Məhkəmə qərarları › İş №1(012)-262/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-262/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-262/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Babək küçəsi, ev 28-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə, saat 06:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə 0,649 qram çəkidə olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısfna (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək, Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsinə gələrək həmin psixotrop maddəni üzərində daşımış və üzərində saxlamış xx.xx.2023-cü tarixdə saat 08:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində olarkən Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib, bölmənin inzibati binasında xidməti otaqda üzərinə keçirilən şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 0,649 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək,istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki,hal-hazırda subaydır və heç bir yerdə işləmir. İş düşəndə fəhlə kimi müxtəlif yerlərdə, əsasəndə Sumqayıt şəhərində yerləşən daş bazarında işləyir. Halhazırda bildirmişdir ki, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə digər bir cinayət işi ilə də istintaqı gedir. Bundan başqa, əvvəllər məhkum olunmamışdır. O, ünvan 2 ünvanında qeydiyyatda olsa da, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ünvan 3 ünvanında anası ilə birlikdə yaşayır. Keçirilmiş tədbirlə əlaqədar onu bildirmişdir ki, təxminən 1-2 ildir ki, psixotrop maddə adlanan metamfetamindən istifadə edir. Bədənində ağrılar olduğu üçün psixotrop maddə adətən ona sakitləşdirici təsir göstərir. O, bildirmişdir ki, psixotrop maddə metamfetamini adətən folqa adlanan kağız üzərində çəkməklə istifadə etmişdir. Psixotrop maddəni müxtəlif ünvanlarda tanımadığı şəxslərdən almışdır. 21. 08.2023-cü il tarixdə səhər tezdən saat 06:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən bir nəfər şəxslə söhbət edən zaman həmin şəxsin psixotrop maddə aludəçisi olduğunu görmüşdür. O, həmin şəxslə söhbət edən zaman, həmin şəxs ona uzun illərdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. O, da həmin şəxsə psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona pul müqabilində psixotrop maddə təşkil edə biləcəyini bildirmişdir. O, həmin şəxslə razılaşmış və ona, 20 manat pul vermişdir və O, oradan getmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin şəxs onun yanına geri qayıtmışdır və ona bir ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristalşəkilli maddə gətirmişdir. O, həmin şəxsdən həmin maddənin nə olduğunu soruşub dəqiqləşdirmək istədikdə, həmin şəxs ona “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, həmin bükümün içərisinə baxıb onun metamfetamin olduğunu görmüşdür. Daha sonra həmin bükümü alıb əynində olan tünd boz rəngli, cins şalvarımın sağ yan cibinə qoymuşdur ki, ondan istifadə etsin. Daha sonra həmin şəxslə sağalloşaraq bir müddət həmin ətrafda gəzdikdən sonra oradan uzaqlaşıb piyada şəkildə Saray qəsəbəsinə getmişdir. Həmin tarixdə təxminən saat 08:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsi ilə getdiyi zaman qarışdan iki nəfər şəxsin gəldiyini görmüşdür. O, üzərində psixotrop maddə olduğundan həmin şəxslərin onunla üzbəüz gəldiyini görüb dərhal həmin küçədən uzaqlaşmağa başlamışdır. Həmin şəxslər ona çataraq onu saxlamış və daha sonra özlərini təqdim edərək xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişdir. Həmin şəxslər ondan niyə onları görən kimi uzaqlaşaraq qaçdığını soruşduqda o, da həmin şəxslərə üzərində psixotrop maddə metamfetamin olduğunu, ona görə də qorxub uzaqlaşdığını bildirmişdir. Daha sonra polis əməkdaşları ona onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirdikdə o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Saray PB-nə getmişdir. Polis bölməsinə gətirildikdən sonra ona hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. Polis bölməsində ona üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat verilmişdir və o, üzərində axtarış keçirilməsinə etiraz etməmişdir. Polis bölməsinin inzibati binasında xidməti otaqların birində video çəkilişlə, müdafiəçisinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulduqda o, əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxardıb təqdim etmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofan bükümünə orada olan polis əməkdaşlarının, müdafiəçisinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulduqda o, həmin bükülüdə “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 21,08.2023-cü il tarixdə saat 06-07 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçisinin tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Abşeron RPİnin Saray PB-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir. 21,08.2023-cü il tarixdə polis serjantı Şahid2lə birlikdə Abşeron rayonu saray qəsəbəsində xidməti ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə edərək həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişdirlər və ona üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişdirlər. Həmin şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Saray PB-də həmin şəxsin xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Onunla proflaktik söhbət aparan zaman o, narkotik istifadəçisi olduğunu və üzərində psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülü qablaşdırılıb, möhürlənib və üzərində qeydlər aparılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün nə olması və haradan əldə etməsi soruşulduqda O, həmin bükülünün psixotrop maddə metamfetamin olduğunu və onu şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Abşeron RPİ-nin Saray PB-də sahənin polis nəfəri, polis serjantı vəzifəsində işləyir. 21,08.2023-cü il tarixdə polis baş leytenantı Şahid1 ilə birlikdə Abşeron rayonu saray qəsəbəsində xidməti ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə edərək həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişdirlər və ona üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişdirlər. Həmin şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Saray PB-də həmin şəxsin xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Onunla proflaktik söhbət aparan zaman o, narkotik istifadəçisi olduğunu və üzərində psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülü qablaşdırılıb, möhürlənib və üzərində qeydlər aparılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün nə olması və haradan əldə etməsi soruşulduqda O, həmin bükülünün psixotrop maddə metamfetamin olduğunu və onu şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2023-cü il tarixli, 6/4466 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №246" dairəvi möhür əksi və "...Şübhəli şəxs P.İbrahimov -imza, üç- imza, Tərtib etdi: E.Əsgərov-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,649 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxildirlər. Məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2023-cü il tarixli, 5543 № rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 avqust 2023-cü il tarixli protokoldan və diskə baxış zamanı görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİNnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Başqa cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)- 895/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli hökm çıxarılan 29 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsi ilə əlaqəadr cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyan məcburi müalicəyə ehtiyacı olduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,599 qram qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış video-görüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05(beş)ay, 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Başqa cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)- 895/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi hökm elan olunan 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 0,599 qram qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar