Məhkəmə qərarları › İş №1(012)-253/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-253/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-253/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi vəkil X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Çəpli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər 08 əvvəllər birgə yaşadıqları Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, Gənclik küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində başqa şəxslə münasibətdə olmasını güman etdiyinə görə aralarında yaranmış mübahisə zamanı boşanmaq ərəfəsində olduğu arvadı Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrindən sillə və saçlarından dartmaqla və daha sonra əlində olan məişət qayçısı ilə qəsdən vuraraq, ona başın ənsə nahiyəsinin, sol göz qapaqlarının və gözaltı nahiyənin şişkinlikli qançırları, burun nahiyəsinin və sol gözün üst qapağının sıyrıqları bərk küt əşyanın təsirindən, sol gözün kontuziyası, konyuktivasına qansızma və görmənin zəifləməsi ilə müşayiət olunan, sol gözün alt qapağının deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Belə ki, onlar rəsmi nigah əsasında 2016-cı il tarixdən ər-arvad münasibətində yaşayırlar və onların bu münasibətdən 2 azyaşlı övladı vardır. Rufanə ilə münasibətləri evliliklərinin ilk 1-ci ilində normal olmuşdur və aralarında heç bir xoşagəlməz hal yaşanmamışdır. Lakin ilk övladları dünyaya gəldikdən sonra Rufanənin ona qarşı münasibətləri dəyişmişdir və Rufanə ailəsinə qarşı laqeyd davranmağa başlamışdır. Belə ki, o, Rufanənin başqa bir kişi ilə telefonda danışaraq xəyanət etdiyini aşkar etmişdir. Həmin zaman Rufanə səhvini etiraf edərək bir daha bu kimi əmələ yol verməyəcəyinə dair ona vədlər verdiyindən və azyaşlı övladları olduğundan o, Rufanədən boşanmaq fikrindən imtina etmişdir. Lakin həmin zamandan sonra o, Rufanənin sözü gedən şəxslə bir neçə dəfə də telefonda danışdığını müəyyən etmişdir. Həmçinin Rufanə həmin şəxsi əvvəllər yaşadıqları Goranboy rayonundakı evlərinə o, Bakı şəhərində olan zaman dəvət etmişdir. 2022-ci ildə onlar Rufanənin valideyni X3ma məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, Gənclik küçəsində yerləşən evə köçmüşlər. Həmin evin ərsəyə gəlməsində onun özü də qaynanası Sara Musayevaya maddi köməklik etmişdir. 3-4 ay bundan öncə onlar Rufanə ilə ayrılmaq qərarına gəlmişdir. Buna səbəb onun Rufanənin sosial şəbəkə hesablarında ayrı-ayrı kişilərlə tanışlıq niyyətilə olan mesajlarını aşkar etməyi olmuşdur. O, rəsmi qaydada boşanmaq üçün məhkəməyə müraciət etməsə də Rufanədən ayrılıb valideynlərinə məxsus evə köçmüşdür. Həmin zamandan Rufanənin yenidən xəyanət edəcəyini ehtimal edib həyat yoldaşını mütəmadi izləməyə başlamışdır. Belə ki, əvvəllər birgə yaşadıqları evin zirzəmisinin qapısı olmadığından zirzəmiyə sərbəst daxil olmaq mümkündür və o da bundan istifadə edib tez-tez gecələr həmin ünvana gedib zirzəmiyə daxil olaraq oradan gizlincə Rufanənin hərəkətlərini izləyir. 2-3 dəfə Rufanənin danışıq tərzindən yad bir kişi ilə tanışlıq məqsədilə telefonla danışdığını müəyyən etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yenidən Rufanənin yaşadığı ünvana getmişdir. Həmin zaman Rufanəyə bu barədə irad bildirdikdə Rufanə başqa bir kişi ilə danışdığını etiraf edərək həmin şəxslə ciddi münasibətinin olduğunu və boşandıqdan sonra həmin şəxslə rəsmi nigaha daxil olacağını ona bildirmişdir. O, həmin zaman Rufanəyə sözlə iradını bildirib etdiyi hərəkətin düzgün olmadığını demiş və aralarında mübahisə yaranmaması üçün ünvanı tərk etmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında o, yenidən Rufanənin yaşadığı ünvana getmiş və zirzəmiyə daxil olaraq Rufanənin telefonla kimləsə danışıb danışmayacağını öyrənməyə çalışmışdır. Həmin tarixdə gecə saatlarında Rufanənin yenidən telefonla kimləsə danışdığı ona məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər 08 radələrində Rufanənin telefonla danışaraq taksi sifariş etdiyini eşitmiş və bundan sonra evin giriş qapının qarşısında gözləmişdir. Rufanə qapını açan zaman isə o, içəri daxil olaraq Rufanədən gecə telefonda danışdığı şəxsin anket məlumatlarını və mobil nömrəsini verməsini tələb etmişdir. Bu zaman Rufanə onunla kobud danışaraq həmin şəxs barədə ona heç bir məlumat verməyəcəyini bildirmişdir. O, əsəbi olduğundan Rufanə ilə mübahisə etmiş və mübahisə zamanı sillə ilə Rufanənin sifət və bədəninin müxtəlif nahiyələrindən vurmuş, eləcə də Rufanənin saçlarından dartmışdır. Mübahisə zamanı Rufanə münasibətdə olduğu şəxsin mobil nömrəsini bildirmədiyi üçün o, üzərində olan bir ədəd məişət qayçısını çıxardıb qayçı ilə Rufanənin saçlarını kəsmək istəmişdir. Bu zaman Rufanə onun barəsində təhqiredici sözlər işlətdiyindən o, əsəbi halda əlində olan qayçı ilə Rufanənin sifətindən vurmuşdur və qayçı Rufanənin sol gözündən dəyərək xəsarət yetirmişdir. Qayçı Rufanənin sol gözünə dəydikdən sonra Rufanənin gözündən qan gördüyünü görüb həyacanlanmış və qayçını ataraq Rufanəyə köməklik etməyə çalışmışdır. Daha sonra Rufanəni taksi ilə Xırdalan şəhərinə aparıb anasının yaşadığı binanın qarşısına qoyaraq həmin ünvanı tərk etmişdir. Bundan sonra bir daha Rufanə ilə əlaqə saxlamamışdır. Rufanə danışdığı şəxsin mobil nömrəsini ona təqdim etmədiyinə görə əsəbləşib həyat yoldaşı ilə mübahisə etmiş, mübahisə zamanı sillə ilə Rufanənin sifət və bədəninin müxtəlif nahiyələrindən vurmuş və saçlarından dartmış, daha sonra öz üzərində olan bir ədəd məişət qayçısını çıxardıb qayçı ilə Rufanənin saçlarını kəsmək istədikdə Rufanənin onun barəsində təhqiredici sözlər işlətdiyindən əsəbi halda əlində olan qayçı ilə Rufanənin sifətindən vurmuş və həmin zaman qayçının Rufanənin sol gözündən dəyərək xəsarət yetirmiş, mübahisənin səbəbin Rufanənin başqa bir kişi ilə telefonla danışaraq onu aldatması olmuş, bu səbəbdən Rufanə ilə aralarında qısqanclıq zəmnində mübahisə baş vermişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Belə ki, onlar rəsmi nigah əsasında 2016-cı il tarixdən ər-arvad münasibətində yaşayırlar və bu münasibətdən 2 azyaşlı övladı vardır. Hal- hazırda rəsmi qaydada boşanmasalar da ayrı yaşayırlar Onlar evliliklərinin ilk illərində Goranboy rayonunda yerləşən Elvinə məxsus evdə yaşasalar da sonradan anası X3ma məxsus Saray qəsəbəsi, Gənclik küçəsində yerləşən evə köçmüşlər. Elvin ona qarşı laqeyd münasibət bəslədiyindən, maddi ehtiyaclarını qarşılamadığından və onunla kobud rəftar etdiyindən o, Elvindən ayrılmaq qərarına gəlmişdir. Bu səbəbdən 3-4 ay bundan öncə Elvin birgə yaşadıqları evdən çıxaraq valideynlərinə məxsus evə getmişdir. Elvin birgə yaşadığıqları müddət ərzində onu xəyanət etməkdə günahlandırmış, barəsində xoşagəlməz sözlər işlətmişdir. Lakin o, hər dəfəsində Elvinə xəyanət etmədiyini bildirsə də Elvin əlində heç bir tutarlı əsas və dəlil olmadan fikrindən yayınmır. Elvin ondan ayrıldıqdan sonra mütəmadi onu izləməyə başlamışdır. Belə ki, əvvəllər birgə yaşadıqları evin zirzəmisinin qapısı olmadığından zirzəmiyə sərbəst daxil olmaq mümkündür və Elvin də bundan istifadə edib teztez gecələr həmin ünvana gedib zirzəmiyə daxil olaraq oradan gizlincə onun hərəkətlərini izləyir. Bir neçə dəfə Elvin zirzəmidə olan zaman guya onun telefonda tanışlıq niyyəti ilə yad bir insanla danışdığını eşitdiyini bildirmişdir və buna görə aralarında sözlə mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixdə səhər 08 radələrində o, Xırdalan şəhərinə getmək üçün taksi sifariş etmişdir. Bundan sonra qapını açaraq çölə çıxmaq istədikdə Elvinin qapının qarşısına olduğunu görmüşdür və Elvin dərhal onu itələyərək içəri daxil olmuşdur. Həmin zaman Elvin gecə zirzəmidə olduğunu və onun yenidən telefonda başqa bir şəxslə danışdığını eşitdiyini bildirmişdir. Bu zaman o, Elvinlə sözlə mübahisə edərək belə bir halın yaşanmadığını bildirdikdə Elvin ona inanmayıb əli ilə onun sifətindən vurmuş və saçlarından dartmışdır. O, yerə yıxıldıqda isə Elvin onun üzərində oturaraq əli ilə sifət və bədən nahiyəsindən zərbə endirmişdir. Elvin daha sonra cibindən çıxartdığı qayçı ilə onun sifət nahiyəsindən vurmuş və qayçı onun sol gözündən dəyərək xəsarət yetirmişdir. Bu zaman onun gözündən qan gəldiyindən Elvin qorxaraq mübahisəyə son qoymuşdur. Bundan sonra onlar birlikdə taksi ilə Xırdalan şəhərinə getmişdir. Mübahisənin səbəbi Təqsirləndirilən şəxs mütəmadi olaraq onu qısqanması və heç bir sübutu olmadan onu xəyanət etməkdə günahlandırması olmuş, Təqsirləndirilən şəxs mübahisə zamanı ilk öncə əli ilə onun sifət və bədəninin müxtəlif nahiyələrindən vurmuş, saçlarından dartmış və daha sonra Elvinin üzərində olan qayçını əlinə alaraq onun sifət nahiyəsindən vurduqda qayçının onun sol gözündən dəyib xəsarət yetirmiş, mübahisə əvvəllər birgə yaşadıqları evin içərisində baş vermiş, həmin zaman evdə onlardan başqa azyaşlı övladları olmuş, lakin övladlarının digər otaqda olması səbəbindən mübahisənin şahidi olmamış, mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2964 nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyəsinin, sol göz qapaqlarının və gözaltı nahiyənin şişkinlikli qançırları, burun nahiyəsinin və sol gözün üst qapağının sıyrıqları bərk küt əşyanın təsirindən, sol gözün kontuziyası, konyuktivasına qansızma və görmənin zəifləməsi ilə müşayiət olunan, sol gözün alt qapağının deşilmiş-kəsilmiş yarası isə deşici-kəsici alətin təsirindən ilkin müayinədən bir neçə saat əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən başın ənsə nahiyəsinin şişkinlikli qançırı qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, başqa şəxs tərəfindən məişət qayçısının küt kənarları ilə, sol gözün alt qapağmdakı deşilmiş-kəsilmiş yara qayçının diliminin deşici-kəsici ucu ilə vurulan zərbələrin təsirindən, göz qapaqlarının və gözaltı nahiyənin qançırı, burun nahiyəsinin sıyrıqları əllə və yumruqla vurulan zərbənin təsirindən əmələ gələ bilərdilər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən başlanmış cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, oğlunun Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş yekun protokolun əhatə etdiyi əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar