Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-254/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil X3 iştirakı ilə xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuş, evli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, K.Kotec qəs, M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olan faktiki Abşeron rayonu Saray qəsəbəsi, R.Əzimov küçəsi ev 29da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin həyətində oğlu Şahid və gəlini Zərərçəkmiş şəxs birgə yaşadıqları həyətin istifadə qaydalarının dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət etdiyi üçün aralarında baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifətinə qəsdən vuraraq, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğlu birgə yaşadıqları ünvan 1 ünvanındakı evin istifadə qaydalarının dəyişdirilməsi üçün məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər məhkəməsinə müraciət edəndən sonra onları məhkəməyə çağırmışlar. Məhkəmə qərara almış ki, evdə baxış keçirilsin. Baxışın aparılması xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Sumqayıt şəhər məhkəməsinin hakimi və katibi təyin olunan vaxta yəni xx xxxxxx 2020-ci il tarixdə həyətə saat 10 radələrində gəlmiş,həyətə baxış keçirən ərəfədə Tünzalə narazılıq etməyə başlamış, buna baxmayaraq hakim də öz işini görüb çıxıb getmişdir. Hakim çıxıb gedəndən sonra oğlu onunla mübahisə etməyə başlamış və mübahisə nəticəsində oğlu həyatında birinci dəfə ona yaxınlaşıb dodağından yumruqla vurmuş, arvadı Tünzalə də əli ilə üzünü dırnaqları ilə cırmaqlamışdır. Həmin vaxtı oğlu onu təhqir etdiyi üçün əsəbləşib oğlunun ağzının üstünə bir dəfə sillə vurmuş, gəlin isə üstünə hücum etmək istədiyi üçün onu özündən kənarlaşdırmaqdan ötrü itələmişdir. Oğlu və gəlninin azğınlaşdığını görüb arvadı evdən çıxıb onu evə dartıb aparmışdır. Tünzalə təpiklə evin qapısını vurub təhqir etməyə davam etmiş, həmçinin yoldaşını pis söyüşlərlə söyüb təhqir etdiyi üçün hirslənib onları qorxutmaq üçün evdən çörək bıçağı götürüb qapını açmış və bayıra çıxmış, pilləkəni düşən kimi arvadı Gültəkin onu saxlamışdır. Tünzalə ilə Gültəkin həmin vaxtı bir-birinin üstünə gəlib saçlarını yolmuşlar. Sonra evlərinə qayıtmışlar. Sonra ona məlum olmuş ki,oğlu və gəlni onlardan şikayət etmişlər.O həmin vaxtı Tünzaləni vurmamış və ona xəsarət yetirməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2013-cü ilin oktyabr ayında Şahid ilə ailə həyatı qurmuşdur. Həmin vaxtı qaynatasının yaşadığı ünvan 2 ünvana köçmüşlər. Bir müddət sonra qaynanası Gültəkin və qaynatası Rasim əri Racimi ona qarşı psixoloji təsir etmək etmək üçün boşanmağı tələb etməyə başlamışdır. Bu söz-söhbət nə ona nədəki ərinə xoş olmadığı üçün Racimlə birlikdə anasının yaşadığı Sumqayıt şəhərindəki yataqxanaya köçmüşlər. Birinci övladları olandan 40 gün sonra qərara gəlmişlər ki,qaynatasının yaşadığı evə köçsünlər ona görə ki, anasının yaşadığı yataqxana çox darısqaldır. Körpə uşağı evdə qoyub Saray qəsəbəsinə getmiş ki,otağı təmizləsin,bu zaman qaynatası və qaynanası onları təhqir edərək evdən rədd olub çıxıb getmələrini tələb etmişdir. Əhəmiyyət verməyib körpənin köçməsi üçün lazımi şərait yaratmağa davam edəndə artıq hər ikisi onlara yaxınlaşıb onu və Racimi döyməyə başlamışlar. Onlar ordan çıxıb getmiş və 3 il ərzində həmin evə qayıtmamışlar. 3 il ərzində ona məlum olmuş ki, Racimin bacıları hər üçü ərə gedib və evdən köçüblər. Həmin illər ərzində nə qaynatası nədəki qaynanası körpə uşaqları ilə maraqlanmamış və bir dəfə də olsun onları görməmişlər. Baldızlarının köçdüyünü nəzərə alaraq fikirləşmişlər ki, artıq evdə yaşamağa yer olacaq ona görə də əri qeydiyyatda olduğu yer üzrə yəni Sumqayıt şəhər məhkəməsinə müraciət edib Saray qəsəbəsində yaşamaq hüququnun əldə edilməsini xahiş etmişdir. Məhkəmə prosesi təxminən 1 il çəkmiş, nəhayət Ali məhkəmənin qərarı ilə Saray qəsəbəsində yaşamaq hüquqları tanınmışdır. Lakin əri Racim atasına demiş ki, gələcəkdə problem olmasın deyə həyətin içində həmin evə bitişik əlavə bir otaq, mətbəx və hamam tikmək istəyir. Bundan sonra Racim 9 ay müddətdə özü tək həmin tikilini tikib başa çatdırmışdır. Tikib qurtardıqdan sonra 2017-ci ilin yay ayında ora köçmüşlər. Həmin ərəfədə ikinci oğlu dünyaya gəlmişdir. Girişi həyətə bir olsa da evin giriş çıxışı ayrıdır. Bir müddət sonra evdə kommunal xidmətləri ilə problem yaşanmağa başlanmış, qəsdən orucluq vaxtı evdə uşaqlara yemək bişirməyə başlayan ərəfədə suyu və işığı kəsirdilər. Racim də məcbur olub belə şeylərin qarşısını almaq üçün komunalı da ayrıca elətdirmişdir. Orda yaşamaqlarına baxmayaraq qaynatası hər dəfə onu çağırıb əri ilə boşanmağı tələb edirmiş. Bir müddət sonra dövlət tərəfindən Rasimə verilən 20 ədəd keçinin saxlanması üçün o qəsdən pencərənin altında onlar üçün tövlə tikmiş,əri atasına nə qədər yalvarsa da o heç kimi eşitməmişdir.Məhkəməyə müraciət edib istifadə qaydalarını dəyişdirib aralarında hasarın tikilməsi və tövlənin sökülməsi üçün 2019-cu ilin sentyabr ayında Racim Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir.3 dəfə Sumqayıt şəhər məhkəməsində prosess keçirilmiş və nəhayət sonuncu prosesdə hakim xx xxxxxx 2020-ci il tarixdə yerli baxış keçirilməsi üçün qərar qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində həyətə gələn məhkəmə təxminən 10 dəqiqə ərzində baxış keçirib çıxıb gedən kimi Rasim həyətdə Racimin üstünə gəlib söz-söhbət yaratmağa başlamış, həmin vaxtı həyətdə durmuş və ona deyirdi ki,gəlsin evə. Lakin Rasim dayanmaq əvəzinə Racimin üstünə gəlib yumruqla dodağına bir dəfə vurub ağzını qanatmış, o Racimi kənara çəkmək istəyən zaman qaynanası müdaxilə etməyə başlamış və dırnağı ilə üzünün sol hissəsini cırmışdır. Rasim isə yumruqla sağ gözünə vurmuşdur. Gözü qaralmış bu zaman Rasim evə keçib pəncərə tərəfdən balaca qabda içi dolu qumla olan kapron gül dibçəyini ona tərəf atmış, lakin həmin dibçək ona xəsarət yetirməmişdir. Qəflətən evə keçib qayıdaraq əlindəki bıçaqla Racimin və onun üstünə cuman kimi Racim onu əli ilə tutub kənara dardıb telefonunu işə salmış və telefonu görən Rasim sakitləşib evinə keçmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, 2013-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Toydan sonra Tünzalə yaşadığı ünvan 3 ünvana köçmüşdür. Toydan sonra atası görmüş ki, o qazandığını öz ailəsinə xərcləyir ona görə də münasibətləri pozulmuşdur. Hər dəfə işdən gələn kimi onu çağırıb anasıyla birlikdə arvadına qarşı çıxmaq üçün hər cür sözlər deməyə başlamışlar. Hətta boşanmağı da tələb etməyə başlamışlar. Bu söz-söhbət nə ona nədəki arvadına xoş olmadığı üçün məcbur olub Tünzalənin anasının Sumqayıt şəhərində yaşadığı yataqxanaya köçmüşlər. Birinci övladı olandan 40 gün sonra qərara gəlmişlər ki, Saray qəsəbəsinə köçsünlər. Körpə uşağı evdə qoyub Saray qəsəbəsinə gəlmiş ki,otağı təmizləsinlər bu zaman atası ilə anası onları nəlaiq ifadələrlə söyüb təhqir etməyə başlamış,həmçinin evdən rədd olub çıxıb getməyini tələb etmişlər.Əhəmiyyət verməyib körpənin köçməsi üçün lazımi şərait yaratmağa davam etsə də artıq hər ikisi yaxınlaşıb onu və Tünzaləni döyməyə başlamışlar. Döyüldükdən sonra polisə müraciət etməsədə orda yaşamaqdan vaz keçmiş və Sumqayıta qayıtmışlar. 3 il ərzində həmin evə qayıtmamışlar. Həmin 3 il ərzində onun 3 bacısı ərə getmiş və evdən köçmüşlər. Sumqayıtda yaşayan ərəfədə nə atası nədəki anası nəvəsi ilə bir dəfə də olsun maraqlanmamışdır. Bacılarının köçdüyünü biləndən sonra fikirləşmiş ki, ev artıq boşalıb və qayıda bilər ona görə də qeydiyyatda olduğu yer üzrə yəni Sumqayıt şəhər məhkəməsinə müraciət etsin və məhkəmədən Saray qəsəbəsində yaşamaq hüququnun əldə edlməsini xahiş etmişdir. Məhkəmə prosesi təxminən 1 il çəkmiş və nəhayət Ali məhkəmənin qərarı ilə Saray qəsəbəsində yaşamaq hüququ təsdiqlənmişdir. Bu qərardan sonra Saray qəsəbəsinə getmiş və atası ilə razılaşmış ki,yaşamaq üçün evə bitişik tikili tikəcək.Atası qərarla razılaşmaya məcbur olmuş və o Sumqayıtda yaşaya yaşaya 9 ay müddətinə həmin evə bitişik tikili tikmişdir. Tikib qurtarandan sonra 2017-ci ilin yay ayında ora köçmüşdür. Həmin ərəfədə ikinci oğlu dünyaya gəlmişdir. Bir həyətdə yaşasalar da valideyinləri onları mehriban şəraitdə yaşamağa imkan verməmişlər.Artıq o həddə çatmış ki,birlikdə istifadə etdikləri su və qazı kəsməyə başlamışlar. 2018-ci ildə dövlət tərəfindən atasına 20 ədəd keçi verilmişdir. Həmin keçiləri saxlamaq üçün toyuq hini olsa da atası qəsdən onun yaşadığı tikilinin pencərəsinin altında heyavanlar üçün hin tikdirmişdir.Buna görə qərara gəlmiş ki, istifadə qaydalarını dəyişdirilməsi üçün məhkəməyə müraciət etsin. Sumqayıt şəhər məhkəməsində proses başlanmış və üçüncü prosesdə hakim xx xxxxxx 2020-ci il tarixdə yerli baxış keçirilməsi üçün qərar qəbul etmişdir.xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində hakim öz köməkçisi ilə yaşadıqları həyətə gəlib 10-15 dəqiqəyə baxış keçirmiş və çıxıb gedən kimi atası həyətdə onunla məhkəməyə müraciət etdiyinə görə mübahisə etməyə başlamışdır.Həm onun həm də Tünzalənin ünvanına nəlaiq ifadələr işlətməyə başlamışdır.Atasını sakitləşdirmək cəhdləri heç bir nəticə verməmiş, atası əsəbləşib ona əl qol atmağa başlamış, bir dəfə yumruqla onu vurmuşdur. Arvadı Tünzalə onu kənara çəkmək istəyən zaman anası müdaxilə edib onu cırmaqlamış elə bu zaman da atası yumruqla Tünzalənin gözünə bir dəfə yumruq vurmuşdur. Artıq başa düşmüş ki,atası azqınlaşıb və kənara çəkiləndə atası evə keçib pencərə tərəfdən balaca qabda içi dolu qumla olan kapron gül dibçəyini Tünzaləyə tərəf atmışdırdı. Lakin həmin dibçək ona dəyməmişdir. Qəflətən evə keçib qayıdaraq əlindəki bıçaqla onun üstünə cuman kimi telefonu işə salıb kameraya çəkməyə başlamış,atası onun kameraya çəkdiyini görüb sakitləşmişdir. Evə keçən kimi DİNin 102 xidmətinə zəng vurmuşdur. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, 2013-cü il tarixdə oğlu Racim Tünzalə adlı qadınla evlənmiş və onun yaşadığı evə köçmüşlər. Köçəndən bir müddət sonra Tünzalə evdə olan işlərini görməmiş,bir qadın kimi çox kobudluq edirmiş və iradlarını qəbul etmirmiş. Oğluna demiş ki, Tünzaləni yığışdırsın, evdə 3 qızı var,bir müddət sonra hiss etmiş ki, Tünzalə Racimə nə deyibsə o bacıları ilə kobud davranmağa başlamışdır.Başa düşmüş ki,onun təsiri altına düşüb. Evdə buna görə Tünzalə ilə aralarında söz-söhbət olurmuş.Lakin əri Rasim heç vaxt müdaxilə etməmişdir. Bir gün boş şey üstündə Tünzalə onun saçından tutub yolmağa başlamış və o ərinə demiş,qərara gəlmişlər ki, evdə artıq problemlər yaranır.Bir gün Tünzalənin dayıları onların evinə gəlmiş və mahiyyəti öyrəndikdən sonra Tünzaləni götürüb aparmışlar. Oğlu isə onları müdafiə etmək əvəzinə Tünzaləni müdafiə etmiş və çıxıb onunla birlikdə Sumqayıtda yaşamağa başlamışlar.Təxminən 3 il oğlu ilə Tünzalə Sumqayıtda yaşamışlar. 2014-cü il tarixdə eşitmişlər ki, onların uşağı dünyaya gəlmişdir. Lakin bir dəfə də olsun oğlu uşağı evlərinə gətirməmişdir. Həmin ərəfədə iki qızına toy eləmiş lakin oğlu həmin toylarda iştirak etməmişdir. Bir müddət sonra onlara məlum olmuş ki, oğlu Racim onların yaşadıqları evdə yaşamaq hüququ əldə etməkdən ötrü məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi təxminən 1 il çəkmiş və məhkəmənin qərarı ilə oğlu Racimə yaşadıqları evdə yaşamaq hüququ verilmişdir. Məhkəmə qərarından sonra oğlu Racim evə gəlmiş və mehriban şəkildə söhbətləşib əri ilə qərara gəlmişlər ki,evə bitişik başqa bir tikili tikilsin. Razılaşandan sonra 9 ay müddətdə Racimin evi tikilmişdir. 9 aydan sonra yəni 2017-ci ilin yay ayında Racim arvadı və iki uşağı evə köçmüşlər.Bu ərəfələrdə artıq üçüncü qızını da ərə vermişdir. Həmin ərəfələrdə əri sosial məşqulluğa müraciət etmiş ki,pensiya alır,dövlət yardım etsin. Məşqulluq onlara 22 ədəd keçi vermişdir. Həmin keçiləri saxlamaq üçün həyətdə əvvəlcədən tikilmiş hində əri biraz dəyişiklik etmiş ki,onların qalmağa şəraiti olsun. Oğlu və arvadı bunu görən kimi narazılıq etməyə başlamışlar. Buna görə oğlu ilə arvadı Ekologiya nazirliyinə və digər strukturlara şikayət etməyə başlamışlar. Sonra onlara məlum olmuş ki,oğlu evin istifadə qaydalarının dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinə müraciət edəndən sonra onlar məhkəməyə çağırılmışlar.Məhkəmə qərara almış ki, evə baxış keçirilsin.Baxışın aparılması xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Sumqayıt şəhər məhkəməsinin hakimi və katibi təyin olunan vaxta yəni xx xxxxxx 2020-ci il tarixdə həyətə saat 10 radələrində gəlmişlər. Hakim çıxıb gedəndən sonra oğlu əri Rasimlə mübahisə və bir-birini təhqir etməyə başlamışlar. Tünzalə də həm ərini həmdə onun ünvanına nəlaiq ifadələr işlətməyə başlamışdır.Ərinin üstünə cumub sinəsindən tuturmuş ki, əri onu vursun.Lakin əri onu vurmamış və itələyirmiş, əri oğluna irad tutub sillə ilə onu vurmuşdur. Sonra oğlu ərini bir dəfə yumruqla ağzından vurmuşdur. Rasim bunu görüb çox əsəbləşmiş və evə getmiş, lakin gəlni ilə oğlu qapını təpikləməyə və nəlaiq ifadələr işlətməyə başlamışlar. Əri də əsəbləşib mətbəxdən bıçaq götürmüş və evdən çıxan zaman o pilləkənin yanında onu saxlamış və bıçağı onun əlindən alan vaxtı Tünzalə ilə bir-birinin saçından tutub yolmuşlar.Lakin o Tünzalənin üzünü cırmaqlamamışdır. Sonra o və Rasim evə qayıtmışlar.Həmin vaxtı həyətdə yalnız özü, əri, oğlu Racim və Tünzalə olmuşlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 2502 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində olunmuş xəsarətlər-sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi; sol gözün alt qapağının və çənə nahiyəsinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 07 Ə saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi,sol gözün alt qapağının və çənə nahiyəsinin sıyrıqları bərk-küt əşya təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şaritdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi,dərəcələrinə görə –sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların qançırşişkinlik halında əzilməsi,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol gözün alt qapağının və çənə nahiyəsinin sıyrıqları –sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron rayon İHB-nın Saray qəsəbə inzibati ərazi üzrə nümayəndəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Saray qəsəbəsi, R.Əzimov küçəsində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində olan DSMF Publik hüquqi şəxs 1 saylı regional ərazi filialında xx.xx.2010-cu il tarixdən müddətsiz İİ dərəcəli əlilliyə görə əmək pensiyası alan kimi qeydiyyatdadır və pensiyanın məbləği 259,78 (iki yüz əlli doqquz manat yetmiş səkkiz qəpik) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması özü etiraf eməsə də bu barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi Novruz oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 120 (yüz iyirmi) manat məbləğdə pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti Xırdalan şəhər vəkil bürosunun hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi Novruz oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 120 (yüz iyirmi) manat məbləğdə pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-254/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-254/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver