Məhkəmə qərarları › İş №1(012)-280/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-280/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-280/2025 06.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Lənkəran rayonunda anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu Xırdalan şəhəri, M.Əcəmi küçəsi, Quşçuluq Y/M, döngə 5, ev 65-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 15 manat müqabilində 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (SİYAHİ İ) daxil olan 0,495 qram çəkidə şəffaf rəngli kristallardan ibarət psixotrop maddəmetamfetamini əldə edərək Abşeron rayonu Novxanı qəsəbəsi ərazisinə daşıyaraq üzərində saxlamış, 14mart 2024-cü il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsi Duz gölünün yaxınlığında olarkən Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib, polis bölməsinin inzibati binasında xidməti otaqda həmin gün saat 19:40-dan saat 19:55-ə kimi aparılan şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 0,495 qram çəkidə psixotrop maddə-metamfetamin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayında dostunun ad günü üçün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə gəlmişdir. Həmin ərazidə yerləşən ATM-dən pul çıxartmışdır. Daha sonra 2 nəfər ona yaxınlaşmış özlərini təqdim edərək polis əməkdaşları olduğunu və onlarla birlikdə X5 gəlməli olduğunu bildirmişdirlər. Təxminən saat 14:00 radələrində polis bölməsinə gəlmiş, müdafiəçi gəlmədən öncə üzərinə baxış keçirilmiş o üzərində olan psixotrop maddəni polis əməkdaşlarına təqdim, polis əməkdaşları həmin kütləni ona qaytararaq daha sonra müdafiəçi gəldikdən sonra üzərinə video-çəkilişlə baxış keçirilmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya digər formada təsir göstərilmədiyini bildirmişdir. Üzərində psxiotrop maddə olduğunu etiraf etsə də göstərilən qramda deyil, daha az olduğunu bildirdi. Bununla bağlı çəkisini ölçmədiyini və təxmin etdiyini də ifadəsinə əlavə etdi. Məhkəmədə Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ilkin məhkəmə baxış iclasında qorxduğu üçün yanlış ifadə vermiş, psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Həmin müddətlərdə psixotrop maddələr istifadə etdiyini lakin qeyd olunan tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddənin olmadığını, polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları ona bir bükümdə psixotrop maddə verərək vəkil gəldikdən sonra video çəkiliş zamanı cibindən çıxararaq təqdim etməli olduğunu ondan tələb etdiklərini bildirdi. Özü əvvələr müstəntiq yanında köməkçi işlədiyi və qeyd olunan proseslərdən anlayışı olduğu üçün qorxudan polislərin tələbi ilə razılaşdığını, video çəkiliş zamanı onların verdiyi psixotrop maddəni cibindən çıxararaq özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Lakin həmin müddətdə üzərində narkotik vasitə və ya psixotrop maddənin olmadığını bildirdi. Polis əməkdaşları tərəfindən döyülməmiş, sadəcə təzyiq olunduğu üçün qəbul etdiyini bildirdi. Sonda günahsız olduğunu, psixi təzyiqlər olduğu üçün psixotrop maddənin özünə məxsus olduğunu yalan etiraf etdiyini, hazırda müalicə aldığını bildirərək barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili xx.xx.2024-cü il tarixdə xidməti ərazisində yerləşən Abşeron rayonu, Novxanı qəsəbəsində Duz gölünün yaxınlığında Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən, bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra söhbət zamanı həmin şəxsin özünü qeyriadekvat aparmasından və onun xarici görünüşündən onun narkotik vasitə istifadəçisi olmasından şübhələnmişlər. Həmin şəxs də üzərində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığını bildirmişdir. Bu səbəbdən də həmin şəxsi Abşeron rayon Polis İdarəsinin X5 dəvət etmişlər. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs də heç bir etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Saray PB-nin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilərək, ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs ilə onun vəkili arasında konfidensial görüş təmin edildikdən sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi həmin kütlə götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixitrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat pul müqabilində almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin olan, bir ədəd şəffaf sellofan büküm təhqiqatçı tərəfindən möhürlənib qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, 14 mart 2024-cü il tarixdə, saat 19:10 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1531 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «3) imza Təqsirləndirilən şəxs..” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,495 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,495 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,445 qramdır. Aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat təşkil edir; - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davm etdirilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında ” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, Kənan Yasinlinin 16 mart 2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. - “ Axtarış elan edilməsi barədə” 10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. - “Cinayət işi üzrə icraatın dayandırılması barədə” 10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - “Şəxsin könüllü gəlməsi haqqında” 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-yə könüllü gəlmişdir və həmin tarixli “cinayət işi üzrə icraatının təzələnməsi barədə” qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 mart 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında 21 iyun 2024-cü il tarixli, 4322 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd bükümdə sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,445 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - “Sübutların qiymətləndirilməsi” haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 01 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Polis İdarəsini İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə Təqsirləndirilən şəxs Abşeron RPİ Saray PB-nin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını bildirməsi ilə bağlı Abşeron Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Abşeron RPİ Saray PB-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi halları təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Azad insanlar reabilitasiya və sosial uyğunlaşma mərkəzinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 6 ay müddətində Azad insanlar reabilitasiya və sosial uyğunlaşma mərkəzində müalicədə olub və hal-hazırda həmin mərkəzdə 4 aylıq uyğunlaşma mərhələsində müalicəsini davm edir. Şəxsi axtarış və götürmə aparılması barədə 14 mart 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarın sağ cibindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək, həmin kütlənin psixotrop maddə metamfetamin olmasını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs Abuzər oğlunun satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla belə, təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması faktının araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirə orqan olan prokurorluğa məlumat verilmiş, və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Abşeron RPİ Saray PBnin əməkdaşlarının əməlində qanunsuz hərəkətlərə yol verməsi faktı öz əksini tapmadığından öz əksini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmənin ilk baxış iclasında verdiyi ifadəsi ilə sonrakı iclaslarda bildirdiyi xüsusatları müqayisə edərək hesab edir ki, təqsirləndirilən şəxsin ilkin ifadəsində özünü təqsirli bilməsi, lakin ikinci ifadəsinə özünü təqsirli bilməməsi, saxlanılan zaman üzərində psixotrop maddə olmaması və ittiham olunduğu əməlin polis əməkdaşları tərəfindən ona psixi zorakılıq gücü ilə boynuna qoyulması ilə bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Abuzər oğlunun müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb, təqdim etmişdir. Psxiotrop maddənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Abuzər oğlunun ittiham olunduğu cinayətin törədilməməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Bundan başqa təqsirləndirilən şəxs öz şəxsiyyətini səciyyələndirən hal kimi əvvəllər polis idarəsində müstəntiq köməkçisi işlədiyini bildirmişdir. Bu hal da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs aparılan istintaq hərəkətlərindən, proseslərindən digər şəxslərə münasibətdə daha çox anlayışı olmuşdur. Lakin sonuncunun yuxarıda sadalanan hallarla bağlı heç bir səlahiyyətli orqana müraciət etməməsi, onun ilkin baxış iclasında təqsirini etiraf etməsi, daha sonra isə özünü təqsirli bilməməsi məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün qeyri-səmimi ifadə verməsi kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs Abuzər oğlunun əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq şahidlər Şahid1 və Şahid2 cinayət əməlini Təqsirləndirilən şəxs Abuzər oğlu tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə şahidlərə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Buna görə də Təqsirləndirilən şəxs Abuzər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanındaki yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında 21 iyun 2024-cü il tarixli, 4322 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,445 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəsini alan vaxtadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 1 ünvanındaki yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından qalan ümumi çəkisi 0,445 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İşdə olan 88 manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar