışıq zamanı təzyiqlər və hədə-qorxular etmiş, nalayiq ifadələrlə onu şirkətin fəaliyyətindən kənar etməyə çalışmışdır. O, isə Ramilə öz müqavimətini göstərmiş və tələblərini yerinə yetirmədən öz haqlarını qorumuşdur. Bu mübahisələr sözügedən dava-dalaş olan günə qədər fasilələrlə davam etmiş və aralarında təhqirlər olmuşdur. O, hadisənin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə 00:00 radələrində yaşadığı evdə olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “whatsapp” hesabına Ramilin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən səsli mesaj daxil olmuşdur. Kənara çəkilib mesajı açdıqda özünün və ailəsinin ünvanına Ramilin nalayiq ifadələr işlətdiyini görmüşdür. O da əsəbləşərək öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Ramilin istifadəsində olan ***-***-**-** nömrəni yığsa da, sonuncu zəngə cavab verməmişdir. Bu səbəbdən “whatsapp” hesabında Ramilə səsli mesaj göndərmişdir. Ramil isə bundan sonra “whatsapp” hesabı ilə yuxarıda qeyd etdiyi nömrədən zəng edərək “Olduğun yeri de, gəlirəm” demiş, o da Xırdalan şəhərində yaşadığı evdə olduğunu bildirmişdir. Bu zaman Ramil “Gəlirəm evinə, kişisənsə, düş aşağı, əgər aşağı düşməsən, mən sənin evinə çıxıb sənin ailənin başına oyun açacağam” demişdir. Yəni mübahisənin təşəbbüskarı Ramil olmuş, belə ki, Ramil onu “whatsapp”da təhqir edib olduğu yeri soruşmaqla onunla “söhbət etmək” istəmişdir. Ramilə yaşadığı evin ünvanını hər hansı formada deməmiş, çünki sonuncu özü ünvanı tanıyırmış. Təxminən 20- 25 dəqiqə sonra, yəni 24 mart 2023-cü il tarixdə saat 02 radələrində Ramil “whatsapp” hesabı ilə ona zəng edib binanın qabağında tək olduğunu deyərək təhqir formasında onun evinə qalxacağını bildirmişdir. O isə Ramilə həyətdə gözləməsini bildirmiş, özünün aşağı düşəcəyini demiş və dərhal binanın həyətinə düşmüşdür. O, uşaqlarına aşağı düşməməyi bildirsə də, oğlu Rafiq qorxusundan onun arxasınca düşərək blokun girişində dayanmışdır. O, təxminən 7-10 metr məsafə qət edərək Ramilə yaxınlaşmış, həmin zaman Ramilin üzərində göy rəngli idman dəsti olmuşdur. Ramilin arxasında təxminən 10 m məsafədə sürücüsü Kamal dayanmış, Ramil Kamaldan uzaqlaşmasını istəmişdir. Bundan sonra Ramillə sakit qaydada söhbət etməyə başlamışdır. Söhbət zamanı isə səsini yazma ehtimalına görə Ramil telefonları kənarda yerə qoymağı təklif etmişdir. O da bununla razılaşmış, beləcə hər ikisi mobil telefonları bardürün üzərinə qoyub söhbətə davam etmişlər. Söhbət zamanı Ramil yekun olaraq "xxxx" İKM-in 20 faiz səhmini sonuncunun adına keçirməyini və Lalənin barəsində vermiş olduğu şikayət ərizəsini geri götürməyini tələb etmiş, həmçinin nalayiq ifadələrlə zavoda birdə ayağının dəyməməsi barədə onun qarşısına şərt qoymuşdur. Şərti icra etməyəcəyi təqdirdə isə təhqir formasında evinə qalxacağını və ailə üzvlərinin başına oyun açacağını bildirmişdir. O isə bu şərtləri icra etməyəcəyini dedikdə, Ramil yenidən onun və ailəsinin ünvanına söyüşlər söymüş və qəfildən əynində olan mavi rəngli gödəkçəsinin sağ yan cibindən markasını dəqiq bilmədiyi, “Makarov” tipli, qara rəngli tapança silahını çıxarmışdır. Ramil silahın qundaq hissəsi ilə onun başına vurmaq istəyəndə o, arxaya doğru əyilmiş, əyildiyi üçün silahın qundaq zərbəsi onun başından deyil, sinə nahiyəsindən dəymişdir. O, buna baxmayaraq cəld tərpənərək Ramilin əlindən vurub silahı yerə salmışdır. Elə əlbəyaxa olan zaman Ramil yumruqla onun burun nahiyəsinə bir neçə zərbə vurmuşdur. O isə Ramilin belindən tutub yerə yıxaraq sinəsinin üzərində oturmuş, ünvanına söyüşlər işlətsə də, Ramilə heç bir zərbə vurmamışdır. Kamal artıq onun tərəfə gəldiyi üçün o, Ramilin üzərindən durmuş və arxaya tərəf çəkilməyə başlamışdır. Ramil isə ayağa qalxıb ona yenidən hücum etmək istədikdə o, Ramilin qolundan tutub çəkisinin ağırlarından istifadə edərək yerə doğru itələmiş, Ramilin cibindəki silahı çıxarmaq məqsədilə əlini sonuncunun şalvarının cibinə tərəf salmış və bu zaman Ramil müqavimət göstərib dartınanda şalvarı aşağı düşmüşdür. Həmin zaman Rafiq onun arxasında olmuş və Ramilin yanındakı adamlardan kimsə Rafiqə hücum etmişdir. Ramil yerə yıxılanda “Maqsud, Elnuru vur” deyə göstəriş vermişdir. Elə bu zaman “Maqsud” deyə səslənən və sonradan adını Təqsirləndirilən şəxs2 kimi bildiyi şəxs onun üzərinə hücum edib dəmir parçası ilə sağ ayağına, görmədiyi bir şəxs isə təpiklə böyrək nahiyəsinə zərbə vurmuşdur. Onun üzərinə hücum edildiyini görən oğlu Rafiq həmin şəxsləri kənara itələyib köməyə gəlmişdir. Bu zaman qonşular səs-küy salmış, Ramil və yanında olan şəxslər bu səslərə görə “Chevrolet” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı və markasını xatırlamadığı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə əyləşərək uzaqlaşmışdır. Bundan sonra oğlu Rafiq DİN-in “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, səhəri gün qonşu binalarda yerləşən kameralara baxdıqda qaranlıq olsa belə, müəyyən görüntülərin olduğunu görüb gələcəkdə hüquq mühafizə orqanlarına təqdim etmək məqsədi ilə götürmüş və polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 onun həyətinə məqsədyönlü surətdə, yəni onun İKM-də olan külli miqdarda səhmlərini zor gücünə ələ keçirmək məqsədilə gəlmişdir. Ramilə hadisə zamanı məqsədli surətdə xəsarət yetirməmiş, mübahisə zamanı Ramilin qolundan tutub çəkisindən istifadə edərək yerə yıxanda Ramilin dizi yerə dəymiş, Ramilin qolundakı xəsarət isə tutaşma zamanı sürtünmədən də yarana bilərmiş. Hadisə zamanı ondan və Ramildən başqa ətrafda oğlu Rafiq, bir qədər kənarda digər oğlu Rəsul, Ramilin qohumları Məhsud, Mahir, sürücüsü Kamal və tanımadığı şəxslər olmuş, dava-dalaş zamanı ətrafa başqa şəxslər də yığışmışdır. Həmçinin mübahisə gedişində üzbəüz binadan bir yaşlı qadının qışqırdığını eşitmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişdir ki, hadisə baş verən zamanı ailəsi ilə birlikdə Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsi ev 3, mənzil 172 ünvanında yaşamışdır. Atası Elnurun yanında olan vaxt Ramili bir neçə dəfə şirkətdə görmüşdür. Xeyli müddətdir atası Elnur ilə tanışı Ramil arasında narazıçılıq olmasından məlumatı olmuşdur. Narazıçılıq atasının həmin şirkətin digər səhmdarı Lalə adlı qadın tərəfindən saxta sənədlər əsasında direktorluqdan azad edilməsi, atasının bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməsi, Ramilin atasına aid səhmləri almaq üçün qanunsuz təsir göstərməsi olmuşdur. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 23 mart 2023-cü il tarixdən 24 mart 2023cü il tarixə keçən gecə saat 01 radələrində artıq yatmaq istəmişdir. Birdən atasının telefonuna zəng gəlmiş və atası Elnurun mənzilin qonaq otağında kiminləsə aqressiv şəkildə danışdığını eşitmişdir. O, ayağa qalxıb atasının yanına getmiş və sonuncudan nə baş verdiyini soruşduqda atası Elnur tanışı Ramil tərəfindən “whatsapp” hesabında təhqir olunduğunu demişdir. O, atasının yanında olarkən Ramilin atasına “whatsapp”da hədəqorxu gəldiyini eşitmişdir. Belə ki, Ramil atasına “Gəlirəm sizin evə, düş, səninlə söhbət edəcəyik” demişdir. Yəni mübahisənin təşəbbüskarı Ramil olmuş, sonuncu atasına nalayiq ifadələr işlətməklə “söhbət”ə dəvət etmişdir. Bundan təxminən 25-30 dəqiqə sonra atasına yenidən Ramil zəng etmiş və “Düş aşağı, sizin həyətdəyəm, əgər düşməsən, qalxacam evinizə, səni biabır edəcəyəm” demişdir. Atası da məcbur qalıb aşağı düşmüş və onlara evdə qalmağı tapşırmışdır. Lakin o, narahat olduğu üçün atasından xəbərsiz onun ardı ilə aşağı düşmüşdür. X19 həyətin ortasında söhbət etməyə başlamışdır. O, həmin zaman atasından 5-10 metr aralıda dayanmış, lakin gedən söhbətin məzmununu eşidə bilməmişdir. İlk öncə Ramillə atası tək söhbət etmiş, Ramildən bir neçə metr aralıda tanımadığı şəxsin olduğunu görmüş, sonradan həmin şəxsin Ramilin sürücüsü Kamal olduğunu bilmişdir. Ramilin təkidlə aqressiv formada atasına dediyi sözlər “Lalə barəsində etdiyin şikayəti geri götür, şirkətdə də sənə artıq pay yoxdur, həmin payı adımıza keçirməlisən, yoxsa təpəndən atacam” olmuşdur. Atası isə buna etiraz etmiş, razılaşmamışdır. Bu zaman Ramil atasına yaxalaşaraq əynində olan jiletkasının cibindən tapança silah çıxarmış və tapançanın arxası ilə atasının başına vurmaq istəmişdir. Lakin atası cəld tərpənib geri çəkildiyi üçün silah atasının başına deyil, sinə nahiyəsinə dəymişdir. Bundan sonra atası özünü qorumaq məqsədilə Ramilin əlindən vurub tapançanı yerə salmış və atası ilə Ramil əlbəyaxa olmuşlar. Ramil əlbəyaxa zamanı atasının burun nahiyəsinə də 1 dəfə yumruqla zərbə endirmişdir. Atası isə Ramili yerə yıxıb sinəsi üzərində oturmuş, lakin sonuncuya heç bir zərbə endirməyərək ünvanına nalayiq ifadələr səsləndirmişdir. Mübahisə zamanı tapançanı Ramilin sürücüsü Kamal yaxınlaşaraq yerdən götürmüşdür. O isə kənarda dayanaraq hələ ki, davaya heç bir müdaxilə etməmişdir. Bir neçə saniyə sonra atası Elnur mübahisəni bitirmək üçün Ramilin üzərindən qalxıb geriyə doğru çəkilməyə başlamışdır. Ramil isə yerdən qalxdıqdan sonra yenidən atasının üzərinə hücum etmişdir. Atası ilk öncə arxaya qaçmış, sonra Ramil atasının üzərinə gəldikdə atası fənd edərək Ramilin qolundan tutub yerə yıxmış, yerdə olan vaxt isə Ramilin tapançasını çıxarıb götürmək məqsədilə sonuncunun əynindəki idman şalvarını aşağıya doğru dartmışdır. O düşünmüşdür ki, atası Elnur tapançanın Kamal tərəfindən götürüldüyünü görmədiyi üçün və silahın Ramilin cibində olduğunu yəqin etdiyi üçün belə hərəkət etmişdir. Həmin silah “Makarov” tipli silaha oxşamış, qara rəngli olmuşdur. Qaranlıq olduğundan silahın digər fərdi əlamətləri barəsində dəqiq bir söz deyə bilməmişdir. Bunun ardınca Ramilin arxasından Kamal və 2-3 nəfər də çıxmış, sonuncular Ramili ayağa qaldırmış və bu zaman Ramil “Maqsud, bunları vurun” deyib kimlərəsə göstəriş vermişdir. Artıq atasının təkləndiyini görüb, onu qorumaq üçün müdaxilə etmişdir. Elə onları aralamaq istədikdə bir nəfər arxa tərəfdən sol kürək və çiyin nahiyəsinə hansısa küt alətlə zərbə vurmuşdur. O, arxaya dönüb ona kimin vurduğunu baxmaq istədikdə görmüşdür ki, bir nəfər əlinə “üzük” formasında beşbarmaq tipli dəmir predmeti keçirmişdir. Həmin şəxsi əvvəl tanımasa da, sonradan adının Məhsud olduğunu bilmiş və Ramilin “Maqsud” deyə çağırdığı şəxsin elə həmin şəxs olduğunu görmüşdür. Beləcə, ona arxadan dəmir predmetlə vuran şəxsin Məhsud olduğuna əmin olmuşdur. Eyni zamanda atasının ayağına Məhsud adlı şəxs dəmir parçası ilə vurmuşdur. Məhsudun atasına və ona vurduğu dəmir predmetlər fərqli olmuşdur. Atasının üzərinə həm Ramil və yanındakı şəxslər hücum etdiyi üçün o, atasına köməyə getmiş və həmin şəxsləri kənara doğru itələyib mübahisəni bitirməyə çalışmışdır. Qonşu binada qalan hansısa qadının səs-küy salmasından və ətrafa çox sayda adamlar yığılmasından sonra mübahisə sakitləşmişdir. Bundan sonra Ramilin yanındakı şəxslər Ramili tutaraq avtomobilə əyləşdirmiş, onlar **-OO-*** və **-XH-*** nömrəli avtomobillərə minib uzaqlaşmışlar. O da DİN-in “102” xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. O, heç kimə hadisə zamanı xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ilkin ifadəsini təsdiq etdiyini bildirərək ,ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 şəxsi sürücüsü kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs1 adlı şəxsi əvvəllər görməmiş, tanımamış və heç bir münasibəti olmamışdır. Hadisə günü o, Təqsirləndirilən şəxs1 çağrışı əsasında onun yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs1 özünə məxsus “Chevrolet Silverado” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb ondan Xırdalan şəhərinə aparmağını istəmişdir. O və Ramil birlikdə avtomobilə əyləşib 9-cu mikrorayon adlanan ərazidən “Şamaxinka” dairəsi istiqamətinə çıxıb Xırdalan şəhərinə doğru hərəkət etməyə başlamışlar. Yolda olan zaman Mahir ona zəng edərək Ramili hara aparmağını soruşmuş, o isə qısa şəkildə Xırdalana getdiklərini bildirmişdir. Yolda olduqları zaman kimsə mobil telefonla Ramilə zəng etmiş və harada olduğunu soruşaraq yolu sonuncuya izah etmişdir. O da Ramilin göstərişi əsasında avtomobili deyilən istiqamətdə idarə etmişdir. Xırdalan şəhərində yerləşən “At heykəli” adlanan yerə çatıb bir qədər getdikdən sonra “Səmayə” şadlıq sarayını keçib işıqfordan sağa doğru dönmüş və ən sondakı binanın giriş hissəsindən sağ tərəfdə yolun kənarında avtomobili dayandırmışdır. Deyilən ünvana çatdıqda Ramil maşından düşmüş, həyətə daxil olub sonradan adını bildiyi Elnur adlı şəxslə həyətdə söhbət etməyə başlamışdır. Ramil ona avtomobildə gözləməyi desə də, o, narahat olduğu üçün avtomobildən düşmüş və onlara yaxın yerdə təxminən 15 metr məsafədə arxada dayanmış, lakin söhbətlərini eşitməmişdir. Bir neçə dəqiqə sonra Mahir ona zəng etmiş, o da sonuncuya istiqaməti göstərmiş və Mahir onun yanına gəlmişdir. Təxminən 5 dəqiqə davam edən söhbətin ardından Ramil və Elnurun yaxalaşdığını görmüşdür. Bir neçə saniyə sonra Elnur Ramili itələmiş və sonuncu yerə yıxılmışdır. Ramil qalxdıqdan sonra Elnurun üzərinə getmək istədikdə, Elnur yenidən Ramili yerə yıxıb əynindəki idman şalvarını aşağıya doğru çəkmişdir. Ramilin yanına cəld gəlib Elnurun üzərinə doğru getmiş, onları aralamağa çalışmışdır. Elnurun yanında tanımadığı şəxslər olduğundan həmçinin o, dava-dalaşda iştirak etməmək, dava dalaşın böyüməməsi üçün Mahirlə birlikdə Ramili qucaqlayaraq binanın həyətindən çıxarmış və sonuncunu Mahirin idarə etdiyi “Chevrolet Captiva” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilə doğru aparmışlar. Elə maşına doğru hərəkət edərkən yanlarında Ramilin əmisi oğlu, Mahirin isə qardaşı olan Məhsudu da görmüş, hamılıqla hadisə yerindən uzaqlaşmışlar. O, mübahisənin tərəfi olmamış, mübahisə zamanı heç kimə vuraraq xəsarət yetirməmişdir. Ramilin üzərində hadisə zamanı hər hansı növ silah, Təqsirləndirilən şəxs2 üzərində hər hansı növ dəmir predmet görməmişdir. Məsud ümumiyyətlə hadisədə iştirak etməmişdir. Suallara cavab olaraq bildirmişdir ki, Ramilin çağrışı əsasında onu Xırdalana o, gətirmiş, onlar “konum” əsasında gəlmişlər belə ki, o özü görməsə də, Ramilin yolu izah etməsindən belə başa düşmüşdür. Onlardan sonra hadisə yerinə Mahir gəmiş, Mahirə yolu o, izah etmişdir. Məsudu isə ən sonda Ramili maşına mindirərkən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, ifadəsində göstərmişdir ki, həmin gün evdə olduğu zaman, Ramilin yoldaşı ona zəng edərək Ramilin harasa getdiyini bildirmiş, o, da, onun sürücüsünə zəng edərək hara getdiklərini öyrənmiş, yolda bir neçə dəfə telefonla danışmışlar. Sonda Samayə şadlıq evindən sağa dönüb maşını saxladıqlarını bildirmişdir. Mən ora çatana gədər onlar arasında hadisə artıq olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə yerinə, hadisə baş verdikdən sonra çatmış, həmin vaxt qarşı tərəfi tanımamış, Ramilin isə döyüldüyünü görmüşdür. Məsudu hadisə yerində görməmiş, Elnurun telefonunu qaytaracağını deyil, alıb qaytaracağını bildirmişdir.Ramili ordan götürüb uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, həmin gün qardaşı ilə o öz otaqlarında olarkən, atasının telefonda kiminləsə bərk danışdığını eşitmiş, anası onun Ramillə danışdığını demişdir. Həmin şəxs atası ilə söyüşlə danışmış, onu təhqir etmişdir. Təxminən 25-30 dəqiqədən sonra atasına yenidən zəng gəlmiş Ramil artıq onun yaşadığı binanın həyətində olduğunu bildirib atasından israrla həyətə düşməsini tələb etmiş, əks halda evə qədər qalxıb atasını biabır edəcəyini demişdir. Atası da məcbur qalıb həyətə düşmüşdür. Həyətə düşərkən atası ona və qardaşı Rafiqə qətiyyən aşağı düşməmələrini tapşırsa da, Rafiq narahat qaldığı üçün bir neçə dəqiqə sonra aşağı düşmüş, ona isə anası icazə verməmişdir. O, da mənzilin eyvanında dayanıb hadisələri izləməyə başlamışdır. Atasının Ramillə həyətin düz ortasında görüşməsini, bir neçə metr arxada isə qardaşı Rafiqin dayanmasını müşahidə etmişdir. O, da narahat olduğu üçün bir az sonra anasından icazə alıb aşağı düşmüşdür. O, söhbət gedən zaman qardaşından bir qədər arxada dayanmışdır. Həmin zaman atası ilə Ramil arasında gərgin söhbət getmiş, Ramil atasından nə isə tələb etmişdir. Elə qısa söhbətin ardından qəflətən Ramil əynində olan jiletkasının cibindən tapança çıxarmış və tapança silahın arxa hissəsi ilə atasının başına vurmaq istəmişdir. Lakin atası cəld tərpənib geri çəkildiyi üçün silah atasının başına deyil, sinə nahiyəsinə dəymişdir. Bundan sonra atası Ramilin əlindən vurub tapançanı yerə salmış və sonra sonuncu ilə atası əlbəyaxa olmuşlar. Tapançanı isə kimsə yerdən götürmüşdür. Ramil əlbəyaxa zamanı atasının burun nahiyəsinə də 1 dəfə yumruqla zərbə endirmişdir. Sonra atası Ramili yerə yıxmış, lakin mübahisəni bitirmək üçün Ramilin üzərindən qalxıb geriyə doğru çəkilməyə başlamışdır. Bu zaman Ramilin arxasından bir neçə nəfər çıxmış və Ramil həmin şəxslərlə birgə atasının üzərinə hücum çəkməyə başlamışlar. Ramil atasının üzərinə gəldikdə atası fənd edərək Ramili yerə yıxmışdır. Ramil yerə yıxıldıqdan sonra Ramilin harayladığı adamların hamısı onların üzərilərinə hücum etmişdir. Bu zaman 2 nəfər şəxs qardaşı Rafiqin üzərinə, 2 nəfər şəxs də atası Elnurun üzərinə hücum edib dalaşmağa başlamışlar. Dava-dalaş əsnasında Ramilin tərəfində olan şəxslərdən biri “mantirovka” formalı dəmir predmetlə atasının ayağına zərbə vurmuşdur. Sonra ətrafda qarışıqlıq düşdüyü üçün kimin kimə zor tətbiq etdiyini tam görməmişdir. Sonradan qonşuluqda yaşayan şəxslərin gəldiyini, bundan sonra, onların dərhal maşına minib getdiklərini bildirmişdir. Qardaşı Rafiq də DİN-in “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə zamanı xəsarət almamış və həmçinin özü də kiməsə zor tətbiq etməmişdir. Verilən suallara cavab olaraq atasının 2-3 nəfər tərəfindən döyüldüyünü, o hadisə yerinə qardaşından sonra gəldiyini, Ramilin silahla hücum etdiyini və Məsudun da orada olduğunu, davada iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Ramillə telefonla danışdıqdan sonra Elnur binanın həyətinə düşmüş, daha sonra böyük oğlu Rafiq atasının ardı ilə getmişdir. O və kiçik oğlu Rəsul binanın eyvanından aşağıdakı şəxsləri müşahidə etmişlər, bir qədər sonra isə Rəsul da aşağı düşmüşdür. Hadisə nəticəsində oğlu və əri Elnur xəsarət almışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisəni binanın 14-cü mərtəbəsindən müşahidə etdiyi üçün hadisə iştirakçılarını və ilkin olaraq kimin kimi vurduğunu aydın görə bilməmiş, səs-küy olduğunu, lakin aşağıda 5-6 nəfərin səsləri bir-birinə qarışdığı üçün kimin kimə nə dediyini dəqiq və aydın eşidə bilməmiş, dava düşdüyü üçün polis çağırılmasını bildirmişdir. Hələ Elnur evdə olarkən ona aşağı düşməməyini bildirmiş, Elnur isə məcbur olduğunu, əks halda Ramilin evə qalxaraq problem yaradacağını deməsini bildirmişdir. Hadisə zamanı kimin ilk olaraq kimi vurduğunu görmədiyini, lakin Ramilin ilkin olaraq Elnuru vurduğunu ehtimal etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MTK-da mühafizəçi vəzifəsində işlədiyini, hadisə vaxtı çöldə siqaret çəkdiyi zaman səs küy gəldiyini eşitmiş, sonradan dava-dalaş olduğunu görmüşdür. Hadisə yerindən 20- 25 metr uzaqlıqda olduğunu, tanımadığı bir nəfərin yerə yıxıldığını gördüyünü bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, davada iştirak edən şəxslər hündür maşınla gəlmiş iki nəfər şəxs olnuşdur. Digər qara rəngli maşın isə hadisədən sonra gəlmişdir. Səsküy olduğunu, qeyri etik ifadələrin işlədildiyini, lakin nə deyildiyini və kimin dediyini bilmədiyini bildirmiş, dava nəticəsində bir nəfərin yerə yıxıldığını görmüşdür. Davanın səhəri günü yerə yıxılan şəxs, yəni E. Hüseynov ona yaxınlaşaraq axşam növbədə oluduğunu və hadisəni görüb-görmədiyini soruşmuş, ona şahid kimi ifadə verməsini təklif etmiş, o da razılıq vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 27 mart 2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə cinayət işi başlanılmışdır.
2. Zərərçəkmiş şəxs1 Abşeron Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahatında göstərir ki, “........... Mən 2018-ci ildə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “İlahə 96” İKM-nin 20% səhmini alıb müəssisənin direktoru olmuşam, 80% payçı isə X5r. Təqsirləndirilən şəxs1 məndən Lalə Ağagülova barədə şikayətlərimi geri götürməyimi, 20% payımı ona verməyimi tələb edərək mənə hədə-qorxu gəlir. xx.xx.2023-cü il tarixində saat 02:00 radələrində yaşadığım ünvana gələrək məni və ailə üzvlərimi öldürəcəyi ilə hədələyib 20% payımı onlara verməyimi və şikayətimi geri götürməyimi tələb etdi. Mən razılaşmadıqda o mənim üstümə hücum etdi əlində olan tapança silahı ilə başıma vurmaq istədi.... Qonşuların səs-küyünü eşidib gəldikləri iki avtomaşınla yanımızdan uzaqlaşdılar”
3. Zərərçəkmiş şəxs2 Abşeron Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahatında göstərir ki, “Həmin vaxt atam Ramildən nə səbəbə məhəlləmizə gəldiyini soruşdu. Ramil isə 20% payın ona verilməyini və şikayətini geri götürməyini tələb etdi. Atam razılaşmadıqda o tapança silahı ilə atamın başına vurmaq istədi..... Qonşuların səs-küyünü eşidib gəldikləri iki avtomaşınla yanımızdan uzaqlaşdılar.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 Nəsimi rayon şöbəsinin: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 554 nömrəli rəyindən görünür ki, X8 bədən səthində aşkar edilmiş xəsarətlər – döş qəfəsi və sağ baldır nahiyələrinin qançırı, burun nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir.
5. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 558 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ bazu oynağı nahiyəsinin qançırı küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilməmişdir.
6. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – sol said nahiyəsinin qançırı, sol diz oynağı nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir.
7. “Zərərçəkmiş şəxs1 mobil telefonuna baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00:18-də Təqsirləndirilən şəxs1 məxsus (***-***-**-**) mobil nömrədən Zərərçəkmiş şəxs1 “WhatsApp” hesabına nalayiq səsli mesaj daxil olmuş, həmin gün saat 02:08, 02:51, 02:53, 02:54 və 02:55-də buraxılmış zənglər olmuş, 02:55-də isə Zərərçəkmiş şəxs1 mobil nömrəsinə həmin nömrədən təhqiredici mesaj (Səni but təgitə görə ş*kəciyəm) göndərilmişdir.
8. “Hadisənin görüntülərini özündə əks etdirən yaddaş kartına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən, yaddaş kartında 03 ədəd videogörüntü olmuşdur. “WhatsApp Video 2023-05-16 at 11.06.44” adlı videogörüntüyə baxış keçirilən zaman binanın qarşısında sağ və sol tərəfdə ilk öncə bir nəfərin, daha sonra ardınca daha bir nəfər şəxsin yuxarı doğru hərəkət etməsi, görüntü sola doğru çevrildikdə yuxarıda sağda “2023 thu 02:20:07 yazılarının olması, yenidən görüntü sağa doğru çevrildikdə iki nəfər şəxsin dayanması, daha sonra 4-5 nəfər şəxsin əlbəyaxa olması, bir-birlərinə təpik və yumruqla zərbələr vurması müşahidə edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 video keyfiyyətsiz olduğundan geridə gedən şəxsləri tanımadığını, əlbəyaxa zamanı isə ətrafda özü və oğlu Rafiqdən başqa, Təqsirləndirilən şəxs1, Şahid2, “Maqsud” adlı şəxs və tanımadığı başqa şəxsin olduğunu bildirmişdir. “WhatsApp Video 2023-05-16 at 11.14.40” adlı videogörüntüyə baxış keçirilən zaman bir nəfər əynində gödəkçə, altında qırmızı köynək, normal bədən quruluşunda, sol əli cibində olan şəxsin binanın yanı ilə hərəkət etdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin şəxsin “Maqsud” adlı şəxs olduğunu və sonuncunun hadisə yerinin yaxınlığından keçdiyini bildirmişdir. “VİD-20230518-WA0014” adlı videogörüntüyə baxış keçirilən zaman müşahidə edilmişdir ki, ekranın yuxarı sol tərəfində “xx-xx-2023 thu 02:20:20” yazıları vardır, iki nəfər şəxs sağ tərəfdə park vəziyyətində olan markası və modeli bilinməyən minik avtomobilinin yanında dayanmış, bu vaxt bir nəfər şəxs bina arası yol ilə hərəkət etsə də, sonradan geri qayıtmış, həmin vaxt bir nəfər iri bədən quruluşlu şəxs az öncə geri qayıdan şəxsin üzərinə qaçmış, digər şəxs isə geriyə doğru addımlayaraq yaxasından tutmağa çalışan şəxsi sağ əlindən tutub yerə yıxmış, həmin şəxs yerə yıxılan digər şəxsin şalvarını aşağı doğru dartıb qaçmış, arxadan gələn iki nəfər şəxs yerə yıxılan şəxsi ayağa qaldırmış, yerə yıxılan şəxs hərəkət edərək kameranın əhatə dairəsindən çıxmış, onu ayağa qaldıran şəxs isə orada qalmış, daha sonra bir nəfər gənc oğlan qaçaraq keçmiş, daha sonra iki nəfər şəxs bir nəfəri sakitləşdirərək aparmağa çalışmış, həmin vaxt gənc bir şəxs qaçaraq həmin şəxslərin yanından keçməyə çalışmış, bu vaxt sakitləşdirilməyə çalışılan şəxs gəncin üzərinə hücum etmək istəmiş, lakin digər şəxsin köməyi ilə buna imkan verilməmiş, digər şəxs isə əli ilə gəncə istiqamət vermiş, bu zaman geridən iki nəfər şəxsin də gəlməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 videogörüntüyə baxıb bildirmişdir ki, park vəziyyətində olan avtomobilə söykənmiş iki şəfər şəxs onun övladları Rafiq və Rəsuldur, bina arası yol ilə hərəkət edib geri qayıdan şəxs özüdür, həmin vaxt Ramilin üzərinə hücum edərək onun yaxasından tutmağa çalışmış, özü isə üzərinə hücum edən Ramilin qolundan tutaraq yerə yıxmış, yerə yıxılan zaman Ramilin əynindəki idman şalvarını aşağıya doğru dartan şəxs də özüdür, həmin vaxt üzərinə gələn iki nəfər şəxs Mahir və Kamal adlı şəxslərdir, yerdə uzanıqlı vəziyyətdə olan Ramili ayağa qaldıran şəxs Mahirdir, Ramili qucaqlayaraq sakitləşdirməyə çalışan şəxslər Mahir və “Maqsud” adlı şəxsdir, bu vaxt Ramilin üzərinə hücum etməyə çalışdığı gənc oğlan isə onun övladı Rəsuldur. Həmçinin sonradan təqsirləndirilən şəxs Teymur Məhsudlunun iştirakı ilə görüntülərə baxış keçirilərkən sonuncu binanın yanı ilə hərəkət edib üzərində gödəkçə olan şəxsin özü olduğunu, mübahisə zamanı Təqsirləndirilən şəxs1 yerdən qaldırıb aralaşdıran şəxslərin də özü və qardaşı Şahid1 olduqlarını bildirmişdir. Lakin görüntülər keyfiyyətli olmadığından, baxış zamanı həmin şəxslərin sifət nahiyəsini görmək və tanımaq mümkün olmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində silah, Təqsirləndirilən şəxs2 üzərində isə dəmir predmet olması görünməmişdir.
9. “Üzləşdirmə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 sonuncunun onu xx.xx.2023cü il tarixdə mübahisəyə təhrik edərək nalayiq ifadələr söyləməklə yaşadığı ünvana gəlməsini, həmçinin ona mübahisə zamanı zor tətbiq edərək burun və sinə nahiyəsinə xəsarətlər yetirməsini bildirməklə ifadələrindəki xüsusatları təsdiq etmişdir.
10. “Üzləşdirmə dindirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 sonuncunun hadisə yerində olmaqla sözügedən dava-dalaşda iştirak etməsini və ona zor tətbiq edərək ayaq nahiyəsinə xəsarət yetirməsini bildirməklə ifadələrindəki xüsusatları təsdiq etmişdir.
11. “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında Abşeron rayon prokurorluğunda üzləşdirmə istintaq hərəkəti aparılarkən, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 sonuncunun hadisə yerində olmaqla sözügedən dava-dalaşda iştirak etməsini, mübahisə zamanı onun atası Zərərçəkmiş şəxs1 zor tətbiq edərək ayaq nahiyəsinə xəsarət yetirməsini, habelə arxadan onun qol-çiyin nahiyəsinə zərbə vuraraq xəsarət yetirməsini bir daha bildirməklə ifadələrindəki xüsusatları təsdiq etmişdir.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışlarına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barədə əməliyyat-sorğu kartotekalarında heç bir məlumat yoxdur.
13. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən,Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
14. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
15. “Təqsindirilən şəxs qismində cəlbetmə haqqında haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.
16. “Təqsindirilən şəxs qismində cəlbetmə haqqında haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə müvafiq olaraq cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün onlara isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə ittiham aktında Təqsirləndirilən şəxs1 Nizami oğlu və Təqsirləndirilən şəxs2 əməli bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, xuliqanlıq hərəkətlərini törətməkdə ifadə olunur. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Konstitusiya Məhkəməsi Plenumunun bu qərarında, həmçinin, göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, həmin əməli törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxlərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, onlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq cinayətinin yaranması üçün təqsirli şəxsin niyyəti ya əvvəlcədən formalaşmalı, ya da onun əməli hadisənin gedişi zamanı xuliqanlıq əməlinə çevrilməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi üçün əsas ibtidai istintaq dövründə zərər çəkmiş şəxslərin və şahidlərdən Şahid5, Şahid4 və Şahid3 ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid4, tərəfindən verilmiş ifadələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 arasında uzunmüddətli ədavət olmuş, buna səbəb isə kommersiya fəaliyyəti zamanı səhmlərin Zərərçəkmiş şəxs1 qanunsuz olaraq alınmasına cəhd edilməsi, bununla bağlı təzyiq göstərilməsi, onun işdən çıxarılmasında rolunun olması kimi hallar olmuşdur. İfadələrdən və telefon yazışmalarından da müəyyən edilmişdir ki, hadisə gününə kimi müxtəlif vaxtlarda onlar arasında mübahisələr olmuş, qarşılıqlı olaraq bir-birlərinə qeyri etik məzmunlu sms göndərmişlər. (bu məhkəmə istintaqı zamanı tədqiq edilmiş materiallarda öz əksini tapmışdır) Bununla da müəyyən edilir ki, onlar arasında hadisə günü baş verən mübahisə səbəbsiz yerə deyil, aralarında olan şəxsi ədavət, uzunmüddətli kommersiya mübahisələri ilə bağlı olmuşdur. Məhkəmə zamanı tədqiq edilmiş sübutlara əsasən, o da müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 həmin ünvana gəldikdən sonra bir neçə dəqiqə Zərərçəkmiş şəxs1la söhbət etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 bildirdiyinə görə Təqsirləndirilən şəxs1 “səhmləri ona verməsi və Lalə Ağagülova barədə şikayətini geri götürməkdən imtina etməsi” barədə tələblərini yerinə yetirmədiyi üçün yaranmış mübahisə zamanı onu silahın arxa hissəsi ilə başından vurmağa cəhd etmiş, onun geri çəkilməsi nəticəsində zərbə sinəsinə dəymişdir. Bundan sonra dava-dalaş yaranmış, mübahisədə digər şəxslər də iştirak edərək ona və oğluna xəsarət yetirmişlər. Bina sakinlərinin səy-küy saldığını görüb Təqsirləndirilən şəxs1 və yanındakı şəxslər avtomobillərinə əyləşərək oradan getmişlər. Lakin istintaq tərəfindən toplanmış sübutlarla kənar şəxslərin hadisənin qarşısını almaq üçün hər hansı bir hərəkət etmələri, hadisə yerinə gəlmələri, baş vermiş hadisə zamanı yaranmış səs-küy ilə əlaqədar narahatçılıqlarını ifadə etmələri öz təsdiqini tapmır. Bu isə cəmiyyətə açıqca hörmətsizliyin edildiyini, ictimai qaydanın kobud şəkildə pozulduğu barədə ittihamı istisna edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hormətsizlik edilməsi niyyəti müəyyənləşdirilməmiş, hadisə baş verən zaman və ya bundan sonra ətrafda kənar şəxslərin olması öz təsdiqini tapmamışdır. Məhkəmədə Şahid1 ifadəsində göstərmişdir ki, hadisə o həmin yerə çatanda artıq baş vermiş, o və orda olan şəxslər Ramili götürərək hadisə yerindən uzaqlaşmışlar. Şahid3 ifadəsi ilə həmin hal təsdiqini tapmışdır. O, ifadəsində bildirmişdir ki, hadisəni bir başa aydın şəkildə müşahidə etməmiş, hadisəyə qədər həmin şəxsləri tanımamış, kimin kimi ilkin olaraq vurmasını, hadisənin səbəbini bilməmişdir. Həmçinin hadisə baş verən yerə gələrək müdaxilə etməmişdir. Həmçinin Şahid5 ifadəsindən müəyyən edilir ki, o yaşadıqları mənzilin eyvanından hadisəni müşahidə etdiyi üçün səsləri aydın eşitməmiş, həmçinin kimin ilkin olaraq dava saldığını görməmişdir. Azərbaycan Respublikası CM-nin 14.2-ci maddəsinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la aralarında olan uzunmüdətli ədavət və kommersiya mübahisələri ilə əlaqədar qarşılıqlı təhqir məzmunlu danışıq və yazışmalarla bağlı Zərərçəkmiş şəxs1 yaşadığı binanın həyətinə gəlmiş, onunla aralarında mübahisə olmuş, həmin mübahisə dava-dalaşla nəticələnmişdir. Nəticədə Zərərçəkmiş şəxs1 və oğlu R.Hüseynov dərəcəsi müəyyən edilməyən xəsarətlər almışlar. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan Cinayət Məcəlləsinin digər maddələri ilə əlavə tövsifə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2ci maddəsində nəzərdə tutulan digər şəxslər dedikdə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir (6-cı bənd). Tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, ictimai qaydanın kobud surətdə pozulması müşahidə edilməmiş, belə hərəkətlərə yol verilməmiş, ictimai münasibətlər hədəfə alınmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətə açıqca hörmətsizlik göstərilməsinin nədə ifadə edildiyi qeyd edilməmiş, buna dair sübutlar təqdim edilməmişdir. Belə ki, iş materialları ilə tamamı ilə sübuta yetirilir ki, dava-dalaş şəxsi münasibətlər zəmnində olmuş, hadisə yerində kənar şəxslər olmamış, hadisənin qarşısını almağa cəhd edən hər hansı şəxsin tələblərinə məhəl qoyulmaması müşahidə edilməmişdir. İttihamın əsası kimi istinad edilən ifadələr əməlin xuliqanlıq olmasını özü özlüyündə təkzib edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində xuliqanlıq əlamətlərinin olması sübuta yeririlməmişdir. Bu da, AR CM-nin 3 maddəsinin tələbi baxımından əməldə cinayət tərkibi olmasını istisna edir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəmnində yaranmış, mübahisəni inkişaf etdirmələri, ictimai qaydanı kobud pozmaqla və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevirmələri sübuta yetirilmir, əksinə olaraq ibbidai istintaq orqanı tərəfindən zərərçəkmiş kimi tanınmış şəxslərin ifadələri ilə istisna edilir. İttiham tərəfi təqsirləndirilən şəxslərin əməlini xuliqanlıq əməli kimi təqdim etsə də, sonuncuların öz davranışı ilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsinin, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş elementar davranış, əxlaq, mənəviyyat normalarının “tapdalanması”nın və kobud surətdə pozulmasının, özlərini ətrafdakılara qarşı qoymasının nədən ibarət olmasını və ya da nədə ifadə olunduğu barədə tutarlı sübutlarını, o cümlədən ictimai qaydanın pozulmasının şahidi olmuş digər şəxsləri müəyyən edib məhkəməyə təqdim etməmiş, zərər çəkmiş şəxsin və hadisəni guya bilavasitə görən tək bir kənar şahidin istintaq orqanı tərəfindən rəsmiləşdirilmiş ifadəsi isə elə məhkəmə istintaqında həmin şəxslərin özləri tərəfindən təkzib olunaraq belə məzmunda ifadə vermədikləri müəyyən olunmuşdur. Həmçinin, ilkin mübahisədən sonra təqsirləndirilən şəxslərin hərəkətləri daha da irəli gedərək ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, əhalinin dincliyini ciddi şəkildə pozan, davranış qaydalarına laqeydlik göstərən hərəkətlərə çevrilmir. Onların etdiyi hərəkətlərin məqsədi başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, özünü digərlərinin fövqündə qoyaraq ictimai qaydaya qarşı çıxmağa cəhd etmək və ya gücünü nümayiş etdirmək olmur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyəti, təhsili və cəmiyyətdəki mövqeyi, onlar tərəfindən heç bir səbəb olmadan öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə və qəbul edilmiş yaşayış qaydalarına zidd hərəkətlərə yol vermə ehtimallarını istisna edir. Beləliklə, məhkəmədə təqsirləndirilən şəxslərin hərəkətlərində xuliqanlıq əməlinin tərkibinin yaranması üçün zəruri olan və yuxarıda qeyd olunan əlamətlərin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək; “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3-cü maddə); Məhkəmə baxışı nəticəsində əməldə cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır (42.1.2-cü maddə); Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir (55.1ci maddə); Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (350.2-ci maddə).
Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin əməlləri yoxdur. Əməldə cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət verilməli, hər birinin barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilmələri nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur .Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığı üçün ona həmin maddə üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 izah edilsin.
Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığı üçün ona həmin maddə üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov