Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-269/2025 21.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2003-cü ildə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə X2 məxsus əmlakı oğurlamağa cəhd etdiyinə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddələri ilə cinayət işi Abşeron rayon Məhkəməsində baxılma mərhələsində olmasına baxmayaraq təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 aprel 2024-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, evin pəncərəsini zərblə vurub açaraq pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evin yataq otağında yerləşən dolabdan asılmış pencəyin iç cibindən 10.000 manat pulu, evin qonaq otağında yerləşən komodun içərisindən ümumilikdə 2970 manat dəyərində 01 ədəd 9 qram çəkidə 585 əyyarlı 900 manat dəyərində qızıl qadın bilərziyi, 01 ədəd 10 qram çəkidə 585 əyyarlı kartier markalı 1000 manat dəyərində qızıl qadın qolbağı, 01 ədəd 3 qram çəkidə 585 əyyarlı “Roberto coin” markalı 350 manat dəyərində qızıl qadın boyunbağı və 01 ədəd 6 qram çəkidə 750 əyyarlı kartier markalı 720 manat dəyərində qızıl qadın üzüyü, ümumilikdə 12970 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs 12970 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, sonuncu dəfə 17 aprel 2023-cü il tarixdə yaşadığı Cəlilabad rayonu, Maşlıq kəndindən Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. Gəlməkdə məqsədi 18 aprel 2024-cü il tarixdə Abşeron rayon məhkəməsində baş tutacaq məhkəmə prosesi ilə bağlı olmuşdur. Aprelin 18-i məhkəmə prosesi olmuş və növbəti məhkəməni 18 may 2024-cü il tarixə təyin etmişlər. O da düşünmüşdür ki, bir neçə gün Bakı şəhərində qalıb rayona geri qayıdar. Bir iki gün Xırdalan şəhərində yaşayan xalası gilin evində qalmışdır. 20 aprel 2024-cü il tarixdə isə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan dayısı Mübarizin evində qalmışdır. Səhəri gün yəni ki, 21 aprel 2024-cü il tarixdə saat 10 radələrində o, dayısı gildən çıxıb piyada yol ilə gedirmiş. Bir qədər piyada getdikdən sonra ana ilə qızı avtomobillə bir evin həyətindən çıxıb küçə darvazasını kilidə bağladığını görmüşdür. O başa düşmüşdür ki, hazırda həmin evdə heç kim yoxdur. Ona görə də həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də evin həyətinin hasarından həyətinə keçmişdir. Evin giriş qapısının yanında olan plastik pəncərənin alt hissəsini əli ilə bərkdən itələyib açmışdır. Həmin pəncərədən də evə daxil olmuşdur. Evə daxil olduğu otaq yataq otağı imiş. Oranı axtarmış, lakin oğurlamaq üçün dəyərli heç nə tapmamışdır. Daha sonra həmin otaqdan qonaq otağına keçmişdir. Qonaq otağında axtarış edib otaqda yerləşən komodun üzərində olan meyvə qabın içərisində zinət əşyaları tapmışdır. Onların içərisində bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı və 01 ədəd qızıl qadın üzüyü olmuşdur. O qızılları götürüb cibinə qoymuşdur. Daha sonra evin digər yataq otağını axtarmışdır. Orada paltar dolabında olan paltarların ciblərini axtarmağa başlamışdır. Paltar dolabında olan pencəyin iç cibində pul aşkar etmişdir. Həmin pulu pencəyin cibindən çıxarıb elə orada saymışdır. 60 ədəd 100 manatlıq pul olmuş, yəni ki, 6000 manat. Həmin pulu da götürüb evə girdiyi pəncərədə də çölə çıxmışdır. Oradan çıxıb xalası gilin Xırdalan şəhərində yerləşən evinə getmişdir. Orada yuyunduqdan sonra Bakı şəhərinə getmişdir. Həmin gecəni 6000 manat pulun 1200 manatını şəhərdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Səhəri gün yəni, ki 22 aprel 2024-cü il tarixdə oğurladığı qızılları 28 May metrosu tərəfdə yerləşən telefon mağazalarına gedib qızıl satmaq istədiyini demişdir. Orada onu Bakı şəhərində yerləşən Mərkəzi Univermaq tərəfə yönləndirmişlər. O da həmin ərazidə yerləşən qızıl alışı ilə məşğul olan Əmir adlı şəxsə həmin oğurladığı qızılları 1030 manata satmışdır. Qızılı satdığı şəxsə satmış olduğu qızılların oğurluq olduğunu deməmişdir. Oğurladığı pulu da xərcləyib bitirmişdir. Oğurluq əməlini törədən zaman tək olmuş, həmin vaxt ətrafda heç kim olmamışdır. Qeyd edilən məbləğdə qızıl olmasa da o, tamamilə ziyanı ödəmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini maddi imkansızlıqdan törətməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 21 aprel 2024-cü il tarixdə səhər saat 10 radələrində o və qızı birlikdə evdən çıxaraq mağazaya getmişlər. Həmin vaxt onlar evdən çıxan zaman həm evin kilid qapısını, həm də darvaza qapısını kilidləyərək evdən çıxmışlar. Təxminən həmin gün saat 16 radələrində o, qızıyla birlikdə evə qayıtmışdır. O, evə daxil olan zaman yataq otağının qapısının bağlı olduğunu görmüşdür. Belə ki, o, evdən çıxan zaman qapını açıq qoyduğundan həmin qapının bağlı olması onu şübhələndirmişdir. Lakin o, həmin gün evdən oğurluq olmasını bilməmişdir. Həmin günün sabahı, yəni 22 aprel 2024-cü il tarixdə axşam saat 21 radələrində o, yataq otağında dolabda olan gödəkçəsinin cibinə pul qoyan zaman həmin gödəkçənin digər cibindəki 10.000 manat pulun yerində olmadığını müəyyən etmişdir. Bundan sonra o, qonaq otağındakı kamodun üzərindəki meyvə qabına baxdıqda içərisində olan 01 ədəd 9 qram çəkidə 585 əyyarlı 900 manat dəyərində qızıl qadın bilərziyinin, 01 ədəd 10 qram çəkidə 585 əyyarlı kartier markalı 1000 manat dəyərində qızıl qadın qolbağının, 01 ədəd 3 qram çəkidə 585 əyyarlı “Roberto coin” markalı 350 manat dəyərində qızıl qadın boyunbağının və 01 ədəd 6 qram çəkidə 750 əyyarlı kartier markalı 720 manat dəyərində qızıl qadın üzüyünün yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, evə ətraflı baxsa da, nə pulu, nə də qızıllarını tapa bilmədiyi üçün o artıq qızılların və pulların oğurlandığını başa düşmüş və dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində onun 10.000 manat pulu və 2970 manat dəyərində qızıl zinyət əşyaları oğurlanmışdır. İlkin izahatını verən zaman qızıllarının dəqiq məbləğini müəyyən edə bilməmişdir. Ona görə təxmini qiyməti qeyd etmişdir. Lakin daha sonra ona ümumilikdə 12970 manat maddi ziyan dəydiyini müəyyən etmişdir. Həmin ziyanla bağlı məhkəməyə mülki iddia ilə məhkəməyə müraciət edərək ona vurulmuş 12970 manatı Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona 10000 manat ödənilmişdir, odur ki, o, təqsirləndirilən şəxsin valideynlərinə görə qalan hissəni tələb etmir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın bir hissəsi ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət,tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğurluq niyyətini təkbaşına deyil, digər üçüncü şəxsin (şəxslərin) istiqaməti, təşkilatçılığı ilə həyata keçirmişdir. Çünki, həmin evdə hansı saatlarda evdə kiminsə olub-olmadığını müəyyən etmək üçün uzunmüddətli müşahidə aparmaq vacibdir. Lakin ziyanlığın bir hissəsi ödənildiyi üçün zərərəçəkmiş şəxsin mövqeyindən çıxış edərək şikayəti olmadığını bildirdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, icarə əsasında Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Prospekti 30 ünvanında yerləşən qızıl alqısı və təmiri obyekti işlədir. 22 aprel 2024-cü il tarixdə saat təxminən 13 radələrində əvvəllər tanıdığı “Neman” adlı şəxs icarə əsasında işlətdiyi mağazaya gəlmiş və onunla bir müddət söhbət edərək getmişdir. Həmin gün, yəni 22 aprel 2024-cü il tarixdə saat 14 radələrində Neman yanında bir nəfər şəxslə mağazaya gələrək tanış adam olduğunu bildirərək həmin şəxsdə qızılların olduğunu, həmin qızılları almağa köməklik etməyini xahiş etmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs bir ədəd 585 əyyar qızıl qadın qolbağı, bir ədəd 585 əyyar qızıl qaşın üzüyü və bir ədəd 585 əyyar qızıl boyunbağını ona göstərib satmağ istədiyini bildirmişdir. O həmin qızıllara baxıb tərəzidə çəkmiş və qızıllar ümumilikdə 14,45 qram çəkidə olmuşlar. Həmin qızılların 1 qramını 71 manatdan olmaqla ümumi çəkisinə yəni 14,45 qrama 1030 manat pul ödəyərək həmin qızılları İlkindən almışdır. Təqsirləndirilən şəxs aldığı qızıl zinət əşyalarının əzildiyi və xarici görünüşü pozulduğu üçün ərinməyə göndərmişdir. O, İlkinə qızılların kimə məxsus olması barədə heç bir sual verməmiş və buna səbəb isə Nemanla İlkinin arasında gedən söhbət zamanı İlkin həmin qızılların anasına məxsus olduğunu, maşın almaq üçün qızılları satmasını bildirmişdir. Hətda İlkinin üzərində 4-5 min manata yaxın pul olmuşdur. İlkinin maşın almaq istəməyi reallığa uyğun olmuşdur. Belə ki, İlkinin qızılları da satmaqda məqsədi maşın almaq və pulun üstün düzəltmək imiş. İlkindən aldığı qızılları özündə olan “qızıl və brilyantların alqı-satqı kitabı”na qeyd etmiş həmin kibatdan səhifənin kserosurətini istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 25 aprel 2024-cü il tarixdə, saat 21:10 dəqiqədə tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Abşeron rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 4(012)-362/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 25 aprel 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Qızıl və briliyantların alqı-satqı kitabından görünür ki, Təqsirləndirilən şəxs bir ədəd qızıl qolbaq, bir ədəd qızıl üzük və bir ədəd qızıl boyunbağı 1030 manata satın alınmışdır.Malı alan Şahid olmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi 19.02.204-cü il tarixdə məhkəməyə göndərilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-591/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət, 01 günə 02 gün hesablanmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanımışdır. - Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(105)-133/2025 qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-591/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən Həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxsə yenidən ittihamelan etmə haqqında” 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək Həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin bir hissəsi ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir mülki iddiası, şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Bu baxımdan, qanunvericilikdə təkrar cinayətə görə daha ağır cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, cinayət qanunvericiliyində təkrar törədilən cinayətlərə görə təyin ediləcək cəzanın daha ağır olması nəzərdə tutulsa da, cinayət qanununun ədalət prinsipinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011ci il tarixli Qərarında qeyd etmişdir ki, ədalət prinsipini nəzərdə tutan Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu prinsip həmçinin eyni növlü cəzanın əsas və əlavə cəza kimi təyin edilməsinin yolverilməzliyini ehtiva edir. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi konstitusiya prinsipi habelə Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə görə heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 34.1-ci maddəsinə görə heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Məhkəmədə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-591/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs əvvəlki törətdiyi cinayət əməlinə görə məhkum edildiyindən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin “təkrarlığı” kimi qiymətləndirilə bilməz. Ona görə də, ona elan edilmiş ittihamdan həmin Məcəllənin 177.2.2-ci maddəsi xaric edilməlidir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün əməli törətməsinə dair etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.Təqsirləndirilən şəxs oğurlanan qızıl-zinət əşyasının miqdarının az olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş, tədqiq edilmiş sübutlar isə təqsirləndirilən şəxsin bu ifadəsinin özünü müdafiə xarakteri daşımasını göstərmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödəyərək, barışıq əldə etməsini,zərərçəkmişin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın bir hissəsini ödməklə barışıq əldə etməsini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəza təyin edərkən cəzanın məqsədi nəzərə alınmalı şəxsin şəxsiyyəti, onun islah olunmağa meyilli olub olmaması qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)- 591/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət, 01 günə 02 gün hesablanmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanımışdır. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-591/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(105)-133/2025 qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-591/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış və təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə “həbs” qətimkan tədbiri seçildiyi üçün cəzasını çəkməyə başlamamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-591/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü 01 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 1 il 03 ay müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməli, əvvəlki hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Bundan başqa, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə barəsində həbsdə olduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxs ərizə verərək ziyanlığın bir hissəsinin ödənildiyini, şikayət və tələbinin, mülki iddiasının olmadığın bildirdiyi üçün məhkəmə zərərçəkmiş şəxs tərəfindən iş üzrə mülki iddia verilmiş olsa belə şikayət və tələb olmadığını bildirdiyi üçün,lakin mülki iddiadan imtina etməsi müəyyən edilmədiyi üçün, məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)- 591/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-269/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-269/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver