Məhkəmə qərarları › İş №1(012)-277/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-277/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-277/2021 08.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 14 sayl Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, Bakı şəhər, Sabunçu rayonu, AAY Dövlət Agentliyi “15 saylı Xüsusi Təyinatlı Yİ” MMCdə sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyun 2020-ci il tarixdə saat 09:00 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC-yə məxsus «Man TGS-33360» markalı ** JT *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən Abşeron rayonu, Güzdək qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun Qobu qəsəbəsi ərazisindən keçən döngəli hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, yəni hərəkətin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda buna riayət etməmiş və əks istiqamətli yola daxil olaraq həmin əks istiqamətli yolla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ 2103” markalı, 0576ko05 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 başın alın-təpə, çənəaltı və sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, həmin avtomobildə olmuş sərnişin sürücünün yanında əyləşmiş Zərərçəkmiş şəxs1 baş beyinin əzilməsi, baş beyinin maddəsinin hemorragik kontuziyası (əzilməsi), təpə payında subdural hematoma (yumşaq qişanın altına qanın toplanması), sağ gicgah sümüyünün xətti sınığı, ağciyərlərin əzilməsi, üz sümüklərinin çoxsaylı, basılmış qəlpəli sınıqları, alın təpə nahiyəsinin, burun nahiyəsinin, üst dodaq nahiyəsinin və dilin uc səthinin əzilmiş cırılmış yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2103” markalı, 0576ko05 dövlət qeydiyyat nişanlı avtomobilə 5600 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC-yə məxsus istismarında olan “Man TGS-33360” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2027 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin 15 nömrəli Xüsusi Təyinatlı yol İdarəsi MMC-də Man TGS-53360 yük markalı **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsüdür. Həmin yük avtomobilini yol vərəqəsi əsasında idarə edir. 21.06.2020-ci il tarixdə saat 09 radələrində o Sabunçu rayonu Balaxanı qəsəbəsindən Abşeron rayonu Qobu qəsəbəsi ilə Güzdək qəsəbəsi istiqamətinə hərəkət etmiş, bu zaman Qobu yolunda döngəli yolu keçdikdən sonra görmüşdür ki, qarşıdan Vaz 2103 markalı 0576ko05rus dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gələrək onun yoluna çıxmış, o da həmin avtomobili vurmamaq üçün yük maşınını onun yoluna çıxarmış, sonradan həmin avtomobil yenidən öz yoluna qayıdanda bu zaman həmin avtomobillə onun yolunda toqquşmuş, sonra avtomobildən düşərək sürücü və onun yanında olan şəxsi bayıra çıxaraq X11 zəng vurmuş, sonra sürücü Zərərçəkmiş şəxs3 və sərnişin Zərərçəkmiş şəxs1 Təcili Tibbi yardım avtomobilinə əyləşdirib xəstəxanaya yola salmış, özü isə hadisə yerində qalaraq polisin hadisə yerinə gəlməsini gözləmiş, hadisə yerinə polis əməkdaşları gəldikdən sonra baxışda iştirak edərək protokola imza etmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı spirtli içki qəbul etməmiş, hadisə vaxtı avtomobildə yük olmamış, o cümlədən yanında sərnişin olmamış, o, avtomobildə olmuşdur. Hadisə vaxtı avtomobili təxminən 40 km/saat sürətlə hərəkət etdirmiş, toqquşma Vaz 2103 markalı avtomobilin hərəkət yolunda baş vermiş, həmin vaxtı xəsarət almamış, hadisədən sonra xəsətaxaya gedərək xəsarət almış Zərərçəkmiş şəxs1 müalicəsinin edilməsində köməklik göstərmiş, müalicə xərclərinə ümumilikdə 5000 manat pul xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, Vaz 2103 markalı 0576ko05 dövlət qeydiyyat nişanlı Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində qeydiyyatda olan avtomobil oğlu Zərərçəkmiş şəxs2 məxsusdur, oğlu həmin avtomobili etibarnamə ilə almışdır. Digər oğlu Zərərçəkmiş şəxs3 isə hərdənbir həmin avtomobili idarə edir. 21.06.2020-ci il tarixdə saat təxminən 09 radələrində oğlu Vüsal digər oğlu Zərərçəkmiş şəxs2 məxsus Vaz 2103 markalı 0576ko05 dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Güzdək kəndindən yaşadığı Sumqaıt şəhərinə gəlmiş, o, həmin vaxtı avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Bu zaman Abşeron rayonu Qobu qəsəbəsi ilə üzü Hökməli istiqamətinə saatda 40-50 km/saat sürətlə hərəkətdə olarkən qarşıdan gələn Man TGS-33360 markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfə olan döngəyə az qalmış qəfildən yüksək sürətlə döngədən döndükdən sonra avtomobili saxlaya bilməmiş və onların hərəkətdə olduğu avtomobilin üzərinə gəldiyini görmüşdür. Oğlu Vüsal dərhal avtomobili öz yolumda sağa cəkmiş, lakin buna baxmayaraq həmin avtmobil onların avtomobilinin qarşı sol qabaq hissəsindən vuraraq avtomobili təxminən 10 metr sürümüşdür. Avtomobilidə həmin vaxtı o və oğlu Zərərçəkmiş şəxs3 xəsarət aldığı üçün avtomobildən onları düşürüb Respublika xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər onlara ilk tibbi yardım göstərib xəstəxanaya yerləşdirilmişdir. Dəymiş ziyandan 1000 manat məbləğində pul ödənilsə də, lakin sağlamlığı bərpa olunmadığına görə hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 qardaşı, X6 isə atasıdır. Onlarla münasibətləri həmişə normal olmuşdur. Vaz 2103 markalı 0576ko05 rus markalı dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusur. O, həmin avtomobili 2017-ci ildə X3 Respublikasının Dağıstan şəhərindən almış, qeydiyyat üçün hər 3 aydanbir Dağıstana gedib gəlmiş, lakin müvafiq Covid 19 xəstəliyi başlayandan Dağıstana gedib gələ bilməmişdir. Avtomobili ondan başqa qardaşı Vüsal da idarə edir. Lakin o, qardaşı Vüsala avtomobili idarə etmək üçün etibarnamə verməmiş, lakin onun icazəsi əsasında qardaşı avtomobili idarə edir. 21.06.2020-ci il tarixdə onun avtomobilini onun icazəsi ilə qardaşı idarə edib Aşagı Güzdək qəsəbəsinə getmişdir. Oradan qayıdanda təxminən saat 09 radələrində qardaşı Vüsal Güzdəkdən qayıdarkən bu zaman Qobu qəsəbəsində Man TGS-33360 markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, həmin vaxtı Man TGS-33360 markalı **- JT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qardaşı Zərərçəkmiş şəxs3 yoluna çıxmış, nəticədə qardaşı və atası Əkrəm xəsarət almışdır. ona bu barədə hadisə vaxtı qardaşı Vüsal zəng vurub məlumat vermiş, o, da dərhal Qobu qəsəbəsinə getmiş, oradan isə Respublika xəstəxanasına getmiş, hadisə qardaşı Vüsalın yolunda baş vermiş, həmin vaxtı onların avtomobilində atası Əkrəmdən başqa heç kim olmamışdır. Göstərmişdir ki, avtomobilini qardaşı Vüsala etibarnaməsiz vermiş, qardaşı onunla eyni bir evdə yaşayır və onun razılığı ilə avtomobilini idarə edir. Hazırda şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, Vaz 2103 markalı, 0576ko05 dövlət qeydiyyat nişanlı Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində qeydiyyatda olan avtomobil qardaşı Zərərçəkmiş şəxs2 almışdır və həmin avtomobili etibarnamə ilə işlədir. O da hərdənbir həmin avtomobili qardaşından alıb idarə edir. 21.06.2020-ci il tarixdə saat təxminən 09 radələrində o, Vaz 2103 markalı 0576ko05 dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Güzdək kəndindən yaşadığı Sumqayıt şəhərinə gəlmək istəmiş, bu zaman Abşeron rayonu Qobu qəsəbəsi ilə üzü Hökməli istiqamətinə saatda 40-50 km/saat sürətlə hərəkətdə olarkən bu zaman qarşıdan gələn Man TGS-33360 markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfə olan döngəyə az qalmış qəfildən yüksək sürətlə döngədən döndükdən sonra avtomobili saxlaya bilməmiş və onun üzərinə gəldiyini görmüş, dərhal avtomobilini öz yolunda sağa cəkmiş, lakin buna baxmayaraq həmin avtmobil onun avtomobilinin qarşı sol qabaq hissəsindən vuraraq avtomobili təxminən 10 metr sürümüş, avtomobildə həmin vaxtı o və atası Zərərçəkmiş şəxs1 xəsarət aldığı üçün avtomobilidən onları düşürüb Respublika xəstəxanasına aparmışlar. Orada həkimlər onlara ilk tibbi yardım göstərmişlər. Əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı avtomobildə ondan başqa atası Zərərçəkmiş şəxs1 olmuş, atası Əkrəm qabaq sağ oturacaqda əyləşmiş, hadisə vaxtı o spitli içki qəbul etməmiş, hadisə vaxtı onun avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Lakin qardaşı Xəyaldan sürmək üçün etibarnamə almamışdır. Onun idarə etdiyi avtomobildə həmin vaxtı yük olmamış, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Man TGS-33360 markalı **-JT-*** dövlər qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxamasını təxminən 6 metrdən görmüş, həmin anda o dərhal avtomobili sağa çəkmiş, buna baxmayaraq onun üzərinə gələrək idarə etdiyi avtomobili vurmuşdur. Hazırda şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə digər zərərçəkən şəxlərlə eyni məzmunlu ifadə verərək heç bir şikayət və tələbinin olmadığını bildirdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materillarında olan 21.06.2020-ci il tarixli, 2/9186 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. İş materillarında olan məhkəmə-tibb ekspertizasının 20.08.2020-ci il tarixli 27Ə saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər – başın alın-təpə, çənəaltı və sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstiərildiyi qaydada 21.06.2020-ci il tarixdə salonda olduğu avtomaşının digər avtomaşınla toquşması nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materillarında olan məhkəmə-tibb ekspertizasının 23.07.2020-ci il tarixli 28Ə saylı rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – baş bey inin əzilməsi, baş beyiinin maddəsinin hemorragik kontuziyası (əzilməsi), təpə payında subdural hematoma (yumşaq qişanın altına qanın toplanması), sağ gicgah sümüyünün xətti sınığı, ağciyərlərin əzilməsi, üz sümüklərinin çoxsaylı, basılmış qəlpəli sınıqları, alın təpə nahiyəsinin, burun nahiyəsinin, üst dodaq nahiyəsinin və dilin uc səthinin əzilmiş cırılmış yaraları bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstiərildiyi qaydada 21.06.2020-ci il tarixdə salonda olduğu avtomaşının digər avtomaşınla toquşması nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materillarında məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 07 sentyabr 2020-ci il tarixli 8/1366 saylı rəyindən görünür ki, «Man TGS-33360» markalı ** JT *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdurSürücü Təqsirləndirilən şəxs oğlu ““Khazar LX” markalı ** PX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi, etibarnaməsi olmadan və yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 90km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materillarında olan Azərbaycan Respublikası DYPİ-dən alınmış sorğudan görünür ki, sürücü Təqsirləndirilən şəxs 14.03.2015-ci il tarixdə AC 215743 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququndan məhrum edilməsi barədə məlumat yoxdur. İş materiallarında olan ““xxxx” ASC-nin X1 X7 alınmış 20.08.2020-ci il tarixli, E 340 nömrəli ziyan aktı ilə müəyyən edilmişdir ki, Vaz 2103 markalı, 0576ko05 dövlət qeydiyyat nişanlı avtomobil zavod istehsallı olmaqla istehsal edilən tarixdən istismar vaxtı yaxşı qulluq edildiyindən, müvafiq buraxılış ili olan avtomobillər indiki dövrdə azlıq təşkil etdiyindən dəyəri fərqlənir və dəyəri hazırda Vaz 21030 modeli üçün ehtiyat hissələrinin bir çox hissəsinin dayandırıldığı üçün yenidən avtomobilin bərpa restovraziya edilməsi qeyri mümkündür. Yaxşı durumda, işlək vəziyyətdə olan Vaz 21030 markalı avtomobilin “Turbo az.” Saytına əsasən bu günki bazar qiyməti 5600 manat təşkil edir. İş materiallarında olan 55 saylı MKİS-i rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan 06.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 30.10.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə oğlunun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını, digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsədə onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar