Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-286/2022 30.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Şəmkir rayonu, İrmaşlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, İrmaşlı kəndində qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşayan, barəsində 25 mart 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən pulunu çıxarmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində idarə etdiyi “Opel” markalı ** LT *** dövlət nömrə nişanlı taksi avtomobilində olan sərnişin X3 əynindəki qara rəngli gödəkçəsinin içəri tərəfdəki sol döş cibindəki pul qabısından 4000 manat pulunu çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs Emil Süleymanova həmin məbləğdə ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşayır. Təxminən 2020-ci ildən hazırki vaxta qədər icarəyə götürdüyü “Opel” markalı ** LT *** dövtət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Taksi sürücüsü işlədiyi vaxt təxminən 6 ay əvvəl idarə etdiyi taksiyə sərnişin kimi oturan Emin adlı şəxsi sifariş verdiyi ünvana aparmış və həmin vaxtdan onunla aralarında mehriban münasibət yaranmış, Emin onun mobil telefon nömrəsini götürmüş, müxtəlif vaxtlarda ona zəng etmiş və onu dediyi ünvanlara idarə etdiyi taksi ilə aparmışdır. Hər dəfə Emin onun zəhmət haqqını vermiş, aralarında heç vaxt narazılıq, Eminin ona heç bir borcu olmamışdır. 13 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu Masazır qəsəbəsində olduğu vaxt Emin ona zəng edərək Nərimanov rayonunda, “Moqdanos’Tın yaxınlığında yerləşən kafedə olduğunu deyərək gedib onu oradan yaşadığı Masazır qəsəbəsindəki evinə aparmasını xahiş etmişdir. Buna görə idarə etdiyi taksi ilə Nərimanov rayonuna Eminin dediyi kafeyə getmiş, Emini kafedə tək oturub, yeyib-içdiyini görmüşdür. Eminin ona aldığı yeməyi yemiş, ancaq araq içməmişdir. Oradan Emini idarə etdiyi taksi ilə yaşadığı evinə apardığı vaxt, Eminin təklifi ilə onu Bakı şəhərində gəzdirmişdir. Emin çoxlu araq içdiyindən onun sərxoş olduğunu görmüşdür. Bakı şəhəri “Şamaxinka” deyilən yerdə Emin üçün enerji içkisi, özünə isə yarım litrlik fanta işkisi almış, buna görə Eminin ona verdiyi 100 manat pulun qalığını ona qaytarmışdır. Emini oradan yaşadığı evinə apardığı vaxt Abşeron rayonu Masazır qəsəbəsində Eminin əynidəki qara rəngli gödəkçəsinin içərisindəki, sol döş cibində gördüyü pul qabının içindəki pulları çıxartmış, pul qabı isə Eminin cibində qalmışdır. Emin cibindən pulun çıxarıldığını bilməmişdir. Eminin sifarişi ilə onu Masazır qəsəbəsində yerləşən “Göyçə” otelin yanına aparmış və onu oteldə işləyənlərə təhvil verib, oradan evinə qayıtmışdır. Oğurladığı həmin pulları evində saymış və 2800 manat olduğunu görmüşdür. Sabahı günü tanımadığı bir kişi ona zəng edərək Eminin cibindən götürdüyü pulları qaytarmasını tələb etdikdə, ona pul götürmədiyini demişdir. Eminin cibindən oğurladığı pulları evində saxlamışdır. Bir neçə gündən sonra Eminin şikayəti əsasında Abşeron rayon Polis İdarəsinə aparılmış, orada oğurluqla əlaqədar sorğu-sual edilərkən oğurladığı 2800 manat pulu evdə saxladığını bildirdikdə polis əməkdaşları onun evinə gedib həmin 2800 manat pulu götürüb özlərində saxlamış və onu MSY yerindən büraxmışlar. Evindən götürülən 2800 manat pulun zərərçəkmişə qaytarılmadığını görüb polis əməliyyatçıları Babayev İbrahim, Ramin və Rüfətdən onun evində arvadından götürdükləri 2800 manat pulu zərərçəkmişə vermək üçün tələb və şikayət etdikdə həmin puldan 1500 manatı qaytarmış, qalan 1300 manatı isə özlərində saxlamışlar. Həmin 1500 manat pul Zərərçəkmiş şəxs qaytarılmış, müəyyən vaxt – təxminən bir ay keçdikdən sonra həyat yoldaşının əməliyyatı üçün topladığı 1000 pulun üstünə əmioğlusundan və bacısı Kəmalədən borc aldığı cəmi 200 manat pulu, o cümlədən taksilik edib topladığı 100 manatı cəmi 1300 manat məbləğində pulu zərərçəkmişə qaytarmış, polis əməkdaşları və müstəntiqdən götürdükləri 1300 manat pulu tələb etdikdə isə onlar pulu qaytarmaqdan imtina etmişlər. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş, onunla barışmışlar. Sonda onun ailə vəziyyətini, vurulmuş ziyanın ödənilməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində ünvansız fərdi yaşayış evdə kirayədə yaşayır. Bakı Dövlət Sirkində aktyor kimi fəaliyyət göstərir. 13 dekabr 2021-ci il tarixdə “Kapital Bank”-ın Bakı şəhəri, Nəsimi rayonu, 28 May filialından 4500 manat pulu kredit götürmüş, həmin puldan 70 manat Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Referans” adlı klinikada korona virus pandemiyası ilə əlaqədar test verdiyinə görə xərcləmiş, analiz verdikdən sonra Nərimanov rayonu ərazisində yerləşən kafelərin birində yemək yemiş və 0,5 litr spirtli içki qəbul etmişdir. Evinə getmək üçün əvvəllər taksi sürücüsü kimi tanıdığı Namiq adlı şəxsə zəng edərək olduğu kafeyə çağırmış, saat 20 radələrində taksi sürücüsü Namiq onun olduğu kafeyə gəlmişdir. Namiq üşün yemək sifariş vermiş, kafedə 30 manat yeməklərə ödəniş edərək oradan çıxmış, lakin, Namiq spirtli içki qəbul etməmişdir. Namiqlə bir qədər Bakı şəhərində gəzdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka deyilən yerdə üstündə olan 4500 manat puldan 500 manatı xatırlamadığı yerlərdə xərcəmişdir. Beləliklə, əynindəki qara rəngli gödəkçəsinin sol qoltuq cibindəki pul qabında 4000(dörd min) manat pul qalmışdır. Namiq onun xahişi ilə orada energetik içki alıb ona vermiş, həmin vaxt aldığı əmək haqqının pulundan Namiqə energetik içki alması üçün pul vermiş, lakin içkili olduğundan nə qədər pul verdiyini xatırlamır. Namiqin mağazadan alıb gətirdiyi energetik içkini qəbul etdikdən sonra özündə olmamış, sonra nə baş verməsini xatırlamamışdır. 14 dekabr 2021-ci il tarixdə, səhər saat 04 radələrində yuxudan oyandıqda özünü oteldə, yanında bir qadınla olduğunu görmüş, əmək haqqı pulundan həmin qadına 200 manat verdikdən sonra qadın getmişdir. Sonradan həmin otelin Masazır qəsəbəsində yerləşən “Göyçə” otel olduğunu görmüşdür. Bir qədər özünə gəldikdən sonra pul qabısını cibindən çıxarıb baxdıqda içərisində olan 4000 manat pulun olmadığını görmüşdür. Cibindən pulun oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Bu barədə xalası oğlu Şahid demişdir.Cibində 4500 manat pul olduğunu taksi sürücüsü Namiqə deməmişdir. Lakin yeməkxanada yedikləri yeməyin pulunu cibindən çıxartdığı 4500 manat puldan ödədiyi vaxt, Namiq yanında olmuş və onda pul olduğunu görmüşdür. DİN-nin 102 xidmətinə verdiyi məlumatda, Abşeron RPİ-nə yazdığı ərizədə və izahatında bilmədən, səhvən cibindən 4500 manat oğurlandığını qeyd etmişdir. Cibindən 4000 manat pulu oğurlanmışdır. Onun şikayəti əsasında Namiq Abşeron rayon Polis İdarəsinə aparılmış, orada oğurluqla əlaqədar dindirildikdən sonra ona polis idarəsində 1000 manat pul verilmiş, müəyyən vaxt keçdikdən sonra isə Namiq ona 1500 manat qaytarmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti olmadığını, ona vurulmuş ziyanın ödənildiyini bildirərək bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, xalası oğlu Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində, ünvansız fərdi evdə kirayədə yaşayır və Bakı Dövlət sirkində pəhləvan- aktyor kimi fəaliyət göstərir. 2022-ci ilin yanvar ayının axırlarında Elşən ona, 13 dekabr 2021-ci il tarixdə “Kapital Bank”ın Bakı şəhəri, Nəsimi rayonu, 28 May filialından 4500 manat kredit götürdüyünü, həmin puldan 70 manat pulu Nərimanov rayonu ərazisində yerləşən “Referans” adlı klinikada korona virus pandemiyası ilə əlaqədar test verdikdə xərclədiyini, daha sonra yeməkxanada və müəyyən yerlərdə, ümumilikdə 500 manat xərclədiyini bildirmişdir. Emin daha sonra ona həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən kafelərin birində əyləşib, yemək yediyini və spirtli içki qəbul etdiyini, evinə getmək üçün əvvəllər taksi sürücüsü kimi tanıdığı Namiq adlı tanışına zəng edərək olduğu kafenin yerini bildirərək gəlib onu evə aparmasını dediyini, Namiqin idarə etdiyi taksidə olduğu vaxt əynindəki gödəkçəsinin qoltuq cibindəki pul qabında olan 4000 manat pulun oğurlanmasında Namiqdən şübhələndiyini bildirmişdir. Buna görə Namiqin mobil telefon nömrəsini Emindən alıb Namiqə zəng edərək, Eminin cibindən götürdüyü pulları qaytarmasını xahiş etmiş, Namiq isə bunun yalan olduğunu, Eminin cibindən pul götürmədiyini ona demişdir. Belə olan halda Emin Abşeron rayon Pİ-nə şikayət etmiş, Namiqi polis idarəsinə aparıb dindirilmiş, müəyyən vaxt orada saxlanmış pul müqabilində buraxıldıqdan sonra ondan oğurladığı pulu tələb edərkən əməliyyatçıların zərəçəkmişə qaytarmaq üçün evdə arvadından 2800 pulu götürdüklərini, lakin həmin pulu Eminə qaytarmadıqlarını öyrənib şikayət edərkən polis əməkdaşlarının 2800 manat puldan onlara 1000 manat verdiyini eşitmişdir. Namiq sonradan hissə-hissə zərərçəkmişin pullarını qaytarmışdır. Məhkəmə baxışında əlavə şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şikayəti əsasında Abşeron rayon Pİ-nə aparıldıqdan sonra əməliyatçı polis əməkdaşı Babayev İbrahim adlı şəxs ona zəng edərək ərinin oğurladığı pulun evdə olduğunu bildirərək Ramin və Rüfət adlı polis işçiləri ilə onun yaşadığı evə gəlmiş, ərinin evdə saxladığı 2800 manat pulu İbrahim adlı polis işçisinə verərkən o, həmin pulları stolun üstünə düzüb videoyaya çəkmiş, 2800 manat pulu heç bir sənəd tərtib etmədən zərərçəkmişə qaytarmaq adı ilə götürmüş, lakin əri polis idarəsindən buraxıldıqdan sonra həmin pulların zərərçəkmiş Eminə qaytarılmadığını biləndə polis əməkdaşları İbrahim, Ramin və Rüfətdən pullarını tələb etdikdən sonra həmin puldan 1000 manatı zərərçəkmişə verilmiş, qalan pulu isə qaytarmamış, hər üç polis əməkdaşı gecə vaxtı onun evinə gələrək pul götürmədikləri, ümumiyyətlə onun evində olmamalarına dair ifadə verməyi, götürdükləri pulu halal emələrini qardaş kimi ondan xahiş etdikdə o, onların xahişini rədd edərək pulun qalanını-1800 manat pulu tələb etsədə, hazıra kimi polis əməkdaşları tərəfindən onun evindən götürülən pul qaytarılmamış, xəstəliyi ilə əlaqədar əməliyyatı üçün yığdığı pul və qohumlardan borc aldıqları pulu toplayaraq hissə-hissə müəyyən vaxtlarda zərərçəkmişin ziyanını ödəmişlər. Məhkəmə baxışında əlavə şahid qismində dindirilən X5 göstərdi ki, o, Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə Zərərçəkmiş şəxs oğurluq faktı üzrə şikayəti əsasında “Göyçə” otelinə gedib videogörüntüyə baxarkən onun Təqsirləndirilən şəxs məxsus avtomobildən düşdüyünü müəyyən edib onu polis idərəsinə dəvət etmişlər. O, polis bölməsində dindirilərkən onun arvadı polis idarəsinə gəlib Namiqin buraxılmasını, onun oğurladığı pulu zərərçəkmişə qaytaracağını bildirdiyi üçün dindirilməsi üçün istintaq şöbəsində müstəntiqə təhvil verilmişdir. Polis əməkdaşları Ramin, Rüfət ilə birlikdə Təqsirləndirilən şəxs evində olmamış və onun arvadı Elnarədən 2800 manat pul götürməmişlər. Məhkəmə baxışında əlavə şahid qismində dindirilən X7 və məhkəməyə ərizə ünvanlamış X1 RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili X2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə baxışında əlavə şahid qismində dindirilən Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Cavid Kərimli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq apardığını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidləri dindirdiyini, ittiham aktı tərtib etdiyini, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ailəsi zərərçəkmiş şəxsə əvvəl 1000 manat, müəyyən vaxt keçdikdən sonra 1500 manat pul ödədiyini, Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili X2 və digər polis əməkdaşları ilə həmin cinayət işi üzrə təqsirləndirilən şəxsiin evindən 2800 manat pul götürməsinə dair sənədlərin iş materiallarına əlavə edilmədiyini göstərdi. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki. məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən pulunu çıxarmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə göstərdikləri zərərçəkmiş şəxsin, o cümlədən Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi ilə təsdiq edilməklə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş onu müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİ-i tərəfindən verilmiş tələbnamədən görünür ki, o, əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir və ona qarşı tələbi, şikayəti yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmişə vurulmuş ziyanın ödənilməsini və onun təqsirləndirilən şəxsə qarşı tələbinin və şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə istintaq orqanı tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Şəmkir rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Hökmün icrası Şəmkir rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak, məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Şəmkir rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Şəmkir rayon Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak, məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-286/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-286/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver