Məhkəmə qərarları › İş №1(012)-287/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-287/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-287/2023 14.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Qərbi Azərbaycanda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Atyalı qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində ünvan 1 ünvanında sərxoş vəziyyətdə irad bildirməsi səbəbindən arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranan münaqişə zamanı, sonuncunu bədəninin müxtəlif nahiyəsinə yumruq və təpik qəsdən vuraraq, onun bədəninin müxtəlif nahiyələrinə başın təpə nahiyəsinin dərialtı hematoması, sağ bazı oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağı və sağ bazunun yuxarı 1/3-ni əhatə edən iri ölçülü qançır-şişkinliyi, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol said nahiyəsinin orta və aşağı 1/3-nin qançırları, sol kürək və sol said nahiyəsinin orta 1/3-nin sıyrıqlarından ibarət yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 18 ildir ki, evlidir və onların 2 övladı vardır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 01 radələrində yaşadıqları evdə olan zaman o, sərxoş halda Yeganə ilə hər hansı bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt o, Yeganənin səsini qaldırmamasını tələb etdiyinə isə sonuncu üzərinə gələrək onun sinə nahiyəsinə əl atmışdır. Buna görə də o, Yeganənin üz nahiyyəsinə bir dəfə sillə zərbəsi vurmuşdur. Baş vermiş hadisə təxminən 5 dəqiqə davam etmiş və həmin vaxt orada başqa şəxslər olmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 18 ildir ki, ailəlidir və birgə nikahdan onların 2 övladı vardır. Ümumilikdə münasibətləri normal olsa da bir neçə dəfə aralarında sözlə mübahisələr olmuşdur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 01:00 radələrində Elmixan hər hansı bir səbəb olmadan onunla mübahisə etməyə başlamış və onu söyübtəhqir etmişdir. O, bu cür davranmağının səbəbini soruşduqda isə Elmixan onun bədəninin müxtəlif nahiyəsinə bir neçə dəfə yumruq və təpik zərbəsi vurmuşdur. Baş vermiş hadisə təxminən 5 dəqiqə davam etmiş və həmin vaxt orada başqa şəxslər olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 79 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – başın təpə nahiyəsinin dərialtı hematoması, sağ bazı oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağı və sağ bazunun yuxarı 1/3-ni əhatə edən iri ölçülü qançırşişkinliyi, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol aid nahiyəsinin orta və aşağı 1/3-nin qançırları, sol kürək və sol said nahiyəsinin orta 1/3-nin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı başqa şəxs tərəfindən əl, ayaq və sair vurulma nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:35-da müayinə olunarkən onda «orta dərəcəli» sərxoşluq müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar