Məhkəmə qərarları › İş №1(012)-266/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-266/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-266/2021 30.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 dekabr 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı və bir yetkinlik yaşına çatmayan şəxs olan, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan ərazidən istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü siqaret kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyəsi qadağan edilən psixotrop maddələrin siyahısı» na (Siyahı İ) daxil olan təmiz çəkisi 1,048 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib Abşeron rayonu Xırdalan şəhərinə daşıyıb özündə saxlamış, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 fevral 2021-ci il tarixdə saat 18:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 3 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılmış, orada üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1,048 qram həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında yaşayır. Təxminən bir aydır psixotrop maddə metamfetamindən istifadə edir. 01 fevral 2021ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə olduğu zaman təxminən 30 yaşlı arıq bədən quruluşlu anket məlumatlarını bilmədiyi şəxsdən bir büküm narkotik vasitə olan metamfetamini 10 manata almış və əynində olan şalvarın sağ yan cibinə özü istifadə etmək üçün qoymuşdur. 02.02.2021-ci il tarixdə saat təxminən 18:30-da Xırdalan şəhərində yaşadığı evin yaxınlığında yerləşən 3 saylı məktəbin ətrafında olduğu zaman ona 2 nəfər polis əməkdaşları yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək Abşeron RPİ-nin əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Abşeron RPİ-nə dəvət etmişlər. O heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində ona müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarışın keçiriləcəyi izah olunmuş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra onun üzərinə polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o əynində olan qara rəngli şalvarın sağ yan cibində olan gümüşü siqaret kağızına bükülmüş bir büküm metamfetamini polis əməkdaşlarına təqdim etmiş, aşkar olunmuş psnarkotik vasitə polis əməkdaşları tərəfindən götürülmüş və ona həmin narkotik vasitənin ekspertizaya göndəriləcəyi izah olunmuşdur. O bir daha polis əməkdaşlarına aşkar olunmuş metamfetamini Bakı şəhərində Papanin adlanan yerdən 10 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra ondan psixotrop maddə metamfetaminin aşkar edilməsi barədə protokol tərtib olunmuş və o, digər iştirakçılarla birlikdə protokol imzalamışlar. Sonda o, psixotrop maddənin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini bir daha belə hallara yol verməyəcəyini, himayəsində bir azyaşlı uşağının və bir yetkinlik yaşına çatmayan şəxsin olmasını bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Şahid1 ifadəsində göstərdi ki, 02 fevral 2021-ci il tarixdə o və Abşeron RPİ-nin İTŞ-nin baş inspektoru, polis baş leytenantı Şahid2 ilə Abşeron rayonu, Xırdalan şəhəri 25-ci məhəllədə xidmətlə olarkən bir nəfər şəxsin narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsi o və Şahid2 Abşeron rayon polis idarəsinə dəvət edib gətirmişlər və növbətçi hissəyə təhvil vermişlər. Abşeron RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən Abşeron rayon Pİ-nə gətirdikləri şəxsin xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuş, Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun, Abşeron RPİ-nin İTŞnin baş inspektoru, polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində olan gümüşü siqaret kağızına bükülmüş bir büküm psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardaraq təqdim etmiş və həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin metamfetamini 1 gün əvvəl Papanin adlanan ərazidən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kağızdakı bir bükülüyə baxış keçirilmiş orada ağ rəngli kristal şəkilli maddə olması aşkar edilmiş, sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş və DİN-nin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və qablaşdırılmış psixotrop maddənin üzərinə bütün iştirakçılar imza etdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin baş inspektoru Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesinin texniki vasitələrdən istifadə etməklə köçürüldüyü maddi sübut - 1 ədəd “CD” formatlı diskə yazılmış videogörüntülər də hadisəsinin necə baş verməsi əyani şəkildə müşahidə olundu. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.02.2021-ci il tarixli, 6/472 saylı tədqiqat rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «tədqiqata təqdim edilmiş, üzərində AR DİN-nin zərflər üçün № 56 möhür əksi … Təqsirləndirilən şəxs üzərindən …» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,048 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotorop maddə- metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasınır ərazisində dövrüyəsi qadağan edilən psixtrop maddələr»in siyahısına (siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, təqiqata təqdim edilmiş psixotorop maddə- metamfetaminin təmiz çəkisi 1,048 qramdır, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,998 qram qalıq qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,998 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 358 saylı, 04.02.2020-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və İİ hissəsinin 27-ci bəndində metafetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli siyahısına əsasən psixotrop maddə olan metamfetaminin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.02.2021-ci il tarixli arayışdan (tələbnamədən), Bakı Apellyasiya Məhkəməsinin 25.07.2011-ci il tarixli qərarından, Abşeron rayon Məhkəməsinin 29.11.2012-ci il tarixli hökmündən və Xəzər rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.03.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1-ci madələrilə təqsirli bilinərək həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, daha sonra ona Bakı Apellyasiya Məhkəməsinin 25.07.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 3000 (üç min) manat cərimə cəzasına və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, daha sonra Abşeron rayon Məhkəməsinin 29.11.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci və 234.1-ci madələrilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü, 67.1-ci və 68.2-ci maddələrinə əsasən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş və Xəzər rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli qərarı ilə 01 (bir) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 22.04.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.03.2011-ci il tarixli hökmü aidiyyatı üzrə icra edilməsi üçün 30.10.2012-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 28.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron rayon Məhkəməsinin 29.11.2012-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3000 (üç min) manat məbləğində cərimə cəzası ilə tam birləşdirilməli və ona ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25.05.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CMin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.03.2011-ci il tarixli hökmü və Abşeron rayon Məhkəməsinin 29.11.2012-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3000 (üç min) manat məbləğində cərimə cəzasını icra etməmiş, həmin hökmlər üzrə məhkumluğu ödənilməmiş və məhkumluğu ödənilmədən qəsdən az ağır cinayət əməlini törətmişdir. Bununla da, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən cərimə cəzası isə müstəqil icra olunmalıdır. İş materiallarında olan Abşeron RİH 3 saylı MTİİS tərəfindən verilmiş 26.02.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Qədirov X3 rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 104 ünvanında həyat yoldaşı 1975-ci il təvəllüdlü həyat yoldaşı- X7, oğlu-2006-cı il təvəllüdlü X2, oğlu- 2010-cu il təvəllüdlü X4 ilə qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xaraketrizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının və bir yetkinlik yaşına çatmayan şəxsin olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olması onun cəzasını ağırlaşdıran hal hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və istintaq orqanı tərəfindən həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbsə alınmalı və cəzasının əvvəli 30.04.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Habelə həmin Məcəllənin 95.0.1-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalmış 0,998 qram psixotrop maddə olan metamfetamin, hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir günün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tam birləşdirmək yolu ilə ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə zalında həbsə alınsın və cəzaçəkmə müddətinin başlanğıcı 30.04.2021-ci il tarixdə hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 0,998 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar