Məhkəmə qərarları › İş №1(012)-273/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-273/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-273/2024 10.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiaya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1967-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xankəndi şəhərində qeydiyyatda olan və Abşeron rayonu Mehdibad qəsəbəsi «Qarant» yaşayış massivi bina 10 mənzil 14-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə, saat 18 radələrində etbarnamə əsasında «Toyoto» markalı, «Prius» modelli, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Binəqədi-Mehdiabad yolunun Abşeron rayonu Mehdiabad qəsəbəsi Q.Qarayev küçəsi ilə «Qarant» yaşayış massvi istiqamətində hərəkətdə olarkən velosipedçi X4 yolun sağından soluna keçdiyi zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əmə etməyərək idarə etdiyi avtomobillə velosipedi vurmuş, nəticədə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs Kənan Novruzov başın küt travması, baş beyin əzilməsi baş beyin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, beyin kötüyünə travmatik qansızma, kəllə tağı və əsası sümüklərinin sınğı, sol gicgah-təpə-ənsə nahiyəsinin dərialtı hematoması, sağ gözaltı-almacıq, burun, sol gicgah-çənə, oynağı, üst dodaq, sağ çiyin qurşağı, sağ diz oynağı, sol baldır nahiyələrinin sıyrıqları kimi, ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər alaraq baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, beyin kötüyünə travmatik qansızma, kəllə tağı və əsası sümüklərinin sınığı xəsarətləri səbəbindən 25 iyul 2023-cü il tarixdə Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasında ölmünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. Nəqliyyat vasitəsini idarə etmək hüququ vardır, 22 iyul 2023-cü il tarixdə saat 18 radələrində həmin avtomobillə 40-45 km/saat surətlə Binəqədi-Mehdiabad yolu ilə Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi ilə “Qarant” yaşayış massivi istiqamətində hərəkətdə olan “Qarant” massivinə az qalmış fərdi evlər olan hissədə yolun sağ kənarından qəfil sonradan adı məlumu olan mərhum X4 velosipedlə onu hərəkət hissəsinə daxil olduğunu görüb dərhal avtomobiil sola istiqamətləndirmiş, lakin velosiped avtomobilin qabaq sağ qanad və təkərinə dəyərək aşmuş, Kənan asfaltın üzərinə düşmüşdür. O, maşını dərhal saxlayıb Kənanı qucağına alıb onu baş nahiyəsindən xəsarət aldığını və özündə olmadığını görmüşdür. Sonra isə Kənanı maşınına qoyub xəstəxanaya aparmaq istədikdə YPX inspektorları hadisəni görüb ona yaxınlaşaraq Kənanı onun maşını ilə Novxanı poliklinikasına aparmışlar. Orada həkim Kənana ilkin yardım göstərib təcili yardım maşını ilə Sumqayıt şəhər uşaq xəstəxanasına göndərmişlər. O isə polis əməkdaşları ilə polis idarəsinə gəlmişdir. Hadisə ilə bağlı izahatı alınmış hadisə yerinə onun iştirakı ila baxış keçirilmişdir. Hadisə zamanı hərəkətdə olarkən Kənanın yola daxil olmasını təxminən 1 metr məsafədən görmüşdür. Belə ki, o, həmin vaxt diqqətini əks istiqamətdə olan yük maşınlarına yönəltmiş, gün işığı isə gözlərinə düşdüyünə görə diqqətim yolda olmuşdur. Bundan əvvəl Kənanın yola daxil olduğunu görməmişdir. Velosipedçi yola daxil olarkən soldan avtomobilin gəlməsinə fikir vermədiyi üçün hərəkətini davam edərək nəticədə onu vurmuşdur. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Xahiş edir ki, ona yüngül cəza təyin edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 22 iyul 2022-ci il tarixdə saat təxminən saat 18 radələrində evə gələrkən mərhum oğlu Kənanın evdə olmadığını görmüş, qonşuluğunda yaşayan uşağı kənanı axtarmağa göndərmişdir. Təxminən 10 dəqiqə sonra həmin uşaq ona yolun kənarında qadınların bir nəfər velosiped sürən uşağı maşın vurduğundan danışdıqlarını xəbər vermişdir. O dərhal maşını ilə yola tərəf getmiş və orada oğluna məxsus velosipedin və şəpiklərinin yolun kənarında olmasını görüb başa düşmüşdür ki, avtomobil Kənanı vurub. Hadis yerinə toplaşanlardan Kənanın hadisə törədən sürücünün maşınla DYP əməkdaşları ilə birlikdə xəstəxanaya apardıqlarını öyrənmişdir. Yol polisi əməkdaşları ilə əlaqəyə girib Kənanın Sumqayıt şəhər uşaq xəstəxanasına aparıldığını öyrənmişdir. Həmin gün Kənan bu xəstaxanada qalmış, ertəsi gün isə həkimlərin məsləhəti ilə onu Sumqayıt şəhər travmatalogiya xəstəxanasına köçürmüşlər. Kənan komada olmuşdur. Həkimlərin müdaxiləsinə baxmayaraq onu ayıltmaq mümkün olmamış və 25 iyul 2023-cü saat 23:30 radələrində oğlu xəstəxanada dünyasını dəyişmişdir. 26 iyul 2023-cü il tarixdə Mehdiabad qəsəbəsi qəbirstanlığında dəfn etmişlər. Məlum olmuşdur ki, Kənanı vuran avtomobili idarə edən şəxs Mehdiabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və münasibətimiz omamışdır. Hadisə zamanı Kənan velosipedlə Binəqədi-Mehdiabad yolunun Qarant yaşayış kompleksi istiqaməğtinə görə yolun sağ kənarından piyada zolağı ilə sola doğru hərəkət edərkən Təqsirləndirilən şəxs idarə etdiyi Toyoto Prius markalı avtomobillə Binəqədi istiqamətindən hərəkətdə olarkən Kənanı yolun hərəkət hissəsində vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin 26 iyul 2023-cü il tarixli 104 №-li rəyindən görünür ki, 2013-cü il təvəllüdlü X4 meyitinin məhkəmə tibbi muayinəsi zamanı aşkar edilmiş xəsarətlər- başın küt travması, baş beyin əzilməsi, baş beyin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin ödemi, beyin kötüyünə travmatik qansızma, kəllə tağı və əsası sümüklərinin sınğı, sol gicgah-təpə-ənsə nahiyyəsinin dərialtı hematoması, sağ gözaltıalmacıq, burun, sol gicgah-çənə, oynağı, üst dodaq, sağ çiyin qurşağı, sağ diz oynağı, sol baldır nahiyələrinin sıyrıqları həyati olub, küt əşyanın (əşyaların) təsirindən ölmündən bir qədər əvvəl xx.xx.2023-cü il tarixdə avtomobillə vurulma nəticəsində əmələ gəlmişdirlər, ölümlə bir başa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin mərhum Kənan Novruzovun üzərində olduğu velosipedin avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür. X4 ölümünün səbəbi-baş beyin əzilməsi baş beyin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, beyin kötüyünə travmatik qansızma, kəllə tağı və əsası sümüklərinin sınğı olmuşdur. X4 ölümünün səbəbi-baş beyin əzilməsi baş beyin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin ödemi, beyin kötüyünə travmatik qansızma, kəllə tağı və əsası sümüklərinin sınğı olmuşdur. X4 ölümü Sumqayıt Təcili Tibbi yardım xəstəxanasında xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. X2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbutil turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək spirti) fenotiazin, pirazalon 1,4 bensodiazepin törəmələri və salisilatları aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2353 nömrəli rəyindən görünür ki, hadis əzamanı Toyoto Prius markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununu 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun bu maddələrin tələblrinə riayət etməklə hadisənin qarşısını almağ texnik imkanları olmuşdur. Velosiped yol nəqliyyat hadisələri ekspertizalarının tədqiqat obyekti olmadığından velosipedçinin hərəkətlərinin tədqiqi ekspert səlahiyyətlərinə aid deyildir. Azrbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxs tərəfindən verilmiş 2/23207№-li “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi muayinə” protokolundan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur. Abşeron RPİ-nin DYPŞ-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən BB002810 №-li sürücülük vəsiqəsi alaraq B1, B kateqoriyalı sürücülük hüququna malikdir, hal hazıradək ötən müddət ərzində sürücülük hüquq məhdulaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Adı çəkilən Plenum qərarında habelə göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarı). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi insan ölümünə - ağır nəticələrə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə aralarında barışıq olmamışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CMnin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə onuda qeyd edir ki, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi) ; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yer getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yer getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar