Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-278/2023 03.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiaya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, Korgöz qəsəbəsi, AZNS, ev 115-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu, 28 May qəsəbəsi ev 134-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:15-də idarə etdiyi VAZ-2109 markalı, **-TJ-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 21,4-cü kilometrliyində Bakı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svfetolor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymaması üçün sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadalara yol verməli olduğu halda bunları etməyərək hərəkəti istiqamətində yolu piyada keçidi ilə soldan sağa keçən piyada X4 avtomobilin ön sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Şəmsiyyə Qasımovaya başın alın nahiyəsində əzilmiş yara, başın yumşaq örtüyü altına qansızma, alın və sol təpə paylarında beyinin yumşaq qişası altına qansızma, sol körpücük sümüyünün və sol İİ-Vİ qabırğaların yerdəyişmiş sınıqları, sol ağciyərin cırılmış yaraları, sol əlin arxa səthinin qançırı və sıyrığı, sol qalça nahiyəsinin, sağ bud-çanaq və diz oynaqları nahiyələrinin sıyrıqları, sol baldır nahiyəsinin əzilmişcırılmış yarası, sağ baldırın hər iki sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli yerdəyişmiş sınıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə VAZ- 2109 markalı avtomobili özü idarə etmiş, saat 18 radələrindən sonra Müşfiq qəsəbəsindən üç nəfər tanımadığı sərnişingötürüb Bakı şəhəri, 20 Yanvar metrosu yanma apararkən Bakı-Şamaxı yolunun 21,4-cü km-nə çatdıqda yolu soldan sağa keçən piyada qadını avtomobilin ön tərəfi ilə vurmuş, dərhal avtomobili saxlamış, piyada qadın xəsarət aldığı üçün oraya toplaşan şəxslərlə köməkləşib öz avtomobilinə arxa oturacağa qoyub xəstəxanaya çatdırmaq üçün hərəkətə başlamış, yolda tıxac olmuş, o, həyəcanlı vəziyyətdə olmuş, «Semaşka» xəstəxanasına taksi kimi işlədiyi üçün miitəmadi olaraq həmin xəstəxanaya gedib-gəlmiş, bir neçə il əvvəl törətdiyi yol qəzasında xəsarət alan kişini də «Semaşka» xəstəxanasına aparmış, odur ki, xəsarət ilə əlaqədar ancaq fikrində «Semaşka» xəstəxanası olduğu üçün bir saata həmin xəstəxanaya çatmış, dərhal qadını xəstəxanaya yerləşdirmiş, təxminən 10-15 dəqiqə sonra tibbi yardım göstərərkən dəhlizə çıxıb ondan piyada qadının kimliyini soruşduqda tanımadığını bildirmiş, belə ki, həmin piyada qadının yanında çantası olduğu üçün çantasına baxdıqda telefon aşkar edilmiş, telefonu açıb Cəfər adı yazılan şəxsə onun tərəfindən zəng olunmuş və hadisə barədə bildirilmişdir. Həmçinin o, bildirmişdir ki, piyada qadını xəstəxanaya apararkən yolda oğlu Ağamalının avtomobili olduğuna görə sonuncuya zəng atmış, Ağamalı dərhal onunla əlaqə saxladıqda sonuncuya «Baba» marketin yaxınlığında idarə etdiyi avtomobillə adam vurduğunu və «Semaşka» adlanan xəstəxanaya apardığını bildirmiş, Ağamalı ona xəstəxanaya gələcəyini demişdir. Xəstəxanada olarkən qonşusu Elnur idarə etdiyi avtomobillə oğlu Murad və Ağamalını oraya gətirmiş, Piyada qadın xəstəxnaya daxil olduqdan təxminən 30-40 dəqiqə sonra həmin piyada qadının öldüyü ona məlum olmuşdur. Xəstəxanaya yol polisi əməkdaşları gəlmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə zamanı başı piyadaya qarışmış, sonradan evdə oğlu Murad söhbət zamanı ona bildirmişdir ki, hadisə vaxtı «Milla» zavodunda mal paylayan Cəmil adlı oğlan demişdir ki, hadisə vaxtı yoldan keçən zaman hadisəni görüb yaxınlaşmış və onu tanımışdır. Sonra mərhumun ailəsi ilə görüşmüş onlara dəymiş maddi ziyanı tam ödəmiş və bu barədə notarial qaydada təsdiq edilmiş barışıq ərizəsi almışdır. Lakin sonradan verdiyi pulu ona geri qaytarmışlar. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Xahiş edir ki, ona yüngül cəza təyin edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, arvadı X1 rayonu, Aşağı Güzdək qəsəbəsindəki karton sexində işləmiş, 09 dekabr 2022-ci il tarixdə saat 18 radələrində arvadı Şəmsiyyə işlədiyi sexdən çıxıb piyada Bakı-Şamaxı yolunun Bakı istiqamətində olan hərəkət yolunun kənarına piyada keçidi zolaqları ilə yaşadığı evin həyəti istiqamətində gələn asfalt yol tərəfə keçərkən Bakı istiqamətində hərəkətdə olan VAZ 2109 markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onu yolu keçib qurtarmağa az qalmış piyada keçidi zolaqlarında vurmuşdur. Nəticədə arvadı Şəmsiyyə həmin gün bir neçə saat sonra Bakı şəhər Kliniki tibbi Mərkəzdə aldığı xəsarətlərdən ölmüşdür. Meyit meyitxanada müayinə olunduqdan sonra ailəsinə təhvil verilmiş, səhəri gün arvadının meyitini Qaradağ rayonu Müşviqabad qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn etmişlər. O, bildirmişdir ki, əvvəllər sürücünü tanımamış, hazırda sürücüdən şikayətçidir, onun cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Mağazadan ərzaq malları alarkən sükan arxasında cavan oğlanın olduğunu eşitmişdir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara dəymiş 5000 manat maddi ziyanı ödəmiş, o da şikayətçi olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan övladları ilə Təqsirləndirilən şəxs ilə razılaşmanı müzakirə etmiş, lakin sonuncular barışıqla razılaşmamışlar. Ona görə də aldığı pulu Təqsirləndirilən şəxs geri qaytarmışdır. Barışıq olması barədə verdiyi ərizədən imtina edir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 dekabr 2022-ci il tarixdə saat 18 radələrində işdən evə gəlmiş, təxminən 45 dəqiqədən sonra atası Tərlan telefon vasitəsilə ona zəng vuraraq adam vurduğunu və «Semaşka» adlanan xəstəxanaya apardığını bildirmiş, o, atasına gələcəyini bildirib evdən çıxarkən qardaşı Muradın gəldiyini görmüş, hadisə barədə qardaşı Murada xəbər vermiş, qardaşı Murad dostu Elnura zəng vurmuş, Elnur avtomobili ilə gəlmiş, qardaşı Murad Elnurun avtomobili ilə, o, isə öz avtomobili ilə «Semaşka» adlanan xəstəxana istiqamətində yola düşmüşlər. O, həyəcanlandığı üçün avtomobili yola çıxmamış «Al» marketn yaxınlığında saxlamış və Elnurun avtomobilinə əyləşmiş, hər üçü xəstəxanaya gəlmişlər. Xəstəxanada atasının idarə etdiyi avtomobillə vurduğu qadının aldığı xəsarətlərdən ölməsi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında işdən çıxıb evinə gələrkən qardaşının həyəcanlı halda qapıda dayandığını görmüş, qardaşı ona atasının avtomobillə adam vurduğunu bildirmiş, o, telefon vasitəsilə qonşuluqda yaşayan dostu Elnura zəng vurmuş, Elnur idarə etdiyi avtomobillə onun evinin həyətinə gəlmiş, o, Elnurun idarə etdiyi avtomobilə əyləşmiş, qardaşı Ağamalı isə öz avtomobilini idarə etmiş, belə ki, qardaşı Ağamalı qabaqda, o, isə dostu Elnurun idarə etdiyi avtomobillə arxada hərəkət etməyə başlamışlar. Bir qədər sonra qardaşı Ağamalı avtomobili saxlamış, həyəcanlı olduğunu və avtomobili idarə edə bilmədiyini bildirmiş, Qardaşı Ağamalı avtomobili kənarda saxlamış və Elnurun avtomobilinə əyləşmiş, onlar «Semaşka» adlanan xəstəxanaya getmişlər. Orada atasının idarə etdiyi avtomobillə vurduğu qadının aldığı xəsarətlərdən öldüyü ona məlum olmuşdur. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, atası idarə etdiyi avtomobillə piyadanı vurduqdan sonra oraya toplaşan şəxslərlə köməkləşərək qadını avtomobilinə qoyub xəstəxanaya aparmış, belə ki, bu barədə ona hadisədən sonra atası və qəsəbədə yaşayan tanıdığı Camal adlı şəxs bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 09 dekabr 2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evdə olarkən qonşuluqda yaşayan dostu Murad telefon vasitəsilə ona zəng vuraraq atasının maşınla adam vurduğunu bildirmiş və yaşadığı evin həyətinə gəlməsini xahiş etmişdir. O, dərhal idarə etdiyi avtomobillə Muradın yaşadığı evin həyətinə gəlmiş, Murad onun idarə etdiyi avtomobilə əyləşmiş, Ağamalı isə idarə etdiyi avtomobillə qabaqda hərəkət etmiş, yola çatmamış «Al» marketin yaxınlığında Ağamalı maşını saxlayaraq avtomobili idarə edə bilmədiyini demiş və onun avtomobilinə əyləşmişdir. O, idarə etdiyi avtomobillə Murad və Ağamalı ilə birlikdə «Semaşka» adlanan xəstəxanaya gəlmişlər. Xəstəxanada olarkən piyada qadının aldığı xəsarətlərdən öldüyü ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, bazar günləri çıxmaq şərtilə hər gün şirkətə gedib həmin şirkətə məxsus Hyundai HD72 markalı yük avtomobili ilə şirkətin mallarını köməkçisi ilə birlikdə mağazalara vermişlər. İşi qurtardıqdan sonra həmin yük avtomobilini şirkətə təhvil vermiş və şəxsi avtomobili ilə evinə getmişdir. O, bildirmişdir ki, 09 dekabr 2022-ci il tarixdə saat 18 radələrində işdən çıxıb özünə iməxsus VAZ- 2107 markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolda iş yoldaşı Məhəmmədi götürmüş və Bakı-Şamaxı yolu ilə Müşfiq qəsəbəsi istiqamətində hərəkətini davam etdirmiş, təxminən 4-5 km hərəkət etdikdən sonra yolun əks tərəfində hadisə baş verdiyini, yerdə bir nəfər şəxsin uzandığını görmüş, dərhal avtomobili saxlayıb hadisə yerinə yaxınlaşmış, VAZ- 2109 markalı avtomobillə piyada qadının vurulduğu ona məlum olmuş, sürücü həyəcanlı olmuş, o, sürücünü tanımış, belə ki, sürücü yaşadığı qəsəbə sakini olmuş, sürücünün adını bilməsə də oğullarını tanımışdır. O, hadisə yerinə toplaşmış şəxslərlə birlikdə köməkləşib yaralı qadını arxa oturacağa qoymuşlar. Qadının yerə düşmüş ayaqqabısının bir tayını yerdən götürüb avtomobilin salonuna atmışdır. Yaşlı sürücü avtomobili Bakı şəhəri istiqamətində hərəkət etdirmişdir. Avtomobil getdikdən sonra ayaqqabının bir tayının yerdə olduğunu görmüş, o, həmin ayaqqabı tayına əl vurmamışdır. O, avtomobilə əyləşdikdən sonra iş yoldaşı Məhəmmədə bildirmişdir ki, piyada qadını vuran yaşlı kişidir və həmin kişi onun yaşadığı qəsəbədə yaşayır, oğullarını tanıyır. Hadisədən bir neçə gün sonra sürücünün oğlu Muradı «Milla» şirkətinin mallarını verdiyi Azadlıq metrosu yaxınlığındakı «Rahat» marketdə görmüşdür. Murad da orada işləmiş və o, Murada hadisə baş verən zaman oradan keçdiyini və piyada qadının avtomobilə qoyulmasında atasına kömək etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 09 dekabr 2022-ci il tarixdə saat 18 radələrində işdən çıxıb yol kənarında olarkən iş yoldaşı Camalı görmüş, sonuncu avtomobili saxlayıb onu da götürmüş, onlar Bakı-Şamaxı yolunda hərəkətə başlamışlar. Bir neçə dəqiqə getdikdən sonra yolun əks tərəfində hadisə baş verdiyi üçün Camal avtomobili saxlamış, onlar hadisəni görməmişlər. Lakin Camal avtomobillə adam vurulduğunu və həmin adamın yerdə uzandığını bildirmişdir. Camal hadtsə yerinə yaxınlaşmış və oraya toplaşan şəxslərlə birlikdə piyada qadını VAZ-2109 markalı avtomobilə qoymuşlar. Sonra sürücü avtomobili hərəkət etdirib oradan uzaqlaşmışdır. Orada ona məlum olmuşdur ki, vurulan piyada qadın olmuşdur. Sonra Camal avtomobili sürüb getmişdir. Yolda söhbət zamanı Camal ona piyada qadını vuran avtomobilin sürücüsünü tanıdığını, yaşadığı qəsəbə sakini olduğunu, həmin sürücünün oğullarını tanıdığını bildirmişdir. O, qeyd etmişdir ki, yolda söhbət zamanı Camal həmçinin ona bildirmişdir ki, hadisə yerində piyada qadının ayaqqabısının bir tayı yerə düşdüyü üçün yerdən götürüb piyadanı vuran yaşlı kişinin idarə etdiyi avtomobilin salonuna atmışdır. Avtomobil gedəndən onra piyada qadının ayaqqabısının digər tayının yerdə olduğunu görmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 184 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər başın alın nahiyəsində əzilmiş yara, başın yumşaq örtüyü altına qansızma, alın və sol təpə paylarında beyinin yumşaq qişası altına qansızma, sol körpücük sümüyünün və sol İİ-Vİ qabırğaların yerdəyişmiş sınıqları, sol ağciyərin cırılmış yaraları, sol əlin arxa səthinin qançırı və sıyrığı, sol qalça nahiyəsinin, sağ bud-çanaq və diz oynaqları nahiyələrinin sıyrıqları, sol baldır nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldırın hər iki sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli yerdəyişmiş sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsiridən törənmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb sklet sümüklərinin sınıqları, sol ağciyərin cırılmış yaralanmasından yaranmış travmatik, hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə görə meyitin meyitxanada müayinəsi başlandığı vaxtdan 12-18 saat əvvələ uyğun gəlir. Mərhum Ş.M.Qasımovanın meyitində aşkar edilmiş xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan minik avtomobilinin ön qabarıq hissələri ilə piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Ş.M.Qasımovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 8/3529 nömrəli rəyindən məlum olur ki, VAZ-2109 markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə 10 dekabr 2022-ci il tarixli 2/1002 nömrəli aktından görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-161037-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AC seriyalı 555463 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2109 markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CMnin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə onuda qeyd edir ki, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi) ; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yer getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2109 markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yer getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2109 markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-278/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-278/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver