Məhkəmə qərarları › İş №1(012)-268/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-268/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-268/2025 08.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət verən şəxs Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci il tarixdə Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış məhəlləsi, fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivində yerləşən fərdi yaşayış evində təmir işləri apararkən əvvəl birgə təmir işləri ilə bağlı iş birliyində, habelə qeyri rəsmi ər-arvad münasibətlərində olmuş tanışı Zərərçəkmiş şəxs həmin ünvana çağırıb ona həmin ünvanda apardığı təmir işləri ilə bağlı yardımçı olmasını xahiş etdikdə, sonuncu buna etiraz edərkən aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət, sol çiyin və qol nahiyyələrinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ gözün üst və alt göz qapaqlarının qançırları, sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və sol bazu nahiyəsinin yuxarı 1/3-ni əhatə edən iri ölçülü qançır-şişkinliyi ilə müşahidə olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Gülnarı 2-3 ildir ki tanıyır, əvvəllər münasibətləri normal olmuşdur. O və Gülnar hər ikisi ev təmiri ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Gülnara zəng edərək ona işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə məhəlləsi deyilən ərazidə ev təmir etdiyini və ona kömək lazım olduğunu bildirmiş və onu həmin ünvana çağırmışdır. Bundan sonra, təxminən saat 19 radələrində Gülnar həmin ünvana çatmış və orada olan zaman o, Gülnardan onunla birlikdə işləməyi və işi təhvil verməyi tələb etmişdir. Gülnar etiraz etdikdə onların arasında mübahisə yaranmış, həmin mübahisə zamanı Gülnar heç bir səbəb olmadan aboy kəsmək üçün istifadə olunan kiçik alətlə sol qolundan kəsərək özüözünə xəsarət yetirmişdir. Bu zaman o, Gülnarı sakitləşdirmiş və ardınca əsəbiləşib yumruqla onun sağ göz, sol çiyin və qol nahiyələrindən vuraraq ona xasərət yetirmişdir. Sonra isə Gülnar oradan uzaqlaşıb getmişdir. Aralarında olan mübahisənin 5-10 dəqiqə davam etdiyini, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan heç kimin yaxınlaşmadığını, həmin mübahisə zamanı Gülnar ona qarşı hər hansı bir fiziki zor tətbiq etmədiyini göstərmişdir. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini,barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onların hər ikisi ev təmiri ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Mirdamət ona zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə məhəlləsi deyilən ərazidə ev təmir etdiyini və ona kömək lazım olduğunu söyləmiş və onu həmin ünvana gəlməsini istəmişdir. Bundan sonra o, təxminən saat 19 radələrində həmin ünvana çatmış və orada olan zaman Mirdamət ondan onunla birlikdə işləməyi xahiş etmişdir. O, etiraz etdikdə aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı o, əsəbiləşib evdə olan aboy kəsmək üçün istifadə olunan kiçik alətlə sol qolundan kəsmişdir. Mirdamət onu sakitləşdirmiş və ardınca ona əsəbiləşib yumruqla onun sağ göz, sol çiyin, sol qol nahiyələrindən zərbələr vuraraq ona xasərət yetirmişdir. Qolunu kəsməsinin Mirdamətlə heç bir əlaqəsi yoxdur. Baş verən hadisədən sonradan həmin aləti zibil tullantıları ilə birlikdə evdən kənarda olan zibil qutusuna atmışdır. Bundan sonra o, oradan uzaqlaşıb getmişdir. Aralarında olan mübahisənin 5-10 dəqiqə davam etdiyini, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan heç kimin yaxınlaşmadığını, mübahisə zamanı Mirdamətə qarşı hər hansı bir fiziki zor tətbiq etmədiyini, daha sonra yəni, xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsinə gəlib ərizə ilə müraciət etdiyini göstərmişdir.Hazırda barışdıqlarını, şikayət və tələbi olmadığını bildirdi. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X2 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1258 nömrəli rəyindən görünür ki,

1. 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ gözün üst və alt göz qapaqlarının qançırları, sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və sol bazu nahiyəsinin yuxarı 1/3-ni əhatə edən iri ölçülü qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sol said nahiyəsinin kəsilmiş yarası isə iti kənarlı əşyanın (alətin) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024cü il tarixdə əmələ gələ bilmələri mümkündür.

2. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərdən: -Sağ gözün üst və alt göz qapaqlarının qançırları, sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və sol bazu nahiyəsinin yuxarı 1/3-ni əhatə edən iri ölçülü qançır-şişkinliyi qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -Sol said nahiyəsinin kəsilmiş yarası isə müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni rezakla öz-özünə yetirilməsi nəticəsində əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, özünü təqsirli bilir, məhkəmədən barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-268/2025 saylı qərarına əsasən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar