Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-254/2025 24.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Saatlı rayonu, Mollavaizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Saatlı rayonu, Mollavaizli ərazi dairəsi, Mollavaizli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, sonra isə evin yan tərəf pəncərəsinin dəmir barmaqlığını sındıraraq plastik materialdan olan pəncərəni sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağından bir ədəd 800 manat dəyərində olan “Asus” markalı kompüteri və həmin kompüterin bir ədəd 40,0 manat dəyərindəki “Edifier” markalı səsgücləndiricisini, bir ədəd 300 manat dəyərində olan “JVC” markalı televizoru, qonaq otağından bir ədəd 120,0 manat dəyərində olan “Sonashi” markalı, “VCD-1886” model, musiqi mərkəzini 2 ədəd səsgücləndiricisi ilə birlikdə, həmçinin evin zirzəmisinin qapısının kilidini dəmir parçası ilə sındıraraq saxlanc yerinə qanunsuz daxil olub oradan hər bir metri 2,5 manat olan, ümumilikdə 200 manat dəyərində 80 metr uzunluğundakı mis materiallı 10 mm-lik elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1460 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Mollavaizli ərazi dairəsi, Mollavaizli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkumluğu olmuşdur. 2022-ci ilin sentyabr ayından 2023-cü ilin noyabr ayına kimi Abşeron rayonu, Masazır qəsəbəsi, “Cantəpə” yaşayış massivində yerləşən evlərdən birində qardaşı ilə birlikdə kirayədə yaşamışdır. Həmçinin kirayədə yaşamağa başladığı vaxtdan Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Avanqard” adlı avtoservisdə rəngsaz işləsə də 2023-cü ilin iyul ayında bəzi səbəblərdən işdən çıxmışdır. İşdən çıxdıqdan sonra bir müddət işsiz qaldığına görə və maddi vəziyyəti yaxşı olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində kirayədə yaşadığı evin qonşuluğunda yerləşən evlərdən birinin işığının yanmadığını, evdə heç kimin olmadığını və həmin evdən oğurluq etməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Bundan sonra o, yaxın ətrafda heç kimin olmadığına tam əmin olub hasardan həmin həyətə daxil olmuşdur. Sonra evin yan tərəf pəncərəsinin dəmir barmaqlığını həmin həyətdən tapdığı dəmir parçasından istifadə etməklə divardan qoparmış və plastik materialdan olan pəncərəni sıxıb açaraq evə daxil olmuşdur. O, evin bütün otaqlarına nəzər yetirdikdən sonra yataq otağından bir ədəd “Asus” markalı kompüteri və həmin kompüterin bir ədəd səsgücləndiricisini, bir ədəd “JVC” markalı televizoru, bir ədəd üzərində “Sonashi” və “Digital” sözləri yazılmış maqnitofonu və həmin maqnitofonun 2 ədəd səsgücləndiricisini oğurlayıb evin həyətinə çıxartmışdır. Bundan sonra evin zirzəmisinin kilidini də dəmir parçası ilə qıraraq zirzəmiyə daxil olmuş, həmin zirzəmidən də təxminən 80 metr uzunluğundakı mis materiallı elektrik naqilini oğurlayıb oradan çıxmışdır. Bundan sonra o, oğurladığı həmin əşyaları kirayədə yaşadığı evin həyətinə aparıb orada evin arxa tərəfində görünməyən bir yerdə gizlətmişdir. Onu da əlavə edir ki, oğurluq yolla əldə etdiyi həmin əşyaları onunla birlikdə kirayədə yaşayan qardaşının görməməsi və oğurluq etdiyini bilməməsi üçün kirayədə yaşadığı evin həyətində, evin arxa tərəfində gizlədərək evin içərisinə aparmamışdır. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, oğurluq yolla əldə etdiyi həmin əşyalardan bəzilərini, yəni maqnitofonu və onun 2 ədəd səsgücləndiricisini, həmçinin bir ədəd kompüter səsgücləndiricisini satmaq üçün əvvəl işlədiyi, yəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Avanqard” adlı avtoservisə aparmışdır. Lakin oğurluq yolla əldə etdiyi həmin maqnitofonu, eləcə də 3 ədəd səsgücləndiriciləri orada kiməsə sata bilməmişdir. Bundan sonra o, həmin maqnitofonu və 3 ədəd səsgücləndiricini həmin avtoservisdə Bahadur adlı tanışının yanında saxlamışdır ki, sonra gəlib götürər. Bundan sonra o, kirayədə yaşadığı evə qayıdaraq həyətdə gizlətdiyi bir ədəd “JVC” markalı televizoru və bir ədəd “Asus” markalı kompüteri götürüb Bakı şəhərinə, 3-cü mikrorayon bazarı adlanan yerə aparıb orada tanımadığı bir nəfər şəxsə ümumilikdə 200 manata satmışdır. Bundan bir neçə gün sonra da kirayədə yaşadığı evin həyətində gizlətdiyi həmin elektrik naqilini götürüb üz qabığını soyaraq mis materialını Masazır qəsəbəsində avtomobili ilə səyyar qaydada metal qəbulu ilə məşğul olan tanımadığı bir nəfər şəxsə 25 manata satmışdır. Oğurluq yolla əldə etdiyi əşyaları satmaqla əldə etdiyi pulları da öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkimiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Fin qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Ç.Mustafayev küçəsində fərdi yaşayış evi var. Lakin o, Füzuli rayonu, Fin qəsəbəsində heyvandarlıqla məşğul olduğuna görə Masazır qəsəbəsində yerləşən həmin evində mütəmadi olaraq yaşamır. Buna baxmayaraq tez-tez həmin evinə gəlib nəzarət edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Masazır qəsəbəsində yerləşən həmin evindən çıxıb Füzuli rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Masazır qəsəbəsində yerləşən həmin evinə qayıdan zaman evin yan tərəf pəncərəsinin dəmir barmaqlığının divardan qoparıldığını, plastik materialdan olan pəncərənin də açıldığını görmüşdür. Bundan sonra o, evinə daxil olub bütün otaqlara nəzər yetirdikdə naməlum şəxs və ya şəxslərin evinə pəncərənin dəmir barmaqlığını sındırıb plastik materialdan olan pəncərəni sıxıb açmaqla daxil olduqlarını və yataq otağından bir ədəd 800 manat dəyərində olan “Asus” markalı kompüteri, bir ədəd 300 manat dəyərində olan “JVC” markalı televizoru, 1 ədəd 200 manat dəyərində olan “Digital” markalı maqnitofonu və 2 ədəd səsgücləndiricisini, həmçinin evin zirzəmisinin qapısının kilidini qıraraq oradan hər bir metri 2,5 manat olan təxminən 80 metr uzunluğundakı mis materiallı 10 mm-lik elektrik naqilini oğurladıqlarını, bununla da ona ümumilikdə 1500 manat məbləğində ziyan vurduqlarını görmüşdür. Ona görə də o, həmin gün DİN-in “102” xidmətinə zəng edərək, həmçinin Abşeron RPİ-yə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Bildirir ki, o, hadisədən bir neçə gün sonra həmin oğurluq hadisəsi zamanı evindən yuxarıda qeyd etdiyi əşyalarından başqa oğurlanmış “Asus” markalı kompüterin bir ədəd 30 manat dəyərində olan səsgücləndiricisinin də oğurlandığı ona məlum olmuşdur. Baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhələndiyi hər hansı bir şəxs və ya şəxslər yoxdur. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən, işlədiyi “Avanqard” adlı avtoservisdə onun da rəngsaz işləməsi səbəbindən tanımışdır. 2023-cü ilin təxminən yay aylarında isə Sübhan bəzi səbəblərdən həmin avtoservisdən işdən çıxmışdır. 2023-cü ilin təxminən oktyabr ayının sonlarında o, həmin avtoservisdə işdə olduğu zaman günorta saatlarında Sübhan işlədiyi həmin “Avanqard” adlı avtoservisə gəlmiş və həmin vaxt bir ədəd üzərində “Sonashi” və “Digital” sözləri yazılmış maqnitofonu VƏ 3 ədəd səsgücləndiriciləri göstərib satmaq istədiyini bildirmişdir. Lakin Sübhan həmin maqnitofonu və 3 ədəd səsgücləndiriciləri orada bir neçə nəfərə göstərsə də sata bilməmişdir. Bundan sonra isə Sübhan ondan xahiş etmişdir ki, həmin maqnitofon və səsgücləndiricilər işlədiyi sexdə qalsın və bir neçə gündən sonra gəlib götürəcək. Lakin xeyli müddət keçsə də Sübhan həmin maqnitofonu və səsgücləndiriciləri gəlib götürməmişdir. Hazırda isə ona məlum olmuşdur ki, həmin maqnitofon və 3 ədəd səsgücləndiriciləri Sübhan oğurluq yolla əldə etmişdir. Ona görə də həmin maqnitofonu və səsgücləndiriciləri istintaqa təqdim edə bilər. Bildirir ki, həmin vaxt Sübhan həmin maqnitofonun və 3 ədəd səsgücləndiricilərin ona məxsus olduğunu, sadəcə pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirdiyi üçün onun həmin əşyaları oğurluq yolla əldə etməsindən məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/2799/2024 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd “Sonashi” markalı, “VCD-1886” model, boz rəngli musiqi mərkəzi (2 ədəd səsgücləndiricisi ilə birlikdə) -120,0 manat 01 ədəd “Edifier” markalı qara rəngli səs gücləndirici - 40,0 manat. Şübhəli şəxsi tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ tərəfindən xx.xx.2025-ci il tarixində daxil olan məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində saxlanılaraq Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Sonashi” markalı, “VCD-1886” model, boz rəngli musiqi mərkəzi (2 ədəd səsgücləndiricisi ilə birlikdə) və 01 ədəd “Edifier” markalı qara rəngli səs gücləndirici saxlanması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsdirləndirilməsinə dair 1(001)-296/2024 nömrəli cinayət işi vardır, həmin cinayət işi halhazırda məhkəmə baxışındadır və cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “ 8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-V1QR saylı qərarının 5-ci bəndi tətbiq edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 1 (006 )-43 6/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş iki il beş ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 il azaldılmış Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə cəza müddəti başa çatdığından Saatlı rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-296/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəza məhkum edilmişdir. Saatlı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarix 1(001)- 296/2024 saylı hökmü xx.xx.2024-cü il tarixdə Saatlı Rayon İcra ve Probasiya Şöbəsinə daxil olmuş, həmin tarixdə məhkumun ölkədən çıxması müvəqqəti məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə məhkum qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs Rizva oğlunun 02 il 11 ay 26 gün müddətə təyin olunmuş azadlığım məhdudlaşdırılması cəzasının 02 il 04 ay 20 günü çəkilməmiş qalmaqdadır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdiriən halları, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün, eyni zamanda həmin hökm ilə çəkdiyi 07 ay 06 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 03 ay 18 gün və hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün olmaqla cəmi 03 ay 22 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutub qismən toplanmaqla, Təqsirləndirilən şəxs 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün, eyni zamanda həmin hökm ilə çəkdiyi 07 ay 06 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 03 ay 18 gün və hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün olmaqla cəmi 03 ay 22 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-254/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-254/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver