Məhkəmə qərarları › İş №1(012)-279/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-279/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-279/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Qax rayonu, Lələpaşa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qax rayonu, Lələpaşa kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küç, dalan 1, ev 54 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında, sonuncunun xətası üzündən avtomobillərinin toqquşması və zərərçəkmişin ona kobud formada irad bildirməsi səbəbindən mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə bir dəfə zərbə enidirərək ona sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi «Tofaş Şahin» markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı evin yerləşdiyi küçədə H.Əliyev prospektinə çıxan zaman işıqfor işləmədiyindən əsas yolla hərəkət edən avtomobillərin uzaqda olduğunu görüb yola çıxmış, lakin dönmə əməliyyatı edən zaman yol buzlu olduğundan idarəetməni itirmiş, nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi sonradan adını bildiyi sürücü Zərərçəkmiş şəxs idarə etdiyi «Hyundai Sontata» markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsinə dəymişdir. Bundan sonra onlar hər ikisi avtomobilləri yolun kənarına çəkib saxlamış və Miryaqub ona yaxınlaşaraq kobud tərzdə «korsan? Görürsən gəlirəm yoluma çıxırsan» deyə bir ifadə işlətmişdir. O isə öz növbəsində Miryaquba səbrli olmasını və bu tərzdə danışmamasını bildirsə də sonuncu buna məhəl qoymadığından o, əsəbləşib Miryaqubun sifət nahiyəsinə bir dəfə sillə zərbəsi vurmuşdur. Zərbənin təsirindən yerə yıxılan Miryaqub dərhal DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra yoldan keçən şəxslər müdaxilə edərək onları ayırmışlar və bir qədər sonra oraya gələn polis əməkdaşları onları Abşeron RPİ-yə dəvət etmişlər. O, əlavə olaraq məlum mübahisə zamanı Miryaqubun ona müqavimət göstərmədiyini bildirmiş, eləcə də hadisə zamanı avtomobilində sərnişin, yük və ya nasazlıq olmadığını qeyd etmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə saat 09 radələrində özünə məxsus olan «Hyundai Sonata» markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri H.Əliyev prosektində Xırdalan dairəsi istiqamətində hərəkətdə olan zaman 119 nömrəli marşrut avtobusunun dayanacağı yaxınlığındakı işıqfor işləmədiyindən və o, baş yolda olduğundan köməkçi yoldan gələn avtomobillərə əhəmiyyət vermədən hərəkətini davam etdirmişdir. Lakin həmin vaxt sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Tofaş Şahin» markalı, **- SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə köməkçi yoldan gözləmədən onun qarşısına çıxmış və asfalt örtüyü buzlu olduğundan idarəetməni itirmişdir. Nəticədə həmin avtomobilin arxa sağ hissəsi onun idarə etdiyi nəqliyyat vasitəsinin ön sol hissəsinə dəyərək əhəmiyyətsiz bir zədə yetirmişdir. Bundan sonra Mahir hərəkətini nizama salmış və yolun sağına çəkərək avtomobili saxlamışdır. O isə öz növbəsində maşınını onun yanına çəkib saxlamış və Mahirə sürmə tərzi ilə bağlı irad bildirərək «korsan belə sürürsən?» deyə bir ifadə işlətmişdir. Bunu eşidən Mahir üzərinə hücum çəkərək onun sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuş və o. zərbənin təsirndən müvazinətini itirərək yerə yıxılmışdır. Həmin vaxt ətrafda olan şəxslər müdaxilə edərək onları ayırmış, o isə məsələnin daha da böyüməməsi üçün DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra oraya polis əməkdaşları gələrək ilkin sənədləşmə aparmış və onları polis idarəsinə dəvət etmişlər. O, əlavə olaraq məlum mübahisənin təxminən 3-4 dəqiqə davam etdiyini, hadisə zamanı ətrafda tanımadığı şəxslər olduğunu bildirmiş, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs hər hansı bir formada fiziki zor tətbiq etmədiyini qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğu üçün ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs oğlu ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2021ci il tarixli 408 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizalarının rəyləri və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs oğlunun barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğluna hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar