Məhkəmə qərarları › İş №1(012)-289/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-289/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-289/2020 04.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü ildə Şamaxı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti atına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə gecə saat 01:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən «Mars» ərzaq mağazasında orta dərəcəli alkoqol sərxoşluğu halında istintaqla müəyyən olunmayan başqa bir şəxslə mübahisə edib xırda xuliqanlıq edərək ictimai asayişi pozduğuna görə həmin vaxt ərazidə xidməti vəzifələrini yerinə yetirən və xidməti geyim formasında olan hakimiyyət nümayəndəsi - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 12-ci polis bölməsinin polis nəfəri, polis serjantı- Zərərçəkmiş şəxs öz xidməti vəzifələrini yerinə yetirməsilə əlaqədar onu nizam-intizama və ictimai asayişə riayət etməyə dəvət etsə də o, Zərərçəkmiş şəxs qanuni tələblərinə məhəl qoymayaraq, sonuncunun xidməti geyim formasının qalstukunu dartıb qırmış və köynəyinin zəncirbəndini dartıb qopardaraq yetirildiyi anda həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərib Zərərçəkmiş şəxs üz nahiyəsindən başı ilə bir dəfə zərbə vuraraq sol gözaltı nahiyəsinin qançırı xəsarətini yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Amidi tanımamış, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə baş verən gün, yəni 2019-cu ilin oktyabr ayının 09-dan 10-na keçən gecə saat 01:30 radələrində ad günündən içkili vəziyyətdə kirayədə yaşadığı evinə qayıdan zaman yaxınlıqdakı “Mars” marketdə daxil olub meyvə almaq istəyəndə həmin zaman təsadüfən orada olan, adını sonradan bildiyi polis əməkdaşı Amid ona yaxınlaşıb Şamaxıdan olub-olmadığını soruşmuşdur. Belə ki, o, həmin vaxt satıcı ilə söhbət etmişdir, Amid də ləhcəsindən Şamaxıdan olduğunu hiss etmişdir. O, Amidə Şamaxı rayonundan olduğunu dedikdə bir az söhbət edəndən sonra ona naringi təklif etmiş, o da buna aqressiv yanaşmışdır. Onlar birlikdə marketdən çölə çıxanda onun şalvarının kəmər hissəsindən tutmuş, o da Amidin boğazından tutmuşdur. İçkili olduğundan Amidin yaxasından yapışan zaman, yəni boğazından tutanda onun köynəyinin zəncirbəndinin qırılmasını və qalstukunun cırılmasını xatırlamır. Mübahisə zamanı Amidə başıyla xəsarət yetirmək məqsədi olmamışdır. Onlar yaxalaşanda başının Amidin üzünə dəyib-dəymədiyini yadına sala bilmir. O, heç kimə söyüş söyməmiş və təhqir etməmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2015-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 12-ci polis bölməsinin polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. Onun xidməti ərazisi Xırdalan şəhəridir. Onunla birlikdə xidmətdə Şahid1 və Şahid2 də olurlar. Hadisə olan gün, yəni xx.xx.2019-cu ildən 11 oktyabrda keçən gecə saat 01:30 radələrində xidmətdə olan zaman Xırdalan şəhərində “Mars” ərzaq dükanının içərisinə keçərkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin içkili vəziyyətdə marketdə olan bir ailə ilə mübahisə etdiyini görmüş, nə baş verdiyini, salamatçılıq olub-olmamadığını soruşmuşdur. Şahlar da ona istehzalı formada “salamatlıqdır, neynirsən” demişdir. Şahların içkili olduğunu görüb yola vermək istəsə də, ondan əl çəkməmiş və arxası ilə gələrək marketin içərisində yenə eyni sözü təkrarlamışdır. Zərərçəkmiş şəxs onu nizam-intizama dəvət etmiş və marketdən çölə çıxaraq danışmasını bildirmişdir. Şahlara marketdən çöldə izah etmişdir ki, ictimai qaydalara riayət etsin, ucadan danışıb insanların rahatlığını pozmasın. Ancaq Şahlar onun bu qanuni tələbinə məhəl qoymamış, onun formasının qalstukunu dartıb qırmış, sonra köynəyin zəncirbəndini yerindən qopartmışdır. Bundan sonra Şahlar başı ilə onun baş nahiyəsindən zərbə vurmaq istəyəndə o, kənara çəkilmiş, ancaq az da olsa, başı onun üzünün sol tərəfindən dəymişdir. Həmin vaxt onunla birlikdə xidmətdə olan Şahid2 onları aralamışdır. Şahid1 da hadisənin şahidi olmuşdur. Daha sonra onlar digər ərazilərdə xidmətdə olan 96-99 saylı patrulu köməyə çağırmışlar. Həmin patrulda olan Şahid4 və Mirhadi gələrək Təqsirləndirilən şəxs Abşeron RPİ-nə aparmışlar. Onlarda idarəyə getmişlər. Orada olan zaman o, hadisə barəsində rəisin adına raport yazmışdır. Şahid2 və Şahid1 isə Şahları aparıb sərxoşluq müayinəsindən keçirtmişlər. Hadisə zamanı əynində olan paltarları evdə tikmişlər, ancaq qalstuk qırılı vəziyyətdə qalmışdır. Hadisə zamanı marketdə kənar şəxslərdən kimin olmasını bilmir, çünki həmin şəxsləri şəxsən tanımamış və adlarını bilməmişdir. Təqsirləndirilən şəxs marketdə bir ailə ilə mübahisə etmiş, ancaq həmin ailəni o, tanımamışdır. Hadisədən sonra həkim müayinəsindən keçmiş və sol-gözaltı nahiyəsində xəsarət olmuşdur. O, Təqsirləndirilən şəxs onunla mübahisə etdikdən və xəsarət yetirdikdən sonra tanımışdır. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 Patrul Bölüyünün polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsindədir. Onun xidməti ərazisi Xırdalan şəhəridir. Onunla birlikdə xidmətdə Zərərçəkmiş şəxs və Şahid1 da olurlar. Hadisə olan gün, yəni xx.xx.2019-cu ildən 10 oktyabra keçən gecə saat 01:30 radələrində xidmətdə olan zaman Xırdalan şəhərində “Mars” ərzaq dükanının yanında çöldə dayanmış, Amidlə Vüqar isə marketin içərisinə keçmişlər, təxminən 5 dəqiqə sonra sonradan adını bildiyi Şahlar adlı şəxsin Amidlə mübahisə edib Amidin yaxasından tutub onu silkələdiyini görmüşdür. Seymur tez onlara yaxınlaşmış, Şahlara şifahi xəbərdarlıq edərək ictimai asayişi pozmamasını, içkili olduğunu bildirmiş və evə getməsini demişdir. Sonra Şahlar onların sözünə əhəmiyyət verməyərək mübahisəni davam etdirmiş, hədə-qorxu gələrək “20 dənə general da gəlsə, heç kimin başı üçün deyil məni buradan aparsın” deyərək Amidin yaxasından yapışmışdır. Bu zaman Amidin əynində olan qalstuku və montun zəncirbəndini dartıb cırmış, Şahlar başı ilə Amidin baş nahiyəsindən zərbə vurmaq istəyərkən Amid kənara çəkilmişdir. Sonra onları aralayaraq digər ərazilərdə xidmətdə olan 96-99 saylı patrulu köməyə çağırmışlar. Həmin patrulda olan Şahid4 və Şahid3 gələrək Şahları Abşeron RPİ-nə aparmışlar. Onlar da idarəyə getmişlər. Orada Amid hadisə barəsində rəisin adına raport yazmışdır. Onunla Seymur isə Şahları aparıb sərxoşluq müayinəsindən keçirtmişlər. Hadisəni görən kənar şəxslər olsa da, onların adını bilmir və tanımır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə zamanı Şahlar Amidin yaxasından tutmuş, qalstukunu və montunun zəncirbəndini qırmış, bir də Şahlar Amidə kəllə atsa da, Amid başını çəkdiyindən kəllə ona dəyməmişdir. Amid isə Şahlara hər hansı bir fiziki zor tətbiq etməmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 12-ci polis bölməsinin polis nəfəri vəzifəsində, polis serjantı Şahid1 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 Qaşım oğlu məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki,2014-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 12-ci polis bölməsinin polis nəfəri vəzifəsindədir, polis serjantı rütbəsindədir. Onun xidməti ərazisi Xırdalan şəhəridir. Onunla birlikdə Şahid3 xidmət aparmışdır. Onlar 96-99 çağırışlı avtopatrul ilə gecə xidmət aparmışlar. İş vaxtı axşam saat 20:00-dan səhər saat 08:00-dək olmuşdur. Hadisə olan gün, yəni xx.xx.2019-cu ildən 10 oktyabra keçən gecə saat 01:30 radələrində o, xidmət yoldaşı ilə birgə Xırdalan şəhərində gecə növbəsində olmuş, həmin zaman ÇPA-nın xidmətdə olan polis serjantı Zərərçəkmiş şəxs onun əl telefonuna zəng edərək “yaxınlaşın Xırdalan dairəsinə, burada bir vətəndaş içkili halda nizam-intizamı pozur və mənə zor tətbiq edir” sözlərini demişdir. O və avtopatrulda olan xidmət yoldaşı Mirhadi dərhal deyilən əraziya gələrək orada həmin şəxsi görmüşlər. Həmin şəxsin yanında ÇPA-nın əməkdaşları olan Zərərçəkmiş şəxs, Şahid1 və Vuqar Tağıyev dayanmışlar. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və avtopatrula əyləşib idarəyə getməli olduğunu bildirmişlər. Adını Abşeron RPİ-də bildiyi Təqsirləndirilən şəxs içkili olmuşdur. Hadisə yerində olan zaman “adını bilmədiyi şəxslər Şahların içkili mağazaya daxil olduğunu, orada olan müştəriləri narahat etdiyini və polis əməkdaşları onu nizam-intizama dəvət edən zaman onlara nalayiq ifadələr işlətdiyini bildirmişdir. Hətta Şahlar meyvələrdən bir neçəsini kinayə ilə Zərərçəkmiş şəxs göstərərk “ala yeyərsən” sözlərini demişdir. O və xidmət yoldaşı Mirhadi hadisə yerində olan zaman Amidin paltarının üzərində gözlə dartınma nəticəsində əmələ gələn zədə izlərinin olduğunu görmüşlər, Amidin qalstuku qopmuş və uzərində olan formanın zəncirbəndi qırılmışdır. Daha sonra onlar Amidi Abşeron Rayon Polis İdarəsinə aparıb təhvil vermiş, sonra yenidən əraziyə geri qayıdaraq xidməti dəvam etdirmişlər. Hadisə zamanı orda olmadıqlarına görə məlumatı olmamış, ancaq oraya yaxınlaşanda Amidin qalstuku əlində olmuş və montunun zəncirbəndini qırmışdır. Bir də eşitdiyinə görə Şahlar Amidə kəllə atsa da, Amid başını çəkdiyindən kəllə ona dəyməmişdir. Amid və onunla birgə xidmət aparanlar isə Şahlara hər hansı bir fiziki zor tətbiq etməmişlər. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 Mirələkbər oğlu məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, digər Şahid4 Qaşım oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 2/6485 saylı, xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və X3 rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 2350 nömrəlirəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuşxəsarət – sol gözaltı nahiyənin qançırı bərk-küt əşya təsirindən törənmişdir; qərardaqeydolunan müddətdəvəşəraitdəyəni, xx xxxxxxx 2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Cinayət işi materiallarında olan götürülmə aparılması haqqında xx xxxxxx 2019-cu il tarixli qərar və eyni tarixli götürmə aparılması və baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş xidməti geyim formasının köynəyi və qalstuku götürülmüş və baxış keçirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 246 saylı ekspertrəyindən görünür ki, təqdim edilmiş xidməti polis köynəyinin və qalstukun səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-qoparılma zədələridir. Qeyd olunan zədələrin müxtəlif şəraitdə, o cümlədən., qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması mümkündür. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 77 (yetmiş yeddi) manat təşkil edir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan xidməti polis köynəyi və qalstuk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə 315-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Qanuna əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə Azərbaycan Respublikası Qanunu ilə 315-ci maddəsinin tərkibini yaradır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-cimaddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ona qarşı hər hansı şikayət və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət işi materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış saxlanması üçün Abşeron rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş xidməti polis köynəyi və qalstuk Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmətrasoloji ekspertizasının keçirilməsinə xərclənmiş 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə və Abşeron rayon prokurorluğuna həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılmasınövündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Abşeron rayonu və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Məhkəmə-trasoloji ekspertizasının keçirilməsinə xərclənmiş 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün Abşeron rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş xidməti polis köynəyi və qalstuk Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar