Məhkəmə qərarları › İş №1(012)-275/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-275/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-275/2023 07.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 10/1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə təxminən 17.00 radələrində yaşadığı evdə, yəni Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni yaşayış sahəsində fərdi nömrəsiz evdə mübahisə zəmnində arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə mobil telefonla qəsdən zərbə vurması nəticəsində ona “üzün sağ gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, gözün ağlı qişasına qansızma, sağ gözaltı nahiyənin əzilmiş yarası” xəsarətləri yetirməklə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, bu evlilikdən bir övladı vardır. X3 ilə əvvəllər münasibəti yaxşı olsa da, son zamanlar korlanmış, həddindən artıq spirtli içki qəbul etdiyi üçün Zərərçəkmiş şəxs ona irad bildirmiş və bu da mübahisəyə səbəb olmuşdur. Qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17.00 radələrində sərxoş vəziyyətdə evə gələn zaman arvadı Zərərçəkmiş şəxs spirtli içki qəbul etdiyi üçün ona uca səslə irad bildirdikdə əsəbləşərək əlində olan mobil telefonla onun sifət nahiyəsinə zərbə vurmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, münaqişə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt evdə ikisindən başqa heç kim olmamışdır. Sonda o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan bir oğlan övladı vardır. Bildirmişdir ki, əri Təqsirləndirilən şəxs spirtli içki aludəçisidir, mütəmadi olaraq spirtli içki qəbul edir və heç bir səbəb olmadan onu nalayiq sözlərlə təhqir edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17.00 radələrində növbəti dəfə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəlmiş, heç bir səbəb olmadan onunla münaqişə yaratmış, təhqiredici ifadələr işlədərək qəflətən əlindəki mobil telefonla onun sifət və sağ göz nahiyəsinə vuraraq xəsarət yetirmişdir. xx.xx.2023-cü il tarixdə bacısının evində olan zaman atası Şahid onun xəsarət aldığını görərək nə baş verdiyini soruşduqda əri Təqsirləndirilən şəxs onu vurduğunu demiş, daha sonra rəsmi qaydada şikayət etmək qərarına gəlmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, münaqişə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt Təqsirləndirilən şəxs əlindəki mobil telefonla bir dəfə onun sifət nahiyəsinə zərbə vurmuşdur. Bundan başqa qeyd etmişdir ki, münaqişə vaxtı evdə ikisindən başqa heç kim olmamışdır, sonradan xəsarət almasını ailə üzvləri bilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs 2008-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Bildirmişdir ki, Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olduğundan tez-tez evdə onun qızı Arifə ilə münaqişə edir. Dəfələrlə onunla tərbiyəvi söhbətlər aparılsa da nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə digər qızının evində olan zaman Arifənin göz nahiyəsində xəsarət izlərinin olduğunu görmüş, nə baş verdiyini soruşduqda Arifə Natiqin onu vurduğunu bildirmişdir. Buna görə də qızı Zərərçəkmiş şəxs məsləhət etmişdir ki, bu barədə rəsmi müraciət etsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və X2 rayon şöbəsindən alınmış 62 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – “üzün sağ gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, gözün ağlı qişasına qansızma, sağ gözaltı nahiyənin əzilmiş yarası” bərk küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə polzulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən mobil telefonu ilə vurulan bir zərbənin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerinə görə demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar