Məhkəmə qərarları › İş №1(012)-257/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-257/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-257/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Xırdalan şəhər vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, evli, “İnci Oyal” məktəb ləvazimatında anbardar işləyən, əvvəllər məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 aprel 2020-ci ildə saat 21:50 radələrində «X13» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7,5-ci kilometrində «X13» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus MERCEDES BENZ E200 minik markalı 90SK311 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 100 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X13» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib ehtiyatsızlıqdan avtomobil təmirlə əlaqədar yolun ortasında üst-üstə yıbılıb ətrafı lentlə sarınmış beton piltələrə çırparaq avtomobil aşmış, nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sifətin sol yarısının yumşaq toxumalarının əzilməsi, sıyrıqları, döş qəfəsinin sol yarısının küt travması, ağ ciyər toxumasının minimal əzilməsi, sağ baldır-daban nahiyələrində əzilmiş-cırılmış yaralar, sağ aşıq-baldır oynağının bayır topuğunun sınığı, sağ ayağın 2-3-4-cü daraq sümüklərinin əsaslarının sınıqları, travmatik şok İİ dərəcə xəsarətlərini yetirməklə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına, digər sərnişin X8 başın yumşaq toxumalarının iç səthinə, beyinin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, baş beyinin travmatik ödemi və iltihabı, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, onurğa sütununun döş şöbəsinin 12-ci fəqərəsinin sağ yan çıxıntısının sınığı və hər iki ağ ciyərlərin əzilməsi xəsarətlərini yetirməklə 24 iyun 2020-ci ildə saat 15:30-da M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölümünə və MERCEDES BENZ E200 minik markalı 90SK311 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs2 9350 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 13.02.2020-ci ildə əmisi ona zəng edib demişdir ki, ona avtomobil lazımdır ki, avtomobillə onlara getsin. Özünün şəxsi avtomobili yoxdur, amma atası Zərərçəkmiş şəxs2 məxsus MERCEDES BENZ E200 minik markalı 90SK311 dövlət qeydiyyat nişanlı avtomobili atasının razılığı ilə idarə edir. Həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmadığından avtomobili idarə etdikdə həmişə atası avtomobildə sərnişin kimi oturmuşdur. Amma 20 aprel 2020-ci ildə əmisi ona zəng edib avtomobili istədikdə atası həmin vaxt Siyəzən rayonunda olmuşdur. Ona görə də avtomobilin açarını evdən götürüb əmisinin xahişi ilə onlara getmək məqsədi ilə evin həyətində avtomobilin mühərrikini açarla işə salıb yola düşmüşdür. avtomobilə yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə gedərkən məhəllədə qohumu X10 da avtomobilin qabaq sağ oturacağında oturmuşdur. Saat 21:30 radələrində Binəqədi yolunun üstündə «Məmmədoğlu» servisinin yanında qonşusu Zərərçəkmiş şəxs1 isə avtomobilin arxa oturacağına oturaraq yanacaqdoldurma məntəqəsinə getmişlər. Bakı avtovağzalının yanındakı yanacaqdoldurma məntəqəsində avtomobilə yanacaq doldurduqdan sonra evə, yəni yaşadığı Biləcəri qəsəbəsinə qayıdarkən saat 21:50 radələrində idarə etdiyi MERCEDES BENZ E200 minik markalı 90SK311 dövlət qeydiyyat nişanlı avtomobillə faraların yaxın işıqlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində «Rahat» marketlə üzbəüz 3 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətinə 100 km/saat sürətlə hərəkətdə olmuşdur. Anidən yolun ortasında üst-üstə yığılmış beton piltələri təxminən 15 metr məsafədən görmüş, bu an hərəkəti üçün təhlükə yaranmışdır. Toqquşmamaq üçün tormoz etmiş, sürət azalmış, amma buna baxmayaraq idarə etdiyi avtomobil beton piltələrə çırpılmışdır. Zərbədən beton piltələr dağılmış və idarə etdiyi avtomobil yolun hərəkət hissəsində sol tərəfi üstünə çevrilmişdir. Nəticədə özü, Sadiq və Tural xəsarət almışdır. Hadisə yerinə YPX inspektoru və təcili tibbi yardım avtomobili gəlmişdir. Onları təcili tibbi yardım avtomobili ilə Bakı şəhərindəki X12 aparmışlar. Sonradan Sadiq xəstəxanada ölmüşdür. Hadisə zamanı sərxoş olmamışdır. Sonda etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi X6 ifadəsindən görünür ki, mərhum X10 onun oğludur. Sadiq 08.05.1999-cu ildə Bakı şəhərində doğulmuşdur. Sadiq orta təhsilli olmaqla heç bir yerdə işləməmişdir. Sadiq Qubadlı rayonunun Xocahan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 17, Poladəritmə zavodunun yataqxanasında onunla bir yerdə yaşamışdır. Sadiq 20 aprel 2020-ci ildə saat 21:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7,5-ci kilometrində qayını Bəykişinin oğlu Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ E200 minik markalı 90SK311 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən həmin avtomobilin beton piltələrinə çırpılması zamanı xəsarət alaraq həmin tarixdən komatoz vəziyyətdə xəstəxanada müalicə olunmuş və 24 iyun 2020-ci ildə saat 16 radələrində Bakı şəhərindəki X11 ölmüşdür. Sadiqin meyiti morqda müayinə olunaraq meyit onlara təhvil verilmiş və meyiti aparıb Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsindəki qəbiristanlığında dəfn etmişlər. Oğlu Sadiqin ölümü ilə əlaqədar heç kimdən, o cümlədən sürücü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, X1 mülkiyyətində olan MERCEDES BENZ E200 minik markalı 90SK311 dövlət qeydiyyat nişanlı avtomobili Məhərrəm Mirbabayevdən 16.06.2016-cı ildə satın almış və avtomobili idarə etmək üçün ona notariusda təsdiq olunmuş etibarnamə verilmişdir. Həmin avtomobil hazırkı vaxtadək Məhərrəm Mirbabayevin adına olmasına baxmayaraq avtomobilin üzərində sonuncunun faktiki heç bir hüququ yoxdur. Avtomobilin pulunu Məhərrəmə tam ödəmişdir. Sonradan avtomobili öz adıma sənədləşdirmək istəmiş, amma Məhərrəmin oğlu ona demişdir ki, Məhərrəm vəfat etmişdir. Bu səbəbdən avtomobili öz adına sənədləşdirə bilmmişdir. Oğlum Təqsirləndirilən şəxs avtomobil sürücüsüdür və «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Avtomobili idarə etmək üçün etibarnaməsi olmadığına görə hərdən özü avtomobildə sərnişin qismində oturmaqla İlkin həmin avtomobili idarə etmişdir. 20 aprel 2020-ci ildə saat 21:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 7,5-ci kilometrində oğlu Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ E200 minik markalı 90SK311 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən yolun təmiri ilə əlaqədar yolun hərəkət hissəsinə qoyulmuş beton piltələrə çırpılaraq aşmışdır. Nəticədə İlkin, avtomobildə olan sərnişinlər X10 və Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Bu barədə məlumatı 21 aprel 2020-ci ildə saat 07 radələrində Siyəzən rayonunda işi ilə əlaqədar olarkən arvadı ona telefonla bildirmişdir. Arvadı Püstədən soruşmuşdur ki, avtomobili İlkinə kim verib. Püstə bildirmişdir ki, bəs İlkinin əmisi ona zəng edib maşın lazım olduğundan İlkin maşının açarını evdən götürüb və maşını sürüb getmişdir. Amma özü də evdə olsaydı maşını yenə də İlkinə verərdi və özü də sərnişin kimi maşında oturardı. İlkinin maşını ondan icazəsiz aparmasına görə İlkindən şikayətçi deyildir. Hadisə zamanı avtomobili əzilərək özünə 9350 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, 20 aprel 2020-ci ildə saat 21:30 radələrində Binəqədi yolunun üstündə «Məmmədoğlu» servisinin yanında qonşusu Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ E200 minik markalı 90SK311 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində minərək arxa oturacaqda sol tərəfdə oturmuşdur. Qabaq sağ oturacaqda tanıdığı Sadiq adlı cavan oğlan oturmuş, başqa sərnişin olmuşdur. İlkinin idarə etdiyi avtomobillə Bakı avtovağzalının yanındakı yanacaqdoldurma məntəqəsinə getmiş, orada İlkin avtomobilə yanacaq doldurduqdan sonra evə qayıdarkən saat 21:50 radələrində sərnişini olduğu həmin avtomobil Bakı-Quba yolunda «Rahat» market yerləşən yerdən keçərkən qəflətən yolun ortasında üst-üstə yığılmış beton piltələrə çırpılaraq avtomobil sol yan tərəfi üstə aşmışdır. Nəticədə sürücü İlkin, Sadiq və özü xəsarət almışlar. Hadisə yerindən təcili tibbi yardım avtomobili ilə Bakı şəhərindəki X12 aparılmışdır. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, 2019-cu ilin noyabr ayının 17-dən Bakı-Quba-Dağıstan sərhədi yolunda yenidən qurma təmir tikinti işlərinin aparılması, o cümlədən yolda olan tunel və yolun hərəkət hissəsinin geişləndirilməsi işlərinin aparılması özünün rəhbərlik etdiyi tikinti şirkətinə həvalə edilmişdir. 20 aprel 2020-ci ildə saat 13 radələrində Bakı-Quba yolunun 7,5kilometrliyində, yəni «Rahat» marketin qarşısında aparılan təmir işləri ilə əlaqədar 6 zolaqlı yolun tam ortasında bir zolağı, yəni Quba istiqamətinə olan hissədə sağdan sola doğru 3-cü zolaqda yolun hərəkət hissəsinə perpendikulyar vəziyyətdə uzunluğu 1,5 metr, hündürlüyü 0,6 metr olan təxminən 20 ədəd tullantı beton piltələri üst-üstə avtokran vasitəsi ilə yığdırmışdır ki, səhər aparsınlar. Bu piltələr yolun hərəkət hissəsinə üst-üstə yığıldıqdan sonra da nəqliyyat vasitələri hərəkət edib və eyni zamanda iş davam etmişdir. Nəqliyyat vasitələrinin hərəkəti üçün bu piltələr maneə yaratmamağına baxmayaraq, piltələrin ətrafına qırmızı rəngdə lent çəkdirmişdir və taxtadan işarə qoydurmuşdur. Yola düzülmüş qoruyucu piltələrlərin sonuncusu ilə yığdığı pildələr arasında təxminən 50-60 metr məsafə olmuşdur. Qoruyucu piltələrin başlanğıcında, yəni yolun 6,5-ci kilometrliyində Quba istiqamətinə aparılan təmir işləri ilə əlaqədar, sağdan sola keçmə, nida işarəsi və lapatka işarəsini qoydurmuşdur. 21 aprel 2020-ci ildə saat 08:30 radələrində eşitmişdir ki, Quba istiqamətinə hərəkətdə olan avtomobil axşam vaxtı yığdırdığı həmin beton piltələrə çırpılıb və xəsarət alanlar vardır. Beton piltələr yararsız olduğundan hadisə zamanı onlara heç bir ziyan dəyməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 02.06.2020-ci il tarixli, 904 saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol baldır sümüklərinin aşağı 1/3-nin oynaq ətrafı və oynaq daxili qapalı, qəlpəli yerdəyişən sınıqları; sağ aşıq-baldırın iç topuğunun qapalı yerdəyişən sınığı, sol alın-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 20.04.2020-ci il tarixdə salonunda olduğu avtomobilin beton maneəyə dəyməsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 02.06.2020-ci il tarixli, 905 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sifətin sol yarısının yumşaq toxumalarının əzilməsi,sıyrıqları, döş qəfəsinin sol yarısının küt travması, ağ ciyər toxumasının minimal bayır topuğunun sınığı, sağ ayağın 2-3-4-cü daraq sümüklərinin əsaslarının sınıqları, travmatik şok İİ dərəcə xəsarətləri bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, 20.04.2020-ci il tarixdə salonunda olduğu avtomobilin beton maneəyə dəyməsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 24.06.2020-ci il tarixli, 58 №-li rəyindən görünür ki, X7 meyitində başın yumşaq toxumalarının iç səthinə, iç səthinə beyin qişaları altına beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, baş beyinin travmatik ödemi və iltihabı, sol gicgah sümüyünün kəllə əsasına küçən sınığı, onurğa sütunun döş şöbəsinin 12-ci fəqərəsinin sağ yan çıxıntısının sınığı və hər iki ağ ciyərlərin əzilməsi kimi xəsarətlər aşkar edilmişdir. Xəsarətlər həyati olub 20.04.2020-ci ildə yol nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomobilin beton maneəyə dəyməsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, mərhumun ölümü ilə səbəbli əlaqəlidir. X7 ölümünə səbəb baş beyinin əzilməsi, beyin maddəsinə, beyin qışalarının altına qansızmalar və sol gicgah sümüyünün kəllə əsasına küçən sınığı nəticəsində inkşaf edən baş beyin toxumasının ödemi və iltihabı olmuşdur. Ölüm 24.06.2020-ci il tarixdə saat 15:30-da baş vermişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzində tərtib edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 25 iyun 2020-ci il tarixli 8/657 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz E200 minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İ.B.X14 E200 minik markalı avtomobili 3.24 Maksimum sürətin məhdudlaşdırılması yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 100 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 05.02.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 20.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 08.02.2021-ci il tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN BDYP Qİİ-dən alınmış məktubla müəyyən edilmişdir ki, 20.01.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYP Qİİ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 13.02.2020-cı il tarixdə AD seriyalı 220065 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Sübutların qiymətləndirilməsi haqqında 09.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Mercedes Benz E200 minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi RİHB Biləcəri qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 2 ünvanında yaşayır və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26.11.2018-ci il təvəllüdlü Ayla Baxışlı adlı bir azyaşlı övladı var. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs atası Bəykişi Baxışlı 1-ci Vətən müharibəsi veteranıdır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, özünün də az ağır xəsarət almasını, atasının 1ci- Vətən Müharibəsində iştirak etməklə müharibə veteranı olmasını, himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz E200 minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz E 200 minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar