Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-249/2023 07.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Oğuz rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, ali təhsillidir, işləmir, əvvəllər məhkum olunmamışdır, evli, Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə etibarından sui- istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Yol-Altı 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair çıxarışın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi dairəsindən alınmağa köməklik edəcəyinə yalandan vəd verib, sonuncudan xx.xx.2022- ci il tarixdə Abşeron rayonu, Masazır bələdiyyəsinin inzibati binasının qarşısında 4000(dörd min) manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində yerləşən mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 250(iki yüz əlli) manat pulu kart hesabından çıxardıb almaqla ümumilikdə vahid niyyətlə 4250 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 2020-ci ildən 2022-ci ilin yanvar ayına kimi Abşeron rayonu, Masazır Bələdiyyəsində “hüquqşünas” vəzifəsində işləmişdir. O, 2022-ci ilin aprel ayında Masazır Bələdiyyəsinin inzibati binasının yaxınlığında olarkən, əvvəlcədən tanıdığı Elşad adlı şəxs ona yaxınlaşaraq, tanışı Zərərçəkmiş şəxs Masazır qəsəbəsində torpaq sahəsinin olduğunu və oranın özəlləşdirilməsinə dair çıxarış almaq istədiyini deyib, bu məsələdə ona köməklik etməyini xahiş eləmişdir. Həmin vaxt onun maddi sıxıntıları olduğu üçün və pula ehtiyacı olduğuna görə ona qeyd olunan məsələyə köməklik göstərəcəyini yalandan vəd verərək, torpaq sahəsinə baxış keçirtdikdən sonra və bu işin müqabilində 4000 manat pul alacağını bildirmişdir. Onunla razılaşaraq, Masazır bələdiyyəsinin yaxınlığında qeyd olunan məbləği onu vermişdir. O, da yaxın vaxtlarda torpağa aid sənədləri düzəldəcəyini bildirmişdir. Bunda sonra Zərərçəkmiş şəxs zəng vurub, lahiyənin hazırlanması üçün əlavə 250 manat pulun da lazım olduğunu bildirmişdir. O, da qeyd olunan məbləği onun kat hesabına göndərmiş, o də həmin pulu Xırdalan şəhərində nağdılaşdırmışdır. Zərərçəkmiş şəxs sənədləri düzəltmədiyini görüb, mütəmadi olaraq ona zəng vurmağa başlamış, o isə ona yalandan vədlər vermişdir. Onun niyyəti əvvəlcədən Zərərçəkmiş şəxs aldatmaq olub, çünki həmin vaxt Masazır Bələdiyyəsinin hüquqşünası olmamışdır. O 2022-ci ilin yanvar ayında qeyd olunan işdən çıxmışdır. Hazırda dəymiş ziyandan qismən ödəmişdir, qalan 650 manat məbləği də hissə-hissə ödəyəcək, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2022- ci il tarixdə tanış olmuş, onunla aralarında heç bir ədavətləri olmayıb. O, özünü Masazır bələdiyyəsinin işçisi kimi təqdim etmişdir. 2013-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Yol-Altı 2 ünvanında yerləşən ərazidə 0,03 ha torpaq sahəsi almış, həmin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasına dair çıxarış almaq qərarına gəlmişdir. Bununla əlaqədar Masazır bələdiyyəsinə müraciət etmişdir. Özünü Masazır bələdiyyəsinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs yaxınlaşaraq, torpaq sahəsinə dair çıxarış almaq istədiyini bildirmişdir. Onun torpağa aid bəzi sənədlərinə baxandan sonra, həmin sənədlərin heç birini işə yaramadığını deyib, sənədləri Dövlət Reyester Xidmətinin Abşeron Ərazi dairəsindən düzəldəcəyini bildirmiş və ondan 4000 manat pul istəmişdir. O, da Nicata etiraz etməyib, onunla razılaşaraq, 4000 manat pul vəsaitini 19 aprel 2022-ci il tarixdə Masazır bələdiyyəsinin inzibati binasının qarşısında, özünə məxsus “İks-Runna” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində vermişdir. Həmin vaxt yanında tanışı Şahid da olmuşdur. Təqsirləndirilən şəxs sənədlərin 3 ay müdətinə hazır olacağını bildirmişdir. Hətta 09 iyul 2022-ci il tarixdə Nicat ona zəng edərək, lahiyyə hazırlanması üçün istifadəsində olan bank kartına 250 manat pul göndərməyini bildirmişdir. Həmin gün yəni 09 iyul 2022-ci il tarixdə Masazır qəsəbəsi, A.Abbasov küçəsində yerləşən mağazada quraşdırılmış “Milli-ön” ödəmə terminalı vasitəsilə 250 manat pulu Nicatın ona verdiyi bank kartına göndərmişdir. Bir müdət sonra təxminən 3 ay keçəndən sonra ondan sənədlərin aqibətini soruşanda, hər dəfə müxtəlif bəhanələr gətirərək, onu aldatmışdır. Nicatın onu aldatdığını başa düşüb “161” qaynar xətt sisteminə məlumat vermişdir. Pulu verən zaman tanışı X3 yanında olmuşdur. Şikayətçidir, 650 manat dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışdır. Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayında onunla əlaqə saxlayıb, özünə məxsus Masazır qəsəbəsi, Yol-Altı 2 ünvanında yerləşən ərazidə 0,03 ha torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasına dair çıxarış almaq qərarına gəldiyini bildirmişdir. Onunla birlikdə Masazır bələdiyyəsinə getməyi xahiş etmişdir. Onlar birlikdə Masazır bələdiyyəsinə getmişlər. Özünü Masazır bələdiyyəsinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs yaxınlaşıb, onlara köməklik etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs bəzi sənədlərə baxandan sonra həmin sənədlərin heç bir işə yaramadığını bildirib, sənədləri düzəltməyə köməklik edəcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs torpaq sahəsinə məxsus bəzi sənədləri alıb, 4000 manat müqabilində işi həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs 19 aprel 2022-ci il tarixdə onun yanında özünə məxsus “İks Runna” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 4000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonradan 09 iyul 2022-ci il tarixdə əlavə 250 manat da pulu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus karta hesabına göndərdiyini eşitmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməyib, Zərərçəkmiş şəxs aldatmışdır. Məhkəməyə zərərçəkmiş şəxs tərəfindən dəftərxana vasitəsilə daxil olmuş ərizədən görünür ki, təqsirləndirilən şəxsin ona dəymiş ziyandan 650 manat borcu qalmışdır, ona görə də nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN- in BƏSİİnin Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur. İş üzrə Abşeron rayon bələdiyyəsinə verilmiş sorğunun xx.xx.2022-ci il tarixli 01/01- 06/991 saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 01/10-k saylı əmrlə Masazır Bələdiyyəsinin hüquq sektoruna müdir vəzifəsinə işə qəbul olunub, xx.xx.2022-ci il tarixli 01-09/03-k saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsnin 1-ci hissəsinə əsasən işdən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ifadəsi, həmçinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən 1 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CMnin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın böyük bir qisminin ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yerinin olmaması, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyandan ödənilməmiş qalan 650 manatın mülki qaydada tələb etmək hüququnun olması izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə dəymiş ziyandan ödənilməmiş qalan 650 manat məbləği mülki qaydada tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-249/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-249/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver