Məhkəmə qərarları › İş №1(012)-284/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-284/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-284/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X2, iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli,evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, ev 24/3-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsində yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riyaət etməyərək yaşayış məntəqəsi daxilində idarə etdiyi Mercedes Benz C180 markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili 60 km/saatdan artıq, 70 km/saat sürətlə idarə edib Vəli Axundov küçəsi istiqamətindən M.Ə.Rəsulzadə küçəsi istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, hərəkəti istiqasmətində yolun sağ hərəkət hissəsi ilə, əks istiqamətə hərəkət edən piyada X7 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada X6 baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınığı, burun sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ gözün bayır kənarının, ənsə əzilmiş-cırılmış yaraları, sağ qaş, burun, alt dodaq, sağ diz oynağı, sol baldır nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və Sumqayıt Təcili Tibbi yardım xəstəxanasında 21.12.2020-ci il tarixdə saat 00:30-da ölməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, özünə məxsus Mersedes Benz C180 markalı **-CL-*** dövlət qeydiyyat nilşanlı avtomaşını vardır. Həmin avtomaşın qeydiyyat şəhadətnaməsi ilə atası Əhmədin adınadır. O, isə həmin avtomobili etibarnamə ilə BC kateqoriyalı AE 025084 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. X7 tanımır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. 20.12.2020ci il tarixdə saat 19 radələrində aptekdən dərman almaq üçün evdən öz avtomobilim ilə çölə çıxmışdır. O, avtomobili ilə Saray qəsəbəsində yerləşən aptekdən lazım olan dərmanları aldıqdan sonra Saray qəsəbəsinin giriş hissəsində yolun kənarında olan ARAZ marketə gedib evə lazım olan ərzaq məhsullarını alıb maşınına əyləşmişdir ki, evinə getsin. O, avtomobili «Araz» marketin qarşısından sürüb Saray yoluna çıxmış və qəsəbə yolu ilə öz evinə doğru hərəkət etmişdir. Həmin vaxtı o, yolun sağı ilə təxminən 70 km/saat sürətlə hərəkət etmişdir. O, avtomobili ilə hərəkətdə olan zaman hava qaranlıq olsada qarşıdan yolun sağ tərəfində 1 nəfər tanımadığı kişinin piyada gəldiyini görmüşdür. O, hərəkətdə olan zaman işıqforu keçdikdən sonra qəflətən qarşısına pişiyin çıxıdığını görüb ayağını əyləcə basmış, yer yağışlı yəni sulu olduğu üçün avtomobili sürüşərək yolun sağ hərəkət hissəsi ilə düzünə ona tərəf (protiv) gələn şəxsi vurmuş və nəticədə həmin şəxs avtomobilinin alın şüşəsinə dəymiş və yerə yıxılmış, onun isə avtomobilinin alın şüşəsi sınmışdır. O, dərhal avtomobili saxlayıb yerə düşdükdə avtomobil ilə 1 nəfər tanımadığı kişini vurduğunu görmüşdür. O, tez oraya toplaşan şəxslərlə birgə piyadanı avtomobilinə qoyub Sumqayıt şəhər xəstəxanasına aparmış və həkimlərə təhvil vermişdir. Qısa müddət sonra xəstəxanaya Abşeron rayon Pİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Süleyman Əsədov gəlmiş, o, müstəntiqə özünü təqdim edərək yol-nəqliyyat hadisəsi törətdiyini bildirmiş və sənədlərini müstəntiqə təqdim etmişdir. Bundan sonra o, müstəntiqlə birgə yol-nəqliyyat hadisəsi törətmiş yerə gəlmiş, orada müstəntiq onun iştirakı ilə hadisə yerinə baxış keçirmiş, o, hadisənin hansı şəraitdə baş verməsini müstəntiqiə bildirmiş, bu barədə protokol tərtib olunmuş, hadisə yerinin sxemi və fotoşəkilləri çəkilmiş, protokol iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq olunmuş, o, da protokola imza etmişdir. Sonradana piyadanın aldığı xəsarətlərdən xəstəxanada ölməsi ona məlum olmuşdur. Qeyd etmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobil saz vəziyyətdə olmuş, avtomobildə sərnişin və yük olmamış, hadisə yerində, ətrafa tanımadığı səxslər toplaşmış. həmin vaxt həyəcanlı olmuş, kimlərin ətrafda olmasını tam xatırlamır. O, X7 öz avtomaşınına mindirib xəstəxanaya aparmış, hadisədən qabaq spirtli içki qəbul etməmişdir. Sonda etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxs qismində tanınmış X2 ifadəsindən görünür ki, əri 19.07.1977-ci il təvəllüdlü X10 ilə 15.08.2001-ci il tarixdə ailə həyatı qurmuş, birgə nigahdan 09.05.2001-ci il tarixdə qız X11 və 09.05.2005-ci il tarixdə isə oğlu X12 dünyaya gəlmişdir. Əri Famil fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, belə ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində tikintilərin birində usta kimi işləmişdir. Əri Famil hər gün saat 09 radələrində evdən çıxıb iş yerinə getmiş və axşam saat 19 radələrində evə qayıtmışdır. Növbəti dəfə 20 dekabr 2020-ci il tarixdə saat 09 radələrində əri Famil evdən çıxıb iş yerinə getmiş, həmin günü axşam saat 18.45 radələrində Famil istifadəsində olan telefon vasitəsilə ona zəng vurmuş və evə ərzaq mallarından nə almaq lazım olduğunu soruşmuşdur. O, Familə alınan ərzaq mallarını bildirmiş, təxminən 15 dəqiqədən sonra baldızının oğlu Pərviz telefonla ona zəng vuraraq əri Familin yolda avtomobillə vurulduğunu bildirmişdir. Sonradan Pərvizlə söhbət edərkən ona demişdir ki, Famil hadisədən az əvvəl onun işlədiyi marketdən çörək alıb çıxmış, qısa müddət sonra o, səs-küy eşidib çölə çıxanda artıq Familin yolda avtomobillə vurulduğunu görmüşdür. Əri Famil avtomobillə vurulduqdan sonra Sumqayıt şəhər TTYX-na aparılmış, lakin həkimlərin səyinə baxmayaraq aldığı xəsarətlərdən 21.12.2020-ci il tarixdə xəstəxanada ölmüşdür. Daxili və xarici müayinə olunduqdan sonra ərinin meyiti onlara təhvil verilmişdir. 21.12.2020-ci il tarixdə əri Familin meyiti Saray qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Sonradan ona məlum olmuşdur ki, əri Famili Saray qəsəbə sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C180” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, təxminən iki ildən çoxdur ki, Saray qəsəbəsi ərazisində «Sənan» marketdə satıcı işləyir. X3 ailəsi ilə birgə Saray qəsəbəsində yaşayır və adətən onun işlədiyi marketdən bazarlıq edir. 20 dekabr 2020-ci il tarixdə saat 18.40 radələrində işlədiyi Saray qəsəbəsindəki «Sənan» marketdə olarkən dayı Famil marketə daxil olmuş və onun görüşmüş, çörək və alma alıb marketdən çıxmışdır. Təxminən 20 dəqiqədən sonra marketdə eşitmişdir ki, çöldə marketin yaxınlığında kimisə maşın vurub. O, maraqlanmaq üçün çölə çıxdıqda avtomobillə vurulan şəxsin dayısı Famil olduğunu görmüşdür. Avtomobili ilə vuran sürücü dayısı Famili maşınına mindirib xəstəxanaya aparmışdır. Sonra o, istifadəsində olan mobil telefonla dayısı arvadı Elnurəyə zəng vurub hadisə barədə ona məlumat vermişdir. Bundan sonra marketin müdirindən icazə alıb yoldan keçən taksi ilə Sumqayıt şəhər TTYX-na getmiş, dayısı Familin xəstəxanada reanimasiya şöbəsində olduğunu görmüşdür. Sürücü də orada idi. Qısa müddət sonra xəstəxanaya polis əməkdaşları gəlmişdlər. 21 dekabr 2020-ci il tarixinə keçən gecə saat 01 radələrində o, xəstəxanadan çıxıb evinə getmişdir. Səhəri günü eşitmişdir ki, dayısı Famil aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsində tərtib olunmuş məhkəmə tibbi ekspertizasının 12.01.2021-ci il tarixli 122 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X6 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınığı, burun sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ gözün bayır kənarının, ənsə əzilmiş-cırılmış yaraları, sağ qaş, burun, alt dodaq, sağ diz oynağı, sol baldır nahiyələrinin sıyrıqları ümumilikdə həyatidirlər, 20.12.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomobillə vurulması və avtomobilin təkərinin onun sol bud nahiyəsindən keçməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. X6 ölümünə səbəb – başın küt travması nəticəsində baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınığı olmuşdur. X6 ölümü Sumqayıt təcili Tibbi yardım xəstəxanasında 21.12.2020-ci il tarixdə saat 00:30-da baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. X6 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzində tərtib edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 18 fevral 2021-ci il tarixli 8/232 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz C180 markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 05.03.1021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 21.07.2016-cı il tarixdə 21.07.2026-cı il tarixədək müddətə etibarlı olan AE seriyalı 025084 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Sübutların qiymətləndirilməsi haqqında 01.03.2021-ci il tarixli qərardan görünür ki, Mercedes Benz C180 markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsi, ev 24/3-də qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18.09.2018-ci il təvəllüdlü Nilay İbrahimova və 28.01.2021-ci il təvəllüdlü Nur İbrahimova adlı iki azyaşlı övladı var. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz C180 markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C180 markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar