Məhkəmə qərarları › İş №1(012)-282/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-282/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-282/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs- xx.xx.1975-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi, döngə 1, ev 3-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. O, 04.01.2021-ci il tarixdə Sumqayıt şəhərində dəniz kənarı bulvarda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan bir ədəd “AZZA” yazısı yazılmış selofanın içində 485.0 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı qanunsuz əldə edib saxlayaraq Abşeron rayonu Xırdalan şəhərinə daşımış, 04 yanvar 2021-ci il tarixdə saat 22 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Səmədov X1 rayonu, Xırdalan şəhəri Sevil Hacıyeva küçəsində saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti-6 ünvanında yerləşən Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan bir ədəd üzərinə “AZZA” yazısı yazılmış selofana bükülmüş olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 485.0 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuana aşkar edib götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi, döngə 1, ev 3-də yaşamış, əvvəllər narktoik vasitə istifadəçisi olmuşdur. 04.01.2021-ci il tarixdə saat 22.10 radələrində yaşadığı evin yaxınlığında küçədə dayanan zaman iki nəfər mülki geyimli polis əməkdaşı özlərini təqdim edərək narkotik vasitə və psixotrop maddə üzərində gəzdirməkdə və istifadəsində şübhəli olduğunu, bu məqsədlə Abşeron RPİ-nə getməli olduğunu söyləmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Abşeron RPl-nin inzibati binasına gəlmişdir. Orada xidməti otaqların birində video kamera ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri tam olaraq izah olunmuşdur. Daha sonra üzərində dövrüyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O, da əlində olan ağ rəngli üzərində “AZZA” yazısı yazılmış selofan bükümün içərisində narkotik vasitə marixuanaya oxşar kütlə olan bükümü təqdim edərək həmin kütləni 04.01.2021-ci il tarixdə Sumqayıt şəhərində dəniz kənarı bulvarda gəzən zaman təsadüfən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərində başqa əşyanın olubolmadığı ondan soruşulmuş və o, həmin vaxt üzərində 1 ədəd təsbeh və 1 ədəd alışqan olduğunu bildirmiş və həmin əşyaları da təqdim etmişdir. Lakin həmin əşyaların dövriyyəsi qadağan olunmadığı üçün ona qaytarılmışdır. Həmçinin əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sınmış vəziyyətdə olan tütün dolu siqaret dənəsini də təqdim etmişdir. Lakin polis əməkdaşları yarana biləcək şübhələri aradan qaldırmaq məqsədilə həmin siqaret dənəsini də ağ kağıza büküb, qablaşdırılmış və bükümün içərisinə qoymuşlar. Polis əməkdaşları üzərindən aşkar edilmiş kütlələri ekspertiza təyin edilməsi üçün zərfə qoyub qablaşdırmış və üzərini DİN-in zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləmişlər. Üzəri möhrülənmiş zərfin üzərini o və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq yazılmış, ucadan oxunmuş, heç bir vəsatət və etiraz daxil olmadığı üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili vəsifəsində işləyir, polis leytenantıdır. 04 yanvar 2021-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi, döngə 1, ev 3-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və qəbulu ilə məşğul olması və hazırda Xırdalan şəhəri Sevil Hacıyeva küçəsində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Xırdalan şəhəri Sevil Hacıyeva küçəsinə getmişlər. Həmin vaxtı küçədə dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumatlarının olduğunu bildirib polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra onlar RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əlində olan ağ rəngli üzərində “AZZA” yazısı yazılmış selofan bükümün içərisində narkotik vasitə marixuanaya oxşar kütlə olan bükümü çıxarıb təqdim etmişdir. Həmin kütlənin narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni 04.01.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhərində dənizkənarı bulvarda gəzən zaman təsadüfən yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxlayıb, Xırdalan şəhərinə gətirmişdir. O, həmçinin əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sınmış vəziyətdə olan siqaret dənəsinidə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya, predmet aşkar edilməmişdir. Təqdim edilmiş selofanm içindəki kütləyə baxış zamanı həmin bükümdə yaşıl rəngli qurudulmuş, spesifik iyli kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş bir büküm selofan və siqaret dənəsi kağız zərfə qoyularaq qablaşdırılıb üzəri imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin əməkdaşları Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsidən görünür ki, o Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə əynindəki tünd göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq təqdim etməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 05 yanvar 2021-ci il tarixli 7/13 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...”AZZA” yazılmış polietilen torbada təmiz çəkisi- 485,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin polietilen torbada bir ədəd kağız bükülüdə “More” yazısı olan siqaretdə narkotik vasitə hissəcikləri yoxdur, onun tərkibi yalnız tütündən ibarətdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulatory məhkəmə-psixiatrik ekspertizasının 26.01.2021-ci il tarixli 162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 15.02.2021-ci il tarixli 474 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasmın və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 484,95 qram qalmış narkotik vasitə marixuana və içərisində tütün olan 01 ədəd üzərində “More” yazısı olan siqaret maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan bir ədəd DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 18.02.1998-ci il tarixdə Naxçıvan Qarnizonu Hərbi Tribunalının hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 241 M “B” bəndi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli amnistiya qərarının 3-cü maddəsinə əsasən azad olunmuşdur. 02.05.2002-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon xalq məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə barəsində məcburi tibbi xarakterli müalicə təyin olunub. 13.01.2005-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1-ci maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.11.2005-ci il tarixli qərarı ilə əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkibi olmadığından, həmin hissədə xitam verilib. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb. 02.11.2006-cı ildə cəzasmın sonu ilə azad olunub. 03.10.2018-ci il il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234-ci maddəsi ilə 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron rayon icra və Probasiya şöbəsindən daxil olmuş 01.03.2021-ci il tarixli 33 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasından 01 il 08 ay 01 gün müddətini çəkmişdir. 13.11.2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1, 264, 66.2, 66.4-cü maddəsinə əsasən 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.04.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 07 ay 21 gün vaxtından əvvəl şərti azad olunub, 10.12.2019-cu il tarixdə cəzasım çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Suqayıt şəhər Probarsiya Şöbəsinin 31 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03.10.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 02.05.2019-cu il tarixdə Abşeron rayon İcra və Probarsiya şöbəsində qeydiyyatdan keçmişdir. Qərarın çəkilməmiş hissəsi 01 il 09 ay 26 gün təşkil edir. AR DİN BDYPİ-nin 14.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 13.11.2018-ci il tarixli hökmü ilə tətbiq olunmuş 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının müddəti onun əsas cəzadan azad edildiyi13.05.2020-ci il tarixdən hesablanmaqla başlamış və 13.05.2022-ci il tarixdə bitəcəkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03.10.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234-ci maddəsi ilə 02 il 05 ay 28 gün müddətinə azadlığını məhdudlaşdırılması cəzasının 01il 09 ay 26 gün çəkilməmiş hissəsi qismən, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 13.11.2018-ci il tarixli hökmü ilə tətbiq olunmuş 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzasının çəkilməmiş 01 il 04 ay 08 gün hissəsi tamamilə birləşdirilməli və ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03.10.2018-ci il tarixli və Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 13.11.2018-ci il tarixli hökmü üzrə məhkumluğu hazırda, o cümlədən hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan Abşeron RİHB-nın Xırdalan şəhər İƏD üzrə Nümayəndəliyindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Xırdalan şəhəri, H.Heydər prospekti, dalan1, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı- 12.01.2012-ci il təvəllüdlü Hüsniyyə və 28.06.2014-cü il təvəllüdlü Zahid adlı uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançıığını bildirməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04.01.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 06.01.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 04.01.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 484,95 qram narkotik vasitə olan marixuana və içərisində tütün olan 01 ədəd üzərində “More” yazısı olan siqaret Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki cinayət işi üzrə təyin olunan cəzaya Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03.10.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234-ci maddəsi ilə ona təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlığını məhdudlaşdırılması cəzasının 01il 09 ay 26 günün çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 10 ay 28 gün qismən, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 13.11.2018-ci il tarixli hökmü ilə tətbiq olunmuş 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzasının çəkilməmiş 01 il 04 ay 08 gün hissəsi tamamilə birləşdirilməklə ona qəti cəza qəti olaraq 01 il 04 ay 08 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu 04.01.2021-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 484,95 qram narkotik vasitə olan marixuana və içərisində tütün olan 01 ədəd üzərində “More” yazısı olan siqaret xüsusi müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim :Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar