Məhkəmə qərarları › İş №1(012)-262/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-262/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-262/2025 04.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, “MD-23” yaşayış massivi, M.Allahverdiyev küçəsi ev-7, mənzil 2-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhər qəbirsanlığında istintaqa məlum olmayan mənbədən 01 ədəd keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal edilmiş 01 ədəd 5,45 mm kalibirli, «Kalaşnikov» konstruksiyalı, nömrəsi silinmiş AK-74 modelli yivli odlu silah olan, texniki cəhətdən saz və atəşə yararlı avtomatı, 01 ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan, zavod üsulu ilə hazırlanmış, 5,45x39 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı darağı və 06 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibirli, “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı olan atəş üçün yararlı patronu qanunsuz olaraq əldə edib, ağ-qara-qırmızı damaları olan parça materialdan hazırlanmış çantada saxlayıb daşımış və üzərində gəzdirmiş, Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşlarının 25 yanvar 2024-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev adına parkın yaxınlığında saxlanıraq Abşeron rayon polis isdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 20:55-dən saat 21:10-dək üzərində şəxsi axtarış keçirilərkən ondan qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd avtomat silahı, bir ədəd avtomat silahın komplekt hissəsi olan daraq və altı ədəd avtomat patronu aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu qorxudaraq hədəqorxu gəlmiş, o da məcbur qalaraq «Kalaşnikov» konstruksiyalı AK-74 modelli istifadəyə və atəşə yararlı avtomat silahı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan istifadəyə yararlı daraq və 06 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli, döyüş sürsatı olan patronun ona məxsus olması barədə etirafedici ifadə vermişdir. Özünü elan olunmuş ittiham üzrə CM-in 228.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “MD-23” yaşayış massivi, Allahverdiyev küçəsi ev-7, mənzil 2-də yaşayır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında mərhum atasının məzarını ziyarət etmək üçün Xırdalan şəhərində yerləşən qəbrisanlığa getmiş, ziyarətdən evinə qayıdarkən qəbrisanlıqda kolun dibində olan qarışıq rəngli çanta diqqətini cəlb etdiyinə görə həmin çantaya yaxınlaşıb içərisinə baxmış və orada bir ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron olan daraq olduğunu görüb, həmin çantanı silahla birlikdə götürüb, əvvəlcə könüllü olaraq polisə təhvil vermək istəmiş, lakin həbs olunmaqdan qorxduğu üçün təhvil verməyib fikrindən daşınıb həmin silahı çanta ilə birlikdə yaşadığı evə aparıb gizlətmişdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 18:30 radələrində həmin silahı götürüb Xırdalan qəbrisanlığına götürdüyü yerə aparmaq qərarına gəlmiş və bu məqsədilə Xırdalan qəbrisanlığına getmək üçün içərisində avtomat silah olan həmin çantanı götürüb yaşadığı evdən çıxıb qəbirsanlığa getmək üçün piyada hərəkətə başlamış, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığından keçərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib, qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Oradakı xidməti otaqların birində ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da əlindəki çantada avtomat silahı olduğunu bildirib, həmin qarışıq rəngli çantada olan bir ədəd “AK-74” markalı avtomat silahı, bir ədəd darağı və 6 ədəd patronu təqdim edib, həmin silahı və patronları xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbrisanlığına atasının məzarını ziyarət etməyə getdiyi vaxtı atasının məzarının yaxınlıındakı kolluqdan tapdığını və xx.xx.2024-ci il tarixdə həmin silahı tapdığı yerə qoymaq üçün yenidən Xırdalan şəhərində yerləşən qəbrisanlığa gedərkən polislər tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra polislər onun təqdim etdiyi həmin avtomat silaha, darağa və patronlara baxış keçirib ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırıb götürmüşlər. Sonra bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar həmin protokolda yazılanların doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “MD-23” yaşayış massivi, M.Allahverdiyev küçəsi ev-7, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi barədə məlumat almış və idarə rəhbərliyinə məruzə etdikdən sonra bəzi sənədləşmə işləri aparıb, iş yoldaşı Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ilə birlikdə həmin məlumatın dəqiqliyini yoxlamaq üçün saat 19 radələrində avtomobilə minərək Təqsirləndirilən şəxs yaşadığı ünvan istiqamətində getməyə başlamışdır. Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında olduqları vaxtı Təqsirləndirilən şəxs əlində ağ-qara-yaşıl damalı qarışıq rəngdə çanta ilə piyada getdiyini görüb, sonuncuya yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz silah saxlamaqda şübhəli olduğunu söyləyib, üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Abşeron RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də əlindəki çantada bir ədəd avtomat silahı və 06 ədəd patron olduğunu deyib, heç bir etiraz etmədən onlarla birlikdə Abşeron RPİ-nə getmişdir. Bu barədə idarə rəhbərliyinə məruzə edildikdən sonra inzibati binanın xidməti otaqlarının birində təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini söyləmişlər. Bundan sonra həmin otağa təhqiqatçı tərəfindən vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əlindəki çantasını açıb oradan bir ədəd taxta qundaqlı “Kalaşnikov” markalı avtomat silahı, həmin silaha aid olan bir ədəd dəmir darağı, 06 ədəd patronu götürüb təqdim etmiş və həmin silah-sürsatı xx.xx.2024-cü il tarixdə səhər saatlarında mərhum atasının məzarını ziyatrət edib evə qayıdarkən Xırdalan şəhərində yerləşən qəbristanlıqda kolluqdan tapdığını və həmin silahı çanta ilə birlikdə özü ilə götürüb yaşadığı evə aparıb gizlətdiyini, xx.xx.2024-cü il tarixdə həmin silahı yenidən tapdığı yerə qaytarıb qoymaq üçün çanta ilə birlikdə götürüb Xırdalan şəhər qəbirsanlığı istiqamətində piyada gedərkən Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev adına parkın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da sonuncunun üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Bunun ardınca onlar Muxtarın Abdullayevin təqdim etdiyi həmin avtomat silahına və daraqla patronlara baxış keçirmişlər. Sonra həmin avtomat silahı, daraq və patronlar ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar həmin protokolda yazılanların doğru olduğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik inspektoru X4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 24/192 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim erilmiş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 5,45 mm kalibirli “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomatdır, yivli-odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, 5,45x39 mm kalidrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibirli olmaqla “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim olunmuş 06 ədəd 5,45x39 mm kalibirli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Daxili İşlər Nazirliyinin Kriminalistik təhqiqatlar idarəsinin istintaq materillarına əlavə edilmiş məktubundan görünür ki, təqdim olunmuş 01 ədəd 5,45 mm kalibrli, nömrəsi silinmiş “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış gill-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, 128-59488-1123 saylı əməliyyat tapşırığına cavab məktubdan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən bır sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq xx.xx.2024-cü ildə saat 20 radələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürlmüş 01 ədəd “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli, atəşə yararlı avtomat silahını, 01 ədəd “Kalaşnikov” konstruksiyalı silahın hissəsi olan istifadəyə yararlı darağı və 06 ədəd patronu hansı məqsədlə, nə vaxt və haradan əldə etməsini məyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il, 11 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək ev dusataqlığı qətimkan tədbiri seçilərək məhkəmə zalında həbsdən azad edilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqa gəlmədiyinə görə xx.xx.2024-cü il tarixdə haqqında axtarış elan edilmis və cinayət işinin icraatı o, tutulanadək dayandırılmışdır. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci tarixli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan X1 rayon məhkəməsinin 1 (012)-193/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlıaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum M.Allahveriyevin cəzası, Azərbaycan Respublikasının Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan olunması haqqında” xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə Abşeron Rayon Məhkəməsinin 7(012)-81/2022 nömrəli qərarı ilə 01 (bir) il azadılmışdır. Məhkum M.Allahverdiyev barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza müddəti xx.xx.2022-ci il tarixində başa çatdığına görə, onun üzərində probasiya nəzarəti dayandırılaraq Sumqayıt şəhər Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, «Kalaşnikov» konstruksiyalı AK-74 modelli istifadəyə və atəşə yararlı avtomat silahı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan istifadəyə yararlı daraq və 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli, döyüş sürsatı olan patron Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əlindəki ağqara-yaşıl damalı qarışıq rəngli çantasından bir ədəd taxta qundaqlı “Kalaşnikov” markalı avtomat silahı, həmin silaha aid olan bir ədəd dəmir daraq və avtomat silahına aid olan 06 ədəd patron polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünü müdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır, soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq məhkəmə istintaqında ifadəsində üzərindən aşkar edilən “Kalaşnikov” markalı avtomat silahı, həmin silaha aid olan bir ədəd dəmir daraq və avtomat silahına aid olan 06 ədəd patron ona məxsus olmadığını, ona görə da ona elan olunan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini bildirsə də bir ədəd «Kalaşnikov» konstruksiyalı AK-74 modelli istifadəyə və atəşə yararlı avtomat silahı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan istifadəyə yararlı daraq və 06 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli, döyüş sürsatı olan patronın təqsirləndirilən şəxsdən aşkar edildiyi zaman tərtib olunmuş protokolda və həmin bir ədəd «Kalaşnikov» konstruksiyalı AK-74 modelli istifadəyə və atəşə yararlı avtomat silahı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan istifadəyə yararlı daraq və 06 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli, döyüş sürsatı olan patronun qablaşdırılıb qoyulduğu zərfin üstündə imza etmiş, sadalanan istintaq hərəkətləri onun və müdafiəçisinin iştirakı ilə video çəkliş aparılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman narkotik vasitənin və bir ədəd «Kalaşnikov» konstruksiyalı AK-74 modelli istifadəyə və atəşə yararlı avtomat silahı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan istifadəyə yararlı daraq və 06 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli, döyüş sürsatı olan patronunun ona məxsus olmasını təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərlkən Azərbaycan Respublikası CMin 59-cu maddəsinə əsasən müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hal nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək həbsdə və ev dustaqlığında olduğu 02 ay 24 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, maddi sübut olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq «Kalaşnikov» konstruksiyalı AK-74 modelli istifadəyə və atəşə yararlı avtomat silahı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan istifadəyə yararlı daraq və 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli, döyüş sürsatı olan patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir; bir ədəd SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək həbsdə və ev dustaqlığında olduğu 02 ay 24 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də maddi sübut kimi saxlanılan «Kalaşnikov» konstruksiyalı AK- 74 modelli istifadəyə və atəşə yararlı avtomat silahı, bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olan istifadəyə yararlı daraq və 03 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli, döyüş sürsatı olan patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar