Məhkəmə qərarları › İş №1(012)-252/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-252/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-252/2024 03.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində saxlanılanadək Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, S.Bəhlulzadə küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hal hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Rahat Marketin yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə, 0,947 qram çəkidə olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısf’na (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamış, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsinə daşımış və xx.xx.2023-cü tarixdə saat 13:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Nizami küçəsində olarkən Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilib, idarənin inzibati binasında xidməti otaqda üzərinə keçirilən şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 0,947 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, isintaqda verdiyi ifadəsini təsdiq etdiyini və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi, İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün təxminən 02 il olar ki, müxtəlif narkotik vasitə və psixotrop maddələrdən əsasən də psixotrop maddə olan metamfetamindən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni və psixotrop maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. Psixotrop maddə metamfetamini əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Rahat Market” in yaxınlığında tanışını gözləyərkən tanımadığı bir şəxslə söhbət edən zaman həmin şəxsin psixotrop maddə aludəçisi olduğunu görmüşdür. O da həmin tanımadığı şəxsə narkotik vasitə və psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Ona bir büküm psixotrop maddə metamfetamin təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs ona bir büküm psixotrop maddə metamfetamini 20 manat müqabilində təşkil edə biləcəyini bildirmişdir. O da həmin şəxslə razılaşmışdır. Həmin şəxs oradan uzaqlaşaraq getmişdir. Təxminən 10-15 dəqiqə sonra geri qayıtmışdır. Həmin şəxs cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümündə psixotrop maddə metamfetamin çıxardıb ona vermişdir. Sonuncu da həmin bükümün içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bundan sonra tanımadığı şəxsə 20 manat verərək həmin bükümü almış və əynində olan qəhvəyi rəngli dəst formalı şalvarının sağ yan cibininə qoymuşdur ki, onu istifadə etsin. Daha sonra isə həmin şəxslə sağollaşaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, Nizami küçəsindən yaşadığı S.Bəhlulzadə küçəsinə gedirmiş. Həmin zaman onun cibində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığı psixotrop maddə metamfetamin də olmuşdur. Bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişdirlər. Onlar psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq psixotrop maddə olduğunu bildirmiş, sonra ona müdafiəçi dəvət etmişdirlər,müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Daha sonra onun üzərinə baxış keçirtmək üçün Abşeron Rayon Polis İdarəsininin dəftərxanasından qadın əməkdaş dəvət etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə xanım əməkdaş tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan qəhvəyi rəngli üzərində kiçik ağ güllər olan şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükülüyə orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Rahat Market”in yaxınlığında səkidə olarkən tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən özü istifadə etmək üçün 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun psixotrop maddə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Onun üzərinə sadəcə Abşeron RPİ-nin inzibati binasında vəkilin iştirakı ilə baxış keçirilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayoru xüsusi rütbəsindədir. 09 avqust 2023-cü il tarixdə məxfi mənbədən ona ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, S.Bəhlulzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hal hazırda üzərində şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Polis İdarəsinin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsindən ötrü onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis İdarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birgə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Nizami küçəsində təxminən saat 13:30-14:00 radələrində Təqsirləndirilən şəxs onların tərəfindən müəyyən edilmişdir. Ona yaxınlaşaraq özlərini təqdim edərək, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində psixotrop maddə metamfetamin olmasında şübhəli olduğunu bildirib, onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla Polis idarəsinə gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs ilə bağlı təhqiqatçı İlyas Qurbanov tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirtmək üçün Abşeron RPİnin Dəftərxanasının müdiri polis sıravisi Sevinc Rzayeva dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli üzərində ağ güllər olan şalvarının sağ yan cibində 1 ədəd şəffaf rəngli sellofan bükümünü təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Rahat” Markefin yaxınlığında səkidə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə oxşar maddə olmuşdur. Həmin maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Qeyd etmişdir ki, tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində də müvafiq əməliyyat tədbirləri keçirilmiş, lakin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması tərəfindən müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni özü qəbul etmək üçün əldə etmişdir. Habelə Təqsirləndirilən şəxs üzərinə sadəcə Abşeron RPİ-də müdafiəçini iştirakı ilə xanım əməkdaş tərəfindən baxış keçirilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin dəftərxana müdiri polis sıravisi X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2023-cü il tarixdən Abşeron RPİ-nin Dəftərxana müdiri vəzifəsində xidmət göstərir. xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman «X5» adlı şəxsin üzərində psxotrop maddə metamfetamin gəzdirməkdə şübhəli bilinərək Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Abşeron RPİnin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilməsi və qadın olduğu üçün üzərinə baxış keçirilməsi zərurəti yarandığı barədə məlumat daxil oldu. Bu zaman həmiş şəxsin qadın olduğu üçün üzərində şəxsi axtarış aparmaq zərurəti yarandığından onun üzərində baxış keçirtməyə dəvət edilmişdir. Abşeron RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş ilə müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra X5 əynində olan qəhvəyi rəngli üzərində ağ nöqtələr olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə çıxardıb təqdim etmişdir. Daha sonra X4 üzərində şəxsi axtarış keçiriləcəyi ilə bağlı məlumat vermişlər. Bundan sonra Sevinc Rzayeva Təqsirləndirilən şəxs üzərinə baxış keçirtməyə başlamışdır. Şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdr. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm ağ rəngli kiçik kristallardan ibarət olan maddə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırlmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə məhkəmə iclasında baxış keçirən zaman müəyyən edilmişdir ki, əynində olan qəhvəyi rəngli şalvarının şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bülkülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Rahat” Marketin yaxın olmaqla 20 (iyirmi) manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4285 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,947 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi - 0,947 qram, tədqiqata sərf edildi — 0,050 qram, qalıq — 0,897 qram. İstintaq zamanı məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 5621 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.3.1, 182.3, 66.3, 85.5 və 70-ci maddələri ilə təqsirli bilinərək barəsində 09 il 04 ay 26 gün müddətində azadlıqdan məhrumetmə cəzası 02 il şərti sınaq müddəti tətbiq edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı 09 il 04 ay 14 gün Azadlıdan məhrum etmə cəzası sınaq müddəti tətbiq edilməklə məhkəmədən azad olumuşdur. Bundan başqa həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Musatafa qızı barəsində Abşeron rayon polis idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə ittiham aktı tərtib edilərək Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-69/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-603/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, bu məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,897 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. CM-nin 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-69/2024 saylı hökmü ilə məhkum olunduğu 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, 01 il 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən əvvəlki Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-69/2024 saylı hökmü üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli tutulduğu 09 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 0,897 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində üzərində heç bir yazı olmayan bir ədəd DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,897 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-69/2024 saylı hökmü ilə təyin edilən 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla yəni, 1 il 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-69/2024 saylı hökmü üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,897 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar