Məhkəmə qərarları › İş №1(012)-26/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-26/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-26/2022 17.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs X4 nümayəndəsi Bakı şəhəri, 16 saylı vəkil bürosunun vəkili X5 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 oğlunun iştirakı ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 79-da qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində yaşayan, Abşeron rayon məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində axtarış verilməklə “həbs qətimkan tədbiri» seçilən, 15.02.2022-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını təkrarən xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus 28000 manat dəyərində “TVK” markalı ekskavatoru ayda 2500 manat icarə haqqı verəcəyini vəd verərək 24.09.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Ər-Riyad” ticarət mərkəzinin qarşısında “TVK” markalı ekskavatoru icarəyə götürmək adı ilə alıb vədinə əməl etməyib sonradan başqa şəxslərə sataraq Zərərçəkmiş şəxs 28.000 (iyirmi səkkiz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus 5500 manat dəyərində “Krokodil” markalı yük kranını ayı 4500 manata icarəyə verməsi üçün müştəri tapacağına vəd verərək 2019-cu ilin noyabr ayında Abşeron rayonu, Novxanı qəsəbəsində “Krokodil” markalı yük kranını alıb vədinə əməl etməyib sonradan başqa şəxslərə sataraq Zərərçəkmiş şəxs 5.500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus 9000 manat dəyərində “Volvo” markalı ekskavatoru 5000 manata icarəyə verməsi üçün müştəri tapacağına vəd verərək 25.12.2019-cu il tarixdə Abşeron rayonu, Gənclər şəhərciyində “Volvo” markalı ekskavatoru alıb vədinə əməl etməyib sonradan tanışı Şahid3 4000 manata sataraq Zərərçəkmiş şəxs 9000 (doqquz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Yaşarı təxminən 4-5 il olar ki, tanıyır. 2019-cu ilin sentyabr ayında Yaşar ona zəng edərək “TVK” markalı ekskavatorunu icarəyə vermək istədiyini bildirmişdir. Həmin gün o, Yaşarla Abşeron rayonu, Xırdalan şəhəri “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında yerləşən ekskavatorların təmir olunduğu qaraja gedib həmin “TVK” markalı ekskavatoruna baxmışdır. Həmin vaxt Yaşar həmin ekskavatorunun mühərrikinin olmadığını bildirdikdən sonra o, Yaşara həmin ekskavatora görə onda işlək bir mühərrik olduğunu bildirmişdir. Ona görə də aralarında olan razılaşmaya görə Yaşar ona 4 ay möhlət vermişdir. Belə ki, o, 4 ay müddətində özündə olan mühərriki ekskavatora qoyaraq ekskavatoru işlədəcək, özünün ekskavatora qoyduğu mühərrikin pulunu çıxardıqdan sonra, yəni 2020-ci ilin fevral ayının 1-dən etibarən ona ekskavatorun hər ayına görə 2000 manat icarə pulu verməyi barədə onunla razılaşmışdır. 2 gündən sonra o, gedib ekskavatoru evakuatora qoyaraq Novxanı kəndində yaşadığı evin qarşısına aparmışdır. Təmir işlərini bacardığına görə o, həmin ekskavatora özündə olan işlək mühərriki qoyaraq 2019-cu ilin dekabr ayının ortalarında işlək vəziyyətə gətirmişdir. Yaşarla razılaşdığı kimi o, həmin “TVK” markalı ekskavatoru evakuator vasitəsilə Hacıqabul rayonu Udulu kəndinə aparıb su xəttinin çəkilişini həyata keçirən bir şirkətə icarəyə vermişdir. Adı fikrində qalmayan həmin şirkətlə də aralarında olan razılaşma belə olmuşdur ki, hər ay həmin ekskavatora görə 4000 manat icarə pulu veriləcək. O da həmin 4000 manatın 2000 manatını ekskavatorun sahibi Yaşara verməklə qalan 2000 manat da onun xeyri olmalı idi. 2-3 gün sonra şirkətdən ona zəng olunaraq ekskavatorun tez-tez xarab olduğunu, həmçinin istismara yararsız olduğuna görə şirkətə lazım olmadığını bildirmişdilər. Ona görə də o, Hacıqabul rayonu Udulu kəndinə gedib ekskavatoru şirkətdən geri təhvil götürmüşdür. Lakin ekskavatoru Bakıya gətirmək üçün pulu olmadığına görə müvəqqəti olaraq həmin şirkətin həyətində saxlamışdır. 2020-ci ilin fevral ayında Yaşar ona zəng edərək ekskavatorun aylıq icarə pulunu istədikdə o, Yaşara hazırda ekskavatorun Hacıqabul rayonunda olduğunu, lakin təmirini başa çatdıra bilmədiyi üçün işlədilmədiyini, ona görə də hazırda icarə pulunu verə bilməyəcəyini bildirmişdir. Həmin vaxt Yaşar bunun ona aidiyyatının olmadığını bildirərək icarə pulunu istəmişdir. Ona görə də Yaşarla aralarında narazılıq yaranmışdır. Daha sonra “TVK” markalı ekskavatoru Quba rayonu, Vəlvələ kəndində yerləşən qum karxanasında olan işə görə hər ayı 3000 manata icarəyə vermişdir. O, həmin “TVK” markalı ekskavatoru Quba rayonundan gətirərək Yaşara təhvil verməyə söz vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs göstərmişdir ki, 2019-cu ilin noyabr ayında o, Yaşara zəng edərək “Novxanı-Binəqədi” yolunun sağ tərəfində sənədləri olmadığına görə ucuz qiymətə “Krokodil” markalı qaldırıcı Kran satıldığını bildirmiş, həmin gün Yaşarla birlikdə gedib adı gedən “Krokodil” markalı qaldırıcı Krana baxmışdılar. O, həmin Kranın sahibi tanışı Rəşad ilə telefon vasitəsilə danışdıqdan sonra 5000 manata almaqları barədə razılığa gəlmişdilər. Həmçinin Yaşarla aralarındakı razılaşmaya görə həmin “Krokodil” markalı kranı özü işlədəcək və hər ay Yaşara 1000 manat icarə pulu verəcəkdir. Həmçinin hər ay 1000 manat Kranın təmirinə və 1000 manat da özünə götürəcəyi barədə razılaşmışdılar. Yaşar ona Binəqədi rayonu, Biləcəri qəsəbəsində həmin “Krokodil” markalı Kranı almağına görə 5000 manat pul vermişdir. O, 5000 manat pulu Novxanı kəndində kranın sahibinə verib kranı götürmüş və işə başlamışdır. Təxminən 1 həftə sonra işlətdiyi “Krokodil” markalı kranın mühərriki istismara yararsız vəziyyətdə düşdüyündən barədə Yaşara bildirdikdən sonra o, yaşadığı evin qarşısına gələrək texnikanın həqiqətən də mühərrikinin dayanmış vəziyyətdə olduğunu görmüş və əsəbiləşərək çıxıb getmişdir. Ona görə də o, zəng edərək “Krokodil” markalı həmin texnikanı 5000 manata aldığı şəxsə qaytarmışdır. Həmin şəxs texnikanın mühərrikini yararsız vəziyyətə salındığını bildirərək 3000 manatı geri qaytarmış, lakin qalan 2000 manatı ödəməkdən imtina etmişdir. O, 3000 manatı həmin gün Yaşarla zəngləşərək Biləcəri qəsəbəsində ona vermiş və mühərriki onlarda olan zaman xarab olduğu üçün sahibinin 2000 manatı vermədiyini bildirmişdir Bundan başqa Təqsirləndirilən şəxs göstərmişdir ki, 2019-cu ilin dekabr ayında Yaşar yenidən ona zəng edərək onda olan “Volvo” markalı ekskavatoru da hər ayı 5000 manata icarəyə vermək istədiyini bildirmişdir. O, Yaşarın “Volvo” markalı ekskavatorunun olduğu Abşeron rayonu, Masazır qəsəbəsindəki qaraja gedib onunla görüşmüşdür. “Volvo” markalı ekskavatora baxdıqdan sonra onun da istismara yararsız vəziyyətdə olduğunu görmüş və Yaşarla aralarında belə bir razılaşma olmuşdur ki, “Volvo” markalı ekskavatoru aparıb təmir etdirəcək, işlək vəziyyətə gətirdikdən sonra isə texnikanın icarə pulu haqqında ortaq bir məxrəcə gələcəklər. O, “Volvo” markalı ekskavatoru evakuator vasitəsilə Bakı şəhəri, Binəqədi rayonuna aparıb ağır texnikaların ustası olan yerə, yəni Yusif adlı şəxsə məxsus metal qəbulu obyektinə qoymuşdur. “Volvo” markalı həmin ekskavatorun yaddaş cihazı tapılmadığına görə təxminən 3-4 ay olar ki, Yusifin obyektində qalmışdır. Bundan sonra polis idarəsinə dəvət olunduğum zaman ona məlum olmuşdur ki, “Volvo” markalı həmin ekskavatorun sahibi olan Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs göstərmişdir ki, “Krokodil” markalı kranı hissə-hissə edərək tanımadığı şəxslərə ümumilikdə 4000 manata satmışdır. Dəymiş ziyan tərəfindən ödənilmişdir. Yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2019-cu ilin iyul-avqust aylarında özünə məxsus “TVK” markalı ekskavatorunun mühərrikini təmir etdirmək məqsədilə həmin texnikanı Etibar adlı ustaya vermişdir. Həmçinin Etibara ekskavatorun mühərrikini təmir etməyi üçün 400 manat vermişdir. Buna baxmayaraq Etibar ondan xəbərsiz təmirə verdiyi texnikanın mühərrikini satmış, nəticədə isə texnika fəaliyyətsiz qalmışdır. Dəfələrlə Etibarla telefon əlaqəsi saxlasa da rayonda olduğunu dediyi üçün “TVK” markalı ekskavatorumun mühərrikini kimə verdiyini, yaxud da kiməsə satdığını aydınlaşdıra bilməmişdir. Buna baxmayaraq Etibarın ondan icazəsiz mühərriki satmağı ilə bağlı polisə şikayət etməmişdir. Həmçinin o, Vasifi də təxminən 3-4 il müddətdir ki, qaldırıcı Kran sürücüsü olması səbəbindən tanımışdır. 24.09.2019-cu ildə Vasif telefon vasitəsilə ona zəng edərək “TVK” markalı həmin ekskavatorunu icarəyə götürmək istədiyini bildirmişdir. Həmin gün o, Vasiflə Abşeron rayonu, Xırdalan şəhəri “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında yerləşən ekskavatorların təmir olunduğu qaraja gedib həmin “TVK” markalı ekskavatorumu göstərmiş və ona həmin ekskavatorun mühərrikinin olmadığını bildirmişdir. Vasif həmin ekskavatora görə onda işlək bir mühərrik olduğunu bildirmişdir. Ona görə də ona 4 ay möhlət verməyini istəmişdir. Belə ki, Vasif 4 ay müddətində özündə olan mühərriki ekskavatora qoyaraq ekskavatoru işlədəcəyi, özünün qoyduğu mühərrikin pulunu çıxartdıqdan sonra, yəni 2020-ci ilin fevral ayının 1-dən etibarən ona ekskavatorun hər ayına görə 2500 manat icarə pulu verməsi barədə onunla razılaşmışdır. 2 gündən sonra Vasif gəlib ekskavatoru evakuatora qoyaraq aparmışdır. 2019-cu ilin noyabr ayında Vasif ona zəng edərək “Novxanı-Binəqədi” yolunun sağ tərəfində yerləşən yük avtomobillərinin qarajında ucuz qiymətə “Krokodil” markalı qaldırıcı Kran satıldığını bildirmişdir. Həmin gün o, Vasiflə görüşüb onunla birlikdə gedib həmin “Krokodil” markalı qaldırıcı Krana baxmışdır. Bundan sonra Vasif həmin Kranın sahibi ilə telefon vasitəsilə danışdıqdan sonra 5500 manata almağı barədə razılığa gəlmişdilər. Vasif həmin “Krokodil” markalı Kranı hər ayı 4500 manata icarəyə verməyə tanıdığı yer olduğunu, sürücüyə aylıq 900 manat verdikdən sonra qalan 3600 manatın onun olacağını bildirmişdir. Həmçinin o da hər ay Vasifə 300 manat verəcəyini nəzərində tutmuşdur. O, Vasifə Abşeron rayonu, Novxanı kəndində həmin “Krokodil” markalı Kranı almağına görə 5500 manat pul vermişdir. Vasif də bildirmişdir ki, həmin 5500 manatı aparıb həmin Kranın sahibinə verib Kranı alacaq və kranın sənədlərini də gətirib ona çatdıracaq və bundan sonra da tanıdığı yerə icarəyə verəcək. Bundan sonrakı günlərdə Vasiflə telefon əlaqəsi saxladığı zaman həmin “Krokodil” markalı Kranı artıq aparıb dediyi yerə icarəyə vermiş olduğunu bildirmişdir. 2019-cu ilin dekabr ayında Vasif yenidən ona zəng edərək onda olan “Volvo” markalı ekskavatoru da hər ayı 5000 manata icarəyə istəmişdir. Həmçinin Vasiflə aralarında belə bir razılaşma olmuşdur ki. həmin “Volvo” markalı ekskavatora görə 1 il hər ay ona 5000 manat icarə pulu verəcək. 1 ildən sonra isə həmin texnika onun olacaq, yaxud da iş olmadığı halda işlətdiyi ayların icarə pulunu verib texnikanı özünə qaytaracaq. Lakin Vasif verdiyi sözlərin heç birinə əməl etməmişdir. Belə ki, ona verdiyi 2 ədəd ekskavatorun və 1 ədəd kranın icarə pullarını ödəməmişdir. Hər dəfə ona zəng etdiyində isə müxtəlif bəhanələr gətirərək həm icarə pullarını verməmiş, həmçinin 2 ədəd ekskavatorunun və 1 ədəd kranının hazırda Hacıqabul rayonunda icarə ilə işlədildiyini bəhanə edərək geri özünə qaytarmamışdır. Ona görə də o, Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edib Vasif adlı şəxsin yerinin müəyyən olunaraq ondan 41900 manat icarə pulunun alınmasını, həmçinin Vasif adlı şəxsin ona icarəyə verdiyi “TVK” və “Volvo” markalı ekskavatorları, eləcə də “Krokodil” markalı qaldırıcı Kranı özünə qaytarması üçün köməklik göstərilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, həmin texnikaları Təqsirləndirilən şəxs icarəyə verərkən şifahi razılaşma əsasında vermiş və Vasifi əvvəllər tanıdığına görə ona etibar etmiş və ona görə də onunla heç bir rəsmi sənəd imzalanmamış, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək həm icarə pullarını vermədiyi üçün, həm də texnikaları geri qaytarmadığına görə o, tanışlarından soraqlaşdılqda “Volvo” markal ekskavatoru Vasif Biləcəri qəsəbəsində metal qəbulu yeri olan Yusif adlı şəxsə satdığı ona məlum olmuşdur. Qalan “Krokodil” markalı kranı və “TVK” markalı ekskavatoru isə kimlərə satması barədə məlumatı yoxdur. Ona görə də Vasifdən onun texnikalarının hazırda olduğu yerə aparmağı tələb etdikdə ona müxtəlif bəhanələr gətirərək texnikalarının hazırda olduğu yeri ona göstərmir. Vasif həmin texnikalarını sənədləri olmadığına görə yəqin ki, istismara yararsız avtomobillərin alındığı yerlərə satmış və yaxud da hal-hazırda həmin texnikaları hardasa işlədərək özünə qazanc götürür və onu da aldadaraq texnikalarını ona qaytarmayaraq dələduzluq yolu ilə ələ keçirmişdir. TVK markalı ekskavatoru təxminən 2017-ci il tarixdə Hacıqabul rayonunda Allahverdi adlı şəxsdən 14000 manata almış və Allahverdi adlı şəxs ona həmin texnikanın sənədlərini verəcəyini deməsinə baxmayaraq sənədləri verməkdən boyun qaçırmışdır. Daha sonra o, “TVK” markalı ekskavatora 18000 manat xərc qoymuş və həmin ekskavatorun halhazırdakı qiyməti 28000 manat təşkil edir. Təqsirləndirilən şəxs “Krokodil” markalı kranı özü tapmışdır və o da 5500 manata onun yanında tanımadığı, lakin Vasifin tanıdığı şəxsdən almış və Vasif də həmin kranı icarəyə verərəcəyi adı ilə apararaq onun icazəsi olmadan satıb ona qarşı dələduzluq edərək pulunu özünə götürmüş və ona da heç bir məbləğdə pul verməmişdir. Hazırda dəymiş ziyan ödənilmişdir. Heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, ekskavator və qaldırıcı kranların mühərrikinin ustası olduğuna görə iş olduğu vaxtlarda Abşeron rayonu, Xırdalan şəhəri, “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında yerləşən ekskavatorların təmir olunduğu qaraja gələrək təmir işləri görür. 2019-cu ilin iyul-avqust aylarında tanıdığı Məhərrəm adlı şəxs ona zəng edərək Zərərçəkmiş şəxs “TVK” markalı, Rusiya istehsalı olan ekskavatorunun Sumqayıt şəhəri, Saray bağlar massivində xarab olub qaldığını bildirmiş və həmin ekskavatoru evakutorla gətirib işlədiyi qarajda mühərrikini təmir etməyini xahiş etmişdir. Ona görə də o, Sumqayıt şəhəri, Saray bağlar massivinə gedib evakuator vasitəsilə Yaşarın həmin “TVK” markalı ekskavatorunu işlədiyi qaraja gətirmişdir. Yaşar ona həmin ekskavatorunun mühərrikini təmir etməyini bildirəndə o, mühərrik yararsız olduğuna görə təmir oluna bilməyəcəyini Yaşara söyləmiş və yeni mühərrik almalı olduğunu bildirmişdir. Həmin vaxt o, Yaşara işlənmiş “Maz” markalı yük avtomobilinə məxsus mühərrikin 400 manat olduğunu bildirmişdir. Yaşar ona 400 manat verdikdən sonra o, rayondan 400 manata işlənmiş mühərrik alıb gətirmişdir. Bundan sonra o, Yaşara həmin mühərrikin ekskavatora yerləşdirilməsi üçün əlavə 1000 manat pul lazım olduğunu demişdir. Lakin Yaşar pulunun olmadığını bildirmiş və rayondan aldığı həmin mühərriki satıb 400 manatını qaytarmağını bildirmişdir. Ona görə də o, müştəri olan kimi mühərriki satıb onun 400 manatını qaytaracağını bildirmişdir. Bundan sonrakı vaxtlarda Yaşar ona 2 dəfə zəng edərək 400 manatını istədikdə o, hazırda rayonda olduğunu və mühərrikin hələ satılmadığını ona bilirmişdir. Buna baxmayaraq 2019-cu ilin oktyabr ayında rayondan qayıtdıqdan sonra əlində pulu olduğuna görə Yaşarın mobil nömrəsinə zəng edib 400 manat pulunu qaytarmaq istəsə də mobil telefonuna zəng çatmadığına görə onunla əlaqə saxlaya bilməmişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs 2019-cu ilin iyul-avqust aylarında mühərrikinin təmir olunması məqsədilə ona təhvil verdiyi “TVK” markalı ekskavatorun mühərrikini ondan icazəsiz olaraq satmamış, belə ki, həmin ekskavatorun üstündən çıxan yararsız mühərriki hazırda işlədiyi sexdədir. Həmçinin həmin mühərrikin yararsız olduğunu bildiyi üçün Yaşar bir o qədər də həmin mühərriklə maraqlanmamış və gəlib götürməmişdir. Ona görə də həmin mühərriki gəlib sexdən təhvil götürə bilər. Əlavə olaraq qeyd etmişdir ki, Yaşara məxsus “TVK” markalı ekskavatorunu Sumqayıt şəhəri, Saray bağlar massivindən evakuatorla gətirdiyi zaman mühərrikin bir çox hissələri də yerində deyildir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı ilə yanaşı ağır texnikaların alışı və satışı ilə də məşğul olur. 2020-ci ilin ilin yanvar ayının sonlarında internet saytlarının birində “Volvo” marakalı ekskavatorun satılması barədə elanı gördükdən sonra ekskavatorun satıldığı, Bakı şəhəri, Binəqədi rayonu ərazisində, “Məmmədoğlu” servisin yaxınlığında yerləşən metal qəbulu, həmçinin istismara yararsız avtomobillərin alındığı yerə getmişdir. Həmin obyektin müdiri Yusif adlı şəxslə birlikdə satışa çıxarılan həmin “Volvo” markalı ekskavatora baxdıqdan sonra 16000 manata almağı ilə bağlı razılığa gəlmişdilər. Həmçinin o, Yusifdən həmin texnikanın sənədləri və qeydiyyat nişanı barədə soruşduqda ona yaxın vaxtda sənədlərini də verəcəyini bildirmişdir. Bundan sonra o, həmin obyektdə Yusif adlı şəxsə 16000 manat ödəyərək həmin “Volvo” markalı ekskavatoru işlək vəziyyətdə olmadığına görə qaldırıcı kran vasitəsilə evakuatora qoyub təmir etdirmək üçün Bakı şəhəri, Xocəsən qəsəbəsi ərazisində yerləşən ekskavatorların təmir qarajına aparmışdır. Bir neçə gündən sonra o, Yusiflə telefon əlaqəsi saxlayıb ondan aldığı texnikanın sənədlərinin hazır olubolmadığını soruşanda o, yenə də bir neçə günə sənədlərin hazır olacağını bildirmişdir. O, həmin texnikaya aid ehtiyat hissələri alsa da texnikanın sənədlərini Yusifdən almadığına görə, həmçinin aldığı həmin texnikanın başqa adama məxsus olduğunu eşitdiyinə görə həmin ehtiyat hissələrini texnikanın üstünə bərpa etdirməmişdir. Qeyd etmişdir ki, “Volvo” markalı həmin ekskavatoru Yusif ona satarkən başqa bir şəxsin mülkiyyətində olması barədə heç bir söz deməmiş, həmçinin bu texnika ilə bağlı heç bir problem yaranmayacağını, eləcə də sənədlərini və qeydiyyat nişanını qısa vaxtda verəcəyini söyləmişdir. Yusif adlı şəxsdən aldığı ”Volvo” markalı ekskavator hazırda Bakı şəhəri, Xocəsən qəsəbəsi ərazisində yerləşən ekskavatorların təmiri qarajındadır. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, 2020-ci ilin yanvar ayının ortalarında tanıdığı Vasif adlı şəxs işlədiyi obyektə gələrək onda istismara yararsız vəziyyətdə olan ekskavator olduğunu və satmaq istədiyini bildirmişdir. O, Vasifə həmin texnikanı işlədiyi yerə gətirməsini və metal kimi ala biləcəyini demişdir. Bundan bir neçə gün sonra Vasif metal kimi satmaq istədiyi həmin ekskavatoru ağır texnikaları daşıyan “Daeman” markalı bir yük maşını ilə işlədiyi obyektə gətirmişdir. O, ekskavatora baxdıqdan sonra həmin texnikanın “Volvo” markalı ekskavator olduğunu, lakin hissələrinin çoxu üstündə olmadığı üçün istismara tam yararsız vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, həmin ekskavatoru 4000 manata almağı ilə bağlı Vasiflə razılığa gəlmişdir. O, Vasifi kran sürücüsü kimi bir neçə ildir ki, tanımağına baxmayaraq həmin vaxt ondan şəxsiyyət vəsiqəsinin surətini almış və işlədiyi obyektdə ona 4000 manat pul vermişdir. Vasifdən həmin ekskavatorun sənədlərini soruşanda ona ekskavatorun sahibinin hazırda xəstə olduğunu, yaxın vaxtlarda sağalan kimi sənədləri gətirib verəcəyini söyləmişdir. Bundan təxminən 1 ay sonra tanıdığı Əhməd adlı şəxs işlədiyi obyektə gələrək Vasif adlı şəxsdən metal kimi aldığı həmin ekskavatoru gördükdən sonra alaraq aparıb təmir etdirmək istədiyini, həmin texnikanın sənədlərinin olub-olmadığını soruşmuşdur. Həmin vaxt o, yenidən Vasifə zəng edib texnikanın sənədlərini soruşanda yenə də yaxın vaxtlarda sənədləri gətirib verəcəyini söyləmişdir. Bundan sonra Əhmədlə belə bir razılığa gəlmişdilər ki, texnikanın sənədlərini Vasif gətirdikdən sonra texnikanı ona 16000 manata satacaq. Buna baxmayaraq texnikanın sənədlərini Vasif gətirənə kimi Əhməd texnikanı aparıb təmir etdirmək istədiyini söyləmişdir. O, Əhmədə razılıq verdiyinə görə sonuncu həmin “Volvo” markalı ekskavatoru evakuator vasitəsilə təmirə aparmışdır. Təxminən 10 gün əvvəl isə Vasif işlədiyi obyektə gələrək ona satdığı həmin “Volvo” marakalı ekskavatoru geri qaytarmağını xahiş etmişdir. O, səbəbini soruşanda ekskavatorun sahibinin problem yaratdığını bildirmişdir. Sonradan isə ona məlum olmuşdur ki, tanıdığı Vasif adlı şəxs qeyd olunan “Volvo” markalı, İşlək vəziyyətdə olmayan ekskavatoru sahibindən icazəsiz olaraq ona satmışdır. Ona görə də o, Əhməd adlı şəxsə zəng edərək ona satmaq istədiyi və hazırda təmir olunması məqsədilə onda olan “Volvo” markalı texnikanı geri qaytarmağı bildirmişdir. Sonra isə həmin ekskavatoru “Daeman” vasitəsilə Vasifin göstərdiyi ünvana, yəni sahibinə məxsus qaraja göndərmişdir. Qeyd etmişdir ki, “Volvo” markalı ekskavatoru Vasif adlı şəxsdən alarkən 4000 manatı ona işlədiyi obyektdə, kassir işləyən Fərahim adlı şəxsin yanında vermiş, aralarında heç bir rəsmi sənəd imzalanmamış, belə ki, Vasif həmin texnikanın sahibinin xəstə olduğunu bildirərək yaxın vaxtlarda sənədlərini gətirəcəyini bildirmişdir. Yuxarıda qeyd etdiyi Əhməd adlı şəxs Şahid2 qohumudur. O, həmin ekskavatoru Rəşada deyil, Əhmədə satmağı ilə bağlı razılığa gəlmişdi, ola bilsin ki, Əhməd də texnikanı sonradan qohumu Rəşada vermişdir. Həmin texnikanı Əhməd adlı şəxsə satmağı ilə bağlı razılığa gəlməyindən Vasifin də məlumatı olmuşdur. Çünki, o, zəng edib Vasifdən sənədləri istəyəndə texnikanı satmaq istədiyini bildirmişdir. Vasif “Volvo” markalı ekskavatordan başqa ona başqa heç bir ağır texnika satmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 fevral 2021-ci il tarixli 120 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş təyinatı üzrə istifadəyə tam yararsız olan 2005-ci il buraxılışlı “Volvo EW 140B” markalı təkərli ekskavatorun 2019-cu ilin dekabr ayına orta bazar qiyməti 9000 manat müəyyən edilir. Zərərçəkmiş şəxs tərəfindən 17.05.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 22.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 08 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin o, qaçıb istintaqdan yayındığı üçün barəsində həmin tarixdə axtarış elan olunmuş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs 25 avqust 2020-ci il tarixdə Abşeron rayon polis idrəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis İdrəsinin müvəqqəti saxlama yerinə təhvil verildiyindən həmin tarixdə cinayət işinin icraatı təzələnərək icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs 25.08.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittaham elan olunmuş, barəsində Abşeron rayon məhkəməsi tərəfindəndən 2 ay müddətinə həbs qətimkan tədbiri seşilmişdir. 200270738 nömrəli cinayət işinin istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən 16 oktyabr 2020-ci il tarixli qərarla 25 oktyabr 2020-ci il tarixdən 25 dekabr 2020-ci il tarixədək, 22 dekabr 2020-ci il tarixli qərarla 25 dekabr 2020-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək uzadılmışdır. Abşeron rayon məhkəməsi tərəfindən 04.09.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş və 25.10.2020-ci il tarixədək müəyyən edilmişdir. Abşeron rayon məhkəməsinin 22.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 25.02.2021-ci il tarixədək uzadılmışdır. İbtidai istintaqın gedişində Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməklə istintaqa gəlmədiyindən, bir sıra istintaq hərəkətlərini həyata keçirmək mümkün olmamış, barəsində 20.01.2021-ci il tarixdə axtarış elan olunmuş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş üzrə Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinə könüllü olaraq gəldiyindən, həmin tarixdə cinayət işinin icraatı təzələnərək icraata qəbul edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı dövründə qaçıb gizləndiyindən Təqsirləndirilən şəxs barəsində axtarış verilməklə həbs qətimkan tədbiri seçilmiş, 15.02.2022-ci il tarixdə isə Xırdalan şəhəri ərazisində tutularaq istintaqa təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 06.05.2016-cı il təvəllüdlü Adil İsmayılov, 02.10.2019-cu il təvəllüdlü Hüseyn İsmayılzadə, 29.03.2014-cü il təvəllüdlü Mənsumə İsmayılova, 06.06.2009-cu il təvəllüdlü Aynur İsmayılova, və 02.10.2019-cu il təvəllüdlü Hamlet İsmayılzadə adlı 5 azyaşlı övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 5 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, dəymiş ziyanın qismən ödənilməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətdikdən sonrakı davranışına, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.08.2020-ci il tarixdən 20.01.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 25 gün, eyni zamanda 15.02.2022-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlandığı 03 ay 02 gün olmaqla ümumilikdə 07 ay 27 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutlmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 357, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.08.2020-ci il tarixdən 20.01.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 25 gün, eyni zamanda 15.02.2022-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlandığı 03 ay 02 gün olmaqla, ümumilikdə 07 ay 27 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla hazırki hökmdə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Abşeron rayonu və Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar