Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-258/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Felıksovnanın və onun nümayəndəsi Bakı şəhəri, 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi4 iştirakı ilə, xx xxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə saat 20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan anası X2 məxsus dövlət qeydiyyat nişanı olmayan «Yamaha Buggy» markalı nəqliyyat vasitəsi ilə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən «Grand» marketin qarşısından Novxanı bağları istiqamətində hərəkətdə olan zaman Abşeron rayonu, Novxanı kəndi, Camal Paşa küçəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 56-cı maddəsinin 9-cu hissəsinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və nəqliyyat vasitəsinin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq nəqliyyat vasitəsinin hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, nəqliyyat vasitəsinin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında və elə yerinə yetirməlidir ki, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunsun və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etmədiyindən nəqliyyat vasitəsini yolun kənarında olan daş hasara vurub aşırdaraq, nəticədə ehtiyatsızlıqdan nəqliyyat vasitəsinin arxa yük yerində əyləşmiş sərnişin Zərərçəkmiş şəxs Felıksovnaya subaraxnoidal (sərt qişa altına) qansızma, sağ temporal (təpə) sümüyünün yerdəyişməsiz sınığı, sağ çiyin qurşağının qançırı, sağ said və sol diz oynağı nahiyələrinin sıyrıqları kimi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263-1.2-ci ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Felıksovna ilə rəfiqə olmuşdur. 15 iyul 2023-cü il tarixdə rəfiqəsi Kamıllaya zəng edərək sonuncu ilə şəhərdə görüşmüşlər. Bundan sonra birlikdə Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evlərinə gəlmişlər. Bağda bir qədər istirahət edib çörək yemişlər. Sonra qərara gəlmişlər ki, yaxınlıqdakı «Grand» marketə gedib mağazadan lazimi ərzaq məsullarını alsınlar. Bağda olan «Yamaha Buggy» markalı nəqliyyat vasitəsini götürüb marketə getməyi qərara vermişdir. Kamılla da onunla birlikdə marketə getdiyi üçün sonuncu «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinin arxasında, özü isə sükan arxasında əyləşmişdir. Həmin günü saat 20 radələrində idarə etdiyi nəqliyyat vasitəsilə ilə Abşeron rayonu, Novxanı kəndindəki «Grand» marketin yaxınlığından Abşeron rayonu Novxanı bağları istiqamətində Camal Paşa küçəsi ilə bir zolaqdan ibarət yolla saatda 30 km sürətlə hərəkətdə olan zaman yol səthinin üzərində su görmüşdür. Həmin vaxtı əyləcdən istifadə etdikdə idarə etdiyi nəqliyyat vasitəsi sürüşmüş və yol kənarınına dəyərək aşaraq dayanmışdır. Özü və rəfiqəsi Kamılla nəqliyyat vasitəsindən yerə düşmüşdür. Hadisə nəticəsində «Yamaha Buggy» markalı nəqliyyat vasitəsində əyləşmiş rəfiqəsi Kamılla xəsarət almışdır. Valideynlərinə zəng vurmuş, idarə etdiyi nəqliyyat vasitəsilə hadisə törətdiyini və hadisə yerini bildirmişdir. 5 dəqiqə keçdikdən sonra valideynləri hadisə törətdiyi yerə gəlmiş və rəfiqəsi Kamıllaya köməklik edib tibbi yardım olunması üçün xəstəxanaya aparmışlar. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hadisə vaxtı idarə etdiyi həmin nəqliyyat vasitəsi bağda saxlanılmış və nəqliyyat vasitəsini istifadə olunmuş vəziyyətdə almışlar. «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinə aid hər hansı sənəd yoxdur. İdarə etdiyi həmin nəqliyyat vasitəsilə hərəkətdə olarkən qarşıda su gördüyü üçün tormoz etmiş və həmin anda da nəqliyyat vasitəsi sürüşərək yolun kənarında olan divara dəyib aşmışdır. Zərərçəkmiş şəxs Felıksovnanın göstərdikləri düzgün deyil. Belə ki, onlar marketdən çıxdıqdan sonra yoldaşı ilə onun arasında hər hansı bir formada mübahisə olmamış və bunun nəticəsində nəqliyyat vasitəsini yüksək sürətlə hərəkət etdirməmişdir. «Yamaha Buggy» markalı nəqliyyat vasitəsini idarə edərkən yolun ortasında su çökəkliyi olduğundan nəqliyyat vasitəsinin qabaq təkəri çökəkliyə düşmüş və ani bir anda sürüşmüş, buna görədə idarəetməni itirmiş və nəqliyyat vasitəsini aşırmışdır. Hadisədən sonra valideynləri tərəfindən zərərçəkmiş şəxsə maddi yardım göstərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Felıksovna ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs rəfiqəsi olmuşdur. 15 iyul 2023-cü il tarixdə rəfiqəsi Mədinə onunla əlaqə saxlamış və şəhərdə görüşüb sonuncunun ailə üzvülərinə məxsus bağ evinə getmişlər. Bağda Mədinə, sonuncunun nişanlısı Ənvər, sonuncunun əmisi oğlu və Mədinənin kiçik qardaşı ilə birlikdə yemək yemişlər. Bundan sonra qərara gəlmişlər ki, «Grand» marketə gedib lazimi ərzaq məhsulları alsınlar. Mədinə bildirmişdir ki, bağlarında olan “kvadrasikl” adlanan iki ədəd nəqliyyat vasitəsi ilə getsinlər. O, Mədinə və Mədinənin kiçik qardaşı «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinə, Ənvər və sonuncunun əmisi oğlu isə digər nəqliyyat vasitəsinə əyləşmişlər. Sonra nəqliyyat vasitələri ilə marketə getmişlər və oradan lazımi ərzaq məhsulları almışlar. Marketdən çıxandan sonra Mədinə və Ənvər arasında anlaşılmazlıq yaranmış, lakin həmin mübahisəni evdə danışmağı bildirmişlər. Marketdən çıxıb evə qayıdan zaman Mədinə, kiçik qardaşı və o, «Yamaha Buggy» markalı nəqliyyat vasitəsində əyləşmişlər. Belə ki, Mədinə sükan arxasında, qardaşı Mədinənin yanında, o isə nəqliyyat vasitəsinin arxadakı yük qoymaq üçün nəzərdə tutulmuş yerdə əyləşmişdir. Mədinə idarə etdiyi «Yamaha Buggy» markalı nəqliyyat vasitəsini bağların arası ilə hərəkət etdirmişdir. Ənvərlə Mədinə idarə etdikləri nəqliyyat vasitələri ilə yarışma etmişlər. Həmin vaxtı nəqliyyat vasitəsinin yük yerində əyləşdiyi üçün Mədinədən xahiş etmişdir ki, sürəti azaltsın, lakin sonuncu sözlərinə əhəmiyyət verməmişdir. Mədinə idarə etdiyi nəqliyyat vasitəsinin sürət həddini artırmış və bu səbəbdən də idarəetməni itirmişdir. Mədinənin idarə etdiyi «Yamaha Buggy» markalı nəqliyyat vasitəsilə iki metr uzunluğunda divara sürtünüb aşmışdır. Arxa yük hissədə əyləşdiyi üçün zərbənin təsirindən oradan nəqliyyat vasitəsinin qarşı tərəfinə doğru iki metr qarşıda yerə yıxılmışdır. Zərbənin təsirindən başından və sağ qolundan sınıq xəsarətləri almışdır. Hadisədən sonra ona tibbi yardım edilmiş və xəstəxanaya aparılmışdır. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ailəsi «X7»ya aparmışlar. Hadisə vaxtı «Yamaha Buggy» markalı nəqliyyat vasitəsini Mədinə idarə edirmiş, sonuncunun yanında kiçik qardaşı, o, isə nəqliyyat vasitəsinin arxa yük yerinin üzərində əyləşmişdir. Ənvərin idarə etdiyi nəqliyyat vasitəsində isə sonuncunun əmisi oğlu əyləşmişdir. 15 iyul 2023-cü il tarixdə rəfiqəsi Təqsirləndirilən şəxs sənədləri olmadan «Yamaha Buggy» markalı mexaniki nəqliyyat vasitəni idarə edərkən törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində ona bədən xəsarətlərinin yetirilməsi ilə bağlı sonuncu dəymiş ziyanını ödəməmişdir. Belə ki, Mədinə bildirmişdir ki, pulu yoxdur. Hadisədən əvvəl Mədinə sükan arxasında, sonuncunun yanında kiçik qardaşı, o, isə nəqliyyat vasitəsinin arxa yük yerinin üzərində əyləşmişdir. Mədinə bir sürücü kimi yük yerində əyləşməsinə yol verməməli olmuş, lakin sonuncu bunu etməmiş, yəni deməmişdir ki, yük yerinin üzərində oturmaq qadağandır. «Yamaha Buggy» markalı mexaniki nəqliyyat vasitəsinin kimə məxsus olması və kimin alması barədə məlumatı olmamış, lakin Mədinənin ailə üzvülərinə məxsus həmin bağda olanda nəqliyyat vasitəsini dəfələrlə görmüş, üzərində dövlət qeydiyyat nişanı olmamış və bağda olanda Mədinə ilə nəqliyyat vasitəsini bağın içərisində arabir idarə etmişlər. Xəsarət almağı ilə əlaqədar sürücü Təqsirləndirilən şəxs valideyni tərəfindən maddi yardım göstərilsə də ona dəymiş ziyan tam ödəməmişdir və sürücüdən şikayətçidir. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs Felıksovna təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldıraraq, mülki cavabdeh, təqsirləndirilən şəxsdən ona dəymiş maddi ziyanın, yəni 17753,88 (on yeddi min yeddi yüz əlli üç min 88 qəpik) manat məbləğində pulun alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bur yerdə işləməmiş, lakin fərdi olaraq hovuz memarlığı ilə məşğul olmuşdur. 15 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndi, Camal Paşa küçəsində yerləşən xatırlamadığı şəxsin bağ evinin həyətində hovuzun dərmanlanması işi ilə məşğul olmaq üçün getdikdə təsadüfən yolda iki ədəd kiçik nəqliyyat vasitələri ilə rastlaşmış, həmin nəqliyyat vasitələri iti sürətlə hərəkətdə olmuşlar. Həmin ərazidə yerləşən bağ evinin həyətində hovuzun dərmanlanması üçün həyətə daxil olmuş və dərmanlanma işi ilə məşğul olmağa başlamışdır. 10-15 dəqiqə keçmiş həmin nəqliyyat vasitələrinin iti sürətlə hərəkət etmələri ilə bağlı və ani anda qışqırıq səsləri editmişdir. Bağ sahəsindən küçəyə çıxdıqda nəqliyyat vasitələrinin birinin evin hasarına dəyməsini və yanı üstə aşdığını, bir nəfər qızın yerdə üzü üstə huşsuz vəziyyətdə uzanmasını, digər bir qızın isə kənarda əyləşib bir oğlan uşağına yardım etdiyini görmüşdür. Həmin vaxtı ətrafdan çox sayda tanımadığı şəxslər hadisə yerinə toplaşmışlar. Yerdə huşsuz vəziyyətdə uzanan qıza yaxınlaşıb yardım etmək istədikdə orada olan şəxslər ona bildirmişlər ki, həmin şəxsə toxunmasın, boynu zərbədən qırıla bilər. Lakin həmin şəxslərin etdikləri irada əhəmiyyət verməyib həmin qızın, adını sonradan bildiyi Kamıllaya yardım edib üzünü yuxarı çevirmiş, ətrafda olan bir nəfər şəxsdən kiçik döşəkçə alıb Kamıllanın başının altına qoymuş və su alıb üzünə vurmuşdur. Kamıllanın baş nahiyyəsindən, sağ qolundan və sağ ayaq nahiyəsindən ağır zədələr aldığı hiss olunmuşdur. Kamıllyaya yardım etməklə məşğul olub cəld təcili yardım çağırılmalı olduğunu bildirmişdir. Təcili yardımla bağlı Novxanı kəndində yerləşən məntəqəyə getdikdə orada həkim briqadası iş vaxtının qurtardığını bildirib hadisə yerinə gəlməkdən boyun qaçırdıqlarını bildirmişlər. Bundan sonra hadisə yerinə nəqliyyat vasitələrini idarə etmiş adını sonradan bildiyi Mədinə adlı qızın anası gəlmiş və səs-küy salıb qızına tərəf yaxınlaşmışdır. Həmçinin hadisə yerinə polis əməkdaşları gəlmiş və təcili yardımın gəlmədiyini bilib Kamıllaya yardım olunması üçün xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızıdır. Əri Eminə məxsus Abşeron rayonu, Novxanı kəndində bağ evləri vardır. 15 iyul 2023-cü il tarixdə Mədinənin rəfiqəsi Kamılla ilə şəhərdə görüşüb Novxanıdakı bağlarına gəlmişlər. Bağda bir qədər istirahət edib çörək yemişlər. Mədinənin həmin vaxt nişanlısı, hazırda isə həyat yoldaşı olan Ənvər və sonuncunun əmisi oğlu Asif də bağda olmuşdur. Sonra Mədinə və digərləri «Grand» marketə gedib oradan lazimi ərzaqlar almağa qərar vermişlər. Mağazaya bağda olan «Yamaha Buggy» markalı nəqliyyat vasitələri ilə getməyi planlaşdırmışlar. Belə ki, bağda «Yamaha Buggy» markalı modelini xatırlamadığı nəqliyyat vasitəsi vardır. «Yamaha Buggy» markalı nəqliyyat vasitəsi köhnə olmuş, belə ki, 2003-2004-cü illərdə alınmış və texniki sənədlərinin harada olduğunu bilməmişdir. Mədinə «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinin sükanı arxasında əyləşərək digərləri ilə mağazaya getmişdir. O, özü isə evdə qalmışdır. 30-40 dəqiqə sonra Mədinə zəng edərək bildirmişdir ki, qəza baş vermiş və olduğu yeri demişdir. Təcili olaraq həmin yerə getmiş və görmüşdür ki, hadisə yerinə polis əməkdaşları vardır. Kamılla xəsarət almış, polis təcilli tibbi yardım çağırmış, lakin tıxac olduğundan tibbi yardım gecikmişdir. Ona görədə Kamıllanı avtomobilə əyləşdirib Sumqayıt şəhərinə xəstəxanaya aparmışlar. Çalışmışlar ki, Kamıllaya ən yaxşı səviyyədə tibbi yardım göstərilsin. Hadisənın bir başa şahidi olmamış və bu barədə konkret bildikləri yoxdur. Hadisədən sonra zərərçəkmiş şəxsə maddi yardımlar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs arvadıdır və sonuncu ilə 2023-cü ilin sentyabr ayında ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs Felıksovna arvadı Mədinənin rəfiqəsidir. 15 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Novxanı bağlar massivində yerləşən bağ evlərində olmuşdur. Həmin günü axşam radələrində Kamılla bağa gəlmiş və arvadı Mədinə ilə bir yerdə bağla əyləşib istirahət etmişlər. Həmin günü saat 20 radələrində onlar «Yamaha Buggy» markalı nəqliyyat vasitəsilə bağdan çıxıb Novxanı bağları ərazisində bağların arası Abşeron rayonu, Novxanı kəndindəki «Grand» market istiqamətində getmişlər. Həmin vaxtı Mədinə nəqliyyat vasitəsinin sükanı arxasında, sonuncunun rəfiqəsi Kamılla isə nəqliyyat vasitəsinin yük yerində əyləşmişdir. Onun idarə etdiyi nəqliyyat vasitəsində isə hazırda xarici dövlətdə yaşayan əmisi oğlu əyləşmişdir. Arvadı Mədinə idarə etdiyi «Yamaha Buggy» markalı nəqliyyat vasitəsil ilə Novxanı bağları istiqamətində Camal Paşa küçəsi ilə bir zolaqdan ibarət olan yol ilə saatda 30 km sürətlə hərəkətdə olmuşdur. Mədinənin arxasınca isə o, hərəkətdə olmuşdur. Həmin ərazidə yolun ortasında su çökəkliyi olmuşdur. Mədinə idarə etdiyi «Yamaha Buggy» markalı nəqliyyat vasitəsilə su çökəkliyindən keçərkən qabaq təkərinin çökəkliyə düşməsini görmüşdür. Ani bir anda gözlənilmədən Mədinənin idarə etdiyi «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinin qabaq hissəsi sürüşmüş və yol kənarına dəyərək aşmışdır. İdarə etdiyi nəqliyyat vasitəsini dərhal saxlamış və düşüb Mədinənin idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşdıqda Kamıllanın xəsarət aldığını görmüşdür. Bundan sonra Kamıllaya köməklik edib yardım olunması üçün xəstəxanaya aparmışlar və orada sonuncuya yardım edilmişdir. Marketdən çıxdıqdan sonra arvadı Mədinə ilə aralarında anlaşılmazlığın olması və bundan sonra sonuncunun «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinin sükanı arxasına əyləşərək mübahisəni evdə həll edəcəyini bildirməsi, sonra isə nəqliyyat vasitəsinin sürətini artıraraq idarəetməni itirib maneəyə dəyərək aşırması barədə Zərərçəkmiş şəxs Felıksovnanın göstərdikləri tamamilə yalandır. Belə ki, həmin vaxtı Mədinə ilə aralarında hər hansı formada mübahisələri olmamış və sonuncu «Yamaha Buggy» markalı nəqliyyat vasitəsini yüksək sürətlə hərəkət etməmişdir. İdarə etdiyi nəqliyyat vasitəsilə Mədinənin arxası ilə hərəkətdə olmuş və ötüşməmişdir. Mədinə nəqliyyat vasitəsini idarə edərkən yolun ortasında su çökəkliyi olduğundan qabaq təkərin oraya düşdüyünü görmüş, həmin vaxt da ani olaraq nəqliyyat vasitəsinin qabaq təkəri sürüşdüyü üçün sonuncu idarəetməni itirmiş və nəticədə nəqliyyat vasitəsi aşmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, validyenləri və bacısı Təqsirləndirilən şəxs ilə yaşayır. Ailəsinin Abşeron rayonu, Novxanı kəndində bağ evləri vardır. 15 iyul 2023-cü il tarixdə bacısı Mədinə rəfiqəsi Kamılla ilə şəhərdə görüşüb Novxanıdakı bağlarına gəlmişdir. Bağda bir qədər istirahət edib çörək yemişlər. Mədinənin həmin vaxt nişanlısı olmuş, hazırda isə həyat yoldaşı olan Ənvər və sonuncunun əmisi oğlu Asif də bağda olmuşdur. Sonra qərara gəlmişdilər ki, «Grand» marketə gedib oradan lazimi ərzaqlar alaraq evə gəlsinlər. Bundan sonra bağda olan «Yamaha Buggy» markalı nəqliyyat vasitələrinə əyləşərək marketə getmişlər. Bağda «Yamaha Buggy» markalı nəqliyyat vasitələri olmuşdur. Mədinə «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinin sukanı arxasına əyləşmiş, sonuncunun o, arxasında, yəni yük yerində isə Kamilla əyləşmişdir. Ənvər isə digər nəqliyyat vasitəsinin sükanı arxasında Asif isə Ənvərin yanında əyləşmişdir. Nəqliyyat vasitələri ilə marketə getmişlər. Saat 20 radələrində mağazadan çıxaraq Abşeron rayonu, Novxanı kəndindəki «Grand» market istiqamətindən Novxanı bağları istiqamətində Camal Paşa küçəsi ilə bir zolaqdan ibarət olan yol ilə kiçik sürətlə hərəkətdə olarkən yolun üzərində su olduğunu görmüşdür. Yolda Mədinə əyləcdən istifadə etdikdə idarə etdiyi nəqliyyat vasitəsi sürüşmüş və yolun kənarına dəyərək aşmışdır. Hadisə nəticəsində nəqliyyat vasitəsinin arxasında olan Kamılla yerə yıxılmışdır. Bundan sonra Mədinə atası və anasına zəng edərək hadisə törətdiyini bildirmişdir. 5 dəqiqə sonra atası və anası hadisə yerə gəlmişdir. Valideyinləri Kamıllaya köməklik edib tibbi yardım olunması üçün xəstəxanaya aparmışlar. Hadisədən əvvəl bacısı Mədinənin nəqliyyat vasitəsini hansı surətlə yüksək olmamışdır. Hadisədən əvvəl Mədinə və Ənvər nəqliyyat vasitələri ilə ötüşməmiş və təhlükəli qəza şəraiti yaratmamışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 07 avqust 2023-cü il tarixli 1652 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs Feliksovnanın bədənində aşkar olunmuş xəsarətlərsubaraxnoidal (sərt qişa altına) qansızma, sağ temporal (təpə) sümüyünün yerdəyişməsiz sınığı, sağ çiyin qurşağının qançırı, sağ said və sol diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilmələri mümükündür və dərəcəsinə görə ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 8/2970 saylı rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin yük yerində sərnişin apardığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 16 iyul 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Yamaha Buggy» markalı mexaniki nəqliyyat vasitəsi qara rənglidir, qabaq mühərrik üst hissəsi açıq-mavi rənglidir, saz vəziyyətdədir, dörd təkəri vardır, yük yeri vardır, yükü yoxdur, avtomobilin bütün hissələri işlək və saz vəziyyətdədir, lakin hadisədən sonra nəqliyyat vasitəsinin sağ qabaq təkəri bağlandığı yerdən sınmışdır. 20 aprel 2024-cü il tarixli təqdim edilmiş videogörütüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş bir ədəd qara rəngli üzərində “XPORTER 8GB” yazılımış yaddaş kartından 6 ədəd videogörüntü vardır. Qeydə alınmış 1-ci videogörüntü hadisə yerində olmuş şəxs tərəfindən çəkilmiş, görüntü 01:28 dəqiqədən ibarətdir, görüntüyə baxış zamanı bağlar arası ərazidə yolun ortasında «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinin aşmış, nəqliyyat vasitəsinin arxa təkərinin bərabərliyində bir nəfər qızın huşsuz vəziyyətdə asfalt örtüyün üzərinə uzanmış, başının altına kiçik yastıq qoyulmuş, bir nəfər orta yaşlı kişi huşsuz vəziyyətdə olan qıza kömək etmiş, ətrafa toplaşan şəxslərdən bir nəfər qadının da huşsuz vəziyyətdə yerə uzanmış şəxsi sərinlədərək kömək etmiş, görüntünün sol hissəsində digər bir qız halsız vəziyyətdə yerdə oturmuş və yanında olan şəxs ona kömək edərək ayıltmağa cəhd etmiş, yadisə yerinə polis əməkdaşları gəlmişdir. 2-ci videogörüntü ilə 1-ci videogörüntü eynidir. 3-cü videogörüntüdə bir nəfər şəxsin çəkiliş edərək təcili yardım məntəqəsinə yaxınlaşmış, təsviri əks etdirilmiş həkim geyimində olan kişi cinsli şəxsin iş vaxtının bitdiyini və bu səbəbdən də hadisə yerinə yardıma getmək istəməməsini bildirmiş, çəkiliş edən şəxs onlara narazılıq etmiş və yardım məntəqəsinin qarşısında **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmışdır. 4-cü videogörüntü hadisə yerinə yaxın ərazidə quraşdırılmış videomüşahidə kamerası vasitəsi ilə 00:10 dəqiqə ərzində qeydə alınmış, həmin videogörüntüdə bir nəfər əynində ağ rəngli köynəyi olan şəxsin yolun sol kənarı ilə piyada getmiş, kameranın fiksə etdiyi yolun qarşı hissəsində asfalt örtüyün üzərində su vardır, həmin anda «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinin iti sürətlə yolun ortasında olan suyun ətrafından manevr edib keçmiş, həmin nəqliyyat vasitəsinin arxası ilə digər nəqliyyat vasitəsinin də sürətlə getmiş, «Yamaha Buggy» markalı nəqliyyat vasitəsi yerdə olan suyun ətrafından manevr etdikdən sonra kameranın fiksə etdiyi ərazidən keçən anda nisbətən sola və sağa meyllənmiş, görüntü dairəsindən keçmiş, bu anda yolun sağı ilə piyada gedən orta yaşlı şəxsin arxaya çevrilərək həmin nəqliyyat vasitələri hərəkət etkləri istiqamətdə qaçaraq getmişdir. 5-ci və 6-cı videogörüntülərdə bir nəfər cavan qız palatada huşsuz vəziyyətdə uzanmış, gicgah nahiyəsində və sifətində xəsarətlər olmuşdur. Videogörüntüyə baxışda iştirak etmiş zərərçəkmiş X3 bildirmişdir ki, 1-ci və 2-ci görüntüdə huşsuz vəziyyətdə asfalt örtüyə uzanmış şəxs özüdür və «Yamaha Buggy» markalı nəqliyyat vasitəsinin aşması nəticəsində arxa təkərinin bərabərliyində yerə çırpılmış və başından, həmçinin bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Qarşıda hərəkətdə olan nəqliyyat vasitəsi Mədinənin idarə etdiyi «Yamaha Buggy» markalı nəqliyyat vasitəsidir və sonuncu idarə etdiyi nəqliyyat vasitəsini bağların arası ilə yüksək sürətlə hərəkət etdirmiş, bundan sonra Ənvərlə Mədinə arasında idarə etdikləri nəqliyyat vasitə ilə bağlı yarışma etmiş, həmin vaxtı o, nəqliyyat vasitəsinin yük yerində əyləşdiyi üçün Mədinədən xahiş etmişdir ki, sürəti azaltsın, lakin sonuncu sözünə əhəmiyyət verməmiş, idarə etdiyi nəqliyyat vasitəsinin sürət həddini artırmış və bu səbəbdən də idarəetməni itirmişdir. Həmin vaxtı Mədinənin idarə etdiyi «Yamaha Buggy» markalı nəqliyyat vasitəsi 2 metr uzunluğunda hissədə divara sürtünüb aşmış və sonuncu arxa baqaj hissədə əyləşdiyi üçün zərbənin təsirindən oradan nəqliyyat vasitəsinin qarşı tərəfinə doğru iki metr qarşıda yerə yıxılmışdır. Palatada huşsuz vəziyyətdə uzanıqlı olan və gicgah nahiyəsində, həmçinin sifətində xəsarətlər olan şəxs özüdür və hadisədən sonra ağır xəsarətlər aldığından huşsuz vəziyyətə xəstəxanaya gətirilmiş və yardım edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsindən alınmış 29 aprel 2024-cü il tarixli məktubdan görünür ki, DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsindən verilmiş 03 iyun 2024-cü il tarixli məktubdan görünür ki, hüquqi və fiziki şəxslərə məxsus olan və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometirdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin sürücülərindən “A” “A1” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. «Yamaha Buggy» markalı nəqliyyat nəqliyyat vasitəsinin işçi həcmi 50 kub/sm-dən yuxarı olduğundan həmin nəqliyyat vasitəsini idarə etmək üçün “A” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Həmin nəqliyyat vasitəsinə dair sənədlər məktuba əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, bir ədəd yaddaş kartı cinayət işinə əlavə edilmişdir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X4 vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, himayəsində bir azyaşlı uşağı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Məhkəmə qeyd edir ki, mülki iddianın həll edilməsi məqsədilə digər sübutların toplanması üçün uzun zaman tələb olunduğuna görə qeyd edilən səbəbdən cinayət işinin məhkəmə baxışının qeyri-müəyyən müddətə uzanması təqsirləndirilən şəxsin ona elan olunmuş ittihama ağlabatan müddətdə baxılaraq, həll edilməsi barədə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış bir ədəd yaddaş kartı cinayət işində saxlanılmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut bir ədəd yaddaş kartı cinayət işində saxlanılsın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-258/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-258/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver