Məhkəmə qərarları › İş №1(012)-269/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-269/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-269/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Cəbrayıl rayonu, Daş Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyyətcə azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu Daş Veysəlli kəndində qeydiyyatda olan, Abşeron rayonu Qobu qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə saat 22 radələrində, Abşeron rayonu, Qobu qəsəbəsi, Çingiz Mustafayev küçəsi yeni yaşayış massivində işlədiyi mağazanın qarşısından həmkəndlisi Zərərçəkmiş şəxs avtomobili yüksək sürətlə idarə etməsindən narazı qalaraq sonuncunun həmin qəsəbədə yaşadığı evin qarşısından keçən küçəyə gəlib orada onunla mübahisə edərək, heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətdə insanlar arasında bərqərar olmuş, hamı tərəfindən qəbul olunan əxlaq normalarına açıq etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai yerdə insanların gözü qarşısında qəsdən yumruqla sonuncunun sifətinə bir dəfə vurmuş, hadisə yerində olan şəxslərin köməyi ilə aralaşdırılıb işlədiyi mağazaya getdikdən sonra xuliqanlıq hərəkətlərini davam etdirərək oraya gəlmiş Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla vurub yerə yıxmaqla ona sol əlində əl barmaqlarında açma və bükmə hərəkətlərinin məhdudluğu ilə müşahidə olunan sol əlin arxa və iç səthinin, eləcə də sol əlin 4-cü və beşinci barmaqlarının əsas falanqalarının əsas və orta falanqa oynaqları nahiyələri də əhatə olunmaqla qançır-şişkinliyindən ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yügül zərərvurmaya, sol gicgah-çənə oynağı, sağ baldır nahiyələrinin qançırları, hər iki diz oynağı nahiyələrinin sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 20 avqust 2022-ci il tarixdə, saat 22 radələrində qardaşı X2 rayonu Qobu qsəbəsində yerləşən “Həsən” adlı avtomobil ehtiyat hissələri mağazasında qardaşı işdə olmadığı üçün o, işdə olmuşdur. Həmin vaxt onun yanıda heç kim olmamış, sonradan hadisə yerinə qonşusu Zülfüqar gəlmişdir. Mağaza açıq olmuşdur. Bu zaman Qobu qəsəbəində yaşayan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi “Kia optima” markalı avtomobili yüksək sürətlə idarə edərək onun həmin vaxt qarşısında dayandığı “Həsən” avtomobil ehtiyat hissələri mağazasının qarşısından keçib qonşu məhəllədəki evinə doğru getmiş, avtomobili yüksək sürətlə idarə etdiytindən yerdən toz qalxmış, yerdən qopan çınqıllar mağazanın şüşəsinə dəymiş, lakin mağazanın şüşəsi sınmamışdır. Zərərçəkmiş şəxs bu hərəkəti onun xoşuna gəlmədiyi üçün Zərərçəkmiş şəxs həyətinə getmişdir ki, ondan avtomobili yüksək sürətlə idarə edib onu saymamasının, ona qarşı hörmətsizlik etməsinin səbəbini soruşsun. Həmin vaxt hadisə yerinə gəlmiş Zülfüqar da onunla birlikdə Nahidin yaşadığı küçəyə getmişlər. Onlar Nahidin yaşadığı küçəyə çatarkan Nahid yaşadığı evin giriş qapısının çölündə küçədə olmuş, bir neçə tanımadığı şəxs də həmin küçədə olmuşlar. O, nə səbəbə avtomobili yüksək sürətlə sürüb mağazanı və onu toza basmasını, toz qaldırmasını Nahiddən soruşmuş, bu zaman onlar mübahisə etmişlər. Mübahisə zamanı onlar əlbəyaxa olaraq o, Nahidi yumruqla sifətindən vurmuş, lakin hadisə yerinə gələn qonşular onları ayırmaqla dalaşmağa qoymamışlar. Həmin yerdə hadisə təxminən on dəqiqə davam etmişdir. Bundan sonra o, qardaşına məxsus “Həsən” adlı mağazaya qayıtmışdır. Aradan bir neçə dəqiqə keçəndən sonra Zərərçəkmiş şəxs yanında olan tanımadığı şəxslə birlikdə onun olduğu mağazaya gəlmişdir. Həmin vaxt onun yanında qonşusu Zülfüqar olmuşdur. Onlar mağazanın qarşısındakı küçədə yenidən Zərərçəkmiş şəxsla mübahisə etmişlər. Zərərçəkmiş şəxs ona irad tutub bildirmişdir ki, nə üçün onun qapısına gəlib adamların yanında onu alçaltmış və vurmuşdur? O da Nahidə avbtomobili sürətlə sürərək onu toza basmaqla təhqir etməsinə görə Nahidə irad bildirmiş və onlar mübahisə edib yenidən dalaşmışlar. Əlbəyaxa olub dalaşarkan onlar yıxılmış və Nahidin sol əli əzilmiş, onun da sağ qıçı əzilmişdir. Hadisə yerində olan Zülfüqar və Nahidin yanındakı şəxs, habelə hadisə yerinə gələn tanımadığı şəxslər onları aralamış, bu zaman dükanın qarşısında olan səsboğucunu Nahid ona atmış, lakin səs boğucusu ona dəyməmişdir. O da səsboğucunu qarşısından götürüb kənara atmışdır ki, ayaq altında qalıb əzilməsin və sonra satışa yarasız vəziyyətə düşməsin. Hadisə yerində olan şəxslər onları araladıqdan sonra Zərərçəkmiş şəxs və yanındakı şəxs çıxıb getmiş, o da mağazanı bağlayıb yaşadığı evinə getmişdir. Hadisə təxminən on dəqiqə davam etmiş, hər iki hadisə yerinə kənar şəxslər toplaşmışlar. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, əslən Tovuz rayonundan olsa da, Abşeron rayonu, Qobu qəsəbəsində fərdi həyət evində yaşayr. Özünə məxsus “Kia optima” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobili hadisədən sonra satmışdır. 20 avqust 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Kia optima” markalı avtomobillə Bakı şəhərindən yaşadığı Abşeron rayonu, Qobu qəsədəsindəki fərdi yaşayış evinə gedərkən avtomobildə tək olmuş, evə getməyə tələsdiyi üçün avtomobili nisbətən sürətlə idarə etmişdir. İdarə etdiyi avtomobillə evə gedəndə Təqsirləndirilən şəxs, onun yolunun üstündə olan qardaşına məxsus “Həsən”adlı avtomobil hissələri satılan mağazasının qarşısında dayanmışdı. Həmin vaxt onun yanında adsam olub-olmadığı yadımda deyildir. Mən, həmin vaxt avtomobilin təkərindən daş və yaxud çınqılın çıxaraq mağazanın şüşəsinə dəyməsini görməmişəm və hissd etməmişəm. Lakin sonradan Təqsirləndirilən şəxs bildirmişdir ki, onun idarə etdiyi maşının təkərindən daş çıxaraq mağazanın şüşəsinə dəymiş, lakin şüşə sınmamışdır. O, evinə çatıb, evinin qarşısındakı küçədə tanımadığı avtomobil ehtiyat hissəsi almaq üçün gəlmiş tanımadığı şəxslərlə söhbət edərkən onun yanına Təqsirləndirilən şəxs Zülfüqar adlı şəxslə gəlmiş lər. Ceyhun ona irad tutub bildirmişdir ki, “avtomobili niyə bərk sürüb bizi toza basırsan”? O, Ceyhuna tləsdiyini bildirib ətraflı cavab verməyə macal tapmamış, Ceyhun ona hücum edib yumruqla sifətimdən vurmuş, onlar əlbəyaxa olduqda hadisə yerində olan və hadisə yerinə kənardan gələn şəxslər onları aralamışlar. Hadisə həmin vaxt təxminən on dəqiqə davam etmiş, hadisə yerinə kənardan şəxslər gəlmiş və onları ayırmışlar. Təxminən 10 dəqiqə sonra o, Ceyhunun olduğu “Həsən” avtomobil ehtiyat hissələri mağazasına getmişdir ki, Ceyhunun nə səbəbə onun həyətinə gəlib orada onu vurmasının səbəbini soruşsun. Onun arxasınca Tovuz rayonundan ona qonaq gəlmiş qohumu Taryel də gəlmişdir. Ceyhun mağazanın qarşısında sonradan tanıdığı Zülfüqarla birlikdə olmuşlar. Ceyhundan nə səbəbə onun evinin qapısına gəlib orada onu vurmasının səbəbini soruşaraq aralarında mübahisə baş vermiş, hadisə yerində əlbəyaxa olub dalaşarkan yerə yıxılmışlar. Həmin vaxt sol əli altında qalıb əzilmişdir. Həmin vaxt o, Ceyhunun qıçına bir dəfə təpiklə vurmuş, dükanın qarşısında divara söykənmiş vəziyyətdə olan avtomobilin səsboğucusunu Ceyhuna atmış, lakin səsboğucu Ceyhunun qarşısına düşərək ona dəyməmişdir. Ceyhun səsboğucunu kənara atmışdır. Hadisə yerində olan Taryel və Zülfüqar, hadisə yerinə toplaşan şəxslər onları aralamışlar. Hadisə yerinə onların səs-küyünə və dava-dalaşına kənardan tanımadığı şəxslər gəlmiş, hadisə təxminən on dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 elan olunmuş ifadəsindən görünür ki, yaşadığı ev Zərərçəkmiş şəxs evinin və Təqsirləndirilən şəxs işlədiyi dükanın yaxınlığında yerləşir. 22 avqust 2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxıb yaxınlıqdakı dükana çörək almaq üçün gedərkən qonşuluqda yaşayan Nahidin iki nəfər şəxslə söhbət etdiklərini və uca səslə danışdıqlarını görmüşdür. Bu zaman həmin yerə Təqsirləndirilən şəxs bir nəfər şəxslə gəldiyini görmüşdür. O, Ceyhunla salamlaşıb çörək almaq üçün küçənin qurtaracağında olan “Ayxan” dükanına getmişdir. Çörək alıb qayıdarkən Ceyhunun avtomobil ehtiyat hissələri satılan dükanının qarşısında Ceyhunla Nahidin əlbəyaxa olaraq dalaşdığını görmüşdür. Onların yanında başqa şəxslər də olmuşlar. O, onların yanında dayanmayıb, küçə ilə getmiş və məhəllədən digər şəxsləri haraylayıb onları ayırmaq üçün çağırmışdır. O, hadisə yerinə qayıtdıqda artıq onları ayrılmışlar. Ceyhundan hadisənin səbəbini soruşduqda bildirmişdir ki, Nahid avtomobili onun işlədiyi dükanın qarşısından sürətlə sürərək toz qaldırıb və avtomobilin təkərindən çıxan çınqıllar dükanın şüşələrinə dəyib, ona görə də mübahisə edib dalaşmışlar. O, çörək almaq üçün küçənin qurtaracağında yerləşən dükana gedərkən yolda Ceyhunun Nahdin evinin qarşısında durduğu yerə tərəf getdiyini görmüş, lakin onların həmin yerdə dalaşmalarının şahidi olmamışdır. Çörək dükanında olarkan küçədən mübahisə, səs-küy eşitmişdir, qayıdarkən Ceyhunla Nahidin, Ceyhunun qardaşına məxsus dükanın qarşısında əlbəyaxa olaraq dalaşdıqlarını görmüşdür. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Niyaz oğlu bildirmişdir ki, 22 avqust 2022-ci il tarixdə axşam vaxtı evdən çıxıb çörək almaq üçün mağazaya gedərkən tanışı Təqsirləndirilən şəxs avtomobil ehtiyat hissələri mağazasının qarşısında oturub telefonla danışdığını görmüş, ona yaxınlaşıb salam verib görüşmüşdür. Ceyhunla görüşəndən sonra getmək istəyərkən bu zaman Zərərçəkmiş şəxs avtomobillə yüksək sürətlə evinə tərəf getmişdir. Yol torpaq və çınqıllı olduğundan yolu toz basmış və avtomobilin təkərlərinin altından çıxan xırda daşlar obyektə dəymişdir. Ceyhun bildirmişdir ki, bura yaşayış məntəqəsidir, yaşayış məntəqəsində belə avtomobil idarə etməzlər və bu səbəbdən durub Nahidin yaşadığı küçəyə getmiş, o da Nahidin arxasınca getmişdir. Onlar hər ikisi Nahid yaşayan küçəyə çatanda, Nahid küçədə olmuş, yanında da onların tanımadığı 2-3 nəfər adamlar olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb ona bildirmişdir ki, bura yaşayış sahəsidir, avtomobili belə idarə etmək olmaz. Onlar mübahisə etmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinə yumruqla vurmuş, sonra əlbəyaxa olub dalaşımışlar. Bu zaman o və orada olan tanımadığı şəxslər onların arasına girib, onları ayırmışlar. O, Təqsirləndirilən şəxs ilə birlikdə onun işlədiyi avtomobil ehtiyat hissələri mağazasının qarşısına gəlmişlər. Sonra o, yaşadığı evə getmiş, evdə təxminən 20-25 dəqiqə qalandan sonra fikirləşmişdir ki, gedib Təqsirləndirilən şəxs baş çəksin, ona görə də yenidən Ceyhunun işlədiyi mağazaya getmişdir. Onlar söhəbət edərkən bu zaman Zərərçəkmiş şəxs yanında tanmadığı başqa bir şəxslə onların yanına gəlmişlər. Nahid mağazanın yanına gələndən sonra Təqsirləndirilən şəxs ilə mübahisə etmiş, onlar əlbəyaxa olub dalaşmış, dalaşarkan bir-birlərini vurmuş və yerə yıxıəlmışlar. Nahid mağazanın qarşısında qoyulmuş səs boğucunu götürüb Ceyhuna tərəf atmış, lakin səs boğucu Ceyhuna dəyməmişdir. Ceyhun da Nahidin ona tərəf atdığı səs boğucunu götürüb kənara atmışdır. O və orada olan tanımadığı şəxslər onları sakitləşdirib, dalaşmalarının qarşısını almışlar. Dalaşma zamanı onu heç kim vurmamış, o da heç kimi vurmamış, heç kim xəsarət yetirməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Tovuz rayonu, Dondarquşçu kəndində anadan olmaqla, həmin kənddə yaşayır. Abşeron rayonu, Qobu qəsəbəsində yşayan Zərərçəkmiş şəxs onun qohumu olduğu üçün onun evinə 2022-ci ilin avqust ayının 19-da qonaq gəlmiş və bir neçə gün onun evində qonaq qalmışdır. 20 avqust 2022-ci il tarixdə, saat 22 radələrində o, Nahidin evində olarkan küçədən səs-küy səsi eşidib küçəyə çıxmış və qohumu Nahidin tanımadığı, lakin sonradan adını bildiyi Ceyhun adlı şəxslə mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı Ceyhun adlı şəxs Nahidin sifətinə bir dəfə yumruqla vurmuş, o və orada olan digər tanımadığı şəxslər onları aralamışlar. O, qohumu Nahidi evə gətirmişdir ki, sakitləşsin. Nahid evdə əl üzünü yumuş, sonra çölə çıxmışdır. O, Nahidin çölə çıxmasını görüb onun arxasınca çıxmışdır. Nahidin küçə ilə avtomobil ehtiyat hissələri satılan mağazaya tərəf getdiyini görmüşdür. O da Nahidin arxasınca getmişdir. Nahid, Ceyhunun işlədiyi mağazanın qarşısına çatanda sonradan adı ona məlum olan Zülfüqar adlı şəxs də onun yanında olnumdur. Nahid əvvəlcə Ceyhunla sözlə mübahisə etmiş, sonra Ceyhun Nahidə hücum edərək əlbəyaxa olmuşlar və yerə yıxılmışlar. Mağazanın qarşısında olan avtomobilin ehtiyat hissəsi olan səs boğucunu Nahid götürüb Ceyhuna tərəf atmış, səs boğucu Ceyhuna dəyməmiş, Ceyhun səs boğucunu götürüb kənara atmışdır. Zülfüqar və hadisə yerinə gələn şəxslər onları ayırmışlar. O, Nahidi oradan evinə aparmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının verdiyi xx.xx.2022-ci il tarixli 1935 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol əlində əl barmaqlarında açma və bükmə hərəkətlərinin məhdudluğu ilə müşahidə olunan sol əlin arxa və iç səthinin, eləcə də sol əlin İV-V barmaqlarının əsas falanqalarının əsas və orta falanqa oynaqları nahiyələri də əhatə olunmaqla qançır-şişkinliyi, sol gicgah-çənə oynağı, sağ baldır nahiyələrinin qançırları, hər iki diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədənin hissələrinin (əl,ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İstintaq zamanı, məhkəmə-tibb ekspertizasının verdiyi 1925 saylı rəydə göstərilən xəsarətlərin ayrı-ayrılıqda dərəcəsinin müəyyən edilməsi üçün cinayət işi üzrə əlavə məhkəmə tibb-ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 45.Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərdən: -sol əlində əl barmaqlarında açma və bükmə hərəkətlərinin məhdudluğu ilə müşahidə olunan sol əlin arxa və iç səthinin, eləcədə sol əlin İV-V barmaqlarının əsas falanqalarının əsas və orta falanqa oynaqları nahiyələri də əhatə olunmaqla qançırşişkinliyi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. -sol gicgah-çənə oynağı,sağ baldır nahiyələrinin qançırları, hər iki diz oynağı nahiyələrinin sıyrıqları, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üsün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar