Məhkəmə qərarları › İş №1(012)-261/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-261/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-261/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Tənənən kəndində qеydiyyаtdа оlan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Asfaltzavod ərazisi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25.02.2022-ci il tarixdə saat 24 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Xırdalan dairəsinin yaxınlığında «Avto 999» ehtiyyat hissələri mağazasının qarşı tərəfində, söyüş söydüyünə görə аrаlаrındа yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq və başı ilə qəsdən vuraraq, ona sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, üst çənədə sağda İİİ dişin travmatik laxlaması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs şəxsən tanımır və əvvəllər onunla aralarında heç bir münasibət olmamışdır. Yavəri 25 fevral 2022-ci il tarixdə Binəqədi rayonu, ərazisində Xırdalan dairəsinin yaxınlığında yolun kənarında yerləşən «Aşıqlar» kafesində görmüşdür. Həmin kafeni işlədən Lətif adlı tanışının deməsinə görə Yavər sonuncunun xalası oğludur. 25.02.2022-ci il tarixdə saat 23 radələrində dostu Zabitlə Xırdalan dairəsində «Dostlar» kafesində pivə içdikdən sonra Lətifin işlətdiyi «Aşıqlar» kafesinə çay içməyə getmişlər. Orada çay içəkən Lətifin yanında tanışları olmuşdur.. Zərərçəkmiş şəxs isə bir qadın və bir kişi ilə kafedə yeyib içirmişlər. Lətif ona 10 dəqiqəlik işi olduğunu, mümkünsə dəftərə sifariş olsa qeyd etməsini xahiş etmişdir. O, Lətifə etiraz etməmişdir. Kafedə olarkən orada işləyən tanıdığı Sədaqət adlı qızla zarafat edərkən Yavər heç bir səbəb olmadan ona yaxınlaşıb qızdan nə istədiyini soruşmuşdur. Yavər ona «Lətifin qohumuyam, Lətif yoxdursa kafedə biz varıq» deyə bildirmişdir. O, Yavərə qızla aralarında olan məsələnin sonuncuya heç bir aidiyyəti olmadığını, gedib istirahətini etməsini demişdir. Yavərə Sədaqəti çoxdan tanıdığını və zarafat etdiyini demişdir. Yavər və yanında əyləşən şəxs onunla mübahisə etmişlər və kafedən çıxıb onlarla söhbət edib Lətifi çoxdan tanıdığını və münasibətlərinin yaxşı olduğunu demişdir. Onlar içkili olduqları üçün mübahisə etməyin lazım olmadığını başa salmış və Sədaqətlə aralarında zarafat olmasını demişdir. Sonra o, dostu Zabitin Yavər və onun yanında oturan kişi və qadınla mübahisə etməsini görmüşdür. O, Zabiti kənara çəkib onu sakitləşdirmiş və mübahisə etməsinin səbəbini soruşmuşdur. Zabit isə ona heç nə deməmiş və kafedən çıxıb evə getmək istəyəndə Zabit Yavərin və yanında əyləşən qızın onun arxasınca var-yox söyüşü söydükləri üçün onlarla mübahisə etməsini bildirmişdir. Yavərin və yanında oturan şəxslərin onun arxasınca söyüş söymələri səbəbindən o, kafeyə tərəf gedəndə Zabit onların kafedən çıxıb Xırdalan dairəsinə tərəf getdiklərini bildirmişdir. Zabitlə həmin istiqamətdə getmiş və Yavərin yanında olan tanışları ilə dayanıb söhbət etmələrini görüb onlara yaxınlaşmışlar. Yavərdən onun arxasınca niyə görə var-yox söyüşü etmələrini soruşmuşdur. Yavər isə ona özünə söydüyünü, ona söymədiyini demişdir. Həmin vaxt əgər onun ünvanına söyüş söyən olubsa o, da həmin şəxsin varyoxunu söyürəm demişdir. Oradan getmək istəyəndə Yavərin dostu ona yaxınlaşıb Yavərə fikir verməməsini, içkili olmasını və yerli olduqlarını deyib mübahisə etmələrini ayıb bilmişdir. Həmin şəxsə heç bir söz deməyib dostu Zabitlə söhbət edib sonuncunu yola salmaq istəmişdir. Həmin vaxt Yavər onun üstünə gəlib mübahisə etmək istəmiş, lakin dostu Yavəri aralaşdırıb aparmışdır. Buna baxmayaraq Yavər bir neçə dəfə onunla mübahisə etməyə cəhd edərək əl atıb yaxasından tutub dartmış və onu vurmaq istəyəndə başı ilə Yavərin sifət nahiyəsinə zərbə endirmişdir. Sonra oradan çıxıb getmişdir. Yavər özü onunla mübahisə etmişdir, onun Yavərlə mübahisə etmək fikri olmamışdır. Sadəcə onun arxasınca söyüş işlətdiyi və bunun səbəbini aydınlaşdırmaq üçün Yavərlə görüşmüşdür.Həmin vaxt Yavər söyüşü özünə söydüyünü bildirmiş və o, Yavərə heç bir söz deməmişdir. Yavərlə aralarında mübahisə Xırdalan dairəsinin yanındakı Mars marketin yanında saat təxminən 24 radələrində baş vermişdir. Həmin vaxt orada dostu Zabit və Yavərin dostu olmuşdur. Mübahisə zamanı Yavər yaxasından tutub dartmışdır və onu vurmaq istəyəndə imkan verməmiş və başı ilə sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt o, Yavəri yumruqla vurmamış, yalnız başı ilə bir dəfə zərbə vurmuşdur ki, onu buraxsın. Həmin vaxt Yavər onu vurmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə Bakı şəhərinə qızıgilə qonaq gəlmişdir. Şəxsi işi ilə bağlı bir-neçə gün Bakı şəhərində qalmalı olmuşdur. 25 fevral 2022ci il tarixdə Xırdalan şəhərində yaşayan xalası oğlu Lətiflə görüşmək üçün sonuncunun işlədiyi, Bakı-Sumqayıt yolunun Masazır kəndindən keçən hissəsində yolun kənarında yerləşən kafeyə çay içməyə gəlmişdir. Kafedə olarkən sonradan adının Anar olduğunu bildiyi şəxsin dostu ilə orada çay içdiyini görmüşdür. Kafedə onunla birlikdə əyləşən dostunun tanışı olan qadın sərxoş olması səbəbindən söyüş işlətmiş, Anar həmin vaxt kafedə söyüş söyməməsini dediyi üçün aralarında söz mübahisəsi yaranmışdır. Sonra Anarla danışıb mübahisəyə son qoymuşdur. Saat təxminən 23 radələrində Lətiflə görüşüb oradan çıxıb, Xırdalan dairəsinin yanındakı dayanacağa tərəf gəlmişdir. Mars marketdən siqaret alıb «Avto 999» ehtiyyat hissələri mağazasının qarşısında dayanıb dostu ilə siqaret çəkmişdir. Həmin vaxt bir az əvvəl Lətifin kafesində gördüyü Anar sərxoş vəziyyətdə onlara yaxınlaşmışdır. Anar kafedə onların yanında əyləşən qadının ünvanına söyüş söyməsini bildirmiş, o, Anara həmin qadının onları söyməsini demişdir. Dostu çıxıb gedəndən sonra Anar söyüş söydüklərini bildirərək onun ünvanına söyüş söymüş, o, Anara özünü yığışdırmasını və onu tanımadığı halda nə üçün söyüş söydüyünü soruşmuşdur. Həmin vaxt Anar qəfildən yumruqla sol gözünün alt hissəsinə zərbə endirmiş və yaxasından tutub 3-4 dəfə başı ilə sifətinə zərbə endirib sonra onu buraxıb qaçaraq oradan uzaqlaşmışdır. Zərbə nəticəsində sifətindən və dişindən xəsarət almışdır. DİN-nin 102 xidmətinə zəng vuraraq Anarın onunla münaqişə etməsi barədə məlumat vermişdir. Bundan sonra isə evə getmişdir. Anarı əvvəl tanımamış, sonuncunu ilk dəfə Lətifin kafesində görmüşdür. Həmin vaxt Anar sərxoş vəziyyətdə olmuşdur. Anar sərxoş olduğundan güya onu söydüyünü bildirib onu söyüb, sonra yumruq və baş zərbələri ilə Xırdalan dairəsində «Avto 999» mağazasının qarşısında vurmuşdur. Həmin vaxt gecə olduğu üçün orada kənar şəxslər olmamış və onların mübahisə etmələrini görən olmamışdır. Aralarındakı mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 3 ildir ki, dostluq edir. 25 fevral 2022-ci il tarixdə Anarla Xırdalan şəhərində görüşüb Xırdalan dairəsinin yanında yerləşən «Dostlar» kafesinə pivə içməyə getmişlər. Saat təxminən 22 radələrində həmin kafedən çıxıb Binəqədi rayonu ərazisində yerləşən Lətif adlı tanışlarının işlətdiyi «Aşıqlar» kafesinə çay içməyə getmişlər. Kafedə oturub çay sifariş vermişlər. Həmin vaxt kafeni işlədən Lətif Anardan xahiş etmişdir ki, 10-15 dəqiqəlik işi var,gələnə qədər kafedə dəftərə nəzarət etsin. Anar da Lətifin sözünə etiraz etməmiş və masasında oturub sifarişləri qeyd etmişdir. O, kafedə masada əyləşib çay içmişdir. Həmin vaxt kafedə ofisiant işləyən Sədaqətlə Anarın nəsə zarafatyana mübahisə etmələrini görmüşdür. Bu vaxt kafedə digər masada əyləşən 2 nəfər kişi və bir nəfər qadın olan stoldan arıq uzun kişi Anara «Lətifin qohumuyam niyə görə qızla mübahisə edirsən» deyərək səslənmişdir. Həmin kişi Anarın üstünə gəlib söz mübahisəsi etməyə başlamışdır. Anar həmin kişiyə «Lətifin qohumusan çox yaxşı, bizdə Lətifin tanışlarıyıq onun xahşinə görə dəftərdə qeyləri aprıram» demişdir. Anar Sədaqətlə aralarında olan mübahisəsinin ona aid olmadığını demiş və gedib istirahət etməsini bildirmişdir. Həmin şəxs içkili olduğu üçün mübahisəni davam etdirməyə çalışdığı üçün o, onlara yaxınlaşmış və mübahisə etməməsini, kənar adam olmadıqlarını demişdir. Həmin şəxslə danışıb başa saldıqdan sonra onlarla razılaşıb öz masalarında əyləşmişlər. Sonra onu öz masalarına dəvət etmişlər. O, həmin şəxslərlə oturanda bir az əvvəl Anarla mübahisə edən şəxs Anarla olan məsələni yenidən müzakirə etməyə başlamışdır. O, həmin şəxsə bu barədə söhbət etdiklərini və məsələnin bağlandığını, yenidən mübahisə etməyə ehtiyac olmadığını demişdir. Anar onun həmin şəxslə söz mübahisəsi etməsini görüb onlara yaxınlaşmış və o, mübahisə olmasın deyə Anara narahat olmamasını demişdir. Həmin vaxt onlarla əyləşən qız hər ikisinə söyüş söymüşdür. Həmin şəxslər isə qızın söyüşünə reaksiya verməmişlər. O, Anarla qıza və yanındakı şəxslərə kafedə söyüş söyməməsini müştərilərdən ayıb olduğunu demişlər. Onlar hər üçü içki içmişdilər. Mübahisə olacağını görüb Anara kafedə qalmalarının məsləhətli olmadığını demişdir. Həmin vaxt qızın yanında olan iki nəfər şəxs Anardan Lətifin qardaşının harada olmasını soruşmuşlar.Anar onları Lətifin qardaşının oturduğu masaya tərəf aparanda həmin qızın Anarın ünvanına nalayiq söyüş söydüyünü eşidib ona iradını bildirmişdir. Anarı çağırıb evə getmələrini demişdir. Onlar kafedən çıxanda qadınla oturan həmin şəxslər onun üstünə gəlib qızı niyə görə narahat etdiyini soruşmuşlar. O, qızın söyüş söydüyü üçün iradını bildirdiyini demişdir. Həmin iki nəfər şəxs qızla birlikdə kafedən çıxıb getmişlər. Onlar Lətifə qohumlarının onlara hörmətsizlik etdiklərini bildirmişlər. Lətif onlara məhəl qoymamışdır. Təxminən 15 dəqiqə sonra Anarla kafedən çıxıb evə getmək üçün Xırdalan dairəsinə gəlmimşiər. Orada Mars marketin yanında bir az əvvəl kafedə onlaprla mübahisə edən şəxsləri görmüşlər. Həmin qız onları görüb yenə də söyüş söyməyə başlamışdır. Onlar həmin şəxslərə yanındakı qadının içkili olmasını, evinə aparmalarını demişlər. Onlar isə qadının onları söydüyünü demişlər.. Anar isə həmin şəxslərə «əgər mənə söyürsünüzsə məndə həmin söyüşü sizin ünvanına söyürəm» demişdir. Həmin vaxt qız onlardan ayrılıb getmişdir. Bundan sonra iki nəfr şəxs bizə yaxınlaşıb yenidən söz mübahisəsi etmişlər. O, Anarla mübahisə edən arıq hündürboy şəxsi sakitləşdirib çıxıb evinə getməsini, mübahisə yaratmamasını demişdir. Buna baxmayarq həmin şəxs yenidən Anarın yanına gəlib Anara «onu nahaqdan söydüyünü, «güya özü-özün söydüyünü demişdir. Həmin şəxsi oradan uzaqlaşdırmış, sonra həmin şəxsin yanındakı digər şəxsin yolun digər tərəfinə keçib getdiyini görmüşdür. Bu vaxt Anarla mübahisə edən şəxs qəfil onun üstünə cumub yaxasından dartıb vurmaq istəmişdir. Həmin vaxt Anar başı ilə onun sifətinə zərbə vurmuşdur. O, Anarı ondan kənarlaşdırmışdır. Həmin şəxsi isə aparıb yola salmışdır. Sonra isə Anarı evə yola salıb özü də evə getmişdir Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin 05.03.2022-ci il tarixdə verdiyi 439 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, üst çənədə sağda İİİ dişin travmatik laxlaması bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 25.02.2022-ci il tarixdə dava- dalaş zamanı yumruq zərbəsi ilə vurma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 17.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin 23.12.2021-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.8-cü bəndinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasından azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən 25.04.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar