Məhkəmə qərarları › İş №1(012)-289/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-289/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-289/2024 27.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cu ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Şamaxı şəhəri, Fəxrəddin Şahbazov küçəsi, ev 21-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 5-ci paralel küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tаmаh niyyətilə özgənin əmlаkını gizli оlаrаq tаlаmа məqsədilə 12 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən fərdi yaşayış evinə, yəni yaşayış sahəsinə pəncərənin dəmir barmaqlığını sındıraraq pəncərəni sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq evin yataq otağındakı paltar dolabında saxladığı, həmin dövrün məzənnəsi ilə 340 manat olan 200 ABŞ dollarını, 1900 manat nağd pulu və 1 ədəd 30 manat dəyərindəki saçqurudan feni gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2270 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tаmаh niyyətilə özgənin əmlаkını gizli оlаrаq tаlаmа məqsədilə 22 aprel 2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Masazır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 84 nömrəli fərdi yaşayış evinin qarşı tərəf pəncərəsini özü ilə gətirdiyi vintaçanla sıxıb açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabdan 620 manat pulu, hər biri 125 manat dəyərində olan 2 ədəd qadın qızıl üzüklərini, 1 ədəd 100 manat dəyərində olan qadın qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 970 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tаmаh niyyətilə təkrarən özgənin əmlаkını gizli оlаrаq tаlаmа məqsədilə 01 may 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, F.Vəliyev küçəsi döngə 12-də yerləşən nömrəsiz fərdi yaşayış evinə, yəni yaşayış sahəsinə arxa tərəf pəncərəsini sıxıb açmaq yolu ilə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabdan 11300 manat pulu, həmin dövrün məzənnəsi ilə 1360 manat məbləğində 800 ABŞ dollarını, 1 ədəd 2000 manat dəyərində “bronsk” firmalı qızıl boyunbağını, 1 ədəd 1000 manat dəyərində birilliant qaşlı qadın qızıl üzüyünü və evin dəhlizindəki dolabdan 1 ədəd 1000 manat dəyərində “Edifice” markalı qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 16660 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Şamaxı şəhəri, Fəxrəddin Şahbazov küçəsi, ev 21-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, 5-ci paralel küçəsində yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2. 177.2.3. 177.2.4-cü maddələri ilə məhkumluğu olmuş və həbsdən 2022-ci ilin dekabr ayının sonlarında azad olunmuşdur. Son zamanlar heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Saray bağlar massivində oğurluq etməyi üçün münasib ev axtaran zaman həmin ərazidə yerləşən bir evin darvazasının bağlı olduğunu və həmin evdən oğurluq etməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Əvvəlcə həmin evin darvazasını yoxladıqdan sonra evdə heç kimin olmadığına, həmçinin yaxın ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra evin hasarından həyətə daxil olmuşdur. Bundan sonra evin qabaq tərəfində yerləşən pəncərəsinin dəmir barmaqlığını həmin həyətdən tapdığı taxta parçası ilə sındırıb plastik materialdan olan pəncərəni sıxıb açaraq içəri daxil olmuşdur. Evin bütün otaqlarında axtarış apardıqdan sonra yataq otağındakı paltar dolabında olan çantadan həmin dövrün məzənnəsi ilə 340 manat olan 200 ABŞ dollarını və 1500 manat pulu oğurlayaraq evdən çıxmışdır. Oğurluq yolla əldə etdiyi həmin 200 ABŞ dollarını və 1500 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində oğurluq etməyi üçün münasib ev axtaran zaman həmin ərazidə yerləşən bir evin darvazasının kilidlə bağlı olduğunu və həmin evdən oğurluq etməyi üçün münasib şəraitin olduğunu görmüşdür. Əvvəlcə həmin evin darvazasını yoxladıqdan sonra evdə heç kimin olmadığına, həmçinin yaxın ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra evin qarşı tərəf hasarından həyətə daxil olmuşdur. Bundan sonra evin qabaq tərəfində yerləşən plastik materialdan olan pəncərəsini özü ilə gətirdiyi vintaçanla açaraq içəri daxil olmuşdur. Evin bütün otaqlarında axtarış apardıqdan sonra yataq otağındakı kiçik ölçülü dolabda saxlanılan 620 manat nəğd pulu, 2 ədəd qadın qızıl üzüklərini və 1 ədəd qadın qızıl boyunbağını oğurlayaraq evdən çıxmışdır. Bundan sonra Bakı şəhərinə “Moskva Univermağı” adlanan yerin qarşısına gedib həmin 2 ədəd qızıl üzükləri və 1 ədəd qızıl boyunbağını tanımadığı şəxsə ümumilikdə 200 manata satmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 tanımır və ona məxsus evdən oğurluq etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Hacıqasımlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, F.Vəliyev küçəsi döngə 12-də yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 2023-cü ilin aprel ayının sonlarında ailə üzvləri yaşadıqları evdən çıxıb Bakı şəhərində yerləşən başqa mənzillərinə getmişlər. xx.xx.2023-cü il tarixdə saat 08:15 radələrində yaşadığı evdən çıxıb evin giriş qapısını açarla kilidləyərək Bakı şəhərinə işə getmişdir. Həmin gün axşam saat 17:45 radələrində isə evə qayıdıb həyətinin giriş qapısını açmaq istədikdə qapının arxadan bağlı olduğunu görmüşdür. Buna görə də, qonşularının həyətindən öz həyətinə daxil olub baxdıqda həyətinin qapısının arxadan bağlandığını görmüşdür. Bundan sonra evinin arxa tərəfinə keçdikdə isə evin plastik materialdan olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra isə evin giriş qapısını açaraq içəri daxil olub baxdıqda evin bütün otaqlarındakı şkafların və dolabların qapılarının açıq vəziyyətdə olduğunu, içərilərində axtarış aparıldığını və otaqların bütün əşyalarının dağınıq vəziyyətdə salındığını görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər yaşadıqları evin arxa tərəfində yerləşən pəncərəsini açma yolu ilə evə daxil olub oğurluq hadisəsi törətmişlər. Həmçinin baxdıqda evin yataq otağındakı dolabda saxladığı 11300 manat pulunun, həmin dövrün məzənnəsi ilə 1360 manat dəyərindəki 800 ABŞ dollarının, 3000 manat dəyərində olan qızıl-zinət əşyalarının (1 ədəd 2000 manat dəyərində olan 583 əyarlı 24 qramlıq “bronsk” boyunbağı və 1 ədəd 1000 manat dəyərində olan 750 əyarlı 9 qramlıq birilliant qaşlı “daroşka” formalı aburçalni qadın qızıl üzüyü) və evin dəhlizindəki dolabda saxladığı 1 ədəd 1000 manat dəyərindəki “Edifice” markalı qol saatının oğurlandığı ona məlum olmuşdur. Ona görə də həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra isə polis əməkdaşları gələrək hadisə yerini müayinə etməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə evindən oğurluq olması nəticəsində ona ümumulikdə 16660 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qubadlı rayonu, Yusifbəyli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 4-cü mikrorayon, 7 saylı yataqxana, otaq 120-də ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus “Opel Astra” markalı, **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəni dolandırır və 1-ci Qarabağ müharibəsi əlilidir. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən evindən çıxaraq qapıları bağlayıb işə getmişdir. Həmin gün saat 21 radələrində isə həmin evinə qayıdan zaman həyətin darvazasının arxadan bağlı olduğunu görmüşdür. Bundan sonra hasardan həyətinə düşərkən evinin qarşı tərəfində yerləşən pəncərələrindən birinin, yəni yataq otağının pəncərəsinin dəmir barmaqlığının sındırıldığını görmüşdür. Bundan sonra evinin giriş qapısını açmaq istədikdə həmin qapının da arxadan bağlı olduğunu görmüşdür. Həmin vaxt evində oğurluq olmasını ehtimal edərək dərhal DİN-in “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və pəncərədən içəri daxil olub evin giriş qapısını arxadan açmışdır. Sonra isə nəzər yetirdikdə evin bütün otaqlarındakı şkafların və dolabların qapılarının açıq vəziyyətdə olduğunu, içərilərində axtarış aparıldığını və otaqların bütün əşyalarının dağınıq vəziyyətə salındığını görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər onun həmin evinə pəncərənin dəmir barmaqlığını sındırmaqla və plastik materialdan olan pəncərəni açmaqla evə daxil olub oğurluq hadisəsi törətmişdir. Həmçinin baxdıqda evin yataq otağındakı paltar dolabında saxladığı, həmin dövrün məzənnəsi ilə 340 manat olan 200 ABŞ dollarının, 1900 manat pulunun və 1 ədəd 30 manat dəyərindəki markasını xatırlamadığı saçqurudan fenin oğurlandığı ona məlum olmuşdur. Ona görə də Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə bu barədə müraciət edərək müvafiq tədbir görülməsini xahiş etmişdir. Evindən həmin dövrün məzənnəsi ilə 340 manat olan 200 ABŞ dollarının, 1900 manat pulun və 30 manat dəyərindəki saçqurudan fenin oğurlanması nəticəsində ona ümumilikdə 2270 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb evin giriş qapısını açarla kilidləyərək şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmişlər. Həmin gün saat 18 radələrində geri qayıdıb həyətinə daxil olan zaman evin qarşı tərəfində yerləşən pəncərələrdən birinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evin qapısını açaraq evə daxil olub otaqlara nəzər yetirərkən evin bütün otaqlarındakı şkafların və dolabların qapılarının açıq vəziyyətdə olduğunu, içərilərində axtarış aparıldığını və otaqların bəzi əşyalarının dağınıq vəziyyətdə salındığını görmüşlər. Bu zaman məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər yaşadıqları evə pəncərəni açma yolu ilə evə daxil olub oğurluq hadisəsi törətmişlər. Həmçinin baxdıqda evin yataq otağındakı kiçik ölçülü dolabda saxladığı 620 manat nəğd pulun və ümumi dəyəri təxminən 350 manat olan qızıl-zinət əşyalarının oğurlandığı məlum olmuşdur. Buna görə də həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra isə polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə evindən 350 manat dəyərində olan qızıl-zinət əşyaları və 620 manat pulu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanaraq ona ümumilikdə 970 manat maddi ziyan vurulmuşdur. Oğurlanmış 2 ədəd qadın qızıl üzüklərinin hər biri 583 əyarlı olmaqla təxminən 2 qram çəkidə olmuşdur. Həmçinin həmin qadın qızıl üzükləri nazik naxışlı formalı olmaqla hər biri təxminən 125 manat və qadın qızıl boyunbağı da 583 əyarlı və təxminən 2 qram olmaqla 100 manat dəyərində olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Şamaxı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qazancının 10 faiz məbləğini dövlət nəfinə ödənilməklə 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş “Casıo Edifice WR 100M” markalı qol saatı saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, ümumilikdə 24 ədəd fayl olduğu, həmin fayllardan “WhatsApp Video 2023-10-01 at...” adlı fayla baxış zamanı zahiri əlamətlərindən Təqsirləndirilən şəxs oxşar şəxsin Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, F.Vəliyev küçəsi döngə 12-də yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində daş hasarın arxasında dayanıb əlində olan ölçüsünə görə xırda predmetləri əynindəki paltarların altında gizlətdiyi, daha sonra həmin evin giriş darvazası üçün nəzərdə tutulmuş hissəsindən ətrafı müşahidə edib kimsəinin olmadığına əmin olaraq küçəyə çıxaraq iti addımlarla həmin yerdən uzaqlaşdığı, həmin şəxsin əlində digər başqa əşyanın olması müəyyən edilmişdir. Digər fayllara baxış zamanı isə zahiri əlamətlərindən Təqsirləndirilən şəxs oxşar şəxsin hadisə yerindən uzaqlaşdıqdan snra hərəkət trayektoriyasına uyğun müşahidə kameralarından əldə edilmiş fotoşəkillər və videogörüntü olduğu müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı evdən 200 ABŞ dolları və 1900 manat nağd pul və 1 ədəd 30 manat dəyərindəki saçqurudan feni deyil, 200 ABŞ dolları və 1500 manat nağd pul oğurladığını, daha sonra iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 tanımdığını və ona məxsus evdən oğurluq etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatla bağlı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs tamah niyyətilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgələrin xeyli miqdarda əmlakını gizli olaraq talama cinayətini törətmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri keçirilərkən Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsini təsdiq etməklə əyani olaraq hansı oğurluq cinayətlərini törətməsini özü göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman qeyd edilən oğurluq əməllərini törətməsini təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olduğunu cinayət işinə əlavə edilmiş 01 ədəd diskdə videogörüntüdəki şəxsin özü olduğunu bildirmiş, “Baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edərək 01 may 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, F.Vəliyev küçəsi döngə 12-də yerləşən nömrəsiz fərdi yaşayış evindən oğurladığını bildirmişdir. Həmçinin “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Edifice” markalı qol saatı təqdim edilərkən sonuncu həmin qol saatını tanıyaraq ona məxsus olduğunu və 01 may 2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, F.Vəliyev küçəsi döngə 12-də yerləşən nömrəsiz fərdi yaşayış evindən oğurlandığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsrin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «…CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ...Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış “Casıo Edifice WR 100M” markalı qol saatı ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmişdir, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Casıo Edifice WR 100M” markalı qol saatı ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar