Məhkəmə qərarları › İş №1(012)-251/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-251/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-251/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx xxxx 1991-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində qeydiyyatsız yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 dekabr 2019-cu il tarixdə, saat 18 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə dörd ədəd bükümdə, hər birinin çəkisi 0,099 qram, 0,095 qram, 0,092 qram və 0,110 qram, ümumi təmiz çəkiçi 0,396 qram tiryəkdən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə olan heroini qanunsuz olaraq 20 manata əldə edib üstündə saxlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gələrək həmin narkotik vasitəni üzərində daşımış, 08 dekabr 2019-cu il tarixdə, saat 06:55 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evin qarşısında DİN-nin X11 Alayının 12-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis idarəsinə gətirilib, üstünə şəxsi axtarış və götürmə keçirilən zaman həmin narkotik vasitə olan 0,396 qram heroin Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli və üzərində ağ kvadrat xəttlər olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək və həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində kirayə yaşamış, lakin həmin ünvanı dəyişmiş və barəsində cinayət işinin olmasına baxmayaraq istintaqa gəlməmişdir. Narkotik vasitə olan heroindən çəkməklə qəbul edir. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında tanımadığı şəxslərdən alırmış. Həmişə olduğu kimi 07.12.2019-cu il tarixdə, saat təxminən 18 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İnşaatçılar” metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən bir bükümünü 5 manata olmaqla dörd bükümdə narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün almış və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən yaşadığı evə gəlmişdir. Həmin narkotik vasitəni də şalvarının cibində saxlamışdır. 08.12.2019-cu il tarixdə, saat təxminən 07 radələrində evdə bir az özünü yaxşı hiss etmədiyi üçün həyətə düşüb yaşadığı evin qarşısında küçədə dayanıb havasını dəyişirmiş. Həmin vaxt üstünə hamam xalatı geymiş və aldığı narkotik vasitə də elə əynində olan xalatın sağ yan cibində olmuşdur. Saat təxminən 07:30 radələrində küçədə dayanıb hava alan zaman iki nəfər polis əməkdaşı onun hamam xalatında küçədə dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu və onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Bu səbəbdən o, polis əməkdaşlarının idarə etdiyi avtomaşına əyləşmiş və Abşeron Rayon Polis İdarəsinə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat verilmişdir. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, hüquq və vəzifələrim izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan tünd yaşıl rəngli və üzərində ağ kvadrat xəttlər olan şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərində dörd ədəd ayrı-ayrı siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri təqdim etmişdir. Həmin bükümlərin hamısının içərisindən narkotik vasitənin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqdan sonra onların içərisinə baxış keçirilmiş, həmin kütlələri haradan və nə vaxt aldığı ondan soruşulmuş, o, həmin kütlələri 07.12.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən bir bükümünü 5 manat aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan bükümlər zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər iki nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır.Tərtib olunmuş protokol onlara oxunulmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Sonda o, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını bildirərək məhkəmədən bunların nəzərə alınmasını və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, DİN-nin X11 Alayının 12-ci patrul bölüyündə polis nəfəri vəzifəsində işləyir. 08 dekabr 2019-cu il tarixdə, saat 06:30 radələrində iş yoldaşı polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış massivinin arxasında, Quşçuluq yaşayış massivinin ərazisində həyət evləri tərəfində bir nəfər şəxsin əynində hamam xalatında gəzdiyini görmüş və həmin şəxsin hərəkətləri ilə özünü şübhəli aparması diqqətlərini cəlb etmişdir. Həmin şəxsin narkotik aludəçisi olmasından şübhələnib ona yaxınlaşaraq özlərini təqdim edib, onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxs də onlarla polis idarəsinə gəlməyə etiraz etməyərək xidməti avtomobillə Abşeron Rayon Pols İdarəsinə gəlmişlər və bu barədə raport yazdıqdan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Cavanşir Manisirov tərəfindən müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu zaman o əynində olan tünd yaşıl rəngli və üzərində ağ kvadratlar olan şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərində 4 ədəd ayrı-ayrı siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri təqdim edərək həmin bükümlərin hamısının içərisindən narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqdan sonra onların içərisinə baxış keçirilmiş və bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddə olmuşdur. Təqsirləndirilən şəxs onları haradan və nə vaxt aldığı soruşulmuş, o, həmin maddələri 07.12.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən bir bükümünü 5 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan bükümlər zərfə qoyulmuş, zərf möhürlənmiş, axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanaraq qablaşdırılmışdır. Tərtib olunmuş protokol onlara oxunulmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Abşeron rayon İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 ifadəsində əməliyyat müvəkkili Babayev İbrahim ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Abşeron Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı tünd yaşıl rəngli və üzərində ağ kvadratlar olan şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərində 4 ədəd ayrı-ayrı siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər halında özünün deməsinə görə narkotik vasitə olan heroinin təhqiqatçı tərəfindən aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.12.2019-cu il tarixli, 30228 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs üzərindən....» sözlər və imzalar olan bir ədəd zərfdəki 04 ədəd bükümlərdə ayrı–ayrı təmiz çəkiləri- 0,099 qram, 0, 095 qram, 0,092 qram, 0,110 qram, ümumi təmiz çəkisi 0,396 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Həmin heroinin ümumi təmiz çəkisi – 0,396 qramdır. Həmçinin arayışda qeyd edilmişdir ki, həmin maddədən 0,12 qram maddə tədqiqata sərf olunmuş, 0,276 qram olan maddə qalıq qalmışdır. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,276 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair 21.12.2020-ci il tarixli, 3502 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntü, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilməsi barədə göstərdikləri məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş özünümüdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.12.2020-ci il tarixli arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti MKTİİTB-nin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 08.02.2021-cu il tarixli, 390 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, qanunvericiliyin tələblərini və cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08.12.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 4(012)-343/2019 saylı, 10.12.2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək həbsdən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir Təqsirləndirilən şəxs istinaqdan gizləndiyinə görə sonuncu barəsində axtarış elan edilərək 23 yanvar 2020-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılmış, Təqsirləndirilən şəxs 20.11.2020-ci il tarixdə tutularaq istintaqa təqdim olunduğundan həmin tarixdə də cinayət işi üzrə icraat təzələnərək Abşeron Rayon Məhkəməsinin 4(012)-575/2020 saylı, 21.11.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 20.11.2020-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 15 (on beş) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(012)-645/2020 saylı, 30.12.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni 04.03.2021-ci il tarixədək uzadılmış və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli 20.11.2020-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,276 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməldir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 65,00 (altmış manat) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat, bununla belə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat, məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli onun həbsə alındığı 20.11.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 65,00 (altmış beş) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün.. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,276 qram olan narkotik vasitə olan heroin, müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat, bununla belə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat, məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar