Məhkəmə qərarları › İş №1(012)-274/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-274/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-274/2024 19.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Fizuli rayonu, Seyidəhmədli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs övladı Şahid1 hərbi xidmətdən təxris olunaraq təqaüdə çıxmasında köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq bu məqsədlə 2020-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı Füzuli rayonunda yerləşən fərdi evində 1000 manat, 2021-ci ilin noyabr ayının sonlarında Abşeron rayonu, Atyalı qəsəbəsi ərazisində görüşərək 1500 manat, 2021-ci ilin fevral ayının ortalarında qardaşı Şahid3 vasitəsi ilə sonuncunun yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayş massivində fərdi evində 7500 manat, 2021-ci ilin fevral ayının sonlarında yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə 200 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 10200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs onun qohumudur. 2021-ci ilin yanvar ayında qohumu Zərərçəkmiş şəxs oğlu Şahid1 müraciət edərək müharibə ərəfəsində xidmət etmək istəmədiyini bildirib onun da əvvəllər hərbiçi olduğu üçün hərbidən təxris olunmasından ötrü köməklik göstərməsini ondan xahiş etmişdir. Onun da bu işldə tanış adam olduğu üçün İmrana kömək edəcəyini bildirmiş və İmrandan bunun müqabilində 10000 manat pul istəmişdir. İmran da razılaşıb ona 8600 manat pul gətirib verdmişdir. O, həmin pulu İmrandan almış sonra o, bu işi həll etmək üçün İmranın ona verdiyi pulu Tural adlı şəxsə vermişdir. Tural da bu işi həll edəcəyinə söz versə də işi həll etməmişdir. Buna görə də o, qohumlarımın yanında pis vəziyyətdə qalmışdır. Bildirmişdir ki, qohumu Şahid1 ona 8600 manat pulu onun əvvəllər yaşadığı ünvanda yəni Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evdə vermişdir. O, 8600 manat pulu İmrana tez bir zamanda qaytaracaqdır. Onun İmrandan aldığı puldan və İmrana qarşı dələduzluq niyyətindən qardaşı Nicatın xəbəri olmamışdır. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qohumudur. Bildirmişdir ki, Vətən Müharibəsi zamanı hərbi qulluqçu olan oğlu Şahid1 hərbi əməliyyatların gedişində yaralanaraq tibbi yardım alması üçün hərbi hospitala yerləşdirilmişdir. Həmin vaxt əmisi nəvəsi olan Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb oğlu İmranın səhhətinin yaxşı olmadığını, İmranın təcili təqaüdə çıxarmaq lazım olduğunu bildirmişdir. Əmisi nəvəsi Elməddin bunun üçün müəyyən qədər pula ehtiyac olduğunu və hərbi həkim komissiyasına hörmət etmək lazım olduğunu demişdir. O, oğlu İmranın həyat və sağlamlığı üçün narahat olduğundan əmisi nəvəsi olan Elməddinin təklifi ilə razılaşmışdır. Vətən Müharibəsi ərəfəsində 2020-ci ilin noyabr ayının sonlarında yaşadığı Füzuli rayonunda, evində əmisi nəvəsi olan Elməddinə ilkin olaraq 1000 (min) manat pul vermişdir. Həmin vaxt Elməddin yaşadığı ünvana qardaşı Nicatla birlikdə gəlmişdir. Bunun ardınca Elməddin təkrar ondan pul istəməyə başlamışdır. O da malqarasını satıb 2020-ci ilin noyabr ayının sonlarında Abşeron rayonu, Atyalı qəsəbəsi ərazisində Elməddinə 1500 (min beş yüz) manat pul vermişdir. Bunun ardınca Elməddin yenədə onlardan pul istəməyə davam etmişdir. Oğlu əri Nəmiyyətə məxsus olan avtomobili 7500 (yeddi min beş yüz) manata satıb pulu ona vermiş, o da 2021-ci ilin fevral ayında Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayş massivində Nicatın evində pulu Elməddinə vermişdir. Bundan sonra Elməddin bir neçə ay ərzində oğlu İmranın pensiyaya çıxması məsələsini həll edəcəyini bildirmişdir. Lakin bir neçə gün keçdikdən sonra Elməddin əlavə olaraq 200 (iki yüz) manat pul verməli olduğumu demişdir. O, 2021-ci ili fevral ayının sonlarında yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə Elməddinlə görüşüb 200 (iki yüz) manat pulu ona vermişdir. Bundan sonra təxminən 2 ilə yaxın müddət ərzində gözləsək də oğlu İmranın pensiyaya çıxması məsələsi həll olunmamışdır. Elməddin və onun qardaşı Nicat hər dəfə müxtəlif bəhanələrlə onları aldadıb nə oğlu İmranın pensiyaya çıxması məsələsini həll etməmiş, nədə ki, onlardan aldığı 10200 (on min iki yüz) manat pulunu onlara geri qaytarmamışdır. Elməddin və onun qardaşı Nicat 2 il yarım müddət ərzində onları aldatdığı üçün onlar həmin şəxslərin niyyətinin onlara qarşı dələduzluq olduğunu başa düşmüşlər. Elməddindən və qardaşı Nicatdan pullarını geri qaytarmasını xahiş etsələr də həmin şəxslər etibarından sui-istifadə etməklə, onları aldatmaqla pullarını dələduzluq yolu ilə ələ keçirmişlər. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs onun qohumudur. Bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs pul almasını bilmiş, lakin pul qardaşı Təqsirləndirilən şəxs onun yanında verilməmişdir. O, pulun Təqsirləndirilən şəxs verilməsinin şahidi olmamışdır. Lakin məlumatı olmuşdur ki, Zərərçəkmiş şəxs övladı Şahid1 ordudan təxris olunmasına köməklik etməsi ilə bağlı məlumatı vardır. O, nə qədər miqdarda pul almasını dəqiq bilməmişdir. Çünki pul onun yanında verilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq AZGP İncinerlik şirkətində müavin vəzifəsində işləyir. Təqsirləndirilən şəxs o, 2022-ci ilin avqust ayından tanıyır. Elməddinlə bir yerdə Aztürk Holdinq şirkətində işləməşlər. 2022-ci ilin avqust ayında ona 5000 manat pul lazım olmuş, o da bununla əlaqədar olaraq Elməddinə bildirəndə Elməddin ona demişdir ki, “mənə 5000 manat pul verə bilər”. O da Elməddindən borc olaraq 5000 manat pulu almışdır. Bundan sonra ona 1600 manat pulda lazım olmuşdur. Elməddin evdə pulunun olduğunu deyib əlavə olaraq ona 1600 manat pul vermişdir. O da pulu 1 ay müddətinə qaytaracağını demişdir. Lakin 1 aydan sonra Elməddin ondan pulunu istəyəndə o da maddi sıxıntısının olduğunu bildirmiş sonradan isə bir müddət sonra ondan aldığı 6600 manat pulu Elməddinin özünə qaytamışdır. O, Elməddindən kiminsə orudadan təxris olunması ilə əlaqədar pul almamışdır. Elməddinin göstərdikləri tam yalandır. O, Elməddindən 6600 manat borca pul almış, lakin sonradan isə pulun hamısını Elməddinin özünə qaytarmışdır. Bildirmişdir ki, o, Zöhrəni tanımamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nə xx.xx.2024-cü il tarixdə cinayət nəticəsində vurulmuş ümumilikdə 10200 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında – 2553 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar