Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-271/2022 22.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci il Füzuli rayonu, Əbdürrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul оlаn, Füzuli rayonu, Əbdürrəhmanlı kəndində qеydiyyаtdа оlan və Abşeron rayonu Digah qəsəbəsi yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 10.03.2022-ci il tarixdə saat təxminən 20.30 radələrində Abşeron rayonu Digah qəsəbəsində yerləşən evdə qısqanclıq zəmnində əri Təqsirləndirilən şəxs onu stəkanla və əl zərbələri ilə sifət, baş və bədəninin müxtəlif nahiyələrinə vurması nəticəsində ona bədən xəsarətləri yetirmişdir. Belə ki, Füzuli rayonunda anadan olan, Abşeron rayonu Digah qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 10.03.2022-ci il tarixdə saat təxminən 20.30 radələrində Abşeron rayonu Digah qəsəbəsində yerləşən yaşadığı evdə, qısqanclıq zəmnində arvadı Zərərçəkmiş şəxs stəkanla və əl zərbələri ilə sifət, baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vurması nəticəsində ona “başın sol təpə gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, alının sağ hissəsinin hematoması, sol gicgah almacıq nahiyəsinin sıyrıqları, burun üstü sağ və sol bazu nahiyəsinin qançırları” xəsarətləri yetirməklə, qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, X3 ilə 2011ci ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladları vardır. Təxminən 2 il əvvəl Laləni başqa bir şəxsin avtomobilində qabaq oturacaqda əyləşdiyini görmüş, həmin vaxt Lalə taksi maşını kimi ondan istifadə etdiyini bildirmişdir. Lakin məsələni araşdırdıqda ona məlum olmuşdur ki, Lalə onu aldatmış və sonradan həmin avtomobili idarə edən Rəfael adlı şəxslə aralarında münaqişə yaranmışdır. Rəfael adlı şəxslə təkbətək görüşsə də, həmin şəxs Lalə ilə arasında heç bir münasibətinin olmamasını demişdir. Buna baxmayaraq onda şübhələr qalmış, sonradan Lalənin ona xəyanət etdiyini, dəfələrlə Rəfael adlı şəxsin avtomobilində əyləşdiyini görmüş və onunla gizli telefon əlaqəsi saxlamasını aşkar etmişdir. Hətta Lalənin istifadə etdiyi mobil nömrələr də Rəfael adlı şəxsin adına olmuşdur. Təxminən bir il əvvəl Lalənin növbəti dəfə Rəfaelin idarə etdiyi avtomobildə tutmuş, aralarında dava-dalaş yaranmış, bu barədə Nəsimi RPİ tərəfindən araşdırma aparılmışdır. 10.03.2022-ci il tarixdə saat təxminən 20.30 radələrindəevə gələn zaman Lalənin kimləsə telefonla danışdığını eşitmiş, gizlin onu qapının arxasından izləmiş, sonra evə daxil olaraq kiminlə danışmasını soruşmuşdur. Lalə isə bacısı ilə danışmasını demiş, telefonu onun əlindən alaraq zənglərin siyahısına baxdıqda Lalənin 35 dəqiqə Rəfaellə danışdığını görmüşdür. Bu zaman Lalənin ona xəyanət etdiyini bilərək əsəbləşmiş və özünü cilovlaya bilməyərək əli ilə Lalənin sifət nahiyəsinə 3 dəfə zərbə vuraraq onu yerə yıxmışdır. Telefonu Lalənin əlindən almağa çalışmış və əsəbləşərək masanın üzərində olan stəkanı ona tərəf atmış və stəkan Lalənin baş nahiyəsinə dəymişdir. Sonra azyaşlı övladlarının ağlamasını görərək sakitləşmiş, Lalənin valideynlərinə zəng edərək bu barədə məlumat vermişdir. Lalənin anası Gülbəniz və qardaşı Mətin, əmisi oğlu İlkin onun yaşadığı ünvana gəlmişdir. Aralarında yaranmış mübahisə vaxtla təxminən 15-20 dəqiqə davam etmişdir.Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladları vardır. Rəfael adlı şəxsi isə təxminən 3 ildir ki, tanıyır və əvvəllər həmin şəxs taksi maşını idarə etdiyi üçün onun idarə etdiyi taksidən istifadə etmişdir. Bir dəfə həmin şəxsin idarə etdiyi avtomobildə qabaq oturacaqda əyləşdiyini əri Təqsirləndirilən şəxs görmüş və aralarında münaqişə yaranmışdır. Bundan sonra əri onu Rəfaellə qısqanmağa başlamış, tez-tez münaqişə yaradaraq ona xəyanət etdiyini, Rəfaellə gizli münasibətinin olmasını iddia etmişdir. Dəfələrlə Rəfaellə aralarında heç bir münasibətin olmamasını ərinə izah etmişdir. 10.03.2022-ci il tarixdə bacısının baldızının evində münaqişə ilə bağlı Rəfaellə telefonla danışmış və bəzi məsləhətlər almışdır. Həmin vaxt Xəyyam evdə olmamış, lakin birdən qəflətən Xəyyam onun üstünə gəlmiş və telefonla kiminlə danışmasını soruşmuşdur. Xəyyama cavab olaraq yalandan bacısı ilə danışmasını bildirmiş, lakin Xəyyam telefon zənglərinin siyahısına baxdıqda Rəfaellə danışdığını bilmiş və baş, sifət və bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vurmuş və yerə yıxmışdır. Eyni zamanda masada olan şüşə stəkanı götürərək ona tərəf atmış və stəkan onun baş nahiyəsindən dəymişdir. Azyaşlı uşaqları qışqırdığı üçün Xəyyam sakitləşərək ondan aralaşmışdır. Sonra Xəyyam onun valideynlərinə zəng edərək məlumat vermiş, anası və qardaşı onun yaşadığı ünvana gələrək onun xəsarət almasını görmüşlər. Onlara Xəyyam tərəfindən döyülməsini bildirmişdir. Yaranmış münaqişə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt Xəyyam onun baş, sifət və bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vurmuşdur. Bundan başqa qeyd etmişdir ki, Xəyyamın onu döyməsini azyaşlı övladları görmüş, sonradan anası Gülbəniz və qardaşı Mətin gələrək onun xəsarət almasını görmüşlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin 14.03.2022-ci il tarixli Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X4 alınmış 505 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın sol təpə gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, alının sağ hissəsinin hematoması, sol gicgah almacıq nahiyəsinin sıyrıqları, burun üstü sağ və sol bazu nahiyəsinin qançırları küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 10.03.2022-ci il tarixdə dava-dalaş zamanı stəkanla baş nahiyəsinə vurulma, eləcə də yumruq zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. Zərərçəkmiş şəxs qızı tərəfindən 22.04.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o,Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxsFazil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-271/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-271/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver