Məhkəmə qərarları › İş №1(012)-279/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-279/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-279/2024 17.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Cəlilabad rayonu Qarazəncir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində kirayədə yaşayan, barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində nömrəsiz evdə qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sonuncunun ona məlumat vermədən rəfiqəsinin yaşadığı evə getməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlindəki mətbəx bıçağı ilə sonuncunun sağ döş nahiyəsinə, çəngəllə sol qoluna, əli ilə sifətinə qəsdən vuraraq sağ döş vəzinin üst səthinin bir ədəd kəsilmiş-deşilmiş, sol saidin yuxarı 1/3-nin ön səthinin deşilmiş yaraları, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sol qaş nahiyəsinin, sağ yanaq nahiyəsinin sıyrıqları və sağ bazu nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Bir neçə il olar ki, işləmək üçün yaşadığı Cəlilabad rayonundan Bakı şəhərinə işləməyə gəlmiş, həmin vaxtdan Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs bir neçə ilə əvvəldən tanıyır, təxminən bir il olar ki, sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuş, həmin ərəfələrdə o, hər gün Səfiyə ilə görüşüb, birlikdə vaxt keçirmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, işdə olduğu vaxt Səfiyəyə zəng edib harada olduğunu soruşmuş, sonuncu evdə olduğunu söyləsə də o, telefonda başqa adamların da səslərinin gəldiyini eşidib, bu barədə Səfiyədən soruşmuş, sonuncu da rəfiqəsi Şəhlagilə olduğunu söyləmiş, lakin o, inanmayıb Səfiyəyə mobil telefonla video görüntü olaraq danışmaq istədiyini bildirmiş, həmin vaxtı Səfiyə mobil telefonunu söndürmüş, o bir neçə dəfə zəng etsə də Səfiyə ilə danışa bilməmiş, sonuncunun bu hərəkəti onu çox əsəbləşdirmişdir. Həmin günü saat 23 radələrində o, Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığındakı restorandan işdən çıxıb, Xırdalan şəhərinə Səfiyənin kirayədə yaşadığı evin yaxınlığına getmiş və sonuncuya zəng etmiş, Səfiyə də taksi ilə evə gəldiyini bildirdikdən sonra o, küçədə dayanıb, gözləməyə başlamış, təxminən 10 dəqiqədən sonra Səfiyənin taksi ilə gəldiyini və avtomobildən düşərkən taksi sürücüsü ilə çox səmimi danışdığını görüb, onların əvvəldən tanış olduqlarını hiss edib, bu barədə Səfiyəyə sual vermiş, sonuncu da həmin sürücünü ilk dəfə gördüyünü söyləmiş, o da sürücü ilə çox mehriban danışdığını bildirib, ona yalan dediyini və rəfiqəsi Şəhlagildə olarkən onunla videgörüntü ilə danışmamaq üçün mobil telefonunu qəsdən söndürdüyünü söyləmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, onlar mübahisə edə-edə Səfiyənin yaşadığı evə getmişlər. Orada da mübahisə davam etmiş, həmin vaxtı Səfiyə onun valideynlərinin ünvanına nalayiq sözlər söylədiyinə görə o, əsəbləşib yumruqla Səfiyənin sifətinə bir zərbə vurmuş, sonuncu da onun üstünə hücum edib əli ilə sifətini cırmaqlamaq istəmiş, bu zaman o da yanındakı stolun üstündə olan bıçağı götürüb Səfiyəyə tərəf tutub, kənara çəkilməsini tələb etmiş, lakin Səfiyə əsəbi halda onu söyərək üstünə hücum etmiş, həmin vaxtı onun əlindəki bıçaq təsadüfən Səfiyənin sinəsinin sağ tərəfinə dəymiş, sonuncu bunu görən kimi qışqırıb hay-küy salaraq polisə zəng edəcəyini bildirmiş, o da polislərin gəlib onu tutacaqlarından qorxub oradan qaçıb kirayədə yaşadığı evə getmişdir. Aralarındakı mübahisə 5-10 dəqiqə ərzində davam etmiş, həmin vaxtı orada heç kim olmamış və səs-küyə heç kim gəlməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qax rayonunda qeydiyyatda olsa da, bir neçə il əvvəldən işləmək üçün Abşeron rayonu, Xırdalan şəhərinə gəlib, kafe və yeməkxanalarda ofisiant işləyərək kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs ilə də kafedə işlədiyi vaxt tanış olmuş, təxminən 5 il müddətində sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində münasibət olmuşdur. Əvvəllər aralarında heç bir ciddi mübahisə baş verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, rəfiqəsi Şəhlagilə getmiş, həmin vaxtı Rəşad ona zəng etmiş və harada olduğunu soruşmuş, o da rəfiqəsi Şəhlagildə olduğunu söyləmiş, lakin Rəşad ona inanmadığı üçün video görüntülü zəng edib onun Şəhlagildə olduğunu görmüş, bir neçə saat sonra, yəni saat 24:00 radələrində o, Xırdalan şəhərində kirayədə yaşadığı evə gedərkən küçədə Rəşadla rastlaşmış və sonuncu ilə birlikdə yaşadığı evə getmişlər. Evə çatdıqdan sonra Rəşad onun nə üçün evdən ona xəbər vermədən harasa getdiyini soruşub, qısqanclıq edərək, onu söyüb təhqir etmiş, o, Rəşada heç vaxt xəyanət etmədiyini izah etsə də, heç bir nəticəsi olmamış, bundan sonra Rəşad onun üstünə hücum edərək cibindən çıxardığı bıçaqla sağ döş nahiyəsindən bıçaqla vurub xəsarət yetirmiş, zərbənin təsirindən o, yerə yıxılmış, Rəşad onun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə yumruqla vurub getmiş, o da dərhal mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Aralarındakı münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, həmin müddətdə orada əlavə heç kim olmamış, səs-küyə də heç kim gəlməmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü i il tarixli qərardan görünür ki, toplanmış material üzrə faktı görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli, 194 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ döş vəzinin üst səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin yuxarı 1/3-nin ön səthinin deşilmiş yarası, deşici kəsici alətin(əşyanın) təsirindən, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sol qaş nahiyəsinin, sağ yanaq nahiyəsinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı küt əşya (əşyalar) təsirindən, ola bilsin əl və yumruq zərbələri təsirindən törənmişdir; törədilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar