Məhkəmə qərarları › İş №1(012)-250/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-250/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-250/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Səmədabad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi 28 May küçəsində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamış və daşımışdır. Belə ki, o, 26 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd şəffaf rəngli selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heronini qanunsuz əldə edib üzərində saxlayaraq Abşeron rayonu Masazır Ə.Vahid küçəsinə qəsəbəsinə daşımış, 27 yanvar 2022ci il tarixdə saat 03 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazıralnmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 27.01.2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində olan zaman mülki paltarda iki nəfər şəxs ona yaxınlaşıb Abşeron RPİ-nin polis əməkdaşları olduqlarını bildirib polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirdilər. O, da onlara etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Onun üzərində narkotik vasitə olan heroin olmamış, o, ümumiyyətlə narkotik vasitədən istifadə etməmişdir. Ona görədə onu cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsindən görünür ki, o, 27.01.2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində olan zaman mülki paltarda iki nəfər şəxs ona yaxınlaşıb Abşeron RPİ-nin polis əməkdaşları olduqlarını bildirib polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirdilər. O, da onlara etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Onun üzərində narkotik vasitə olan heroin olmamış, o, ümumiyyətlə narkotik vasitədən istifadə etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. O, da tanımadığı şəxsdən öz istifadəsi üçün aldığı göy rəngli gödəkçəsinin sağ yan cibində olan şəffaf selofanın içərisindəki 1 ədəd narkotik vasitə olan heroini təqdim etmişdir. Qeyd olunan narkotik maddəni 26.01.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır. Sonra üzərindən çıxan həmin bir ədəd narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə polis əməkdaşları zərfə və protokola imza etmişdir. Üzərində çıxan narkotik maddədən əlavə heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, hazırda Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 27.01.2022-ci il tarixdə xidmətdə olan zaman xx.xx.1995-ci ildə Goranboy rayonunda anadan olmuş, Goranboy rayonu Səmədabad ərazi dairəsi Səmədabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi 28 may küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda üzərində gəzdirməsi və istifadəsi ilə bağlı məlumat əldə etdikdən sonra raportla rəhbərliyə məruzə etdikdən və razılıq aldıqdan sonra, ondan və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni 27.01.2022-ci il tarixdə saat 03 radələrində Rəşadın gələcəyi Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsinə gəlib, onun gəlməsini gözləmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs həmin yerdə olan zaman, ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrdən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə üzərində gəzdirmə ilə bağlı şübhəli olduğunu bildirib Abşeron rayon Polis İdarəsinə dəvət etmişdir.. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən vəkili X3 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Əvvəlcədən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf sellofanı çıxardıb, içərisində heroin olduğunu həmin narkotik vasitəni, 26.01.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə aparılaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə bənzər kütlə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda üzərində gəzdirməsi və istifadəsi ilə əlaqədar olmuşdur. Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 tədqiq edərkən onun Şahid1 ilə eyni məzmunlu ifadə verdiyini müəyyən etmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsi ilə bağlı ona elan edilmiş ittiham şahid ifadələri, 01 ədəd CD diskdə video görüntü, ekspert rəyləri, maddi sübut və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, şəxsi axtarış və götürmə barədə Abşeron RPİ-də 27.01.2022-ci il tarixdə tərtib edilmiş protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini Abşeron rayonu Masazır qəsəbəsindən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş və şəxsi axtarışı əks etdirən video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd şəffaf rəngli selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heronini qanunsuz əldə edib üzərində saxlayaraq Abşeron rayonu Masazır Ə.Vahid küçəsinə qəsəbəsinə daşımış, 27 yanvar 2022-ci il tarixdə saat 03 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazıralnmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 27.01.2022-ci il tarixli, 6/524 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün N 56” dairəvi möhür əksi , « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» sözləri və s. yazılar imzalar olan 1(bir) bükümdə təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. İş materiallarında olan götürülmə protokolundan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf rəngli selofana bükülmüş təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatına sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq 0,385 qram heroin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində özünü təqsirli bilməməsi onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və müdafiə xarakteri daşıması qənaətini yaradır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 27.01.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 28.01.2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri ilə seçilməli, o, məhkəmə zalından həbs edilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbs edilməsinin əvvəli həbs olunduğu 01.06.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 09.02.2022-ci il tarixli 615 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,435 qram heroindən tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,385 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 66,90 (altmış altı manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ( on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri ilə seçilsin, o, məhkəmə zalından həbs edilsin, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 01.06.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra çəkisi 0,385 qram qalmış heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 66,90 (altmış altı manat doxsan qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs ndan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar