Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-250/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməkli, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Hacılar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər Şəhərciyi” ev 6, mənzil 46-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 08 radələrində anası Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi 24 saylı evə gəlib, həmin evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olmasını deyib qardaşı arvadı X2 ilə mübahisə etmiş, həmin vaxt ona iradını bildirən anası Zərərçəkmiş şəxs onu evdən qovmasını bəhanə edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə anası Zərərçəkmiş şəxs biləklərindən tutub qəsdən itələməklə yerə yıxıb sonuncuya 1-ci bel fəqərəsinin yerdəyişməyən sınığı xəsarəti yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır. Anası Sima rəhmətə getmiş qardaşı Mehdinin həyat yoldaşı Ülkər və övladları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi 24 saylı evdə yaşayırlar. Həmin evin həyətində 5 sot torpaq sahəsi ona məxsusdur. Belə ki, onlar torpağı qardaşı ilə şərik almışlar, ancaq Ülkər həmin torpaq sahəsini ona verməkdən imtina edir. 19 aprel 2023-cü il tarixdə səhər saatlarında ona məxsus torpaq sahəsinə getmiş, həmin vaxt Ülkər evdən çıxıb onun ünvanına təhqir edici sözlər işlədib, dayılarının onun başını kəsəcəyini bildirmiş, o da Ülkərə cavab qaytardıqda aralarında sözlü mübahisə başlamış, bu vaxt anası Sima qapıdan çıxıb və ona irad tutub nə səbəbə Ülkərə elə sözlər dediyini soruşmuş və döşəmə silmək üçün istifadə olunan taxtanı götürüb onu vurmaq istədikdə anasının ayağı sürüşüb yerə yıxılmış və bundan sonra o, oradan çıxıb Mehdiabaddakı evinə qayıtmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı Qarabağ döyüşlərində şəhid olmuşdur. Hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi 24-də rəhmətə getmiş oğlunun həyat yoldaşı Ülkər və onun övladları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ortancıl oğludur. Eyvazla 16-17 ildir ki, münasibət saxlamır. Buna səbəb Eyvazın bir övlad kimi valideynini incitməsidir. Şəhid ailəsi olduğu üçün dövlət tərəfindən ona Mehdibad qəsəbəsində “Gənclər şəhərciyində ev verilmiş, həmin evi Eyvaza vermişdir ki, orada yaşasın, özü isə gəlini Ülkər və nəvələrimlə Masazırda yaşamışdır. 2015-ci ildə böyük oğlu Mehdi rəhmətə gedəndən sonra Eyvaz Mazasırdakı evdən onları çıxarıb torpaq iddia etməyə başlamış, bu hal bir neçə dəfə təkrar olmuşdur. 19 aprel 2023-cü il tarixdə səhər saat 08 radələrində Eyvaz onların yaşadığımı Masazır qəsəbəsindəki evə gəlib guya onların evi satmaq istədiklərini, torpaq sahəsinin ona məxsus olduğunu bildirib, mübahisə etməyə başlamış və az yaşlı nəvələrinin yanında onu və gəlini Ülkərin ünvanına ədəbsiz söyüşlər söyüb onları təhqir etmişdir. Ülkər oğlu Əlini götürüb yataq otağına keçmişdir ki, uşaq bu mübahisəni görməsin. Eyvaz isə dayanmadan söyüşlər söyüb Ülkərin guya əxlaqsız olması barədə ifadələr işlətmiş, Ülkərin qohumları içində onun kimi oğul olmadığını demiş, Ülkər isə cavabında “yaxşı oğul olsa ananı özünlə saxlayardın” kimi ifadə işlətdikdə Eyvaz onun ünvanına pis söyüş söymüş və bu vaxt o, artıq dözə bilməyib, döşəmə silmək üçün istifadə edilən taxtanı əlinə götürüb Eyvaza çıxıb getməsini söyləmiş, elə bu vaxt Eyvaz biləklərimdən tutub onu var gücü ilə itələmiş, o qədər güclə itələmişdir o, təxminən 4-5 metr arxaya yıxılıb yerə dəymiş, zərbənin təsirindən qabırğası sınmışdır. Eyvaz qaçaraq çıxıb getmişdir. O, yıxıldığı yerdən tərpənə bilməmiş, şiddətli ağrı olduğundan Ülkər kiçik oğlu – aprel döyüşləri iştirakçısı, döyüşlərdə qazi olan Vüqara məlumat vermişdir. Vüqar gəlib vəziyyətini görüb təcili yardıma müraciət etmişdir. Təcili yardım gəlmiş o, yerindən qalxa bilmədiyindən qonşuların köməyi ilə onu güclə bir təhər xərək vasitəsi ilə ambulansa yerləşdirmişlər və Abşeron rayon xəstəxanasına aparmışlar. Vüqar cəmiyyətdə biabır olacaqlarını deyib ondan Eyvazın barəsində şikayət etməməsini xahiş etmiş, ilk öncə o, şikayət etməmiş, ancaq 21 aprel 2023-cü il tarixdə səhər saatlarında Eyvaz yenə onların yaşadığı evə gəlib mübahisə etməyə, onları söyməyə başlamış, belə olanda gəlini Ülkər 102 xidmətinə zəng vurub Eyvazın onu döyüb qabırğasını sındırması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi 24-də övladları və qayınanası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qaynıdır. 2015-ci ildə həyat yoldaşı Mehti rəhmətə gedəndən sonra Eyvaz onları evdən çıxarıb torpaq iddia etməyə başlamış, bu hal bir neçə dəfə təkrar olmuşdur. 19 aprel 2023-cü il tarixdə səhər saat 08 radələrində Eyvaz onların yaşadığı Masazır qəsəbəsindəki evə gəlib guya evi satmaq istədiklərini, torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, mübahisə etməyə başlamış və azyaşlı uşaqlarının yanında onun və qayınanasının ünvanına ədəbsiz söyüşlər söyüb onları təhqir etmişdir. Eyvaz onun əxlaqsız olması barədə ifadələr işlətidikdə o da cavabın vermiş, Eyvaz qohumlarının içində onun kimi oğul olmadığını dedikdə “yaxşı oğul olsan ananı özünlə saxlayardın” deyərək cavabını vermişdir. Sonra azyaşlı oğlu Əlini götürüb yataq otağına keçmişdir ki, uşaq bu mübahisəni görməsin. Qaynanası Eyvazla qapının qarşısında danışırmışlar, birdən gurultulu güclü səs eşitmiş, həmin an qızı Zülfiyyənin qışqırığını eşitmiş və darhal otaqdan çıxmış, qaynanasının arxası üstə döşəmənin üstündə uzanıb ağrıdan qışqırdığını görmüşdür. Eyvaz artıq qaçıb getmişdir. Qaynanası ona bildirmişdir ki, Eyvaz onu itələyib yerə yıxıb. Sonra o, qayananasını həkimə aparmaq üçün qaynı Vüqara məlumat vermişdir. Vüqar gəlib anasının vəziyyətini görüb təcili yardıma müraciət etmiş. Təcili yardım gəlib qonşuların köməyi ilə qayananasını güclə bir təhər xərək vasitəsi ilə ambulansa yerləşdirib , Abşeron rayon xəstəxanasına aparmışlar. 21 aprel 2023-cü il tarixdə səhər saatlarında Eyvaz yenə onların yaşadığı evə gəlib mübahisə etməyə, ona söyməyə başlamış, belə olanda o, 102 xidmətinə zəng vurub Eyvazın qayınanasını döyüb qabırğasını sındırması barədə məlumat vermişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid2 ifadəsində göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə səhər saatlarında əmisi Eyvaz onların evinə gəlib anasını həyətə çağırmış sözlə mübahisə etmişdir, sonra nənəsi Sima həyətə çıxmış. əmisi nənəsi danışımış, həmin vaxt anası azyaşlı qardaşı və o, evdə televizora baxırmış bir qədər sonra nənəsi evə girib qapını örtmüş, sonra Eyvaz əmisi qapını təpiklə açıb içəri girmiş və qışqıraraq nənəsi ilə mübahisə etməyə başlamış, anası qardaşını götürüb içəri getmiş, nənəsi Eyvazı sakitləşdirmək üçün döşəmə silən taxtanı götürmüş, Eyvaz nənəsinin əlindən taxtanı alıb kənara atmış və sonra nənəsinin qolundan tutub arxaya itələmiş, nənəsi güclü zərbə ilə arxası üstə yerə düşmüşdür, əmisi bunu görüb qaçıb getmiş, o, tez nənəsinə kömək etmiş, anası və qardaşı səsə qonaq otağından çıxıb gəlmişlər. Sonra təcili yardım maşını ilə nənəsini xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır, Təqsirləndirilən şəxs isə doğma qardaşıdır. 19 aprel 2023-cü il tarixdə səhər saat 09 radələrində gəlinləri Şahid1 ona zəng edib, Eyvazın onların evinə gəlib anası Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini və anasını yerə yıxdığını, anasının xəsarət alıb yerdən qalxmadığını söyləmişdir. O, dərhal anasının yaşadığı Masasır qəsəbəsindəki evə getmiş, anası yerdə uzanıqlı vəziyyətdə qaldığını görmüş, anası bildirmşdir ki, Eyvaz onu itələyib yerə yıxıb və qaçıb getmişdir. O, X4 zəng edib, çağırmış, həkimlər müayinə edib xəstəxanaya getməli olduğun bildirmişlər. TTY maşını ilə anası Abşeron rayon xəstəxanasına aparmışlar. Həkimlər müayinə etdikdən sonra anasının bel fəqərəsinin sındığını bildirmişlər. O, Eyvaza zəng edib nə səbəbə anasına xəsarət yetirdiyini öyrənmək istəsə də Eyvaz telefonlarına cavab verməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Naziliyinin MTE və PA birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 831 №-li tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – 1-ci bel fəqərəsinin yerdəyişməyən sınığı bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə kənar şəxsin bədən hissəsinin təsiri nəticəsində öz boyu hündürlüyündən yıxılma zamanı əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-də Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanmış icraata CPM-in 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində (həbs nəzərdə tutulmadan) axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsi itələmədiyini, sadəcə olaraq Zərərçəkmiş şəxs müvazinətini itirib yıxılmasını bildirsə də ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin üzləşdirilməsi zamanı zərərçəkmiş şəxs onun dediklərini təkzib edərək, təqsirləndirilən şəxsin gözləmədiyi halda Eyvazın onu biləklərindən tutub var gücü ilə itələməsini, təxminən 4-5 metr arxaya yıxılıb yerə dəydiyini, zərbənin təsirindən qabırğasının sınmasını təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 831 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirilməsi, həmin xəsarətlərin kənar şəxsin bədən hissəsinin təsiri nəticəsində öz boyu hündürlüyündən yıxılma zamanı əmələ gələ bilməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, bağışlanmasını xahiş etmiş və törətdiyi əməldən peşmançılıq çəkdiyini bildirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-250/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-250/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver