Məhkəmə qərarları › İş №1(012)-263/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-263/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-263/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2, zərərçəkmiş şəxs Mustafayeva Şəlalə İman qızının iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, məhkəmənin hazırlıq iclasının 19.03.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, 28.01.2021-ci il tarixdə saat 18 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində olmuş Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən fərdi yaşayış evinin həyətində sonuncu ilə aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan çoxsaylı şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla və daha sonra həmin evin yataq otağında əvvəlcədən üzərində olan istintaqla müəyyən edilməmiş, iti deşici-kəsici xassəyə malik bıçaqla qarın nahiyəsinə bir dəfə vuraraq, ona sağ üst göz qapağı, sağ gözaltı nahiyənin qançırları, qarın nahiyəsinin ön səthinin 1 (bir) ədəd qarın boşluğuna nifuz etməyən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurub qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, 2015-ci ildə tanıdığı Zərərçəkmiş şəxs ilə dini nikaha girmiş və həmin vaxtdan sonuncu ilə birlikdə əvvəllər özünun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evlərində, daha sonra isə Şəlalənin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evdə yaşamışlar. Şəlalə ilə münasibəti həmişə normal olmuş, sonuncu ilə heç bir ədavəti və düşmənçilikləri olmamışdır. Son vaxtlar Şəlalə ilə münasibətiləri pisləşmişdir. Buna səbəb isə onun başqa bir qızla münasibət qurması olmuşdur. Şəlalə bundan narazı olduğu üçün aralarında sözlə mübahisələri olmuşdur. 28.01.2021-ci il tarixdə səhər saat 11 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı evinə gəlmiş, lakin həmin vaxtı özü evdə olmamışdır. Bu səbəbdən birlikdə yaşadığı Pərvin və sonuncunun qardaşı Hilal ilə Şəlalənin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evinə getmişdir ki, Şəlalənin onun evinə gəlməsinin səbəbini öyrənsin. Orada olan zaman Şəlalə “sən Pərvindən üz döndər və mənimlə yaşa” sözlərini demişdir. Bu zaman Pərvin ilə Şəlalə bir birlərinə söyüş söymüş və Şəlalə onun da ünvanına nalayiq ifadələrə işlədən zaman evin qarşısında Şəlalənin sifət nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Bundan sonra Şəlalə onu təhqir edərək qaçıb evə girmiş, həmin vaxt Şəlalənin arxası ilə qaçmış və yataq otağında üzərində olan qara dəstəkli yağ bıçağı ilə Şəlalənin qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Daha sonra Şəlaləgilin evini tərk etmiş və üzərində olan bıçağı yolda tullamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci ildə adını çəkmək istəmədiyi şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2013-cü ildə bir oğlan övladları dünyaya gəlmişdir. 2018-ci ildə isə rəsmi olaraq həmin şəxslə boşanmışdır. Elə həmin ərəfələrdə sinif yoldaşı olan Təqsirləndirilən şəxs ilə qeyri rəsmi yaşamağa başlamış, Kamal ilə o, bir yerdə cəmi bir ay yaşamışdır. Kamalın anası narazı olduğundan Kamal ilə birlikdə ola bilməmiş, bu səbəbdən anası ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. Anası evdə olmayan zamanlar Kamal evilərinə gəlib-gedirmiş. 2020-ci ilin sentyabr ayında Kamalın öz evinə başqa bir qız, Pərvin Kərimovanı gətirdiyni eşidib, Kamalın «WhatsApp» nömrəsinə yazaraq sonuncuya öz iradını bildirmişdir. Kamal ona, həmin qızın yaxınlarda evdən gedəcəyini bildirmiş, lakin Pərvin Kamaldan əl çəkmədiyinə görə Kamal ilə onun sözlə mübahisələri davam edirmiş. Bundan sonra 28.01.2021-ci il tarixdə saat 18 radələrində o, evdə olduğu zaman, Kamal yaşadığı X3 və sonuncunun qardaşı Hilal adlı şəxslə birlikdə yaşadığı ünvana gəlmişlər. Evin həyətində Pərvin ona artıq Kamal ilə yaşadığını və nə səbəbdən onları narahat etdiyini ondan soruşmuşdur. O, Pərvinə Kamal ilə dini nikahıları olduğunu bildirdikdən sonra, Kamal həyətdə onun üstünə hücum çəkmiş, o, Kamalın yaxasından tutmuş və həmin anda Kamal onun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Bundan sonra onlar evin yataq otağına keçmişlər və orada o, qarın nahiyəsində istilik hiss etmişdir. Qarın nahiyəsinə baxan zaman, qarnından qan gəldiyini görmüşdür. O,başa düşmüşdür ki, yataq otağında Kamal onu kəsici alətlə vurmuş və Kamal oradan çıxıb getdikdə, sonuncunu səsləmiş ki, ona kömək etsin, lakin X4 qolundan tutub Kamalı geriyə çəkmiş və Kamal da Pərvin və Hilal ilə birlikdə çıxıb getmişlər. Bundan sonra o, təcili tibbi yardıma zəng vurmuş və TTY-nın əməkdaşları onu Bakı şəhər Kliniki xəstəxanasına aparmış, orada onun yarasına tikiş qoyulmuş və səhəri gün, yəni 29.01.2021-ci il tarixdə xəstəxanadan evə buraxılmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci ildə qızı Şəlalə adını çəkmək istəmədiyi şəxslə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2013-cü ildə bir oğlan övladıları dünyaya gəlmişdir. 2018-ci ildə Şəlalə rəsmi olaraq həmin şəxslə boşanmışdır. Elə həmin ərəfələrdə qızı Şəlalə öz sinif yoldaşı Təqsirləndirilən şəxs ilə qeyri rəsmi yaşamağa başlamış, Kamal ilə onlar bir yerdə cəmi bir ay yaşamışlar. Kamalın anası narazı olduğundan, onlar birlikdə ola bilməmiş və bu səbəbdən Şəlalə onunla birlikdə yaşamağa başlamışdır. 28.01.2021-ci il tarixdə saat 18 radələrində evdə olduğu zaman, Kamal ilə birlikdə əvəllər tanımadığı bir nəfər qız və bir nəfər oğlan yaşadığı ünvana gəlmişlər. Evin içərisində, Kamal ilə gələn qız Şəlaləyə artıq Kamal ilə yaşadığını və nə səbəbdən onları narahat etdiyini soruşmuşdur. Şəlalə həmin qıza Kamal ilə onun dini nikahı olduğunu bildirmiş, bu sözlərdən sonra Kamal qızı Şəlalənin üstünə hücum çəkmiş, Şəlalə Kamalın yaxasından tutmuş və həmin anda Kamal Şəlalənin sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş və həmin zərbənin nəticəsində Şəlalə yerə yıxılmışdır. Kamal isə onunla birlikdə gələn şəxslərlə evi tərk etmişdir. Daha sonra Şəlalə ona «ana, mənim qarnımdan qan axır» sözlərini demiş, Şəlalənin qarın nahiyəsinə baxanda, həqiqətən də qarnından qan gəldiyinin şahidi olmuşdur. O, başa düşmüş ki, Kamal qızı Şəlaləyə yumruq vurduqdan sonra onu həmçinin kəsici alətlə də vurmuşdur. Bundan sonra qızı təcili tibbi yardıma zəng vurmuş və TTY-nın əməkdaşları qızını Bakı şəhər Kliniki xəstəxanasına aparmış, orada Şəlalənin yarasına tikiş qoyulmuş və səhəri gün, yəni 29.01.2021-ci il tarixdə Şəlalə evə buraxılmışdır. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, 2020-ci ilin avqust ayının axırında təsadüf olaraq, tanış qızların yaratdığı «WhatsApp» qrupunda Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Həmin vaxtdan Kamal ilə telefon vasitəsi ilə yazışmağa başlamışdır. Yazışmalarda Kamal ona subay olduğunu, onunla ailə həyatı qurmaq istədiyini bildirmişdir. Kamal ilə təxminən 5 gün yazışmalardan sonra, onun özü Kamala ailə həyatı quraraq, onunla birlikdə yaşamaq istədiyimi bildirmişdir. Kamal isə ona hələ tez olduğunu, 18 yaşı tamam olmadığını demiş, lakin o, israrla Kamal ilə birlikdə olmaq istədiyini deyirmiş. Kamalda onunla razılaşmış və bu səbəbdən 03.08.2020-ci il tarixdə təxmiənən saat 11 radələrində, evdə kimsəyə demədən, Bakı şəhərində yerləşən 20-ci kilometr adlanan yerə gedib, orada Kamal ilə görüşmüşdür. Həmin yerdə onlar taksiyə əyləşib Kamalın Qobustan rayonunda yaşayan bacısıgilə getmişlər. Orada 1-2 saat qaldıqdan sonra, Kamalın yaşadığı Sumqayıt şəhərində yerləşən evinə getmişlər. Həmin evdə Kamal valideynləri ilə birlikdə yaşayırmış, həmin gündən Kamal ilə birlikdə yaşamağa başlamışdır. Kamal ilə birlikdə yaşadığı müddət ərzində, Kamalın Şəlalalə adlı qızla telefonda yazışdığını görüb, həmin qızın kim olduğunu soruşmuşdur. Kamal isə ona həmin qızın onun sinif yoldaşı olduğunu və ondan əl çəkmək istəmədiyni bildirmişdir. Kamal onun yanında bir neçə dəfə həmin Şəlalə adlı qıza ailə həyatı qurduğunu bildirsə də, Şəlalə Kamaldan əl çəkmək istəmirmiş. 28.01.2021-ci tarixdə Şəlalə adlı qız, onun atasının «Facebook» sosial şəbəkədə olan səhifəsinə nalayiq ifadələr yazdığından, həmin gün saat 18 radələrində o, Kamal və kiçik qardaşı Şahid3, Şəlalə adlı qızın yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evinə, getmişlər ki, Şəlalənin onun valideynlərini və onu təhqir etməsinin səbəbini öyrənsinlər. Şəlaləgilə gəldikdə, sonuncu qapını açmışdır. Şəlalə ona Kamal ilə dini nikahının olduğunu dedikdən sonra Kamalın yaxasından tutub özünə tərəf çəkmiş, həmin anda Kamal Şəlalənin sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, bundan sonra Kamal ona saxlaması üçün verdiyi çantanı əlindən alıb, oradan ucu iti balaca yağ bıçağını çıxardıb həmin bıçaqla Şəlalənin qarın nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra Kamal Şəlaləgilin evindən bayıra çıxmış və Şəlaləgilin evindən çıxıb getmişlər. X7 vurduğu bıçağı tullamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 10.02.2021-ci il tarixli 248 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər – qarın nahiyəsinin ön səthinin 1 (bir) ədəd qarın boşluğuna nifuz etməyən deşilmiş-kəsilmiş yarası – iti deşici-kəsici alətin təsirindən törənmişdir, sağ üst göz qapağı, sağ gözaltı nahiyənin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, 28.01.2021ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 15.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmənin 19.03.2021-ci il tarixli hazırlıq iclasının nəticələrinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməklə həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən şəxsə qarşı silah qismində istifadə edilən əşyadan istifadə etməklə təkrar qərəzli xuliqanlıq əməli kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı olmamış, konkret səbəbdən - təqsirləndirilən şəxsin başqa bir qızla münasibət qurması ilə əlaqədar olaraq uzun müddət aralarında davam edən ailə münaqişəli münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi, formalaşmış qısqanclıq motivindən (təqsirləndirilən şəxsin xəyanəti) və anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi, Zərərçəkmiş şəxs həyətdə təqsirləndirilən şəxslə mübahisə etməsi ilə əlaqədar olaraq aralarındakı ailə münaqişəli münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz. Zərərçəkmiş şəxs hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128-ci maddəsi ilə də tövsif olunmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz hadisəni zərərçəkmiş şəxsin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən fərdi yaşayış evinin həyətində və iti deşici-kəsici xassəyə malik bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirməklə törədilməsi olmuşdur. Zərərçəkmiş şəxs sağlamlıqlarına yüngül zərər vurulması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin hadisə təqsirləndirilən şəxsin deyil, məhz qısqanclıq zəminində zərərçəkmiş şəxsin təşəbbüsi ilə başlamışdır. Belə ki, həmin münaqişə təqsirləndirilən şəxsin nikahsız yaşadığı Zərərçəkmiş şəxs döyməsi ilə bağlı, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə münasibətləri aydılanlaşdırması zamanı zərərçəkmiş şəxsin evinin həyətində qısqanclıq zəmnində baş vermişdir. Həmçinin zərərçəkmiş şəxsə xəsarət yetirilməsində silah qismində istifadə olunan bıçaq maddi sübut kimi əldə edilərək iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göstərilənlərə istinadən məhkəmə bir daha qeyd edir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı formalaşmış qisqanclıq motivindən (təqsirləndirilən şəxsin xəyanəti) və anidən formalaşan şəraitdən qaynaqlanmış və yalnız zərərçəkmiş şəxsin sağlamlığı əleyhinə yönəldiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxs Mustafayeva Şəlalə İman qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs Mustafayeva Şəlalə İman qızı cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X6 oğlunun göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 321, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X6 oğlunun göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar