Məhkəmə qərarları › İş №1(012)-263/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-263/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-263/2023 14.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil X3 iştirakı ilə xx.xx.1965-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Çəmənli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi H.B.Zərdabi küçəsi, döngə 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1973-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, «Araz» supermarketdə aparıcı mütəxəssis işləyən, Ağsu rayonu, Muradlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 3-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 07:20 radələrində idarə etdiyi “Vaz 21041” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Ər-Riyad» Ticarət Mərkəzindən Bakı-Sumqayıt şosse yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olub işıqforun qadağanedici qırmızı işığında Masazır dairəsinə daxil olaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında digər yolayrıclarında isə svetofor qarşısında dayanmalı və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, həmin vaxtı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Camry” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən Masazır qəsəbəsində yerləşən Ə.Vahid küçəsi istiqamiətində hərəkətdə olub, Masazır dairəsində işıqforun yaşıl işığında hərəkətini davam etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlama, dönmə, yerdəyişmə edərkən apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, nəticədə hər iki avtomaşın yolayrıcığına daxil olaraq toqquşmuş, toqquşmanın nəticəsində onun idarə etdiyi “Vaz 21041” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərinə aşıb orada dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq ona ehtiyatsızlıqdan baş-beyin əzilməsi, sübaraxnoidal qansızma, baş-beyinin travmatik ödemi, sağ təpə sümüyünün sınığı, başın ənsə nahiyəsinin, onurğa sütununun bel şöbəsinin, sağ bazu, sağ dirsək oynağı, sol said, sağ bud, sağ baldır nahiyələrinin sıyrıqları kimi həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 07:20 radələrində idarə etdiyi “Toyota Camry” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən Masazır qəsəbəsində yerləşən Ə.Vahid küçəsi istiqamiətində hərəkətdə olub, Masazır dairəsində işıqforun yaşıl işığında hərəkətini davam etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlama, dönmə, yerdəyişmə edərkən apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, həmin vaxtı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Ər-Riyad» Ticarət Mərkəzindən Bakı-Sumqayıt şosse yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21041” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır dairəsinə daxil olub işıqforun qadağanedici qırmızı işığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında digər yolayrıclarında isə svetofor qarşısında dayanmalı və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, nəticədə hər iki avtomaşın yolayrıcığına daxil olaraq toqquşmuş, toqquşmanın nəticəsində “Vaz 21041” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərinə aşıb orada dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq ona ehtiyatsızlıqdan baş-beyin əzilməsi, sübaraxnoidal qansızma, baş-beyinin travmatik ödemi, sağ təpə sümüyünün sınığı, başın ənsə nahiyəsinin, onurğa sütununun bel şöbəsinin, sağ bazu, sağ dirsək oynağı, sol said, sağ bud, sağ baldır nahiyələrinin sıyrıqları kimi həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətlərini yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, X2 məxsus “Vaz 21041” markalı, **-BB-*** dövlət qeydiyyat nömrəli avtomobili sürmək üçün etibarnamə ilə idarə edir. Həmin avtomobillə sifariş olduqca yük daşıyaraq ailəsini dolandırır. xx.xx.2021-ci il tarixdə saat 07:20 radələrində həmin avtomobillə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Ər-Riyad” Ticarət mıərkəzi istiqamətindən Bakı şəhəri istiqamətinə hərəkətdə olaraq Abşeron rayonu, Masazır dairəsi adlanan yeri keçib gedərkən sol yanımla hərəkətdə olan bir yük avtomobili hərəkətini dayandırmadan dairəyə daxil olmuş, bu zaman ona elə gəlmişdir ki, Bakı şəhəri istiqamətinə də işıqforun yaşıl işığı yanır. Ona görə o da avtomobilini saxlamadan hərəkətini davam etdirmişdir. Bu zaman isə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Masazır dairəsi istiqamətinə gəlib işıqforda dayanmış bir avtomobil onun idarə etdiyi həmin “Vaz 21041” markalı avtomobilin sağ yanından vurmuş, nəticədə idarə etdiyi avtomobil bir qədər sürüşərək piyadalar üçün nəzərdə tutulmuş səkiyə dəymiş və nəticədə isə idarə etdiyi həmin avtomobil aşmışdır. Bundan sonra ətrafa toplaşan şəxslər köməklik edərək onu avtomobildən çıxartmışlar. Həmçinin avtomobildən düşdükdən sonra bir nəfər tanımadığı şəxsin yerdə uzanıqlı vəziyyədə olduğunu görmüş, həmin vaxt isə ona məlum olmuşdur ki, baş vermiş həmin yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi həmin avtomobil aşaraq piyadalar üçün nəzərdə tutulmuş səkinin üstündə dayanmış həmin şəxsə dəymişdir. Bundan sonra ətrafa toplaşan şəxslərin köməkliyi ilə həmin piyada xəstəxanaya aparılmışdır. Göstərmişdir ki, avtomobildən düşdükdən sonra da idarə etdiyi avtomobilin sağ yanından “Toyota Camry” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğunu bilmiş, bundan sonra da polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirməyə başlamışlar. Həmin avtomobllə hərəkətdə olarkən sol yanı ilə hərəkətdə olan bir yük avtomobili hərəkətini dayandırmadan dairəyə daxil olmuş, həmin vaxt ona elə gəlmişdir ki, Bakı şəhəri istiqamətinə də işıqforun yaşıl işığı yanır. Lakin hadisədən sonra ona məlum olmuşdur ki, diqqətsizliyi səbəbindən işıqforun qırmızı işığından keçmiş və həmin anda da yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt avtomobili təxminən 40 km/saat sürətlə idarə etmiş, hadisə baş verən zaman idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. Hadisə baş verən zaman idarə etdiyi avtomobil saz vəziyyətdə olmuş və avtomobili həmin vaxt ayıq vəziyyətdə idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində heç bir bədən xəsarəti almamış, ona görə də Məhkəmə Tibbi Ekspertizasından tibbi müayinədən keçməkdən imtina etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketdə idarəedici işləyir. xx.xx.2021-ci il tarixdə saat 07 radələrində özünə məxsus “Toyota Camry” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhərinə gəlib işlədiyi marketdə inzibatçı işləyən Şahid götürmüş və Masazır qəsəbəsi istiqamətinə hərəkət etməyə başlamış, saat 07:20 radələrində Masazır dairəsi adlanan yerə çatdıqda işıqforun qırmızı işığı yandığına görə dayanıb gözləmişdir. işıqforun yaşıl işığı yandıqdan sonra da hərəkətə başlamış, bu zaman gözlənilmədən avtmobilinin qarşısına “Vaz 2104” markalı bir avtomobil çıxmış və avtomobilinin qabaq tərəfi ilə həmin “Vaz-2104” markalı avtomobilin sağ yanından vurmuşdur. Nəticədə həmin “Vaz 2104” markalı avtomobil piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin üstünə aşmış və həmin vaxt səkinin üstündə dayanmış piyadanı vurmuşdur. Bundan sonra avtomobilini yolun kənarında saxlayıb yerə düşmüş, sonra isə yerə yıxılmış piyadanın yerdən qalxmasına, həmçinin onun xəstəxanaya yola salınmasına köməklik etmiş, bundan sonra da polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirməyə başlamışlar. Göstərmişdir ki, həmin “Vaz 2104” markalı avtomobilin onun avtomobilinin qarşıasına çıxmasını əvvəlcədən görməmiş, o, işıqforun qırmızı işığında dayanıb gözlədiyi üçün və işıqforun yaşıl işığı yandıqdan sonra təxminən 3-4 metr hərəkəti olmuşdur. Həmin yol-nəqliyyat hadisəsi zamanı avtomobilini təxminən 15-20 km/saat sürətlə idarə etmiş, hadisə baş verən zaman idarə etdiyi avtomobildə ondan başqa onunla birlikdə işləyən Şahid da olmuşdur. Hadisə baş verən zaman idarə etdiyi avtomobil saz vəziyyətdə olmuş və avtomobilini həmin vaxt ayıq vəziyyətdə idarə etmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində nə o, nə də ki həmin vaxt avtomobilində olmuş Şahid xəsarət almamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərməkçəmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07;20 radələrində yaşadığı Abşeron rayonu Masazır qəsəbəsindən çıxaraq Masazır Xırdalan dairəsi istiqamətinə gəlmiş ki, oradan avtobusla Qaradağ rayonunda yerləşən Sədərək ticarət mərkəzinə getsin. Bu zaman işıqforun göy işinin yanmasını səkidə gözləyən zaman elə bu vaxt Xırdalan şəhəri istiqamətindən gələn Toyota Gamry **-EY-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilllə Sumqayıt şəhəri istiqamətində gedən“Vaz 2104” markalı avtomobillər toqquşmuş, bundan sonra Vaz 2104 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmanın zərbəsindən fırlanaraq ona dəymiş və o, yerə yıxılaraq başından və bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Bundan sonra hadisə ilə əlaqədar xəstəxanaya aparılaraq orada mülaicə almış, ona hadisə ilə əlaqədar 1500 manat sığorta pulu və 200 manat sürücü pul ödəmişdir. O da insanlıq naminə 05 avqust 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsində ərizə yazmışdır ki, Vaz 2104 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Lakin sonradan sürücülərin onunla maraqlanmadıqlarını bilib onlar barəsində şikayət etməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketdə inzibatçı işləyir. Təqsirləndirilən şəxs2 da işlədiyim Araz marketdə idarəedici vəzifəsində işləyir və onun “Toyota Camry” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2021-ci il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs2 özünə məxsus “Toyota Camry” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhərinə gəlib onu oradan götürmüş və onun avtomobilində Masazır qəsəbəsi istiqamətinə hərəkət etməyə başlamışlar. Saat 07:20 radələrində Masazır dairəsi adlanan yerə çatdıqda işıqforun qırmızı işığı yandığına görə Fuad avtomobilini dayandırııb gözləmiş. işıqforun yaşıl işığı yandıqdan sonra isə hərəkətə başlamışlar. Bu zaman gözlənilmədən hərəkətdə olduğu avtmobilin qarşısına “Vaz 2104” markalı bir avtomobil çıxmış və onların avtomobilinin qabaq tərəfi ilə həmin “Vaz-2104” markalı avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Nəticədə həmin “Vaz 2104” markalı avtomobil piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin üstünə aşmış və həmin vaxt səkinin üstündə dayanmış bir piyadanı vurmuşdur. Bundan sonra Fuad avtomobili cəld yolun kənarında saxlamış və yerə düşmüşlər. Sonra isə yerə yıxılmış piyadanın yerdən qalxmasına, həmçinin onun xəstəxanaya yola salınmasına köməklik etmiş və sonra da polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Göstərmişdir ki, həmin “Vaz 2104” markalı avtomobilin avtomobilimizin qarşıasına çıxmağını əvvəlcədən görməmiş, hadisə baş verən zaman Fuad avtomobilini idarə etmiş, onun avtomobilində ondan başqa sərnişin olmamış, həmin yol-nəqliyyat hadisəsi nəticəsində nə o, nə də ki, Fuad heç bir xəsarət almamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1576 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – baş-beyin əzilməsi, sübaraxnoidal qansızma, baş-beyinin travmatik ödemi, sağ təpə sümüyünün sınığı, başın ənsə nahiyəsinin, onurğa sütununun bel şöbəsinin, sağ bazu, sağ dirsək oynağı, sol said, sağ bud, sağ baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 19 dekabr 2022-ci il tarixli 8/3230 saylı rəyindən görünür ki,

1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-21041 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Camry markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron rayon Pİ-nin DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 adına «BC» kateqoriyalı AC 927118 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2030-cu il tarixə kimi etibarlıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. MV nömrəli 00250 saylı vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranıdır. Abşeron rayon Pİ-nin DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 adına «BC» kateqoriyalı AF 007558 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2027-ci il tarixə kimi etibarlıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bakı şəhəri, Binəqədi RİH Başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzr nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında təhlükəsiz Şəhər Xidmətinin ATŞ 014 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2021-ci il tarixdə saat 07:19-dan 07:21-dək olan müddətdəki görüntülərin köçürüldüyü bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təhlükəsiz Şəhər Xidmətinin ATŞ 014 nömrəli video müşahidə qurğusunun 2-ci kamerası yol nəqliyyat hadisəsi baş verdiyi Masazır dairəsindən çox uzaqda yerləşir və hadisə yeri uzaq məsafədən müşahidə edilir. Video müşahidənin qeydə alındığı saat 07:19 radələrindən saat 07:21 radələrindək olan müddətdə hadisə baş verdiyi yerdə işıqforda avtomobillərin ciddi sıxlığı görünür. Hadisə yeri uzaq məsafədən müşahidə edildiyindən bilavasitə hadisənin baş vermə mexanizmini kompyuter texnikası ilə müşahidə etmək mümkün olmamışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs1 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07:20 radələrində həmin avtomobillə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Ər-Riyad” Ticarət mıərkəzi istiqamətindən Bakı şəhəri istiqamətinə hərəkətdə olaraq Abşeron rayonu, Masazır dairəsi adlanan yeri keçib gedərkən sol yanımla hərəkətdə olan bir yük avtomobili hərəkətini dayandırmadan dairəyə daxil olmuş, bu zaman ona elə gəlmişdir ki, Bakı şəhəri istiqamətinə də işıqforun yaşıl işığı yanır. Ona görə o da avtomobilini saxlamadan hərəkətini davam etdirmişdir. Bu zaman isə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Masazır dairəsi istiqamətinə gəlib işıqforda dayanmış bir avtomobil onun idarə etdiyi həmin “Vaz 21041” markalı avtomobilin sağ yanından vurmuş, nəticədə idarə etdiyi avtomobil bir qədər sürüşərək piyadalar üçün nəzərdə tutulmuş səkiyə dəymiş və nəticədə isə idarə etdiyi həmin avtomobil aşmışdır. Həmçinin diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 07:20 radələrində Masazır dairəsi adlanan yerə çatdıqda işıqforun qırmızı işığı yandığına görə dayanıb gözləmişdir. İşıqforun yaşıl işığı yandıqdan sonra da hərəkətə başlamış, bu zaman gözlənilmədən avtmobilinin qarşısına “Vaz 2104” markalı bir avtomobil çıxmış və avtomobilinin qabaq tərəfi ilə həmin “Vaz-2104” markalı avtomobilin sağ yanından vurmuşdur. Nəticədə həmin “Vaz 2104” markalı avtomobil piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin üstünə aşmış və həmin vaxt səkinin üstündə dayanmış piyadanı vurmuşdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Vaz-21041 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil, Toyota Camry markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil, Təhlükəsiz Şəhər Xidmətinin ATŞ 014 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2021-ci il tarixdə saat 07:19-dan 07:21-dək olan müddətdəki görüntülərin köçürüldüyü bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və avtomobillərin saxlanılması üçün sahibinə qaytarılmış, bir ədəd DVD diski iş materillarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İİ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər onlara qarşı Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməmələri onların hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxslər törədilən cinayət əməlində özlərini təqsirli bilməmələrinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi xüsusatla bağlı qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1576 saylı rəyi, məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və təhlükəsiz Şəhər Xidmətinin ATŞ 014 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2021-ci il tarixdə saat 07:19-dan 07:21-dək olan müddətdəki görüntülərin köçürüldüyü bir ədəd DVD diskdəki görüntülər ilə təqsirləndirilən şəxslərin yol hərəkəti qaydalarını poznaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran yol nəqliyyat hadisəsi törətmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışlar, onların ifadələri özlərini müdafiə xarakteri daşıyır və belə ifadə verməklə onlar, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən Qarabağ Müharibəsi veteranı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etsələr də onunla barışıq əldə etməmişlər. Hadisənin baş verməsindən təəssüfləndiklərini, peşmançılıq çəkdiklərini bildirsələr də onların hərəkətləri nəticəsində zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almış, həmçinin maddi zərər də dəymişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmasından sonra hal-hazıradək icraatda olduğu müddətdə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir, ona görə təqsirləndirilən şəxslərin bu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onların şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Vaz-21041 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil, Toyota Camry markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınmalı, bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu vəkil bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Vaz-21041 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil, Toyota Camry markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxslərə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu vəkil bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar