Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-253/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğlunun və onun müdafəiçisi –Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1961-ci il Qubadlı rayonu, Dondarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Dondarlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Novxanı qəs, Bağlar massivi, R.Behbudov küçəsində ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 01.02.2021-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivində Zərərçəkmiş şəxs ilə qonşusu Təqsirləndirilən şəxs oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı sonuncu əlində olan plastik boru ilə şikayətçinin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurmaqla ona sol gözün görmə itiliyinin zəifləməsi və ols gözün göz yarığının daralması ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumalarının sol üst və alt göz qapaqlarının sol almacıq nahiyəsi də əhatə olunmaqla hematoması, sol almacıq nahiyəsinin əzilmiş yarası, sağ diz oynağı nahiyəsinin qançırından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 15 ildir ki, Novxanı qəsəbəsi, Bağlar massivində başqa bir şəxsə məxsus bağ evində mühafizəçi işləyir və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Şikayətçi Zərərçəkmiş şəxs isə qonşuluqda yerləşən başqa bir bağda bağbanlıq edir, eyni zamanda ailəsi ilə birgə orada yaşayır. Zərərçəkmiş şəxs spirtli içkilərə meyilli olduğundan əvvəllər də onlar arasında mübahisələr olmuş, lakin ciddi xarakter almamışdır. 01.02.2021-ci il tarixdə, saat 15 radələrində o, yaşadığı evdə olan zaman küçədən itin hürmə səsini eşitmiş və evdən çıxaraq həmin iti qovmağa çalışmışdır. Bu zaman Həzi söyüşlü ifadələrlə ondan nə üçün itini qovduğunu soruşmuş, o isə Həzinin sərxoş olduğunu görüb ona əhəmiyyət vermədən evə qayıtmaq istədikdə Həzi yenə də onu təhqir edərək səsləmişdir. Buna görə də o, əsəbləşmiş və əlində olan plastik boru ilə Həzinin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurmuşdur. Zərbələrin təsirindən Həzi yerə yıxılmış və yerdən daş götürüb onu vurmağa cəhd etmiş, lakin buna müvəffəq ola bilməmişdir. O isə öz növbəsində mübahisənin daha da dərinləşməməsi üçün əlində olan plastik borunu zibilliyə atıb evinə qayıtmışdır. O. əlavə olaraq məlum hadisənin 3-4 dəqiqə ərzində davam etdiyini, həmin vaxt orada başqa şəxslərin olmadığını bildirmiş, həmçinin baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs ona müqavimət göstərə bilmədiyini də qeyd etmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs oğlu məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təxminən 25 ildir ki, Novxanı qəsəbəsində başqa bir şəxsə məxsus bağda bağbanlıq edir və ailəsi ilə birlikdə orada yaşayır. Barəsində şikayət etdiyi Rəfəddin isə qonşuluqda yerləşən başqa bir bağda mühafizəçi işləyir. Rəfəddin yüngül həyat tərzi keçirdiyindən əvvəllər də onlar arasında bir neçə dəfə ciddi xarakter almayan mübahisələr olmuşdur. 01.02.2021-ci il tarixdə, saat 15 radələrində o, qoyunları otarmaqdan gətirən zaman yaşadığı evin qarşısında Rəfəddinlə rastlaşmış və sonuncuya sürdüyü həyat tərzi ilə bağlı irad bildirib ən azı onun və digər şəxslərin orada yaşayan ailələrinə hörmət bəsləməsini məsələhət görmüşdür. Həmin vaxt onlar arasında sözlə mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Rəfəddin əlində olan, nə olduğunu xatırlamadığı predmetlə onun sifət, sol qol və sağ diz nahiyələrinə zərbələr vuraraq onu döyməyə başlamışdır. Zərbələrin təsirindən o, müvazinətini itirərək yerə yıxılmış və DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, əlavə olaraq məlum mübahisənin təxminən 5 dəqiqə davam etdiyini, həmin vaxt orada başqa şəxslərin olmadığını bildirmiş, həmçinin baş vermiş mübahisə zamanı qarşı tərəfə müqavimət göstərə bilmədiyini qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğu üçün ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs oğlu ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 04.02.2021ci il tarixli 262 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol gözün görmə itiliyinin zəifləməsi və sol gözün göz yarığının daralması ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumalarının sol üst və alt göz qapaqlarının sol almacıq nahiyəsi də əhatə olunmaqla hematoması, sol almacıq nahiyəsinin əzilmiş yarası, sağ diz oynağı nahiyəsinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 01.02.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizalarının rəyləri və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 16.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs oğlunun barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğluna hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-253/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-253/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver