Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-271/2025 24.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicad Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1995-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən fərdi evində qaynatası Zərərçəkmiş şəxs şəxsi əşyaları olan otağa keçərək otaqdakı siyirtmədə saxlanılan seyf açarını götürüb orada olan seyfin qapısını açarla açaraq oradan ekvivalentlə 3825 manat təşkil edən 2250 ABŞ dolları və 199.29 manat təşkil edən 100 Avronu, 2021-ci ilin iyun ayında yenidən qaynatası Zərərçəkmiş şəxs şəxsi əşyaları olan həmin otağa keçərək otaqdakı siyirtmədə saxlanılan seyf açarını götürüb orada olan seyfin qapısını açarla açaraq oradan ekvivalentlə 8500 manat təşkil edən 5000 ABŞ dollarını və 3000 manat pulu, 2021-ci ilin avqust ayının sonunda yenidən qaynatasınm şəxsi əşyaları olan otağa keçərək otaqdakı siyirtmədə saxlanılan seyf açarını götürüb həmin seyfin qapısını açarla açaraq oradan 7000 manat dəyərində üzərində brilyant qaşları olan üzük- boyunbağı-sırğa dəstini, bir ədəd 700 manat dəyərində qadın üzüyünü, 600 manat dəyərində qaşsız üzüyü, bir ədəd 1800 manat dəyərində üzük-boyunbağı-sırğa dəstini, bir ədəd 1700 manat dəyərində boyunbağını, bir ədəd 2500 manat dəyərində kişi nişan üzüyünü, bir ədəd 2500 manat dəyərində qadın nişan üzüyünü, bir ədəd 500 manat dəyərində üzərində qaşı olmayan üzüyü, bir ədəd 400 manat dəyərində üzərində qaşı olmayan kişi üzüyünü, bir ədəd 350 manat dəyərində və bir ədəd 300 manat dəyərində qadın üzüklərini, bir ədəd 700 manat dəyərində alyans qadın üzüyünü, bir ədəd 500 manat dəyərində boyunbağını, bir ədəd 450 manat dəyərində üzərində yantar qaşlı kulonu olan boyunbağını, yəni ümumi 20.000 manat dəyərində müxtəlif əyarda, çəkidə və dəyərdə olan qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 32524,29 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, oğurluq etməmişdir. Zərərçəkmiş şəxs onu şərləyir. Ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, özünə məxsus qızılları götürmüş, digərlərindən xəbəri yoxdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2013-cü ildə X2 ilə ailə qurmuş və birgə nigahdan iki övladı doğulmuşdur. Elçinlə birlikdə yaşadığı müddətdə onunla aralarında mütəmadi olaraq mübahisələri olmuş və əsəbi olduğuna görə onunla mübahisə edərək onu söymüşdür. Elçinlə ailə qurduğu 3 ay sonra aralarında yaranmış mübahisəyə görə evi tərk edib anasının evinə getmiş və təxminən bir həftə anasının yanında qalmışdır. Bundan sonra anasının təkidi ilə yenidən Elçinin evinə qayıtmış və yenidən birlikdə yaşamağa başlamışdır. Bundan sonra da Elçinlə yaşadığı müddətdə aralarında mütəmadi olaraq narazılıqlar olmuş və Elçin demək olar ki, bir ər kimi onun qayğısını çəkməmişdir. Bu səbəbdən də onun ailədə yaşamağı üçün maddi çətinliklərlə rastlaşmışdır. Ailə qurmazdan əvvəl dəfələrlə Nur Lombarddan pul götürdüyü üçün həmin lombardı tanımış, ailə qurduğu müddətdə isə pula ehtiyacı olduğu üçün dəfələrlə şəxsi qızıllarını həmin lombarda qoyub pullar götürmüşdür. Yaşadığı ev qaynatasınm evi olduğu üçün həmin evdə qaynatası Zərərçəkmiş şəxs da onlarla birlikdə yaşayır. Qaynatasınm bütün şəxsi əşyaları öz otağında olduğu üçün bir ədəd şəxsi seyfini də həmin otaqda saxlamış və həmin seyfin açarının otağındakı siyirtmədə olduğunu görmüşdür. Qaynatası şəxsi qızılları, pullarını həmin seyfdə saxlamışdır. Əri Elçin isə kolbasa sexində fəhlə işlədiyindən hər gün gecə saat 23 radələrində işə getmiş və səhər saat 06 radələrində evinə qayıdıb gəlmişdir. Onun pula ehtiyacı olduğu üçün qaynatasına məxsus həmin seyfdən pul götürməyi qərara almışdır. 2021-ci ilin aprel ayının əvvəllərində səhər radələrində qaynatası Afiq evdə olmamış, yoldaşı isə işdən evdə yatmışdır. O, qaynatasıenm evdə olmamasından istifadə edib sonuncunun otağına keçmiş və siyirtmədə olan seyfin açarını götürüb seyfi açmışdır. Seyfdə dollar və avro olduğunu görüb həmin pulların bir hissəsini götürmüş və cəld seyfi bağlayaraq açarı siyirməyə qoyub otağı tərk etmişdir. Öz otağına keçdikdə seyfdən götürdüyü pulları saymış və oradan 2250 dollar, 100 avro götürdüyünü bilmişdir. Bundan sonra həmin günü Bakı şəhərinə gedib valyuta dəyişmə məntəqəsində pulları dəyişmiş və əldə etdiyi pulları şəxsi borclarına xərcləmişdir. Həmin pulu götürdükdən bir neçə gün sonra qaynatası seyfi açanda həmin pulların yerində olmadığını görmüş və bu barədə onlardan soruşmuşdur. Nə o, nə də ki, yoldaşı həmin puldan xəbəriləririnin olmadığını demişlər. 2021-ci ilin təxminən iyun ayının ortalarında, günorta radələrində qaynatası evdə olmamışdır. O, qaynatasınm evdə olmamasından istifadə edib yenidən onun otağına keçmiş və siyirtmədə olan seyfin açarını götürüb seyfi açmışdır. Seyfdə dollar və manat olduğunu görüb həmin pulların bir hissəsini götürmüş və cəld seyfi bağlayaraq açarı siyirməyə qoyub otağı tərk etmişdir. Öz otağına keçdikdə seyfdən götürdüyü pulları saymış və oradan 5000 dollar və 3000 manat götürdüyünü bilmişdir. Pulun götürdükdən təxminən 2-3 gün sonra qaynatası seyfinə baxdıqda yenidən pulunun götürüldüyünü görüb qəzəblənmişdir. Lakin qaynatası oğlu Elçindən şübhələnmiş, dəfələrlə Elçindən pulları götürüb-götürməməsi ilə bağlı maraqladıqda Elçin and aman etmişdir ki, xəbəri yoxdur, lakin qaynatasının şübhələri Elçinin üzərində qalmışdır. Buna baxmayaraq qaynatası yenə də pulların kim tərəfindən götürüldüyünü bilməmişdir. Elçin ailəsinə baxmadığı üçün onun çoxlu borcu yaranmış, buna görə də götürdüyü dolları valyuta məntəqəsində dəyişib öz tələbatına xərcləmişdir. Bundan sonrakı günlərdə Elçinlə yenidən aralarında mübahisələr olmuş və o evdən çıxıb anasının yaşadığı evə getməyi qərara almışdır. 2021-ci ilin avqust ayının sonlarında, yaşadığı evdə olmuş, Elçin işdən gəlib yataq otağında yatmış, saat təxminən 11 radələrində qaynatası Afiq evdən çıxıb getmiş, üstündən təxminən 10-15 dəqiqə keçmiş qaynanası da evdən getmişdir. O, Elçindən ayrılmağı qərarlı olduğu üçün şəxsi əşyalarını sumkaya yığmışdır. Buna görə də əşyalarını götürüb getməyi qərara almışdır. Təxminən saat 11:30 radələrində, evdən çıxıb gedərkən qərara almışdır ki, yenidən seyfdən qızıl və yaxud pul olarsa götürsün və çıxıb getsin. Bu məqsədlə qaynatasının və qaynanasının evdə olmadığını, yoldaşı Elçinin isə evdə yatdığına əmin olub otağa keçmiş və siyirmədən açarı götürüb seyfi tez açmışdır. Orada bağlamanın içərisində qızıllar olduğunu görüb qərara almış ki, həmin qızılları lombarda qoyub pul götürsün, sonradan pulu olduqda həmin qızılları lombarddan geri götürər. Bu məqsədlə qızılları əl atıb götürmüş və tez də seyfi bağlayıb açarını yerinə qoyaraq otağı tərk etmişdir. Sonra əşyalarını da götürüb evdən çıxmış və birbaşa anasının evinə gəlmişdir. Həmin gündan sonra qızıllardan bir qismini hissə-hissə Moskva univermağının qarşısında tanımadığı şəxslərə satmış və pullarını ehtiyacına xərcləmişdir. Sonradan yenidən pula ehtiyacı olduğu üçün 04 noyabr 2021-ci il tarixdə bir cüt qızıl sırğanı və bir ədəd qızıl üzüyü Nur lombarda aparıb girov qoymuş və oradan 500 manat pul götürmüşdür. Həmin pulları da öz yaşayışı üçün istifadə etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə oğlu Elçin Təqsirləndirilən şəxs adlı qızla ailə həyatı qurmuş və onların birgə nigahdan iki azyaşlı uşaqları vardır. Elçin Xəyalə ilə ailə qurduqdan sonra onunla bir evdə yaşamışlar. Elçin təxminən 3 ay idi ki, Xəyalə ilə Elçinin arasında narazılıq olmuş və Xəyalə evdən çıxıb anasının evinə getmişdir. Xəyalə bir həftədən sonra yenidən evə qayıtmış və onlarla bir evdə yaşamağa davam etmişlər. Ondan sonra da Xəyalə ilə ailə üzvlərinin və əri Elçinin münasibəti normal olmuşdur. Oğlu Elçin evinin yaxınlığında olan kolbasa sexində fəhlə işləmiş və həftənin beş günü gecə saat 23 radələrində işə gedir, səhər saat 06 radələrində işdən gəlmişdir. Onun öz otağında seyfi vardır və həm həyat yoldaşına, həm də özünə məxsus qızılları həmin seyfdə saxlamışdır. Seyfin açarını isə otaqda siyirtmədə saxlamışdır. Xəyalənin öz qızılları isə özündə olmuşdur. 2020-ci ilin sonlarında isə toylara icazə verildikdən sonra onlar toya getdikdə Xəyalənin qızıllarının üzərində olmadığını görüb bu barədə maraqlanmış, lakin Xəyalə müxtəlif bəhanələr gətirməyə başlamışdır. 2021-ci ilin aprel ayının sonlarında, otağındakı seyfə baxdıqda məlum olmuşdur ki,seyfində saxladığı 2250 ABŞ dolları və 10 Avro pulu yerində yoxdur. Belə olduqda o ailə üzvləri ilə danışmış, lakin heç kəs seyfdən pulu götürmədiyini bildirmiş, o pulun kim tərəfindən götürülməsini bilməmişdir.Bundan sonra 2021-ci ilin iyun ayında otağında olan seyfi yenidən açıb baxdıqda görmüşdür ki, 5000 ABŞ dolları və 3000 manat pulu seyfdə yoxdur. Bununla bağlı o ailə üzvləri ilə sorğu sual etmiş, lakin heç kim boynuna almamışdır. Xəyalə də demişdir ki, pulu Elçin götürüb və həmin pul oğlu Elçinin boynunda qalmışdır. Oğlu Elçin isə and aman etmişdir ki, seyfdən pul götürməyib. Həmin söhbətdə Xəyalə oğlu Elçinə demişdir ki, pulu götürməsini etiraf etsin, əks halda onu polisə aparıb dırnaqlarını çəkəcəklər və buna görə etiraf etsin. 2021-ci ilin avqust ayında həyat yoldaşı seyfə baxıb görmüşdür ki, seyfdən ona və yoldaşına məxsus 20.000 manat dəyərində qızıllar yoxdur. Xəyalə öz qızıllarını da ortaya çıxarmamış və onda Xəyalədən şübhələnmiş, ondan qızıllarının harada olması ilə bağlı maraqlanmışdır. Xəyalə isə bildirmişdir ki, kimsə onu şantaj edib və qızılları həmin şəxsə vermişdir. Amma Xəyalə həmin şəxsin kim olduğunu deməmiş və demişdir ki, yaxın günlərdə ona həmin şəxsin kim olması barədə bildirəcəkdir. O da həmin ərəfədə sonuncuya demişdir ki, elə seyfindən də pulları sonuncu götürmüşdür, yalandan oğlunun götürdüyünü demişdir. Buna baxmayaraq Xəyalə seyfdən heç nə götürmədiyini demişdir. Artıq evdə gərginlik yaranmış, o, seyfində olan pullara baxdıqda görmüşdür ki, orada olan pulların arasından az miqdarda pul götürülüb ki, onlar bunu hiss etməsinlər. 04 sentyabr 2021-ci il tarixdə Xəyalə, Elçin və uşaqlarla anasının evinə getmişlər, həmin tarixdə axşam evə gəlmişlər. 05 sentyabr 2021ci il tarixdə saat 11 radələrində o, evdən getmiş, ondan 10-15 dəqiqə sonra həyat yoldaşı da evdən getmiş, oğlu Elçin isə evdə yatmışdır. Həmin günü saat 11:30 radələrində Xəyalə paltarlarını götürüb evdən getmiş, həmin günü saat 12:30 radələrində yoldaşı ona zəng edib bildirmişdir ki, Xəyalə uşaqları evdə qoyub getmişdir. Ondan sonra onu axtarmış və tapa bilmədikləri üçün 07 sentyabr 2021-ci il tarixdə Abşeron rayon Pİ-nə bununla bağlı ərizə ilə müraciət etmişdir. Bundan sonra ona bəlli olmuşdur ki, otaqdakı seyfindən məhz qızılları və pulları Xəyalə götürmüş və bunu başa düşdükləri üçün sonuncu evdən qaçıb getmişdir. Göstərmişdir ki, 2021-ci ilin aprel ayının sonlarında otağındakı seyfinə baxdıqda məlum olmuşdur ki, seyfimdə saxladığı 2250 ABŞ dolları və 10 Avro pulum yerində yoxdur. 2021-ci ilin iyun ayında otağında olan seyfi yenidən açıb baxdıqda görmüşdür ki, 5000 ABŞ dolları və 3000 manat pulu seyfdə yoxdur. Həmçinin 2021-ci ilin avqust ayında həyat yoldaşı seyfə baxdıqda görmüşdür ki, seyfdən ona və yoldaşına məxsus 20.000 manat dəyərində qızıllar yoxdur, seyfdən oğurlanmış qızılların bir hissəsi yoldaşına məxsus olsa da, həmin qızılları özü sonuncuya aldığı üçün onun mülkiyyətinə aid qızıllardır. Bundan başqa hazırda həmin qızılların maddi dəyərinin 20.000 manat olduğunu bilsə də, onların dəqiq əyarlarını və çəkisini tam xatırlamır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaqdan qəsdən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən, dayandırılmışdır. Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə həmin tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində (həbs nəzərdə tutulmadan) axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Abşeron RPİ əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlamış və xx.xx.2024-cü il tarixində Abşeron Rayon Məhkəməsinə təhvil vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbslə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ tərəfindən xx.xx.2025-ci il tarixdə daxil olan məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayon ərazisində tutularaq Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsindən fərqli olaraq, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində törədilmiş cinayət əməlindən məlimatı olmadığını göstərmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatla bağlı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman qeyd edilən oğurluq əməlini törətməsini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvAfiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvAfiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxsnun ilk dəfə az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etmədiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvAfiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvAfiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-271/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-271/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver