Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-270/2023 04.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1986-cı il tarixdə Abşeron rayonu Görədil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Görədil kəndində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 18 dekabr 2022-ci il tarixdə saat 14:00 radələrində Abşeron rayonu Görədil kəndində yerləşən məktəbin yaxınlığındakı örüş sahəsindən vahid niyyətlə həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus 3 (üç) baş, o cümlədən dəyəri 1900 manat olan, dişi “Rusiya” cinsli, 150-170 kiloqram çəkidə 5 yaşlı 1 (bir) baş, dəyəri 1300 manat olan, dişi cinsli, 120- 130 kiloqram çəkidə, 2 yaşlı 2 (iki) baş və Zərərçəkmiş şəxs2 məxsus 3 (üç) baş, o cümlədən dəyəri 1500 manat olan, dişi cinsli, 130-150 kiloqram çəkidə 5 yaşlı 1 (bir) baş, dəyəri 1600 manat olan, dişi cinsli, 130-150 kiloqram çəkidə 3 yaşlı 1 (bir) baş və dəyəri 1300 manat olan, dişi cinsli, 130-150 kiloqram çəkidə 2 yaşlı 1 (bir) baş, ümumilikdə 6 (altı) baş iribuynuzlu heyvanları (inəkləri) gizli yolla talayaraq müvafiq olaraq Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat, Zərərçəkmiş şəxs2 isə 4400 (dörd min dörd yüz) manat olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə xeyli miqdar hesab edilən 8900 (səkkiz min doqquz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.4-cü ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu Görədil kənd sakinləri kimi uzun müddətdir tanıyır. Əvvəllər onlarla arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır, 1 azyaşlı uşağı var. Arvadı Xəyalə ilə yola gedə bilmədikləri üçün təxminən 3 il əvvəl ayrı-ayrı ünvanlarda yaşamağa başlamış, Abşeron rayon məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə onun üzərinə azyaşlı uşağı üçün aliment ödəmək öhdəliyi qoyulmuşdur. Ancaq maddi imkanı olmadığından şəxsi ehtiyaclarını qarşılaya, özünə pal-paltar ala, həmçinin təyin edilmiş alimenti ödəyə bilməmişdir. Buna görə də həmkəndlilərinə məxsus olan iribuynuzlu heyvanları oğurlayıb satmaq qərarına gəlmiş, bu yolla aliment borcunu ödəmək istəmişdir. Heyvanları oğurlamazdan əvvəl onları tez satmağa nail olmaq üçün təxminən 1 ay əvvəl “tap.az” internet saytı vasitəsilə tanış olduğu Yaşar adlı şəxslə mütəmadi əlaqə saxlayıb atası xəstə olduğu üçün özlərinə məxsus 6 baş heyvana baxa bilmədiyini, bu səbəbdən həmin heyvanları satmaq istədiyini bildirmiş, heyvanların 1 başını vaxtilə 2200 manat pula aldığını, ancaq təcili pula ehtiyacı olduğu üçün 1 başını 1000 manata olmaqla ümumilikdə 6000 manat pul qarşılığında sata biləcəyini söyləmiş və müştəri tapmaqda köməklik göstərməsini xahiş etmişdir. Yaşar ona Saatlı rayonunda yaşayan dostu ilə əlaqə saxlayaraq heyvanları almaq istəyib-istəməyəcəyini soruşacağını və ona məlumat verəcəyini bildirmişdir. 18 dekabr 2022-ci il tarixdə saat 14:00 radələrində Abşeron rayon Görədil kənd tam orta məktəbinin binası yaxınlığında yerləşən örüş sahəsində sonradan Elbrus və Elçinə məxsus olduqlarını bildiyi 6 baş inəyin otladıqlarını, bazar günü olduğundan ətrafda heç kimin olmadığını görmüşdür. Oğurluqla bağlı əvvəlcədən qurduğu planı reallaşdırmağa başlayaraq heyvanlara yaxınlaşıb onları qabağına qatmış və təxminən 300 metr aralı məsafədə yerləşən sahibsiz həyətə aparıb daxil etmişdir. Həmin vaxt ətrafdan onu kiminsə görüb-görmədiyini bilməsə də, heç kimlə rastlaşmamış, qarşısına hər hansı şəxs çıxmamışdır. Heyvanları həyətə daxil etdikdən sonra həyətin darvazasını bağlayaraq yaşadığı evə yollanmışdır. Təxminən 1-2 saat sonra heyvanların mobil telefon vasitəsilə çəkdiyi fotoşəkillərini “Votsap” sosial şəbəkəsində Yaşara göndərib heyvanları almaq fikrində olan dostu ilə əlaqə saxlayıb-saxlamadığını xəbər almış, Yaşar isə dostuna heyvanlarla bağlı məlumat verdiyini, dostunun bazar günü heyvanları almaq üçün Saatlı rayonundan gələcəyini bildirmişdir. Lakin sonradan Yaşar onunla əlaqə saxlayıb heyvanları almaq məqsədilə gələn şəxslərin həftənin birinci günü gələcəkləri barədə məlumat vermişdir. Buna görə də 18 dekabr 2022-ci il tarixdə heyvanlar oğurlayıb daxil etdiyi həyətdə qalmış və bu barədə heç kimə məlumat verməmişdir. 19 dekabr 2022ci il tarixdə saat 17:00 radələrində Yaşar onunla əlaqə saxlayıb haraya gəlməli olduqlarını soruşmuşdur. Bu zaman o, Yaşara yaşadığı kəndin ərazisində yerləşən su idarəsinin qarşısında onları qarşılayacağını demişdir. Bir qədər sonra Yaşar idarə etdiyi, boz rəngli “Hyundai” markalı avtomobillə sonradan adlarının Mübariz və Ağa olmalarını bildiyi şəxslərlə birlikdə dediyi yerə gəlmişdir. Yaşarın avtomobilinə əyləşərək onları heyvanları saxladığı həyətə aparmışdır. Ancaq yük avtomobilinin sürücüsü təxminən 1 saata çatacağını bildirdiyi üçün onlar dördlükdə kənddəki kafelərdən birinə gedərək çay içib gözləməyə başlamışlar. Kafedə gözləyən zaman Mübariz adlı şəxs cibindən 2500 manat pul çıxarıb saymaqla ona vermiş və razılaşdıqları kimi pulan qalan 3500 manatını ayın sonunadək göndərəcəyini demişdir. Yük avtomobili gəldikdən sonra onlar köməkləşib 6 baş heyvanı adını bilmədiyi sürücünün idarə etdiyi “Mercedes Atego” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobilinə yükləmişlər. Daha sonra Ağa və Mübariz pulun qalanını ayın sonunadək ödəyəcəklərinə onu arxayın edib yük avtomobilinə əyləşmiş, Yaşar isə onu öz avtomobilinə əyləşdirərək Abşeron rayonu Mehdiabad qəsəbəsinə aparıb düşürmüşdür. Sonrakı 3 gün ərzində heyvanları sataraq əldə etdiyi 2500 manat pulun 1100 manatını aliment kimi keçmiş arvadına göndərmiş, 200 manatına özünə pal-paltar almış, 200 manatına yaşadığı ev üçün bazarlıq etmiş, qalan 1000 manat pulu isə digər şəxsi ehtiyaclarına xərcləmişdir. 23 dekabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları əlaqə saxlayaraq onu baş vermiş oğurluq hadisəsi ilə bağlı izahatının alınması məqsədilə polis bölməsinə dəvət etmişlər. Polis bölməsində izahat verərkən törətdiyi əməli səmimi şəkildə etiraf edib hər şeyi danışmışdır. Hadisəsini törətməzdən əvvəl hər hansı şəxsin köməyindən istifadə etməmiş, heç kimdən məsləhət almamış, hadisəni törətməzdən əvvəl və törətdikdən sonra bu barədə heç kimə məlumat verməmiş, iribuynuzlu heyvanları şəxsi ehtiyaclarını qarşılaya və yaranmış aliment borcunu ödəyə bilməməsi səbəbindən oğurlamış, cinayət yolu ilə əldə etdiyi 2500 manat puldan Yaşara və digər hər hansı şəxsə pul verməmiş, nə Mübariz və Ağa adlı şəxslərin, nə də Yaşarın heyvanların oğurluq yolu ilə əldə edilmələrindən məlumatları olmamış, oğurladığı heyvanların hamısının dişi cinsli, dördünün boz, birinin ala, birinin isə qırmızı rəngdı olmuş, onların yaşları və diri halda çəkilərini bilməmiş, boz rəngli heyvanlardan birinin buynuzunun qırıq olmuş və həmin oğurluq hadisəsindən başqa heç bir cinayətin törədilməsində iştirak etməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş və onlarla barışmışdır. Şahid3 2500 manat məbləğində maddi ziyandan 1500 manatını ödəmiş və qalıq məbləğ barədə aralarında razılıq olmuşdur. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında fadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Görədil kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə mal-qara saxlamaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs və ailə üzvlərini kənd sakini kimi uzun müddətdir tanıyır. Əvvəllər Ramin və ailəsi ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamış, Raminin özünü və ailəsini yaxşı insanlar kimi tanımışdır. Özünə məxsus iribuynuzlu heyvanları (inəkləri) demək olar hər gün saat 09:00 radələrində Abşeron rayonu Görədil kəndində yerləşən örüş sahəsinə buraxmış, heyvanlar otladıqdan sonra saat 12:00 radələrində özləri geri qayıtmışlar. 18 dekabr 2022-ci il tarixdə səhər saatlarında həmişə olduğu kimi inəkləri örüş sahəsinə buraxıb işləri İlə əlaqədar Bakı şəhərinə yollanmışdır. Həmin gün saat 15:00 radələrində evə qayıdarkən ailə üzvləri ona heyvanların qayıtmadıqlarını bildirmişlər. Buna görə də heyvanları axtarmaq qərarına gəlib 19 dekabr 2022-ci il axşam saatlarınadək örüş sahəsinin ətrafını və kənd ərazisini gəzmiş, lakin onları heç yerdə tapmayıb kənd sakinlərindən bu barədə soruşmağa başlamışdır. Həmkəndlisi Zərərçəkmiş şəxs2 bu barədə soruşan zaman Elçin özünə məxsus 3 baş iribuynuzlu heyvanın da itdiyini bildirmişdir. Buna görə də 19 dekabr 2022-ci il tarixdə polisə müraciət edib heyvanlarının itməsi barədə məlumat vermişdir. Növbəti 3 gün ərzində heyvanları heç yerdə tapmadığından yenidən polisə müraciət edərək oğurlanmaları barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, ona və Elçinə məxsus ümumilikdə 6 baş iribuynuzlu heyvan Ramin tərəfindən örüş sahəsindən oğurlanmaqla təxminən 300 metr aralı məsafədə yerləşən sahibsiz evə aparılmışdır. 26 dekabr 2022-ci il tarixdə isə heyvanlar polis əməkdaşları tərəfindən özünə qaytarılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvlərimlə birlikdə Abşeron rayonu Görədil kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə mal-qara saxlamaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs və ailə üzvlərini kənd sakini kimi uzun müddətdir tanıyır. Əvvəllər Ramin və ailəsi ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamış, Raminin özünü və ailəsini yaxşı insanlar kimi tanımışdır. Özünə məxsus iribuynuzlu heyvanları (inəkləri) demək olar hər gün saat 09:00 radələrində Abşeron rayonu Görədil kəndində yerləşən örüş sahəsinə buraxmış, heyvanlar otladıqdan sonra saat 12:00 radələrində özləri geri qayıtmışlar. 18 dekabr 2022-ci il tarixdə səhər saatlarında həmişə olduğu kimi inəkləri örüş sahəsinə buraxıb yaşadığı evə getmiş, ancaq qeyd etdiyi saatda heyvanların geri qayıtmadıqlarını görüb örüş sahəsinə yollanmışdır. Bu zaman heyvanların örüş sahəsində olmadığını görmüş və 19 dekabr 2022-ci il axşam saatlarınadək örüş sahəsinin ətrafını və kənd ərazisini gəzməklə onları axtarmışdır. Heyvanları heç yerdə tapa bilmədiyi üçün kənd sakinlərindən bu barədə soruşmuş, həmkəndlisi Zərərçəkmiş şəxs1 bu barədə soruşan zaman Elbrus özünə məxsus 3 baş iribuynuzlu heyvanın da itdiyini bildirmişdir. Buna görə də 19 dekabr 2022-ci il tarixdə polisə müraciət edib heyvanlarının itməsi barədə məlumat vermişdir. Növbəti 4 gün ərzində heyvanları heç yerdə tapmadığından yenidən polisə müraciət edərək oğurlanmaları barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, ona və Elbrusa məxsus ümumilikdə 6 baş iribuynuzlu heyvan Ramin tərəfindən örüş sahəsindən oğurlanmaqla təxminən 300 metr aralı məsafədə yerləşən sahibsiz evə aparılmışdır. 26 dekabr 2022-ci il tarixdə isə heyvanlar polis əməkdaşları tərəfindən özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs təxminən 1 ay əvvəl “tap.az” internet saytı vasitəsilə tanımışdır. Belə ki, adını qeyd etdiyi saytda özünə məxsus olan müxtəlif quşların fotoşəklini paylaşmaqla onlayn şəkildə alğısatqısı ilə məşğul olur. Ramin həmin saytda quş satışı ilə bağlı elanda yerləşdirdiyi mobil nömrəyə zəng edərək göyərçin almaq istədiyini bildirmiş, bir neçə dəfə onunla mobil telefon əlaqəsi saxlamış, beləcə tanışlıq münasibəti yaranmışdır. Tanış olmalarından təxminən 1 həftə sonra Ramin ona atasının keçirdiyi ağır ürək əməliyyatı ilə əlaqədar başının qarışıq olduğunu, atasının Sumqayıt şəhərində xəstəxanada yatdığını, quşları başqa heç kimə satmamasını və tezliklə gəlib götürəcəyini bildirmişdir. Bir neçə gün sonra Ramin təkbaşına Türkan qəsəbəsinə gələrək satdığı göyərçinləri nisyə şəkildə alıb aparmışdır. Bundan təxminən 2-3 gün sonra Ramin yenidən onunla əlaqə saxlayaraq atasının müalicəsinə pul lazım olduğu üçün 1 başını vaxtilə 2200 manat pula aldığı 4 baş inəyi satmaq fikrinə düşdüyünü bildirmiş və heyvanları satmaq məqsədilə müştəri tapmasını xahiş etmişdir. Bir neçə gün sonra Ramin yenidən əlaqə saxlayıb həmkəndlilərindən birinə pul borclu olduğunu, həmin şəxsin qardaşının özlərinə məxsus 2 baş heyvanı satmağa köməklik göstərməsini xahiş etdiyini demiş, həmin 2 baş heyvan üçün müştəri tapmasını istəmişdir. Eyni zamanda Ramin təcili pula ehtiyacı olduğuna görə əvvəlcədən ona heyvanların 1 başını 1000 manata olmaqla hamısını 6000 manat pula satmaq istədiyini söyləmiş, o, rayonda yaşayan dostlarından bu barədə soruşub xəbər edəcəyini bildirmişdir. Buna görə də Ramin heyvanların fotoşəkillərini “Votsap” sosial şəbəkəsində ona göndərməklə heyvanları almaq fikrinə düşən dostları olarsa, göstərməsini istəmişdir. Daha sonra Saatlı rayonunda yaşayan və mal-qara saxlayaraq dolanışığını təmin edən dostları Mübariz və Ağa ilə əlaqə saxlayıb Ramin adlı tanışının pula ehtiyacı olduğu üçün 6 baş iribuynuzlu heyvanı satması barədə məlumat vermişdir. Ağa ilə arasında baş tutan danışıq zamanı Raminin atasının xəstəxana xərclərini qarşılamaq üçün təcili 2500 manat pula ehtiyacı olduğunu, həmin pulu heyvanları alarkən, qalan 3500 manat pulu isə 2022-ci ilin dekabr ayının sonunadək vermələri ilə bağlı şifahi razılığa gəlmişlər. Sonra Raminlə əlaqə saxlayaraq heyvanları almaq üçün dostlarının həftənin bazar günü gələcəklərini bildirmişdir. Lakin Mübariz və Ağa digər işləri ilə əlaqədar ertəsi gün gələcəklərini demiş, o da Raminə bu barədə məlumat vermişdir. 19 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində özünə məxsus “Hyundai” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığına gedib heyvanları almaq məqsədilə Saatlı rayonundan gələn Ağa və Mübarizi qarşılamışdır. Bundan sonra Raminlə əlaqə saxlayıb haraya gəlməli olduqlarını soruşmuşdur. Ramin yaşadığı Abşeron rayonu Görədil kəndi ərazisində yerləşən su idarəsinin qarşısında onları gözlədiyini demişdir. Bir qədər sonra həmin yerə çatmış və Ramin avtomobilə əyləşib onları heyvanları saxladığı, dayısına məxsus olduğunu bildirdiyi həyətə aparmışdır. Mübariz və Ağa heyvanlara baxıb almağa razılaşdıqları üçün yük avtomobili axtarmağa başlamışlar. Buna görə də adını xatırlamadığı yükdaşıma şirkətlərindən biri ilə əlaqə saxlayıb Saatlı rayonuna aparılası iribuynuzlu heyvanlar olduğunu demiş və qiyməti 200 manata razılaşdırmışdır. Ancaq “Mercedes Atego” markalı yük avtomobilinin sürücüsü həmin ünvana 1 saata çatacağını bildirdiyi üçün onlar dördlükdə kənddəki kafelərdən birinə gedərək çay içib gözləməyə başlamışlar. Həmin vaxt Mübariz əvvəlcədən baş tutan razılaşmaya əsasən 2500 manat pulu cibindən çıxarıb saymaqla Raminə vermiş və qalan 3500 manat pulu ayın sonunadək ödəyəcəyini vəd etmişdir. Yük avtomobili gəldikdən sonra hamılıqla köməkləşib 6 baş heyvanı avtomobilə yükləyərək Mübariz və Ağanı Saatlı rayonuna yola salmışlar. Ramin Sumqayıt şəhərində yerləşən xəstəxanaya getməli olduğunu bildirdiyi üçün Ramini avtomobilinə əyləşdirmiş və Abşeron rayonu Mehdiabad qəsəbəsinədək aparmış, növbəti 3-4 gün ərzində Raminlə əlaqə saxlamamış və görüşməmişdir. 23 dekabr 2022-ci il tarixdə Ramin telefonuna zəng edərək təcili görüşməli olduqlarını bildirmişdir. Ancaq ağrıdığı üçün Ramini “Həzi Aslanov” metrostansiyasının yaxınlığına dəvət etmiş, bir qədər sonra Raminlə birlikdə oraya gələn tanımadığı polis əməkdaşları ona heyvanların Ramin tərəfindən oğurlanıb satılması barədə məlumat vermiş və onların harada olduqlarını soruşmuşdur. Heyvanların cinayət yolu ilə əldə edilib satıldıqlarını məhz həmin vaxt öyrənmişdir. Daha sonra heyvanların Saatlı rayonunda olmaları barədə məlumat verib təhvil verə biləcəklərini söyləmişdir. 24 dekabr 2022-ci il tarixdə Mübariz və Ağa heyvanları Abşeron rayonuna qaytarmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əsl adı Böyükağa olsa da, yaxın çevrəsi ona “Ağa” deyə müraciət edir və tanıyır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, həmçinin Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Şahid1 təxminən 2 il əvvəl internet vasitəsilə tanımış, tanışlıqları sonradan ailəvi dostluğa çevrilmişdir. Xalası oğlu Şahid3 ilə şərik şəkildə Saatlı rayonu Mollaəvəzli kəndində yerləşən ferma tipli təsərrüfatı idarə etməklə ailələrini dolandırırlar. 2022-ci ilin dekabr ayının ortalarında Yaşar onunla mobil telefon əlaqəsi saxlayaraq Ramin adlı tanışının atası xəstə olduğundan pula ehtiyacı olduğunu, buna görə də 6 baş iribuynuzlu heyvanı 6500 manat pula satdığını bildirmişdi. Heyvanları almaq fikrinə düşdüyündən Yaşardan onların fotoşəkillərini ona göndərməsini istəmiş, Yaşar “Votsap” sosial şəbəkəsi vasitəsilə heyvanların fotoşəkillərini göndərmişdir. Bundan sonra həmin fotoşəkilləri mal-qaradan başı çıxan müxtəlif tanışlarına göstərmiş, tanışları heyvanların yaşı çox olduğu üçün 6500 manat pula satılmalarının baha olduğunu bildirmişlər. Bunu Yaşara bildirdikdə, Yaşar öz növbəsində heyvanları satan şəxslə bu barədə danışıb xəbər edəcəyini söyləmişdir. Nəticədə o və Mübariz heyvanları 6000 manat pul qarşılığında almağa razılaşmışlar. Yaşar heyvanları satan şəxsin atasının xəstəliyi ilə əlaqədar təcili pula ehtiyacı olduğunu bildirdiyi üçün 2500 manat pulu heyvanları alarkən, qalan 3500 manat pulu isə 2022-ci ilin dekabr ayının sonunadək verməklə bağlı şifahi razılığa gəlmişlər. 19 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində xalasıoğlu Mübarizlə birlikdə Saatlı rayonundan Bakı şəhərinə gəlmişdir. Yaşar özünə məxsus “Hyundai” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında qarşılayıb Abşeron rayonu Görədil kəndinə aparmışdır. Yolda olarkən Yaşar heyvanları satan Ramin adlı şəxslə əlaqə saxlayıb haraya gəlməli olduqlarını soruşmuş, Ramin gəlməli olduqları yeri başa saldıqdan təxminən yarım saat sonra Abşeron rayonu Görədil kəndi ərazisində yerləşən su idarəsinin qarşısına çatmışlar. Ramin həmin yerdə avtomobilə əyləşib onları heyvanları saxladığı, dayısına məxsus olduğunu bildirdiyi həyətə aparmışdır. Həyətə daxil olaraq heyvanlara baxıb almağa razılaşdıqları üçün yük avtomobili axtarmağa başlamışlar. Yaşar adını xatırlamadığı yükdaşıma şirkətlərindən biri ilə əlaqə saxlayıb Saatlı rayonuna aparılası iribuynuzlu heyvanlar olduğunu demiş və qiyməti 200 manata razılaşdırmışdır. Ancaq yük avtomobilinin sürücüsü həmin ünvana 1 saata çatacağını bildirdiyi üçün onlar dördlükdə kənddəki kafelərdən birinə gedərək çay içib gözləməyə başlamışlar. Kafedə gözləyərkən Mübariz əvvəlcədən razılaşdıqları kimi 2500 manat pulu cibindən çıxarıb saymaqla Raminə vermiş və qalan 3500 manatını ayın sonunadək ödəyəcəklərini demişdir. “Mercedes Atego” markalı yük avtomobili gəldikdən sonra köməkləşib 6 baş heyvanı avtomobilə yükləmiş və Saatlı rayonuna yola düşərək axşam saatlarında fermaya çatmış, heyvanları tövləyə salaraq orada saxlamağa başlamışlar. 23 dekabr 2022-ci il tarixdə Yaşar telefonuna zəng edərək heyvanların Ramin adlı şəxs tərəfindən oğurlanması barədə məlumat vermiş və heç kimə satmadan Abşeron rayonuna geri qaytarmalı olduqlarını söyləmişdir. Həmin telefon zənginin ardından adını bilmədiyi polis əməkdaşı onunla əlaqə saxlayıb heyvanları təhvil vermək üçün gətirməli olduqlarını söyləmişdir. Bu məqsədlə 24 dekabr 2022-ci il tarixdə Mübarizlə birlikdə heyvanları Abşeron rayonuna gətirib polis əməkdaşlarına təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş şəxs Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvlərim, eləcə də oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə Abşeron rayonu Görədil kəndində yerləşən fərdi yaşayış evində yaşayır, xadimə işləyərək şəxsi ehtiyaclarını qarşılayır. Oğlu Elçin yaşadıqları evin həyətyanı sahəsində yerləşən tövlədə mal-qara saxlamaqla ailələrini dolandırır. Təqsirləndirilən şəxs həmkəndlisi olsa da, əvvəllər nə həmin şəxsin özünü, nə də ailə üzvlərini tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 isə həmkəndlisidir. Oğlu Elçin özünə məxsus 3 baş inəyi otlamaları üçün hər gün saat 09:00 radələrində kənddə yerləşən örüş sahəsinə buraxır, heyvanlar otladıqdan sonra saat 12:00 radələrində özləri geri qayıdırlar. 18 dekabr 2022-ci il tarixdə səhər saatlarında Elçin həmişə olduğu kimi inəkləri evlərinin yaxınlığındakı örüş sahəsinə buraxmış, ancaq heyvanlar geri qayıtmadıqları üçün Elçin onların arxasınca örüş sahəsinə yollanmış və bir qədər sonra evə gələrək heyvanların yoxa çıxdıqlarını demişdir. Həmin gün axşam saatlarınadək örüş sahəsinin ətrafını və kənd ərazisini gəzməklə inəkləri axtarsalar da, heç yerdə tapa bilməmişlər. Bu səbəbdən Elçin kənddə mal-qara saxlamaqla məşğul olan həmkəndliləri Elbrusla əlaqə saxlamış, Elbrus özünə məxsus 3 baş inəyi otlamaları üçün örüş sahəsinə buraxdığını, ancaq onların da itdiklərini bildirmişdir. 19 dekabr 2022-ci il tarixdə axşam saatlarınadək heyvanları axtarıb tapa bilmədikləri üçün o, ev telefonu ilə “102” xidmətinə müraciət edərək qonşuları Elbrusa və oğluna məxsus heyvanların itməsi barədə məlumat vermişdir. Elçin həmin gün Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə gedərək heyvanların itməsi barədə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, oğlu Elçinə və həmkəndlisi Elbrusa məxsus ümumilikdə 6 baş iribuynuzlu heyvan 18 dekabr 2022-ci il tarixdə günorta saatlarında Ramin adlı şəxs tərəfindən örüş sahəsindən oğurlanmış və Saatlı rayonunda yaşayan tanımadığı şəxslərə satılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 2013-cü ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi şəkildə ailə qurmuş, 27 aprel 2019-cu ildə rəsmi nikaha daxil olmuşlar. 18 may 2019-cu il tarixdə həmin nikahdan Hüseyn adlı oğlu dünyaya gəlmişdir. Son 1 il ərzində Raminin pis vərdişlərinin olduğunu öyrəndiyinə görə ayrı-ayrı ünvanlarda yaşamağa başlamışlar. 13 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə Ramindən boşanmış, azyaşlı uşağı Hüseyn onun yanında saxlanılmaqla hər ay 200 manat alimentin Ramindən tutulub ona ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən alimentin tutulması 14 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Buna baxmayaraq heç vaxt Ramin tərəfindən ona aliment ödənilməmişdir. 19 dekabr 2022-ci il tarixdə axşam saatlarında Ramin onun plastik kartının hesabına 1000 manat pul köçürmüş və dərhal əlaqə saxlayaraq axır ki iş yerindən maaşını aldığını, gedib pulu nağdlaşdırmaqla istədiyi kimi xərcləyə biləcəyini demişdir. Ertəsi gün axşam saatlarında Ramin bazarlıq edərək Sumqayıt şəhərində yerləşən evə gəlmiş və oğlu Hüseyni görmək istədiyini bildirmiş, çıxıb gedərkən evin qapısı ağzında cibindən 100 manat pul çıxarıb ona verərək özünə paltar almasını demişdir. Həmin vaxt Raminin cibində başqa pulların olduğunu gördüyü üçün həmin pulları haradan əldə etdiyini soruşmuşdur. Ramin işlədiyi yerdən pul aldığını, cibindəki pullarla iş üçün mal-material alacağını söyləmiş və 27 dekabr 2022-ci il tarixdə əlavə pul göndərəcəyini deyərək çıxıb getmişdir. 24 dekabr 2022-ci il tarixdə Ramin onunla əlaqə saxlayaraq polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, ondan bu barədə atasına xəbər verməsini xahiş etmişdir. Ertəsi gün Raminin Abşeron rayonu Görədil kəndində iribuynuzlu heyvanları oğurlayıb satdığına görə polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. Ancaq Ramin tərəfindən ona verilmiş 1100 manat pulun cinayət yolu ilə əldə edilməsindən məlumatı olmamışdır. Əlavə olaraq Ramindən boşanması barədə 13 dekabr 2022-ci il tarixli qətnamənin surətini ifadəsinə əlavə etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “X2” MMC-nin 30 dekabr 2022-ci il tarixli 151 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus dişi cinsli, diri halda çəkiləri 130-150 kiloqram olan, 5 yaşlı, 3 yaşlı və 2 yaşlı 3 (üç) baş iribuynuzlu heyvanların (inəklərin) 2022-ci ilin dekabr ayına olan orta bazar satış qiyməti ilə ümumi dəyəri 4400 manat məbləğində, Zərərçəkmiş şəxs1 məxsus dişi cinsli, diri halda çəkisi 150-170 kiloqram olan, 5 yaşlı 1 (bir) baş “Rusiya” sortlu və dişi cinsli, diri halda çəkiləri 120-130 kiloqram olan, 2 yaşlı 2 (iki) baş olmaqla 3 baş iribuynuzlu heyvanların (inəklərin) 2022-ci ilin dekabr ayına olan orta bazar satış qiyməti ilə ümumi dəyəri 4500 manat məbləğində müəyyən edilmişdir. Götürmə aparılması haqqında 24 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 19 dekabr 2022-ci il tarixdə xalası oğlu Şahid3 ilə birlikdə Abşeron rayonu Görədil kəndində Təqsirləndirilən şəxs aldığı 6 baş iribuynuzlu heyvanı könüllü şəkildə istintaqa təqdim etmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Görədil kəndində yerləşən tam orta məktəbin binası yaxınlığındakı örüş sahəsidir. Baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs həmkəndlilərinə məxsus 6 baş iribuynuzlu heyvanı məhz həmin yerdən oğurladığını bildirmişdir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. 27 dekabr 2022-ci il tarixli əməliyyat tapşırığına Abşeron rayon Polis İdarəsinin 10 yanvar 2023-cü il tarixli cavabından görünür ki, Abşeron rayonu Görədil kənd sakini Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci il tarixdə saat 14:00 radələrində yaşadığı kənddə yerləşən tam orta məktəbin binası yaxınlığından Zərərçəkmiş şəxs1 məxsus 3 baş, Zərərçəkmiş şəxs2 məxsus 3 baş olmaqla ümumilikdə 6 baş iribuynuzlu heyvanı oğurlayıb 19 dekabr 2022-ci il tarixdə tanışı Şahid1 Saatlı rayonunda yaşayan dostu Şahid2 və sonununcunun şəriki və xalası oğlu Şahid3 sataraq 2500 manat pul əldə etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğurluq hadisəsini təkbaşına törətdiyi, hər hansı şəxsin hadisənin törədilməsində bu və ya digər formada iştirakçılığının olmadığı və hadisəni törətdikdən sonra bu barədə heç kimə məlumat vermədiyi müəyyən edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid2 tərəfindən təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus olan 3 (üç) baş və Zərərçəkmiş şəxs2 məxsus 3 (üç) baş olmaqla ümumilikdə 6 (altı) baş iribuynuzlu heyvan saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan tam ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Şahid5 poçt vasitəsi ilə teleqram vuraraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadəsinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 13 gün müddət olamaqla cəmi 01 ay 15 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 6 (altı) baş iribuynuzlu heyvanın məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalı, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Həmçinin cinayət işi üzrə ibtidai istintaq zamanı Şahid3 mülki iddiaçı qismində tanınsa da cinayət işinə mülki iddia əlavə edilməmişdir, həmçinin Şahid3 tərəfindən məhkəmə istintaqı zamanı dəymiş ziyanla bağlı mülki iddia təqdim edilməmişdir. Ona görə də bu hal nəzərə alınmalıdır. Şahid3 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 13 gün müddət olamaqla cəmi 01 ay 15 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 6 (altı) baş iribuynuzlu heyvanın məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Şahid3 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-270/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-270/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver