Məhkəmə qərarları › İş №1(012)-284/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-284/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-284/2023 28.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Ağacanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni məhəllədə fərdi yaşayış evində yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 20 manat müqabilində 01 bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan 0,778 qram çəkidə kustar üsula hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlamaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə daşımış, həmin gün saat 07 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisində tanışları X4 və Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi **-TL-*** dövlət qeydiyyat nişanlı ağ rəngli “Lada Priora” markalı avtomobildə Abşeron rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılarkən ifşa olunacağından qorxduğu üçün üzərindəki bükümdə olan narkotik vasitə heroini avtomobilin arxa oturacağının altında gizlətmiş və avtomobilə baxış keçirilən zaman oradan həmin 01 ədəd sellofan bükümdə 0,778 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən iki aydır ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə heroindən çəkmə yolu ilə istifadə edir. 14 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonunda tanımadığı şəxsdən iyirmi manat müqabilində bir bükümdə istifadə etmək məqsədilə narkotik vasitə heroin almışdır. Həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra Abşeron rayon, Mehdiabad qəsəbəsinə yaşadığı evə getmiş, həmin gün saat 07 radələrində Mehdiabad qəsəbəsində tanışı Şahid1 həyətində işləmək məqsədi ilə Məmmədlə görüşmüş, daha sonra Məmmədin tanışı Müşviq adlı şəxsi götürmək məqsədilə Abşeron rayonu, Fatmayı kəndinə getmişlər. Orada Məmməd və Müşviqlə birlikdə Məmmədin idarə etdiyi **-TL-*** dövlət qeydiyyat nişanlı ağ rəngli Lada Priora markalı avtomobildə olarkən o, arxa oturacaqda tək olmuşdur. Həmin vaxt iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib sorğu-sual etmişlər. Bu zaman o, üzərindəki narkotik vasitənin aşkar olunacağından qorxduğu üçün cibindəki bükümü çıxardaraq avtomobilin sağ arxa oturacağının altına atmışdır. Daha sonra polis əməkdaşları onları Abşeron rayon polis İdarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mehdiabad polis bölməsinə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını, lakin tanışı Məmmədin idarə etdiyi **-TL-*** dövlət qeydiyyat nişanlı ağ rəngli Lada Priora markalı avtomobilin sağ arxa oturacağının altında bir bükümdə narkotik vasitə gizlətdiyini və ona məxsus olduğunu bildirmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilə baxış zamanı həmin bir bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra həmin büküm onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq, zərfə qoyularaq möhürlənmişdir. Sonda həmin narkotik vasitəni 14 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonunda tanımadığı şəxsdən iyirmi manat müqabilində bir bükümdə istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, daxili işlər orqanlarında xidmət edir. 14 sentyabr 2022-ci il tarixdə saat 07:30 radələrində 51/17 çağırışlı avtopatrulla Abşeron rayonu, Fatmayı kəndində polis nəfəri Şahid4 ilə birlikdə xidmət apararkən Fatmayı kəndində yerləşən “50 qəpik” adlanan avtoyuma məntəqəsinin qarşısında **-TL-*** dövlət qeydiyyat nişanlı Priora markalı avtomobilin dayandığını və içərisində üç nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşmış, həmin şəxslər özlərini şübhəli apardıqları üçün onları Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxslərin Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 olması onlara məlum olmuşdur. Əvvəlcə polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını, lakin tanışı Şahid1 məxsus ağ rəngli Lada Piriora markalı **-TL-*** dövlət qeydiyyat nömrəli avtomobildə arxa oturacağın altında bir bükümdə narkotik vasitə heroin gizlətdiyini, Məmmədin bundan xəbərinin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə Şahid1 məxsus ağ rəngli Lada Piriora markalı **-TL-*** dövlət qeydiyyat nömrəli avtomobilə baxış keçirilmiş, Şahid1 ona məxsus avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin həyətində saxlanılmış ağ rəngli Lada Piriora markalı **-TL-*** dövlət qeydiyyat nömrəli avtomobilə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs həmin arxa sağ oturacağın altında gizlətdiyi bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu haradan əldə etməsi soruşulmuş, və o, üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofanın içərisindəki qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli maddənin heroin olduğunu, həmin narkotik vasitəni 14 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Mehdiabad polis bölməsində yerləşən xidməti otaqlardan birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə Şahid2 üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Şahid2 hüquqları izah olunaraq müdafiəçisinin iştirakı ilə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif olunmuş, Şahid2 paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını, buna görə də üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şahid2 üzərinə şəxsi axtarış keçirilərkən üzərində dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsində yerləşən xidməti otaqlardan birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Şahid1 hüquqları izah olunaraq müdafiəçisinin iştirakı ilə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif olunmuş, Şahid1 paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını, buna görə də üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən üzərində dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və X2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhərində anadan olmuşdur və Abşeron rayonu Mehdiabad qəsəbəsi, Yeni məhəllə adlanan ərazidə yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Abşeron rayonu Fatmayı kəndində yerləşən avtoyuma məntəqəsinin qarşısında tanışları Orxan və Müşfiq ilə birlikdə idarə etdiyi ağ rəngli, “Lada priora” markalı avtomobildə oturarkən iki nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra, onu və dostlarını Abşeron rayon polis İdarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. Onlar etiraz etmədən polis əməkdaşları ilə birlikdə onun idarə etdiyi **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad polis bölməsinə getmişlər. Daha sonra Mehdiabad PB-də xidməti otaqların birində vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, soruşulmuş, o da üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını buna görə də üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən üzərində qanunla qadağan olunmuş heç bir əşya predmet aşkar edilməmişdir. Bundan sonra Mehdiabad polis bölməsində ona məxsus ağ rəngli Lada Piriora markalı **-TL-*** dövlət qeydiyyat nömrəli avtomobilə baxış keçirilən zaman Orxan üzərində olan narkotik vasitəni arxa oturacağın altına atdığı barədə məlumat verilmişdir. Onun bundan xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. Fərdi əməklə məşğul olur. Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Abşeron rayonu Fatmayı kəndində yerləşən avtoyuma məntəqəsinin qarşısında tanışları Orxan və Məmməd ilə birlikdə Məmmədin idarə etdiyi ağ rəngli, “Lada priora” markalı avtomobildə oturarkən iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra, onları Abşeron rayon polis İdarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. Onlar etiraz etmədən Məmmədin idarə etdiyi **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad polis bölməsinə getmişlər. Mehdiabad PB-də xidməti otaqların birində vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirildi. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuş, o da üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını buna görə də üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən üzərində qanunla qadağan olunmuş heç bir əşya predmet aşkar edilməmişdir. Daha sonra Mehdiabad polis bölməsində Məmmədə məxsus ağ rəngli Lada Piriora markalı **-TL-*** dövlət qeydiyyat nömrəli avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni arxa oturacağın altına atdığı barədə məlumat vermişlər. Onun bundan xəbəri olmamışdır. Cinayət işinə əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 6/5180 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №236” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə” sözləri və imzalar (4 imza) olan zərfdəki bir ədəd zərfin içərisində, bir ədəd bükümdə təmiz çəkisi 0,778 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (qalıq 0,728 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindədövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 03 dekabr 2022-ci il tarixli, 7341 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,728 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi **-TL-*** dövlət qeydiyyat nişanlı ağ rəngli Lada Priora markalı avtomobildə axtarış keçirilən zaman avtomobilin sağ arxa oturacağının altında bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldırı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,728 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 55 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 55 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,728 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar