Məhkəmə qərarları › İş №1(012)-266/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-266/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-266/2023 20.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Azərbaycan, Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, İsmayıllı rayonu, Kələzeyvə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində nömrəsiz həyət evində yaşamış, Aşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda xx.xx.2022-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında Abşeron rayonu, Qobu qəsəbə sakini Şahid1 vasitəsilə tanış olduğu Bakı şəhəri, Nərimanov rayon sakini Zərərçəkmiş şəxs özünə məxsus, Abşeron rayonu, Qobu qəsəbəsində, Qobu-Güzdək yolunun sol tərəfində yerləşən 0,02 ha torpaq sahəsinin yaxınlığındakı ərazini öz mülkiyyətinə keçirmək istəməsini bilib, tamah niyyəti ilə yaranmış vəziyyətdən istifadə edərək Abşeron rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Şahid2 ilə guya yaxın əlaqələrinin olması, sonuncunun həmin ərazinin mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd, yəni çıxarış almaq üçün ona kömək edəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs göstərilən məsələnin həllinə dair inam formalaşdırıb aldatmaqla sonuncunu Şahid2 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində dolayı yolla maddi nemət kimi 3420 AZN məbləğində pul vəsaitini rüşvət kimi verməyə təhrik etmiş və bu adla 2022-ci ilin iyul ayının axırlarında Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Vulkan” kafesində 2420 AZN pulu Zərərçəkmiş şəxs özündən, 2022-ci ilin avqust ayının axırlarında isə sonuncu tərəfindən eyni məqsədlə verilmiş 1000 AZN pulu Şahid1 Qobu qəsəbəsi ərazisində əlbəəl alıb öz ehtiyaclarına xərcləməklə, Zərərçəkmiş şəxs vəzifəli şəxsə rüşvət verməyə təhrik edib aldatma yolu ilə sonuncuya məxsus, rüşvət predmeti kimi aldığı, ümumilikdə, 3420 AZN məbləğində pul vəsaitini, yəni özgə əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.1995-ci ildə İsmayıllı rayonu, Kələzeyvə kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla tutulana qədər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində nömrəsiz həyət evində yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, bir müddət Qobu qəsəbəsi ərazisində torpaq alqı-satqısı ilə məşğul olmuşdur. 2022-ci ilin ortalarında həm şəxsi ehtiyacları üçün, həm də anasının xəstəliyi ilə əlaqədar ona təcili pul lazım olmuş, həmin ərəfədə işləməmiş, torpaq alqı-satqısı da edə bilməmiş və işləri düz getməmişdir. Bu səbəbdən hansı formada olursa olsun pul əldə etmək qərarına gəlmişdir. 2022-ci iyul ayında torpaq alqı-satqısı ilə məşğul olan, yəni makler kimi fəaliyyət göstərən Elşad adlı şəxs ona zəng edərək görüşmək istədiyini bildirmiş, o da razılıq vermişdir. O, Elşadı çoxdandır ki, tanımış, belə ki, sonuncu əvvəllər ona torpaq alqısatqısı üçün müştəri tapmış və münasibəti normal olmuşdur. Həmin zaman Abşeron rayonu, Qobu-Güzdək yolu adlanan ərazidə yerləşən “Vulkan” adlı kafedə Elşadla görüşmüş, sonuncunun yanında həmin zaman Hacı Rövşən adlı şəxs də olmuşdur. Rövşəni qiyabi tanımış, lakin ünsiyyəti olmamışdır. Rövşənin Qobu-Güzdək yolu adlanan ərazidə kafesi və qarajı olduğunu bilmişdir. Rövşən söhbət zamanı ona “Mənim Qobu qəsəbəsində 2 sot torpaq sahəm vardır, onun da yaxınlığında təxminən 2 sot həcmində ərazi var, istəyirəm ki, həmin ərazini öz mülkiyyətimə keçirim” demişdir. O isə həmin torpaq sahəsinin boş olduğunu bildirmişdir. Həmçinin o, Rövşənə “Həmin torpaq sahəsini qanuni olaraq öz adına sənədləşdirə bilərsən. Həmin ərazidə mənə məxsus torpaq sahəsi də var, mənə məxsus həmin torpaq sahəsinin koordinatlarını qanuni şəkildə reyestr xidmətində həmin boş torpaq sahəsinə dəyişdirmək olar” demişdir. Rövşən bunun necə olacağını bildirdikdə o, “Abşeron rayon icra hakimiyyətində hüquqşünas işləyən Rəşad adlı şəxs mənim tanışımdır, sonuncu bu işləri həll edir, pulu sonuncuya verəcəm, o, məsələni həll edəcək və sən həmin torpaq sahəsinə dair çıxarış alacaqsan” demişdir. Şahid2 adlı şəxsi qiyabi olaraq tanımış, sonuncu Abşeron rayon icra hakimiyyətində hüquqşünas işləmiş və torpaq sənədləşdirilməsi zamanı ona da müraciət olunması barədə məlumatı olmuşdur. Lakin Şahid2la hər hansı ünsiyyəti olmamış, sadəcə olaraq Rövşənlə söhbət zamanı pulu Rəşada verəcəyini, sonuncunun vasitəsilə işi həll edəcəyini və Rəşadla əlaqələrinin olduğunu bildirmiş, bunu deməkdə məqsədi Rövşənin ona inanması olmuşdur. Bundan sonra Rövşən ondan nə qədər pul lazım olduğunu soruşduqda o, “4000 AZN” deyə cavab vermişdir. Lakin Rövşən o qədər pulunun olmadığını bildirdikdə, son olaraq 3400 AZN-ə görə razılıq əldə etmiş, Rövşən pulu hissə-hissə ona verəcəyini demişdir. Bu söhbətləri apararkən Elşad ilk öncə yanlarında olmasa da, son danışıqları, yəni pulla bağlı olan razılaşmanı Elşad eşitmişdir. Bu danışığının səhəri günü Rövşənlə “Vulkan” kafesində görüşmüş, həmin görüşdə Elşad da olmuşdur. Rövşən ona müxtəlif əskinaslarla 2420 AZN pul vermiş, həmin pula aid olan 20 AZN-i o, rüsum kimi almışdır. 2022-ci ilin təxminən avqust ayının axırları – sentyabr ayının əvvəllərində Elşad ona qalan 1000 AZN pulu 10 ədəd 100 AZN-lik əskinaslar şəklində Qobu qəsəbəsi ərazisində vermişdir. Elşad ona “Həmin pulu Rövşən çatdırıb, çıxarış üçün verilməli olan qalan 1000 AZN-dir” demişdir. O da razılaşdırılan pulun son hissəsini də qəbul edərək Rövşənə 20-25 gün ərzində həmin torpaq sahəsinə dair sənədin hazır olacağını bildirmişdir. Həmin pulun 1600 AZN-i anasının zob xəstəliyi və böyrək çatışmazlığı əlaqədar müalicəsi üçün həkimlərə xərcləmiş, Rövşəndən aldığı pulun qalan hissəsini isə şəxsi ehtiyacları üçün sərf etmişdir. Rövşən artıq ondan torpaq sahəsinin sənədini istədikdə o, özündən asılı olmayan səbəblərdən sənədi hazır etdirə bilmədiyini və pulu hazırda qaytara bilməyəcəyini demişdir. Rövşənə verdiyin pulun müqabilində 2 sot torpaq sahəsi təklif etmiş, Rövşən əvvəl buna razı olmuş, sonra isə ona torpaq sahəsi lazım olmadığını, nağd şəklində 3420 AZN pul verməyini ondan tələb etmişdir. Pulu geri qaytara bilmədiyi üçün Rövşən onun barəsində Abşeron rayon prokurorluğuna şikayət ərizəsi yazmış, ona araşdırma müddətində izahat verməyi üçün zənglər edilsə də, Rövşənin maddi ziyanını ödəmək və hazır vəziyyətdə rayon prokurorluğuna gəlmək məqsədilə çağırışlara cavab verməmişdir. 03 dekabr 2022-ci il tarixdə isə Abşeron RPİ Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon prokurorluğuna təhvil verilmişdir. Etiraf etmiş ki, Zərərçəkmiş şəxs Qobu qəsəbəsindəki “Vulkan” kafesində sonuncuya məxsus 2 sotluq torpaq sahəsinin yaxınlığında yerləşən əraziyə dair mülkiyyət hüququnu təsdiq edən sənədi, yəni çıxarışı əldə etməsi məqsədilə 2022-ci ilin iyul ayının axırında 2420 AZN pulu Rövşəndən, 1000 AZN pulu isə Elşaddan almış, yəni, ümumilikdə, 3420 AZN pul almış və qaytarmamışdır. Zərərçəkmiş şəxs pul alarkən məqsədi sonuncu üçün torpaq sahəsinə dair çıxarışı əldə etmək deyil, anasının xəstəlik xərclərini və şəxsi ehtiyaclarını qarşılamaq olmuşdur. Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam qaydada ödəyəcəyinə dair söz vermişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində 10 il bundan qabaq inşa etdiyi plastik materialları sexi olmuş, hazırda həmin qeyri-yaşayış obyektini icarəyə vermiş, həmin obyektlə bitişik ərazidə ona məxsus 2 sotluq torpaq sahəsi, həmin torpaq sahəsinin yaxınlığında təxminən 2 sot həcmində başqa ərazi yerləşmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində həmin ərazinin kimə məxsus olmasını bilmək və rəsmi qaydada mülkiyyətinə keçirmək üçün Elşad adlı tanışına müraciət etmişdir. Sonuncu torpaq alqı-satqısı ilə məşğul olmuş və bu səbəbdən Qobu qəsəbəsi ərazisində torpaq sahələrinin kimin istifadəsində olduğunu bilmişdir. Elşaddan bu barədə soruşduqda sonuncu Məbud adlı şəxsi çağırmışdır. Məbud adlı şəxsi əvvəlcədən tanımamış və sonuncu ilə heç bir ünsiyyəti olmamışdır. Elşadın deməsinə görə, Məbud makler olmuş, həmin torpaq sahəsinin sahibini tanıya bilərmiş, çünki sonuncu da həmin ərazidə torpaq alqı-satqısı işi ilə məşğul olmuşdur. Elşad Məbudun atasını tanıdığını və onların etibarlı adamlar olduğuna da ona bildirmişdir. Məbudla ilkin olaraq Qobu qəsəbəsində sözügedən torpaq sahəsinin yaxınlığında söhbət etmiş, Məbuddan həmin torpaq sahəsinin sahibinin kim olmasını soruşmuş, sonuncu isə həmin ərazinin boş olduğunu bildirmişdir. Məbuda həmin ərazini alqı-satqı yolu ilə almaq istədiyini bildirdikdə, sonuncu “Çox xərc çəkib almağa ehtiyac yoxdu, onsuz da sənin 2 sotluq torpaq sahən də həmin boş sahəyə bitişikdir, sənin torpaq sahənin koordinatlarını sürüşdürüb boş sahəyə qeyd etdirmək olar” demişdir. Məbud onu inandırmaq üçün əlavə olaraq “Abşeron rayon icra hakimiyyətində hüquqşünas işləyən Rəşad adlı şəxs mənim dostumdur, sonuncu bu işləri həll edir, pulu sonuncuya verəcəm, o məsələni həll edəcək və sən həmin torpaq sahəsinə dair çıxarış alacaqsan” söyləmişdir. Məbudun sözlərinə, o cümlədən vəzifəli şəxslərlə əlaqəsinin olmasına inanıb bu məsələ üçün nə qədər pula ehtiyac olduğunu bildirdikdə, Məbud 4000 AZN lazım olduğunu demişdir Son olaraq aralarında olan razılaşmaya görə, ümumilikdə, Məbuda 3400 AZN pul verəcəkmiş. Elşad da bu danışıqlar zamanı orada olmuş və deyilənləri eşitmişdir. Bu danışıqdan 1-2 gün sonra, yəni 2022-ci ilin iyul ayının axırlarında Məbudla Qobu qəsəbəsi yaxınlığında yerləşən “Vulkan” kafesində görüşmüş, həmin görüşdə Elşad da iştirak etmişdir. O, 24 ədəd 100 AZN-lik və 1 ədəd 20 AZN-lik əskinaslar formasında, ümumilikdə, 2420 AZN pulu həmin kafedə Məbuda vermişdir. Sonuncu 20 AZN pulun çıxarışın rüsumu olduğunu bildirdiyi üçün bu səbəbdən ona həmin əlavə 20 AZN vermişdir. Bundan təxminən 1 ay sonra, yəni 2022-ci ilin avqust ayının axırlarında o, Elşada 10 ədəd 100 AZN-lik əskinaslar formasında qalan 1000 AZN pulu Qobu qəsəbəsi ərazisində vermiş, Elşad da həmin pulu qəbul edərək Məbuda çatdıracağını bildirmişdir. Sonradan Elşadla əlaqə saxlamış, sonuncu Məbuda 1000 AZN pulu Qobu qəsəbəsi ərazisində verdiyini bildirmiş, Məbud da bunu sonradan təsdiqləmişdir. Məbud son danışıq zamanı “20-25 gün ərzində sənəd hazır olacaq və torpaq da sənin olacaq” demişdir. Bundan sonra Məbudla əlaqə saxladıqda sonuncu “Pul artıq Rəşaddadır, yaxın günlərdə sənədin hazır olacaq” demişdir. Bunun üzərindən 1 aya yaxın müddət keçməsinə baxmayaraq onun əraziyə dair mülkiyyət sənədi hazır olmamış, Məbudla əlaqə saxladıqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmişdir. O, artıq Məbudun onu aldadacağını hiss edib ilk öncə sonuncudan Rəşad adlı şəxslə görüşməyi və sonuncunun özündən bu məsələ barəsində ətraflı məlumat almağı tələb etmişdir. Lakin Məbud ona “Rəşad vəzifəli şəxsdir, mənimlə iş görür, səninlə bu məsələyə görə görüşməz və söhbət etməz” demişdir. Məbudun dediyi öz həllini tapmadığı üçün sonuncudan artıq pulunu tələb etməyə başlamış, Məbud isə “bugünsabah” deyə-deyə onu aldatmış və ona heç bir məbləğdə ödəniş etməmişdir. Məsələnin əslini öyrənmək üçün xx.xx.2022-ci il tarixdə Elşadla birgə Abşeron RİH-nə getmiş və Rəşad adlı şəxsin qəbuluna düşmək istədiyini bildirmişdir. Həmin gün səhər radələrində Rəşad adlı şəxsin otağında sonuncu ilə görüşmüşdür. Şahid2 adlı həmin şəxsin Abşeron RİH-də HŞ-nin müdiri olduğunu öyrənmişdir. Sonuncudan Məbud adlı şəxsi tanıyıbtanımadığını soruşmuş, habelə Məbudun Şahid2 adından istifadə edərək ondan pul aldığını bildirmişdir. Şahid2 isə ”Mən Məbud adlı şəxsi tanımıram, onunla heç bir münasibətim yoxdur, yəqin ki, sonuncu mənim adımdan istifadə edərək rahat formada dələduzluq etmək istəmişdir” demişdir. Bunu əyani göstərmək üçün o, Şahid2 otağında Məbudun mobil nömrəsinə zəng vurmuş və diktofonu açmışdır. Əvvəlcə Məbudla özü danışmış, Məbud yenə də Rəşad adlı şəxsə pulu verdiyini və sonuncu vasitəsilə onun üçün torpaq sahəsinə dair çıxarış alacağını təsdiqləmişdir. Lakin sonra Şahid2 Məbudla danışmış və özünü təqdim edərək Məbudun onu tanıyıb-tanımadığını, nə üçün adından istifadə edərək pul aldığını soruşmuşdur. Məbud isə yalanının üzə çıxdığını görüb Rəşad adlı şəxsi tanımadığını bildirmiş və telefonu söndürmüşdür. Artıq o, Məbudun dələduzluq etdiyinə əmin olub Abşeron rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Məbud prokurorluq orqanının çağırışına cavab verməsə də, sonuncu ilə “WhatsApp” sosial şəbəkəsi hesabı ilə əlaqə saxlamış, Məbud ona şikayəti geri çəkməyini, 3420 AZN pulu da tez zamanda qaytaracağını bildirmişdir. Lakin yenə də Məbud sözünə əməl etməmiş və bugünkü günə qədər onun maddi ziyanının heç bir hissəsini ödəməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs müraciətində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmişdir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanımış, belə ki, o, Qobu qəsəbəsində yaşamış, sonuncunun da Qobu qəsəbəsində qeyri-yaşayış obyekti və torpaq sahəsi olmuşdur. Rövşənlə münasibətləri yaxşı olmuş və mütəmadi olaraq görüşmüşdür. 2022-ci ilin iyul ayının axırlarında Rövşənlə söhbət zamanı sonuncu ona Qobu qəsəbəsində özünə məxsus plastik materialları sexinə bitişik ərazidə yerləşən 2 sotluq torpaq sahəsinin yaxınlığında təxminən 2 sot həcmində ərazi olduğunu, həmin ərazini öz mülkiyyətinə keçirmək istədiyini demişdir. O, həmin ərazinin kimə məxsus olmasını bilmədiyini, bu barədə tanışı Məbud adlı şəxsin məlumatı ola biləcəyini Rövşənə bildirmişdir. Məbudla və atası ilə bir neçə il əvvəl Qobu qəsəbəsi ərazisində tanış olmuş, sonuncularla normal münasibətləri olmuşdur. Məbudun Qobu qəsəbəsi ərazisində torpaq sahəsi olmuş, həmçinin sonuncu həmin ərazidə torpaq alqı-satqısı ilə məşğul olmuş, yəni makler kimi fəaliyyət göstərmişdir. Bu səbəbdən Məbudun həmin ərazidəki torpaq sahələrini tanıdığını düşünüb sonuncunu görüşə dəvət etmişdir. Məbud da elə həmin gün görüşə gəlmiş, Məbudla Rövşəni tanış etmiş və onlar həmin torpaq sahəsi ilə bağlı söhbətləşməyə başlamışlar. Onlar təxminən 1 saata yaxın müddətdə kənarda söhbət etmiş, qayıdanda Məbudla Rövşənin razılığa gəldiyini başa düşmüşdür. Məbud onun yanında Rövşənə “Abşeron rayon icra hakimiyyətində hüquqşünas işləyən Rəşad adlı şəxs mənim dostumdur, sonuncu bu işləri həll edir, pulu sonuncuya verəcəm, o bu məsələni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həll edəcək” demişdir. Rövşənlə Məbudun son danışığına əsasən həmin ərazinin mülkiyyət sənədlərini əldə etmək üçün Rövşən Məbuda 3400 AZN pul verəcəkmiş. 2400 AZN sənədləşmə prosesində, 1000 AZN isə sənəd hazır olanda Məbuda çatacaqmış. Məbud da bununla razılaşmışdır. Sonradan Rövşən ona Məbudun deməsinə əsasən həmin ərazinin boş olduğunu bildirmişdir. Bu danışıqdan 1-2 gün sonra o, Məbud və Rövşən Qobu qəsəbəsi yaxınlığında yerləşən “Vulkan” adlı kafedə görüşmüş, Rövşən bu iş üçün 24 ədəd 100 AZN-lik və 1 ədəd 20 AZN-lik əskinaslar formasında, ümumilikdə, 2420 AZN pulu həmin kafedə Məbuda vermişdir. 20 AZN Məbudun deməsinə görə sənədləşmə işi üçün lazım olan rüsum olmuşdur. Bundan təxminən 1 ay sonra, yəni 2022-ci ilin avqust ayının axırlarında qalan pulu Məbuda çatdırmaq üçün Rövşən ona Qobu qəsəbəsi ərazisində 10 ədəd 100 AZN-lik əskinaslar formasında 1000 AZN pul vermişdir. O da həmin pulu qəbul edərək Məbuda çatdıracağını bildirmişdir. Daha sonra Məbudla görüşmüş və Qobu qəsəbəsi ərazisində, “Vulkan” adlı kafenin yaxınlığında sonuncuya Rövşənin ona verdiyi qalan 1000 AZN pulu əlbəəl vermişdir. Yəni 3420 AZN pul Məbuda göstərilən məqsəd üçün onun iştirakı ilə verilmişdir. Bundan sonra Rövşənlə demək olar ki, hər gün görüşmüş və Məbudun nə zaman mülkiyyət sənədini hazır edəcəyini gözləmişdir. Lakin Məbudun dediyi vaxt keçmiş, Məbud nə sənədi hazır etmiş, nə də pulu qaytarmışdır. Məbudla əlaqə saxladıqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Məbuda dəfələrlə “Elə et ki, Rövşənin işi həll olunsun, çünki sizi mən tanış etmişəm, mən pis vəziyyətdə qalıram” demiş, Məbud da “bugün-sabah” deyə-deyə onu da aldatmışdır. Rövşən artıq aldandığını başa düşüb Məbuddan Rəşad adlı şəxslə görüşməyi tələb etmiş, lakin Məbud Rövşənə “Rəşad vəzifəli şəxsdir, mənimlə iş görür, səninlə bu məsələyə görə görüşməz və söhbət etməz” demişdir. X7 aldatdığını görüb sonuncu ilə birgə Abşeron RİH-nə getmişdir. Rövşən və o, Abşeron RİH-də hüquqşünas işləyən Rəşad adlı şəxsin qəbulunda olmuş, sonuncuya bu məsələni bildirmiş, Rəşad isə bu işdən xəbəri olmadığını, Məbud adlı şəxsin onun adından istifadə etdiyini demişdir. Hətta Rövşən öz mobil telefonu ilə Məbudla danışarkən Rəşad Məbuddan onu tanıyıbtanımadığını soruşub nə üçün adından istifadə edib pul almasını bildirmiş, Məbud isə duruxub qalmış və cavab verə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RİH-də hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs adlı şəxsləri əvvəlcədən tanımamış, sonuncularla heç bir ünsiyyəti olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 11:45 radələrində Abşeron RİH-də xidməti otağında olarkən otağına 2 nəfər tanımadığı şəxs daxil olmuş, həmin şəxslərin Zərərçəkmiş şəxs və Şahid1 adlı şəxslər olması ona məlum olmuşdur. Zərərçəkmiş şəxs onun “Rəşad adlı şəxs” olub-olmadığını soruşmuş, o da təsdiqləmişdir. Bundan sonra Rövşən ondan Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Məbud adlı şəxsi tanıyıbtanımadığını soruşmuş, o isə belə bir adam tanımadığını bildirmiş, həqiqətən də, ilk dəfə idi ki, belə bir ad eşitmişdir. Zərərçəkmiş şəxs daha sonra ona “2022-ci ilin iyul-avqust aylarında Məbud adlı şəxs Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin mülkiyyət sənədlərini əldə etmək üçün Sizin adınızdan istifadə etmiş, Sizinlə yaxın əlaqələrinin olduğunu bildirib Sizə verəcəyi adı ilə məndən 3420 AZN pul almışdır” demişdir. O, bu məsələni dəqiqləşdirmək üçün Zərərçəkmiş şəxs Məbud adlı şəxsin mobil nömrəsini istəmiş, Zərərçəkmiş şəxs mobil nömrəsi ilə Məbud adlı şəxsin mobil nömrəsinə zəng vurmuşdur. Sonuncu zəngi açmış və danışanın Məbud olduğunu demişdir. O, Məbud adlı şəxsə onu tanıyıb-tanımadığını soruşmuş, sonuncu isə tanımadığını bildirmişdir. Belə olduğu təqdirdə o, həmin şəxsdən “Bəs nə üçün mənim adımdan istifadə edərək mənə çatdıracağın adı ilə camaatdan pul almısan?” deyə soruşmuşdur. Danışıq zamanı Məbud tutulmuş və bir neçə saniyə sonra “Mən sizin adınızdan pul almamışam, başqa söhbətdir” demişdir. Halbuki o, həmin danışığın əvvəlində Rövşənlə söhbət zamanı onu tanıdığını bildirmişdir. Danışığın sonunda o, Məbud adlı şəxsə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəyini demiş və danışıq yekunlaşmışdır. Daha sonra həm Zərərçəkmiş şəxs, həm də o, bu barədə Abşeron rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. X8 adlı şəxslər arasında gedən söhbətlərdən Rövşən onun qəbuluna gələnə qədər xəbəri olmamışdır. Məbudun Rövşəndən pul alarkən nə üçün onun adından istifadə etməsini bilməmiş, çünki o, Məbud adlı şəxsi tanımamış, bəlkə də, sonuncu onun adını hansısa şəkildə eşitmiş və vətəndaşı inandırıb pul almaq üçün onunla əlaqəsinin olduğunu bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli “WhatsApp” hesabında “X10” adı ilə qeyd edilmiş şəxslə olan mesajlara nəzər yetirilmişdir. Baxış zamanı həmin şəxsin mobil nömrəsinin ***- ***-**-** olması və mobil nömrənin, həqiqətən də, Təqsirləndirilən şəxs məxsus olmaqla sonuncu tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs (bundan sonra M.P) və Zərərçəkmiş şəxs (bundan sonra R.M) arasında ilk mesaj xx.xx.2022-ci ilə təsadüf etmiş, belə ki, M.P R.M-ə torpaq sahəsinə dair çıxarış şəkli atmışdır. R.M baxış zaman bildirmiş ki, M.P əvvəlcə onu aldadaraq guya mülkiyyət sənədinin hazır olmasını göstərmək üçün şəkil göndərmiş, lakin əslində o şəkil elə ona məxsus 2 sotluq torpaq sahəsinin çıxarışının şəkli olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində M.P dəfələrlə R.M-ə hər gün yazışma zamanı növbəti gün üçün ondan aldığı pulu qaytaracağını, məsələni yoluna qoyacağını, polislərin onu axtardığını bildirmiş, daha sonra R.M-ə yalvarıb ondan pulu qaytarması üçün vaxt istəmiş, R.M-dən şikayət etməməsini xahiş etmiş və bu kimi ifadələr işlətmişdir. xx.xx.2022-ci il tarixdə isə M.P R.M-ə yazaraq ona 3400 AZN pul verməli olduğunu etiraf etmiş və qəpiyinə qədər ödəyəcəyinə dair söz vermişdir. Əraziyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Zərərçəkmiş şəxs məxsus, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 2 sot həcmində torpaq sahəsi və ətrafındakı ərazi olmuş, sözügedən torpaq sahəsi Qobu-Güzdək yolunun sol tərəfində yerləşmişdir. Torpaq sahəsinin sol tərəfində “Vulkan kafe”, avtomobil təmiri yeri və plastik materialları sexi olmuşdur. Baxış iştirakçısı Zərərçəkmiş şəxs baxış zamanı özünə məxsus 2 sot həcmində torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin çıxarışının olduğunu, torpaq sahəsinin özünə məxsus sexin yaxınlığında yerləşdiyini bildirmiş və əyani olaraq özünə məxsus torpaq sahəsini göstərmişdir. Həmin ərazinin torpaq qatı maili, kələ-kötür olmuş və ərazi daxilində çoxlu sayda kərpiclər qoyulmuşdur. Zərərçəkmiş şəxs daha sonra baxış zamanı özünə məxsus torpaq sahəsinin yaxınlığındakı ərazini göstərmiş və Təqsirləndirilən şəxs həmin ərazinin mülkiyyət sənədlərini almaq üçün, ümumilikdə, 3420 AZN pul verdiyini bildirmişdir. Həmin ərazinin torpaq qatı da kələ-kötür və maili olmuş, aşağı doğru hərəkət etmək üçün yol formasında olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs ərazinin yaxınlığındakı “Vulkan” kafesini əyani olaraq göstərmiş və həmin kafedə dostu Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs pul verdiyini baxış zamanı bildirmişdir. Abşeron RPİ-nə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, İsmayıllı rayonu, Kələzeyvə kəndində qeydiyyatda olan, lakin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində nömrəsiz evdə yaşayan Poladov X3 rayonu, Qobu qəsəbəsi ərazisində torpaq alqı-satqısı ilə məşğul olmuş, yəni maklerlik etmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında Bakı şəhəri, Nərimanov rayon sakini Zərərçəkmiş şəxs tanış olmuşdur. Zərərçəkmiş şəxs həmin zaman Qobu qəsəbəsindəki Vulkan adlı kafenin yaxınlığında yerləşən torpaq sahəsinə çıxarış əldə etmək istəmiş, Təqsirləndirilən şəxs bunu həll edəcəyini bildirmişdir. Sonuncu Abşeron rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Şahid2la yaxın olduğunu demiş, Rəşad müəllimin bu məsələnin həllinə köməklik edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin iyulun axırında Zərərçəkmiş şəxs özündən Vulkan kafesində 2420 AZN, 1 ay sonra isə Zərərçəkmiş şəxs dostu Şahid1 eyni məqsəd üçün 1000 AZN pul almış, lakin Zərərçəkmiş şəxs aldatmış, heç bir iş görməmişdir. Təqsirləndirilən şəxsla Şahid2 arasında hər hansı münasibət olmamış, əvvəllər onların işbirliyi etməsi barədə məlumat müəyyən edilməmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aldığı 3420 AZN-i Şahid2 və ya digər hər hansı şəxsə verməmiş, özünə sərf etmişdir. Təqsirləndirilən şəxs başqa digər şəxslərdən də torpaq sahələri üçün çıxarış əldə etmək adı ilə, yaxud başqa adlarla hər hansı məbləğdə pul alması və dələduzluq etməsi faktları əməliyyat yolu ilə müəyyən edilməmişdir. “İşə təyin olunma əmri”ndən görünür ki, Abşeron RİH HŞ müdiri vəzifəsini müvəqqəti icra etmiş Qubatov X5 RİH başçısının xx.xx.2014-cü il tarixli əmri ilə həmin şöbənin müdiri vəzifəsinə təyin olunmuşdur. “Çıxarış”dan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində 0,02 ha ehtiyat fond torpağı hesabı edilən torpaq sahəsinə dair çıxarışı olmuş, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X2 barəsində həbsetmənin əvvəlli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmamışdır. “Respublika Narkoloji Mərkəzi” PHŞ-nə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamış və qeydiyyatda durmamışdır. Baş Dövlət Yol Polisi idarəsinə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. İsmayıllı RİHB-nin Sulut kənd İƏD-si üzrə nümayəndəliyinə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin ərazisində olduğu müddətdə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə müdafiə tərəfin gətirdiyi dəlillərə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və yaüçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Eyni Qərarın 36-cı bəndi izah edir ki, «dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə isə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, o cümlədən dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 ay 17 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 ay 17 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar