Məhkəmə qərarları › İş №1(012)-252/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-252/2020

18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-252/2020 18.03.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, himayəsində dörd azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Abşeron rayonu Xırdalan şəhəri 20 yanvar küçəsində yerləşən fərdi evdə yaşayan Şahid1 oğlu Ruzigarın əsgərlikdən gəlməsi səbəbindən keçirilən şadlıq mərasimi ilə əlaqədar həmin küçədə qurulmuş mağarda qonaq qismində iştirak edərək, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs dayıları İldırım və Nizami adlı şəxslərlə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş sözlə mübahisə zamanı, həmin mübahisəyə sakitləşdirmək məqsədi ilə müdaxilə etmiş, lakin sonuncu onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən onun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, daha sonra Zərərçəkmiş şəxs həmin mağardan kənarlaşdıraraq avtomobilinə mindirib 150-200 metr məsafə qət etdikdən sonra insanların olmadığı yerdə avtomobildən düşürərək yenidən sonuncunun sifət nahiyəsinə bir dəfə yumruqla vuraraq ona burun yumuşaq toxumalarının şişkinliyi və qançırı fonundakı cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara şəhərində qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində kirayədə yaşayır. X3 onun qonşusudur. Sonuncu ilə münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə qonşusu Mahirə oğlu Ruzigarın əsgərlikdən gəlməsi məqsədi ilə şənlik keçirmiş, həmin şənliyə onu da dəvət etmişlər. O, təxminən saat 19 radələrində Mahirənin həyətində olan məclisə getmişdir. Həmin gün təxminən saat 22 radələrində Mahirənin bacısı oğlu Mirsoğlunun öz dayısı Nizami ilə mübahisə etdiyini görüb, sonuncuları sakitləşdirmək məqsədi onlara yaxınlaşmışdır. Mirsoğlu da onunla bərabər içkili olduğu üçün sakitləşmədiyindən, o, Mirsoğlu ilə söhbətlərini davam etdirmək üçün sonuncunu öz avtomobilinə mindirmiş və həmin yerdən 150-200 metr aralaşıb avtomobilini saxlamış, Mirsoğlu ilə birlikdə avtomobildən düşüb, sonuncunun sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Lakin hazırda zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Göyçay rayonu, 1-ci Ərəbcəbbiri kəndində qeydiyyatda olmaqla, faktiki ünvan 3 A ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Qonşuluqda yaşayan xalası Mahirənin oğlu Ruzigarın əsgərlikdən gəlməsi münasibəti ilə xx.xx.2019-cu il tarixdə yaşadığı evin küçəsində mağar qurub yığıncaq etmişdir. O da həmin gün təxminən saat 18 radələrində xalasının yaşadığı evin həyətinə getmiş və orada qohumları ilə oturub yeyib içməyə başlamışdır. Həmin vaxt dayıları Nizami ilə İldırıma bildirmişdir ki, təxminən 3 ay əvvəl anasının qəbrini ziyarət etmək üçün Qəbələ rayonuna gedərkən, orada yaşayan sakinlərdən dayılarının, yəni Nizami ilə İldırımın hamının yanında onu qəbristanlığa qoymayacağını eşitmişdir. O, dayılarından bu söhbətin səbəbini soruşduqda, Nizami və İldırım ona yaxşı edib danışdıqlarını bildirmişlər. Elə bu anda dayıları ilə aralarında sözlə mübahisə baş vermişdir. Mübahizə zamanı xalası oğlu Vüqar onu əli ilə tutaraq kənara doğru aparmaq istəyərəkən, xalası Mahirənin qonşuları Rəşad Səmədəov yumruqla onun sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt orada olan qohumları onları ayırmışdır. Bundan sonra Rəşad ona “gedək mənim avtomobilimlə söhbəti davam etdirək” sözlərini demişdir. O, Rəşadla razılaşaraq, sonuncunun “Mersedes C” klass markalı avtomobilə əyləşmiş, Rəşad avtomobilini idarə edərək, mağardan bir qədər kənarda saxlamışdır. O, Rəşaddan nə səbəbdən onu vurduğunu sorşduqda, Rəşad yenidən onun sifət nahiyəsinə vurmuşdur. O, Rəşadı kənara itələmiş, bu zaman xalası oğlu Vüqar onların yenidən mübahisə etdiklərini görüb onlara yaxınlaşmış və onun qolundan tutmuş, Rəşad isə onu vurmuşdur. Bundan sonra o, Rəşadgilin əllərindən çıxaraq, hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxs barəsində olan cinayət işinəxitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yaşayır və xx.xx.2019-cu il tarixdə onun oğlu Ruzigar əsgərlikdən gəldiyi üçün o, yaşadığı evin küçəsində qurban kəsərək, yığıncaq etmiş və həmin yığıncaqda qohumlarının arasında bacısı oğlu Mirsoğlu da iştirak etmişdir. Oğlunun əsl adı Ruzigar olsa da, bəzi qohum və tanışları sonuncunu Ümid deyə çağırırlar. Mirsoğlu həmin yığıncağa saat 19 radələrində gəlmiş, onunla görüşdükdən sonra masaların birində əyləşərək, yeyib içməyə başlamışdır. Təxminən saat 21 radələrində Mirsoğlu qardaşı Nizamiyə sualla müraciət edərək «sən demisənmi, məni Qəbələ rayonunda yerləşən anamın dəfn olduğu qəbristanlığa buraxmayacaqsan?» sözlərini işlətmişdir. Həmin vaxt qardaşı Nizami ona izah etmiş ki, o, səhv fikirləşir və onun işlətdiyi sözləri o deməmişdir. Bundan sonra Mirsoğlu qardaşı Nizamiyə «sən kişi deyilsən» sözlərini işlətdiyi üçün digər bacısı oğlu Şahid2 Mirsoğlunu sakitləşdiri, əlini onun boynuna salıb kənara aparmışdır. Daha sonra Mirsoğlu səs-küy saldığı üçün qonşuluqda yaşayan Rəşad adlı şəxs də Vüqara qoşularaq Mirsoğlunu sakitləşdirmək istəmiş, lakin Mirsoğlu sakitləşməmişdir. Bundan sonra Mirsoğlu onunla sağollaşmış və X1 avtomobilinə əyləşdirmişdir ki, Rəşad onu evinə aparsın. Bundan sonra onun Mirsoğlu ilə Rəşad arasında nə baş verdiyindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yaşayan Şahid1 onun xalasıdır. xx.xx.2019-cu il tarixdə xalası Mahirənin oğlu Ruzigar əsgərlikdən gəldiyi üçün xalası yaşadığı evin küçəsində qohumlarına qurban kəsərək, yığıncaq etmiş və həmin yığıncaqda o da iştirak etmişdir. Həmin gün saat 19 radələrində digər xalası oğlu Mirsoğlu da yığıncağa gəlmiş, xalası Mahirə ilə görüşdükdən sonra masaların birində əyləşərək, yeyib içməyə başlamışdır. Təxminən saat 21 radələrində xalası oğlu Mirsoğlu dayısı Nizamiyə sualla müraciət edərək «sən demisənmi, məni Qəbələ rayonunda yerləşən anamın dəfn olduğu qəbristanlığa buraxmayacaqsan?» sözlərini işlətmişdir. Həmin vaxtı dayısı Nizami Mirsoğluya izah etmişdir ki, səhv fikirləşir və onun işlətdiyi sözləri o, deməmişdir. Bundan sonra Mirsoğlu dayısına «sən kişi deyilsən» sözlərini işlətdiyi üçün o, Mirsoğlunu sakitləşdirib əlini boynuna salıb kənara aparmışdır. Daha sonra Mirsoğlu səs-küy saldığı üçün qonşuluqda yaşayan Rəşad adlı şəxsdə ona qoşularaq, Mirsoğlunu sakitləşdirmək istəmiş, lakin Mirsoğlu sakitləşməmiş və ani vaxtda o, Mirsoğlunun yerə yıxıldığını görmüşdür. O, Mirsoğlunu ayağa qaldırıb Rəşadın avtomobilinə əyləşdirmişdir ki, Rəşad onu evinə aparsın. Bundan sonra o, Mirsoğlu ilə Rəşad arasında nə baş verdiyindən xəbəri olmamışdır. Rəşadın Mirsoğlunun sifət nahiyəsindən vurmasını görməsə də, Mirsoğlunun yerə yıxılma səbəbi, həmin zərbənin təsirindən olmasını düşünmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri 20 yanvar küçəsində yaşayan Şahid1 onun bacısıdır. xx.xx.2019-cu il tarixdə bacısı Mahirənin oğlu Ruzigar əsgərlikdən gəldiyi üçün bacısı yaşadığı evin küçəsində qohumlarına qurban kəsərək, yığıncaq etmiş və həmin yığıncaqda o da iştirak etmişdir. Həmin gün saat 19 radələrində bacısı oğlu Mirsoğlu da yığıncağa gəlmiş, bacısı Mahirə ilə görüşdükdən sonra masaların birində əyləşərək, yeyib içməyə başlamışdır. Təxminən saat 21 radələrində bacısı oğlu Mirsoğlu qardaşı Nizamiyə sualla müraciət edərək «sən demisənmi, məni Qəbələ rayonunda yerləşən anamın dəfn olduğu qəbristanlığa buraxmayacaqsan?» sözlərini işlətmişdir. Həmin vaxt qardaşı Nizami ona izah etmişdir ki, səhv fikirləşir və onun işlətdiyi sözləri qardaşı deməmişdir. Bundan sonra Mirsoğlu qardaşı Nizamiyə «sən kişi deyilsən» sözlərini işlətdiyi üçün digər bacısı oğlu Şahid2 Mirsoğlunu sakitləşdirib əlini onun boynuna salıb kənara aparmışdır. Daha sonra Mirsoğlu səs-küy saldığı üçün qonşuluqda yaşayan Rəşad adlı şəxsdə Vüqara qoşularaq, Mirsoğlunu sakitləşdirmək istəmiş, lakin Mirsoğlu sakitləşməmişdir. X2 mağardan bayıra çıxarmışlar o, isə mağardan bayıra çıxmamış və mağardan kənarda Rəşadla Mirsoğlu arasında nə baş verməsindən xəbəri olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2495 saylı rəyində görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara müvafiq, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – burun yumuşaq toxumalarının şişkinliyi və qançırı fonundakı cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə qeyd olunan nahiyəyə yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci mddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdiril-mə-sindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv olunmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar