Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-272/2023 06.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs5 Quli qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində azyaşlı uşağı olan, işləməyən, orta təhsilli, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20B, mənzil 17-də qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5 və 326.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 avqust 2021-ci il tarixdə, saat 09 : 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən Uşaq poliklinikasının qarşısında 535 saylı marşrut avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs3 halının pisləşməsindən istifadə edərək sonuncunun şalvarının sağ yan cibindən 400 manat dəyərində “Huavey P 40 Lite” markalı mobil telefonunu çıxarıb gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 dekabr 2021-ci il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “Bazar Store” marketin qarşısında 535 saylı marşrut avtobusunda sərnişin olan X4 əynində olan gödəkçəsinin yan cibindən içərisində 200 manat pul, Ramiz Məmmədovun şəxsiyyət vəsiqəsi, mühüm şəxsi sənədləri - təqaüd kartı, sürücülük vəsiqəsi, avtomobilin texniki baxış vərəqələri və etibarnamələr olan 5 manat dəyərindəki portmanatını çıxarıb gizli yolla talayaraq zərərçəkmiş Ramiz Məmmədova 205 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “Rate” restoranının qarşısında 535 saylı marşrut avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs1 üzərindəki əl çantasından 3 manat dəyərində olan 077 315 24 48 saylı GSM mobil nömrə ilə işləyən bir ədəd 450 manat dəyərindəki “Samsunq A 12” markalı mobil telefonunu çıxarıb gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 453 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 may 2022-ci il tarixdə, saat 17 radələrində 535 nömrəli marşurut avtobusunda Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Araz” marketin qarşısında avtobusda olan sərnişin Zərərçəkmiş şəxs4 üzərində olan çantasından 700 manat dəyərində “İphone” markalı mobil telefonunu çıxarıb gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində 539 saylı marşrut avtobusunda sərnişin qismində olan Zərərçəkmiş şəxs5 çantasından içərisində mühüm şəxsi sənəd adına Gürcüstanda verilmiş şəxsiyyət vəsiqəsi və 1400 manat məbləğində pulu olan cüzdanı çıxarıb talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs5 1400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 iyul 2022-ci il tarixdə, saat 07 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsindəki avtobus dayanacağında avtobus gözləyən Zərərçəkmiş şəxs6 Məhyətddin qızının üzərindəki əl çantasından 350 manat pulu çıxarıb gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs6 350 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, son zamanlar heç bir yerdə işləmədiyimə və maddi sıxıntıları olduğuna görə qərara gəlmişdir ki, ictimai nəqliyyatda ayrı-ayrı vətəndaşların ciblərinə və çantalarına daxil olaraq pul, telefon və digər qiymətli əşyalar oğurlasın. Bu məqsədlə o, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində Xırdalan şəhərinə gedən 535 saylı marşrut avtobusuna minmişdir. Bir qədər getdikdən sonra Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “Rate” restoranının qarşısında marşrut avtobusundakı sıxlıqdan istuifadə edərək salonda bir nəfər şəxsə yaxınlaşıb üzərindəki əl çantasından bir ədəd mobil telefonu oğurlayıb öz cibinə qoyaraq bir qədər qabaqda avtobusdan düşmüşdür. O, avtobusdan yerə düşdükdən sonra baxdıqda həmin mobil telefon Samsunq A 12 markalı mobil telefon olduğunu görmüşdür. Bundan sonra Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığına gedib orada yerləşən ticarət mərkəzində həmin mobil telefonu tanımadığı bir nəfər şəxsə 140 manata satmışdır. Əldə etdiyi həmin 140 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Ona görə də törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf edir. Marşrut avtobusunda əl çantasından oğurluq etdiyi, hazırda adı ona məlum olan Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Bundan başqa bildirmişdir ki, son zamanlar heç bir yerdə işləmədiyimə və maddi sıxıntıları olduğuna görə qərara gəlmişdir ki, ictimai nəqliyyatda ayrı-ayrı vətəndaşların ciblərinə və çantalarına daxil olaraq pul, telefon və digər qiymətli əşyalar oğurlasın. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində Xırdalan şəhərinə gedən 535 saylı marşrut avtobusuna minmişdir. Bir qədər getdikdən sonra Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən “Bazar Store” marketin qarşısında marşrut avtobusundakı sıxlıqdan istuifadə edərək salonda bir nəfər şəxsə yaxınlaşıb əynində olan gödəkçəsinin cibindən portmanatını oğurlayıb öz cibinə qoyaraq bir qədər qabaqda avtobusdan düşmüşdür. O, avtobusdan yerə düşdükdən sonra baxdıqda görmüşdür ki. həmin portmanatda 200 manat pul, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd təqaüd kartı, 1 ədəd sürücülük vəsiqəsi, avtomobilin texniki baxış vərəqələri, etibarnamələr vardır. O, portmanatdan həmin 200 manat pulu götürüb öz cibinə qoymuşdur. Qalan sənədləri isə ona lazım olmadığına görə portmanatdan çıxartmamış və həmin portmanatı oğurluq hadisəsi törətdiyi yerdən bir qədər aralıda hasarın küncünə ataraq getmişdir. Əldə etdiyi həmin 200 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Ona görə də törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf edir. Cibindən oğurluq etdiyi, hazırda adı ona məlum olan X5 əvvəllər tanımamışdır. Bundan başqa son zamanlar heç bir yerdə işləmədiyimə və maddi sıxıntıları olduğuna görə qərara gəlmişdir ki, ictimai nəqliyyatda ayrı-ayrı vətəndaşların ciblərinə və çantalarına daxil olaraq pul, telefon və digər qiymətli əşyalar oğurlasın. Bu məqsədlə o, xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Abşeron rayonu, Xırdalan şəhərində Köhnə bazar adlanan yerdə Masazır qəsəbəsinə gedən 535 saylı marşrut avtobusuna minmişdir. Bir qədər getdikdən sonra Xırdalan şəhər uşaq poliklinikasının qarşısında həmin marşrut avtobusunda sərnişin olan bir nəfər şəxsin halının pisləşməsini və avtobusda olan digər sərnişinlərin də ona koməklik etdiklərini görüb guya ki, o da halı pisləşən həmin sərnişinə köməklik etməyə başlamışdır. Bu zaman isə fürsətdən istifadı edərək halı pisləşən həmin sərnişinin şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu götürüb öz cibinə qoyaraq bir qədər qabaqda avtobusdan düşmüşdür. O, avtobusdan yerə düşdükdən sonra sonra baxdıqda həmin mobil telefon Huavey P 40 Lite markalı mobil telefon olduğunu görmüşdür. Bundan sonra o, Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığına gedib orada yerləşən ticarət mərkəzində həmin mobil telefonu tanımadığı bir nəfər şəxsə 150 manata satmışdır. Əldə etdiyi həmin 150 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Ona görə də törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf edir. Bundan başqa 2022-ci ilin may ayının sonunda axşam saatlarında Xırdalan şəhəri, H.Əliyev prospektində 535 nömrəli marşrut avtobusuna minmiş və avtobusda sıxlıq olduğu üçün o, da ayaqüstə dayanmış və Abşeron rayonu Masazır qəsəbəsində Ə.Vahid küçəsində yerləşən “Araz” market mağazasının qarşısında dayanacaqda avtobusdan düşəndə qarşısın da avtobusdan düşmək istəyən bir qadının çiynində olan çantasının ağzını əli ilə açaraq çantada olan “İphone” markalı mobil telefonu götürüb cibinə qoyaraq avtobusdan düşüb həmin ərazidən uzaqlaşmışdır. Sonra həmin telefonun üstündə olan mobil nömrəni şıxarıb atmış, telefonu da elə həmin gün Sumqayıt şəhərində yolda tanımadığı şəxsə 60 manata satmış, aldığı pulu da özünə xərcləmişdir. Telefonu ondan alan şəxs də telefonun oğurluq olmasından xəbəri olmamışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında dayanıb oğurluq etmək üçün münasib avtobusun, yəni içərisində sərnişinlərin sıx olduğu avtobusun gəlməsini gözləməyə başlamışdır. Həmin vaxt 539 saylı avtobusda sıxlıq olduğunu görüb avtobusa minmişdir. Ondan sonra anket məlumatlarını sonradan bildiyi Zərərçəkmiş şəxs5 avtobusa minib ayaq üstə dayanmışdır. O, Durdanə Həşimovanın arxasında olmuşdur. Zərərçəkmiş şəxs5 çiynində çanta olduğunu görüb oğurlamaq üçün nəsə olduğunu düşünmüş və yaxınlaşmışdır. Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə çatanda, ətrafa baxmış, heç kəsin diqqətinin onda olmadığını görüb, Dürdanənin çiynində olan çantanı açıb içərisində olan rəngini xatırlamadığı cüzdanı götürmüşdür. Dürdanə Masazır dairəsi yaxınlığında düşmüşdür. O, da bir duracaq sonra düşüb cüzdana baxanda içərisində pasport və 1400 manat pul olduğunu aşkar etmişdir. Zərərçəkmiş şəxs5 məxsus pasportu və cüzdanı yolun kənarında olan daşın üzərinə qoymuşdur ki, tapıb qaytarsınlar. Pulu isə şalvarının cibinə qoyub, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi saxlayıb minib həmin yerdən uzaqlaşmışdır. Oğurluq nəticəsində əldə etdiyi 1400 manat pulu iki gün ərzində şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2022-ci ilin iyul ayın ortalarında, dəqiq tarix yadında deyil, təxminən saat 07 radələrində Xırdalan şəhərində, avtobus dayanacaqların birində, təxminən 40 yaşlarında dayanmış bir qadının, sağ çiynindən asdığı əl çantası açıq olduğundan, çantada pul qabı olduğunu görmüşdür. Onmlardan başqa dayanacaqda heç kimin olmamasından istifadə edərək həmin qadının çiynindən asdığı əl çantasında gördüyü pul qabını çantadan çıxartmış və oradan uzaqlaşmışdır. Yolda pul qabını açıb içindəki pulları çıxardıb saymış, pulların cəmi 350 manat olduğunu görmüşdür. Oğurladığı pulları cibinə qoymuş və pul qabını isə yolda, xatırlamadığı yerdə tullamışdır. Oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslər dəymiş ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Quli qızı ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” adlı ticarət mərkəzindən 539 saylı xətt avtobus ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsi yaxınlığında düşmüşdür. Həmin vaxt çiynində çantası olmuşdur. Avtobusdan düşəndən sonra çanta bağlı şəkildə olmuş, o, da bunu yoxlamişdir. Təxminən 15 dəqiqə duracaqda gözləyəndən sonra 535 saylı avtobusa minmişdir ki, evə yəni Xırdalan şəhəri, Heydər Əliyev prospektinə getsin. Avtobusda sıxlıq olduğu üçün sürücünün yaxınlığında ayaq üstə dayanmışdır. Bir neçə duracaqdan sonra, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində “Misir” adlı parkın qarşısında çantasına baxan zaman açıq olduğunu aşkar etmişdir. Çantanın içərisinə baxmış və pul kisəsinin oğurlandığını aşkar etmişdir. Pul pisəsinin içərisində Gürcüstan Respublikasına məxsus şəxsiyyət vəsiqəsi və 1400 manat pul əskinazı olmuşdur. Pul əskinazının 12 dənəsi 100 manatlıq 2 dənəsi 50 manatlıq 3 dənəsi 20 manatlıq 4 dənəsi isə 10 manatlıq olmuşdur. O, avtobusda pulunun oğurlanması barədə məlumat vermişdir. Həmin vaxt gənc bir nəfər şəxs pul kisəsinin oğurlanmasında qadından şübhələdniyini deyib, öz mobil nömrəsini ona vermiş və baş vermiş hadisə ilə bağlı şahidlik edə biləcəyini demişdir. Ona dəmiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində azyaşlı oğlunu və qızını məktəbdən evə gətirmək üçün Masazır dairəsində 535 saylı marşrut avtobusuna minmişdir. Təxminən 5-6 dəqiqədən sonra Abşeron rayonu, Xırdalan şəhəri Uşaq poliklinikasının qarşısına çatdıqda əl çantasının açıq olduğunu və içərisindəki “Samsung A-12” markalı mobil telefonunun çantasında olmadığını görmüş. O, həmin vaxt marşrut avtobusundakı sərnişinlərdən telefonuna zəng etməklərini xahiş etmişdir. Bu zaman sərnişinlər tərəfindən mobil telefonuna zəng olunsa da telefonununa zəng çatmamışdır. Bundan sonra isə ona marşrut avtobusunda olduğu zaman əl çantasından bir ədəd Samsung A 12 markalı mobil telefonun həmin marşrut avtobusunda olan sərnişinlərdən biri tərəfindən çantasından oğurlandığı məlum olmuşdur. Oğurlanmış həmin “ Samsung A 12” markalı mobil telefonun 450 manat dəyərində olmuş və üzərindəki mobil nömrənin də 3 manata aldığına görə ona həmin oğurluq hadisəsi nəticəsində ümumilikdə 453 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 16 dekabr 2021-ci il tarixdə saat 14 radələrində nəvəsi Ruslan məktəbdə olmalı idi. Buna görə də saat 13:45 radələrində 535 nömrəli marşrutun avtobus dayanacağına gəmişdir. Həmin dəqiqənin avtobusuna gecikdiyi üçün saat 14 radələrində Masazır dairəsinin yanında Samsung mağazasının qarşısından 535 nömrəli avtobusun arxa qapısından minmişdir. Avtobusda çoxlu sərnişin olduğu üçün qapıdan asılı vəziyyətdə avtobusda hərəkətə başlamışdır. Həmin günü həm də poliklinikada Covid 19 iynəsini vurdurmalı olduğu üçün Xırdalan şəhəri istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxtı içərisində sənədləri pulu olan portmanatın əynindəki qara rəngli gödəkçənin sol tərəfdən içəri cibində olmuşdur. Xırdalan şəhərində poliklinikanın qarşısında avtobusdan düşüb poliklinikaya girmiş, Covid 19 iynəsini vurdurmaq üçün şəxsiyyət vəsiqəsini çıxarmaq istədikdə əynindəki gödəkçənin içəri cibində saxladığı portmanatın cibində olmadığını görmüşdür. Bundan sonra evə qayıdıb ümumilli pasportu götürüb yenidən poliklinikaya qayıdaraq Covid 19 iynəsini vurdurmuşdur. Sonra isə portmanatını evdə axtarsa da, tapmadığı üçün həmin günü 535 nömrəli marşrutda hərəkətdə olarkən portmanatı və onun içərisində olmuş sənədlər və pulu naməlum şəxs tərəfindən oğurlandığını yəqin etmişdir. Bele olduqda baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 09:10 radələrində Masazır qəsəbəsinə getmək üçün yaşadığı “ Kristal Abşeron 1” yaşayış kompleksinin qarşısındakıdayanacaqda 535 saylı marşrut avtobusuna əyləşmişdir. O, 534 saylı marşrut avtobusuna əyləşdikdən təxminən 10 dəqiqə sonra nədənsə halı yavaş yavaş pisləşməyə başlamış və bir qədər sonra hüşunu itirərək yerə yıxılmışdır. Bundan sonra marşrut avtobusundakı sərnişinlər ona köməklik göstərərək onu yerdən qaldırmışlar. O, ayağa qalxdıqdan sonra Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən "xxxx" ASC-nin qarşısındakı dayanacaqda havasını dəyişmək üçün avtobusdan düşmüşdür. Bu zaman o, mobil telefonunu çıxarmaq üçün əlini sağ cibinə salarkən mobil telefonunun cibində olmadığını görmüşdür. Bu zaman dayanacaqda dayanmış taksi sürücülərindən birinndən mobil nömrəsinə zəng etməyini xahiş etmişdir. Həmin şəxs mobil telefonuna zəng edərkən bir nəfər şəxs ilkin olaraq telefonunu açsa da sonradan həmin şəxs zənglərinə cavab verməmişdir. Ona görə də o, həmin günü Abşeron RPİ-nə ərizə ilə müraciət edərək mobil telefonunun itdiyini bildirmişdir. Lakin sonradan Abşeron RPİ-nə yenidən ərizə ilə müraciət edərək həmin mobil telefonunun itmədiyini, xx.xx.2021-ci il tarixdə marşrut avtobusda naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Oğurlanmış həmin “Huavey P 40 Lite” markalı mobil telefonu təxminən 400 manat dəyərində olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun “İphone” markalı **********44052 imey kodlu mobil telefonu olmuş və həmin telefonu 2 il əvvəl 2300 manata almışdır. 24 may 2022-ci il tarixdə saat təxminən 17 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində AAAF park yaşayış kompleksinin yaxınlığından 535 nömrəli marşrut avtobusuna minmiş və avtobusda sıxlıq olduğu üçün o, da ayaqüstə dayanmış və Abşeron rayonu Masazır qəsəbəsində Ə.Vahid küçəsində avtobusdan düşmüş və həmin vaxt evə gəlib görmüşdür ki, mobil telefonu çantasından oğurlanmışdır. Ona görə də DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, avtobusda olanda bir nəfər 25-30 yaşlı cavan oğlan arxasında dayanmış, hətta çiyninə dəyib ondan üzr istəmişdir. Onun əynində açıq qəhvəyi rəngdə gödəkçə olmuş, üzü tüklü olmuş başqa əlamətləri xatırlamamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 18 iyul 2022-ci il tarixdə, saat 07 radələrində işə getmək üçün evlərinin yaxınlığındakı M.Hüseynzadə küçəsindəki avtobus dayanacağına gedib avtobus gözləmişdir. Dayanacaqda olarkən əl çantasına pulkisəsinin içində 350 manat pulu olmuşdur. Həmin vaxt avtobus dayanacağında ondan başqa təxminən 30-35 yaşlarında bir kişi olmuşdur. Dayanacaqda olduğu vaxt əl çantasını çiynindən asmışdır. Dayanacaqda olduğu vaxt gözlədiyi avtobusa minib, işə gedərkən avtobusda çiynindəki əl çantasının içərisində 350 manat olan pul kisəsinin yerində olmadığını görmüş və pulunu avtobus dayanacağında olan həmin kişi oğurladığını bilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X3 tərəfindən təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 Quli qızı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 Ərşad Rafiq oğlunun himayəsindədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X11 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X11 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-272/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-272/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver