Məhkəmə qərarları › İş №1(012)-277/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-277/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-277/2023 13.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu “Sulutəpə dairəsi”nin yaxınlığında yerləşən avtobus dayanacağında qeyri-rəsmi nikahda yaşadığı Şahid idarə etdiyi “Mercedes Benz” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Şahidlə bir-birinə yol verməməsi səbəbindən Zərərçəkmiş şəxs arasında mübahisənin yarandığını görüb avtomobildən düşərək şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs sifətinə qəsdən əli ilə bir neçə dəfə vuraraq sonuncuya sol göz qaparlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi sol gözaltı-almacıq nahiyyəsinin qançır-şişkinliyi(hematomaları) ,sol gözün bayır kənarının sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin əməlləri aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, “Mercedes Benz” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onunla qeyri rəsmi birlikdə yaşamış Şahiddur. Həmin şəxslə 9 ildir ki, qeyri rəsmi münasibətdə yaşamışdır.xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Abşeron rayonu Sulutəpə dairəsindən Hökməli dairəsi istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “Hunday i30” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil onların olduğu avtomobilin önünə keçərək qəza şəraiti yaratmışdır. Bundan sonra Sulutəpə dairəsində yerləşən avtodayanacaqda Ariz avtomobili saxladıqda həmin “Hunday i30” markalı **-KY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobili yavaş sürməsi barədə irad bildirmişdir. Bundan sonra həmin şəxs onların avtomobilinin yanına gələrək Arizə yaxınlaşmış Arizin üz nahiyyəsindən yumruqla vurmuşdur. Bu zaman o, həmin şəxsə Arizin bir gözünün protez göz olduğunu onu vurmamasını xahiş etmişdir. Bu zaman Əhəd onun ünvanına əxlaqsız söz işlətmişdir.O, da Zərərçəkmiş şəxs onun barəsində əxlaqsız söz deməməsi barədə xəbərdarlıq etmiş lakin Zərərçəkmiş şəxs buna baxmayaraq əksinə onun ünvanına əxlaqsız söyüşlər söyməyə davam etmiş eyni zamanda onun qızının da ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Bu zaman o əsəbləşib avtomobildən düşmüş və şillə ilə Əhədin üz nahiyəsindən bir neçə dəfə vurmuşdur. Bundan sonra orada olan şəxslər onları aralamış və Əhəd avtomobilə əyləşib çıxıb getmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus “Hunday i30” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində o, yenə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Abşeron rayonu Sulutəpə dairəsi adlanan ərazidə avtobus dayanacağında avtomobilini saxlayıb yemək yediyi zaman “Mercedes Benz” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə aralarında yol vermək üstündə mübahisə yaranmışdır. Bu zaman həmin mübahisə münaqişəyə çevrilmiş, “Mercedes Benz” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs avtomobildən düşüb onun üstünə yerimişdir. O, da avtomobildən düşmüş və aralarında sözlü mübahisə edən zaman həmin avtomobildə öndə əyləşmiş qadın sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs avtomobildən düşüb onun üstünə yerimiş və onun üz nahiyyəsindən bir neçə dəfə şillə ilə vurmuşdur. Bu zaman ətrafda olan şəxslər onları ayırmış və o, da öz avtomobilinə əyləşərək çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “Mercedes Benz” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur.Sonradan həmin nəqliyyat vasitəsinin cərimələri çox olduğu üçün həmin avtomobili hissələrə ayırıb satmışdır.Təqsirləndirilən şəxs ilə 9 ildir ki, qeyri-rəsmi ailə münasibətində yaşamışdır.xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində o Abşeron rayonu Sulutəpə dairəsi adlanan ərazidə yerləşən avtobus dayanacağında dayandığı zaman Təqsirləndirilən şəxs onun avtomobilində ön oturacaqda sərnişin qismində əyləşmişdi.O, Qobu istiqamətinə müştəri çağırdığı zaman sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs də taksi fəaliyyəti ilə məşğul olmuşdur. O da Müşviq qəsəbəsi istiqamətinə müştəri yığmışdır.O, həmin ünvanda müştəri çağıran zaman Əhəd onun avtomobilinə yaxınlaşmış onun avtobus dayanacağından çıxmasını istəmişdir .O, isə həmin dayanacaqdan çıxmayacağını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və həmin şəxs onun ünvanına və yanında olan Mətanətin ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman Mətanət əsəbləşib avtomobildən düşmüş Əhədin üstünə gedib Əhədin üz nahiyyəsinə bir iki dəfə şillə ilə vurmuşdur. Bu zaman o, hər iki şəxsi ayırmışdır. Bundan sonra Əhəd öz avtomobilinə əyləşib çıxıb getmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1199 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır şişkinliyi, sol gözaltı-almaclıq nahiyyəsinin qançır şişkinliyi, (hematomaları), sol gözün bayır kənarının sıyrıqları, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl baş, və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar