Məhkəmə qərarları › İş №1(012)-263/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-263/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-263/2025 02.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhəri 13 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Qasımbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zeynal Zeynalov 11 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncudan qızıl-zinət əşyalarını hissə-hissə ödəmək şərti ilə nisyə alıb qaytaracağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1a, mənzil 16-da 2020-ci ilin iyul ayından avqust ayına kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə 13.000 manat dəyərində qızıl-zinət əşyalarını hissə-hissə ödəmək şərti ilə nisyə alaraq 1000 manatını qaytarıb 12.000 manatını qaytarmayıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs 12.000 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun iş yoldaşları ilə aylıq 200 manat ödəniş etməklə lotereya oynamasını bilib hər ay o, da ödəniş edəcəyinə dair yalan vəd verib aldadaraq öz adını lotereya oynayanlar siyahısına daxil etdirilməsinə nail olduqdan sonra 2020-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1a, mənzil 16-da lotereya pulu kimi 1800 manat pulu alıb ələ keçirərək verdiyi vədi əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs 1800 manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncudan 1100 manat dəyərində LG markalı paltaryuyan maşını nisyə alıb dəyərini hissələrlə ödəyəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə 2020-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1a, mənzil 16-da 1100 manat dəyərində paltaryuyan maşını aylıq 100 manat hissə-hissə ödəmək şərti ilə alıb, ilkin ödəniş olan 100 manatı ödədikdən sonra aylıq ödəniş etməyib, ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Arzu Canqarazadəni uzun müddətdir ki, tanıyır. Arzu ilə təxminən 2 il yarım qeyri-rəsmi biryerdə yaşamışlar. Əvvəllər Arzunu müəllimə kimi tanımış, sonradan qızıl alqı-satqısı ilə məşğul olduğunu öyrənmişdir. Əvvəllər ehtiyacı olduğu üçün Arzudan qızıl götürmüş, işini həll etdikdən sonra pulunu qaytarmışdır. Bacısının əməliyyatına ehtiyacı olduğu zaman Arzudan qızıllar götürmüşdür. Bir ailə kimi yaşamışlar. Ailə kimi nə zaman pul lazım olubsa Arzuya göndərmişdir. Daha sonra Arzu ilə münasibətləri pozulmuşdur. Pula ehtiyacı olduğu üçün ilk öncə Arzudan qızıl götürmüşdür. Daha sonra yenə pula ehtiyacı olmuş, Arzu ona lotoreyadakı yerini təklif etmişdir. Lotoreyadan alınan 1800 manatdan 200 manat ilkin ödəniş kimi və əlavə qızılların aylıq ödənişi çıxılmaqla ona təxminən 700-800 manat pul çatmışdır. Lotoreya üzrə bir və ikinci ayları ödəmişdir. Daha sonra paltaryuyan almaq istəmiş, Arzunun tanışı olan mağazadan kreditlə paltaryuyan götürmüşdür. Həmin ərəfələrdə maddi vəziyyəti yaxşı olmadığı üçün ödənişləri edə bilməmişdir. Daha sonra ona bir nəfər zəng edərək Arzunun “yiyəsi” olduğunu bildirmiş və ondan pulları ödəməsini tələb etmişdir. O, həmin şəxslə mülayim danışsa da həmin şəxs onu təhqir etmiş, ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra o Arzuya zəng etmiş, Arzu ona 500 manat pul lazım olduğunu bildirmiş, o da hissə-hissə olmaqla 500 manat Arzuya göndərmişdir. Bundan başqa bildirdi ki, Arzudan qızılları ittihamda göstərilən müddət ərzində deyil, uzun müddət ərzində hissə-hissə olaraq almışdır. Əvvələr də Arzuya ödənişlər etmiş, lakin ödəniş etdiyi çekləri və qəbzlərin hamısını saxlamamışdır. Onu polisə şikayət edənə qədər çox pul atmış, lakin Arzu yalnız 500 manat məbləği etiraf etmişdir. Arzuya qarşı heç bir cinayət niyyətinin olmadığını, Arzudan borca pul aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, götüdüyü qızılların bir hissəsini özü Arzudan almış, bir hissəsini Arzunun təklifi ilə götürmüşdür. Arzu ilə bir ailə kimi yaşamışdır. Qızılların Arzuya məxsus olmadığını, başqa şəxsdən aldığını bilirdi. Qızılları ucuz satdığını görərək lombarda qoyub pul götürmüşdür. Lotoreyanı Arzu ona təklif etmişdir. Paltaryuyanı o təklif etmişdir. Həmin ərəfələrdə o ödəniş etmişdir, ödədiyi üçün də Arzu ona etibar edərək tanışı vasitəsilə paltaryuyan götürmüşdür. Aralarındakı münasibət borc münasibətləridir. Ayrıldıqdan sonra da aralarındakı münasibət qalmış, bir-birinə pul lazım olan zaman göndərmişdir. Daha sonra tanımadığı şəxs tərəfindən ona zəng gəldikdən sonra Arzu pulu tam məbləğdə tələb etmiş və onu polisə şikayət etmişdir. Arzudan qızılları 2 ay müddətində almamışdır. Məhkəmə istintaqı dövründə demək olar ki, tələb edilən pulun çox hissəsini ödəmiş və 1600 manat hissəsi qalmışdır. Sonda niyyətinin dələduzluq olmadığını, ehtiyacı olduğu üçün borca pul aldığını cinayət məqsədinin olmadığını, himayəsində bir azyaşlı övladının olduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Babəki təxminən 3-4 il əvvəl başqa şəxsin vasitəsilə tanımışdır. Babəklə bir müddət münasibətləri olmuşdur. Bildirmək istəyir ki, o, müəllimədir, lakin əlavə gəlir mənbəyi kimi qızıl alış-verişi ilə də məşğuldur. Əvvələr Babək ondan 2000 manat dəyərində qızıl götürüb daha sonra ödənişini etmişdir. Odur ki, Babəkə inamı yaranmışdır. Təxminən 2020-ci ildə hissə-hissə olmaqla o, Babəkə 13.000 manat dəyərində qızıl vermişdir. O həmin qızılları müxtəlif tarixlərdə, hissə-hissə versə də, həmin vaxtdan uzun müddət keçdiyi üçün o, tam olaraq hansı tarixdə nə qədər pul verdiyini xatırlamır. Babək həmin qızılları ondan alıb baha qiymətə satmalı idi. Bu razılaşmaya görə o da müəyyən məbləğdə gəlir əldə edəcəkdi. Həmçinin Babək həmin qızılları iki ay ərzində sataraq pulunu qaytarmalı idi. Lakin Babək götürdüyü qızılların pulundan razılşadıqlarından çox az məbləğdə ödəniş etmiş və daha sonra ümumiyyətlə ödəniş etməmişdir.Babək qızılları onun icazəsi olmadan lombarda qoyaraq satmışdır. Beləliklə Babək ona nə qızılların pulunu, nə də ki, qızılların özünü qaytarmamışdır. 2020-ci ildə müəllim yoldaşları ilə 10 nəfər olmaqla 200 manatdan lotereya oynamışlar. Babək xahiş etmişdir ki, öz adını da lotereyaya salaq. O da Babəkin adını siyahıya əlavə etmişdir. Həmin lotereyada ikinci ayda o olduğu üçün Babək ondan xahiş etmişdir ki, həmin pulu götürüb versin. Sonuncu ayda isə, yəni Babəkin sırası gəldikdə pulu o götürər. O, Babəkdən nəyə görə pulu tez götürmək istədiyini soruşduqda sonuncu ona yoldaşının səhhətində problem yarandığını və təcili pul lazım olduğunu demişdir. O da Babəkin səmimiyyətinə inanaraq ikinci ayda götürdüyü 1800 manat pulu ikinci ayda onun növbəsində Babəkə vermişdir. O həmin puldan 200 manat ilkin ödəniş kimi götürmüş, qalan 1600 manat pulu Babəkə vermişdir. Babək həmin lotoreyanın pulundan ilkin məbləği,yəni 200 manatı ödəmiş, lakin sonradan ödəməmişdir. O da məcbur qalıb Babəkin yerinə həmin pulu ödəmişdir. Bundan başqa təxminən 2020-ci ilin oktyabr ayının sonlarında Babək ona evinə paltaryuyan maşın almaq istədiyini bildirmiş və rəfiqəsindən faizsiz paltaryuyan maşın almağını xahiş etmişdir. O da rəfiqəsindən paltaryuyan maşın alıb Babəkə vermişdir. Babək 1100 manat dəyərində paltaryuyan maşın üçün ilk ay cəmi 100 manat pul ödəmiş, lakin daha sonra yerdə qalan 1000 manat pulu ödəməmişdir. O da rəfiqəsi ilə arası pozulmasın deyə məcbur olub həmin pulu özü ödəmişdir. Bundan sonra Babək ondan bir neçə dəfə də qızıl istəsə də, Babək götürdüyü qızılların pullarını ödəmədiyi üçün o, Babəkə qızıl verməmişdir. O hər dəfə pulunu tələb etsə də Babək hər dəfəsində onu aldadaraq və yubadaraq pulu qaytaracağını demişdir. O, Babəkdən paltaryuyan maşının pulunu ödəmədiyi üçün qaytarmasını tələb etdikdə sonuncu ona həmin paltaryuyan maşını da satdığını demişdir. Lakin Babək həmin paltaryuyan maşını alan zaman ev üçün aldığını bildirmişdir. Babəkdən şikayət etmək niyyətinin olmadığını, ondan sonuncu dəfə pulunu tələb edərkən pulu ödəməyəcəyini bildirdiyi üçün polisə şikayət etdiyini bildirdi. Hazırda ona dəymiş ziyandan 13200 manat ödənimiş 1600 manat qalmışdır. Hazırda təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şəxsən tanımır. Zərərçəkmiş şəxs onun rəfiqəsidir. Babəkin adını Arzudan eşitmişdir. Babəkin Arzudan nəsə aldığının şahidi olmamışdır. Bildiyinə görə Babək Arzudan satmaq üçün qızıl götürmüşdür. Ziyanın məbləğini tam bilmir. Babək hər dəfə pulu qaytaracağını vəd etsə də qaytarmamışdır. Babəki Arzunun evinə gedib-gələn görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması barədə” haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanmışdır;

2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 08 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********** nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur;

4. “İttiham elan edilməsi olan şəxsin tutulmasına dair” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmiş, həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.

5. “Axtarışda olan şəxsin tutulmasına dair” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron RPİ-nin İŞ-nə təhvil verilmişdir.

6. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir.

7. “Cinayət işinin tövsif olunması haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsindən Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir.

8. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********** nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü madədlərində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur;

9. Abşeron Rayon Məhkəməsinin 4(012)-369/2024 saylı, 29 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd edilmişdir.

10. “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 may 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

12. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan, xx.xx.2014-cü il təvəllüdlü X3 adlı övladı vardır.

13. “Sübutların qiymətləndirilməsi” haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli barədə ifadələri, cinayət işi üzrə zərərçəkmiş şəxsin və şahidin ifadəsi, üzləşmə protokolu və iş üzrə digər sənədlər sübut əhəmiyyəti kəsb etdiyindən həmin sənədlər iş üzrə sübut növü kim tanınmışdır.

14. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Təqsirləndirilən şəxsin məhkəmə araşdırması dövründə ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin əlamətlərinin olmadığını bildirsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda qızıl almış və ilk aldığı qızılın ödənişlərini edərək sonuncunun etibarını qazanmışdır. Daha sonra isə götürdüyü qızılın pulunu ödəməmişdir. Bundan başqa o Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək onun müəllimlər arasında oynadığı lotoreyadakı yerini götürmüş, daha sonra ilk ayın ödənişini etsə də sonradan heç bir ödəniş etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun rəfiqəsinin mağazasından kreditlə paltaryuyan götürmüş, ilk ayın ödənişini etdikdən sonra isə digər ayların ödənişini etməmişdir. Bütün qeyd olunanlara münasibətdə məhkəmə qeyd edir ki, ilk öncə Təqsirləndirilən şəxs məhkəmə iclasında da bildirdiyi kimi Zərərçəkmiş şəxs satdığı qızılların ona məxsus olmadığını, onun da həmin qızılları başqa şəxsdən aldığından məlumatı olmuşdur, habelə lotoreyada ödənişləri həyata keçirməyəcəyi təqdirdə həmin ödənişlərin Zərərçəkmiş şəxs tərəfindən həyata keçiriləcəyini müəyyən edə bilərdi. Bundan başqa Təqsirləndirilən şəxs paltaryuyan maşını evi üçün aldığını bildirmiş və yenidən Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək onun rəfiqəsinin mağazasından aylıq ödənişlərlə götürmüş, lakin həmin ödənişləri həyata keçirməmiş, hətta Zərərçəkmiş şəxs ondan paltaryuyanın pulunu ödəyə bilmirsə geri qaytarmasını bildirmiş, Babək isə paltaryuyanı satdığını bildirmişdir. Göstərilən bütün hallar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui istifadə etmişdir. Belə ki,qızıl epizodu üzrə daha öncə götürülən qızılın pulunun ödənilməsi, lotareyada ilk ödənişin edilməsi, paltaryuyan maşın epizodu üzrə ilkin ödənişin edilməsi məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin etibarını qazanmağa yönəlmiş niyyət kimi qiymətləndirir. Yuxarıda göstərilən heç bir hala münasibətdə məhkəmə Təqsirləndirilən şəxs əməlini “etibardan sui-istifadə etməklə törədilmiş dələduzluq cinayəti” deyil, “borc münasibətləri” olması kimi qiymətləndirə bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi Təqsirləndirilən şəxs həm qızılların pulunu ödəməyəcəyi, həm lotoreya ilə paltaryuyan maşının pullarını ödəməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs vəziyyətinin pisləşəcəyini, hətta onun tərəfindən ödənişlərin ediləcəyini, Zərərçəkmiş şəxs tərəfindən ödənilən ödənişlərin geri qaytarılmasını tələb etməsinə baxmayaraq qaytarmaması özündə hüquqi müstəvidən “borc münasibətlərini” xarakterizə edən heç bir halın olmamasına dəlalət edir.Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs qızılları zərərçəkmişdən aldıqdan sonra qızılları istədiyi qiymətə sata bilməməsi kimi qeyd edərək zərərçəkmişlə aralarında ər arvad münasibətlərinin olmasını, aralarına qızılla bağlı mübahisənin ayrıldıqdan sonra olmasını bildirməklə məsuliyyətdən yaxa qurtarması ilə əlaqələndirir. Halbuki əgər təqsirləndirilən şəxsin zərərçəkmişin etibarından sui-istifadə edərək aldatmaq niyyəti əvvəlcədən yox idisə vədinə əməl edə bilmədiyi halda zərərçəkmişdən götürdüyü qızılları lombarda qoyub satmalı deyil, geri qaytarmalı idi, lakin təqsirləndirilən şəxs qızılları sata bilmədiyini əsas gətirərək həmin qızılları dəyərindən aşağı qiymətə lombarda qoyub pul götürmüşdür və vədinə əməl etməmişdir, zərərçəkmiş bir neçə dəfə pulunu tələb etsə də, geri qaytarmamış, zərərçəkmişin hüquq mühafizə orqanına şikayətindən sonra pulun çox hissəsini geri qaytarmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsə dəymiş zərərin çox hissəsinin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilərək, onlarla barışıq əldə etməsini və sonuncunun hazırda ondan heç bir şikayət və tələbinin olmamasını, bundan başqa himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri,Sumqayıt şəhəri,Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, yaşadığı ünvan 2 ünvanını saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşayış ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri,Sumqayıt şəhəri,Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı Şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə mülki iddianın, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 ( iyirmi ) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar